Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin köklərinə dərindən bələd idi

 

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları ilə AzərTAc-da keçirilən bölmə iclasında söhbətimizə paytaxtımızda gedən möhtəşəm quruculuq işlərinə heyran qalmış qonaqlarımız - "TERRA" informasiya-poliqrafiya kompleksinin idarə heyətinin sədri Sergey Kondratov, həmin kompleksin əməkdaşı Aleksandr Aniskin və Azərbaycan Rəssamlar İttifaqının üzvü, YUNESKO yanında Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq Bədii Fondun üzvü, Moskvada yaşayan soydaşımız Abbas Kazımov başladılar. Sergey Kondratov dəfələrlə ölkəmizdə olduğunu, Bakıda xeyli tərəfdaş, dost qazandığını söyləmişdir.

 

Ölkələrimiz arasında münasibətlərin tarixindən söhbət açan qonaq demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərinin köklərinə dərindən bələd idi. O, bu münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsi üçün çox iş görmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyasəti uğurla davam etdirir və bu, Rusiyada ona olan böyük rəğbətin gündən-günə artmasının əsas səbəblərindən biridir.

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətini vurğulayan Aleksandr Aniskin gənclərin bu cür tədbirlərə qoşulmasının vacibliyini vurğulamışdır. O demişdir: "Mən Azərbaycana birinci dəfədir gəlirəm. Moskvada azərbaycanlı tanışlarım vardır. Ancaq adamlarınızın bu qədər xoşxasiyyət, gülərüz, səmimi, şəhərinizin çox cazibədar olduğunu bilmirdim. İndi evə qayıdıb dostlarıma ölkəniz, şəhəriniz, xalqınız barədə çox danışacağam. Çünki artıq mənim nəslimin nümayəndələri təəssüf ki, keçmiş əlaqələri itirmişlər. Biz gənclərin bu əlaqələrin bərpa edilməsinə, genişləndirilməsinə böyük ehtiyacı vardır. Növbəti foruma daha çox gəncin qatılacağına ümid bəsləyirəm".

Bölmə iclasının iştirakçıları qeyd etmişlər ki, əlbəttə, müxtəlif ongünlüklərin, mədəniyyət günlərinin, kino həftələrinin, festivalların keçirilməsi əlaqələrimizin inkişafı üçün çox vacibdir. Ancaq ayrı-ayrı peşə sahiblərinin bir araya gəlməsi, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hamını düşündürən qlobal məsələlər barədə fikir mübadiləsi aparması da az əhəmiyyətli deyildir.

Səfər çərçivəsində iki dildə "Azərbaycan" ensiklopediyasının birgə hazırlanması ilə əlaqədar razılıq əldə edildiyini söyləyən S.Kondratov Rusiya tərəfindən bu layihədə "TERRA" nəşriyyatının iştirak edəcəyini demişdir. Azərbaycandan hansı qurumun layihəyə qatılacağı barədə danışıqlar aparılır. Qonaq bir neçə il əvvəl ensiklopediyada Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim olunmasının böyük qalmaqal doğurduğunu və hətta Azərbaycan XİN-in Rusiya XİN-ə rəsmi nota da göndərdiyini xatırlamışdır. Ancaq Azərbaycan tərəfinin məsələnin həllinə işgüzar münasibəti sayəsində səmərəli danışıqlar aparılmış və həmin məqalənin yenidən hazırlanması bu məsələyə daha yaxşı bələd olan adamlara tapşırılmışdır.

S.Kondratov demişdir: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən tədbirləri diqqətlə izləyirəm. Düşünürəm ki, ATƏT xarici işlər nazirləri Şurasının Afinada keçirilən iclasında erməni tərəfinin Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını təsdiq edən sənədə imza atması diplomatiyanızın uğurudur".

Görüşdə qonaqlarla ev sahibləri arasında vasitəçi kimi çıxış edən digər qonağımız, rəssam soydaşımız Abbas Kazımov demişdir: "Azərbaycan tarix boyu keçmiş SSRİ məkanında Rusiya ilə əlaqələrin daha güclü olması ilə seçilmişdir. Burada tolerantlığın şahidi olmaq üçün paytaxtdan daha çox regionlara, o cümlədən Bakının kəndlərinə getmək lazımdır".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 fevral.- S.2.