İctimai və humanitar elmlər: reallıqlar, perspektivlər

 

Müstəqilliyinin ikinci onilliyini tamamlamaq ərəfəsində olan müasir Azərbaycan cəmiyyəti və dövləti sosial-iqtisadi, mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Ötən əsrin doxsanıncı illərinin ortalarından bugünədək aparılan sistemli və davamlı dövlət quruculuğu siyasəti konkret bəhrəsini verir, ölkəmiz növbəti yüksəliş mərhələsinə keçid dövrünü yaşayır. Növbəti mərhələyə keçidin spesifikasını müəyyənləşdirən ən dürüst nəzəri-fəlsəfi və sosioloji ümumiləşdirmə, Prezident İlham Əliyevin ötən ilin sonunda elan etdiyi kimi, bütövlükdə "iqtisadiyyatda keçid dövrü" kimi xarakterizə edilən mərhələnin özünün yekunlaşması qənaətidir.

 

Müasir dünyanın aparıcı dövlətlərinin keçdiyi təkamül yolu, onların təcrübəsi, həmçinin dünyanın içində olduğu qlobal problemlərin mahiyyəti təsdiq edir ki, sosial proseslərdə intellektual potensialın yaxından iştirakı, elmi qurumların yeri və rolu prinsipial məsələdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində (8 dekabr 2009-cu il) dərc olunmuş, yalnız elmi-mədəni sferada deyil, bütövlükdə ölkənin ictimai həyatında böyük rezonans doğurmuş, bu istiqamətdə geniş müzakirələrə rəvac vermiş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində irəli sürülən ideyalara bu müstəvidən nəzər saldıqda elmi fəaliyyət sahəsində, xüsusən ictimai-humanitar elm sahələrində mövcud çatışmazlıqlar, qüsurlar fonunda Azərbaycan elmi mühitinin qarşısında duran vəzifələrin konturları daha aydın görünür. Milli cəmiyyətimizin ən müxtəlif problemləri ilə bağlı çoxsaylı əsərlərin müəllifi olan akademik Ramiz Mehdiyev bir cəmiyyətşünas filosof kimi məqalədə humanitar elmlərin real vəziyyətini ciddi konseptual təhlilə cəlb etmiş, elmin cəmiyyətin həyatına aktiv nüfuz edəbilmə imkanlarını dəyərləndirmiş, yüksək dövlətçilik, vətənpərvərlik və milli-intellektual təəssübkeşlik baxımından bu sahədə olan əsas problemləri göstərmiş, müvafiq institutların qarşısında duran vacib vəzifələri ayrıca vurğulamış, bütün bunlarla da ölkənin intellektual elitasını açıq fikir mübadiləsinə, müzakirələrə dəvət etmişdir.

Məqalənin dərc olunmasından keçən müddət ərzində akademik Ramiz Mehdiyevin qaldırdığı problemlər respublikanın elmi-ictimai və ədəbi mühitində geniş müzakirə olunur, ayrı-ayrı ictimai-humanitar elm sahələrinin inkişafına məsul olan şəxslərdən tutmuş alimlərə, şairlərə, yazıçılara, müstəqil jurnalistlərə, müəllimlərə, tələbələrə qədər hər kəs problemlərlə bağlı öz baxış və mülahizələrini ortaya qoyur. Cəsarətlə demək olar ki, ictimai və humanitar elmi düşüncəmizin tarixində bu elm sahələrinin problemləri belə miqyasda, bu qədər müxtəlif baxış və dünyagörüş rakurslarından kompleks şəkildə heç vaxt müzakirə olunmamışdır. İndi məqalənin müzakirəsi prosesində ictimai və humanitar elm sahələrinin həm öz inkişafına təkan verə biləcək, həm də onun sosial-ictimai proseslərdə fəal iştirakına kömək edəcək zəngin bir elmi-nəzəri irs yaranmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının yalnız ictimai və humanitar elm sahələri strukturlarında deyil, bütövlükdə bütün bölmələrində, xüsusən də rəyasət heyətində bu müzakirələr yüksək professional səviyyə və düzgün müəyyənləşdirilmiş nəzəri-metodoloji əsaslar gözlənilmək şərtilə davam etməkdədir.

Məqalədə milli humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən effektiv humanitar texnologiyalar, milli-mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlər qaldırılmış, humanitar və ictimai elmlərin qarşısında duran vəzifələrin prioritetləri konseptual olaraq müəyyənləşdirilmişdir.

 

Planetar qloballaşma ilə milli modernləşmənin kəsişmə məqamında ictimai və humanitar elmlər

 

Ulu öndər Heydər Əliyevin milli ideoloji baxışlar sistemindən çıxış edən akademik Ramiz Mehdiyev bu məqalədə müasir dövrün reallıqlarını milli varlığımızı qorumaq baxımından dəyərləndirir. Alim haqlı olaraq qeyd edir ki, "ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik. Bütün Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımızla bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir".

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, müasir dünyada son dərəcə qabarıq nəzərə çarpan ümumi strateji tendensiyalar mövcuddur. Planetar inkişafın əsas xətti olan qloballaşma fonunda Avrasiya məkanının modernləşməsi və demokratikləşdirilməsi prosesləri gedir. Bizim tarixən formalaşan milli mədəniyyətimiz, müasir milli-mənəvi tərəqqimiz bu proseslərlə nə dərəcədə ziddiyyətli və nə dərəcədə həmahəngdir? Tarixən Şərq və Qərb mədəniyyətlərini vəhdətdə birləşdirməyi ilə seçilən Azərbaycan mədəniyyəti, təbii olaraq, elə unikal bir bütövə çevrilməlidir ki, bu mental yuxarıda göstərdiyimiz proseslərlə ziddiyyət təşkil etməsin. Modernləşmə istər-istəməz avropalaşmağı assosiasiya edir. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi modernləşmə kursunda söhbət Avropa ideyasının Azərbaycan variantının tapılmasından getmir. Söhbət mövcud mentalda, arxetipdə milli kodun Avropa komponenti ilə zənginləşdirilməsindən gedir. Bu kursda əsas vəzifə Azərbaycanın siyasi, iqtisadi və sosiomədəni gerçəkliyinin modernləşdirilməsidir.

Elm, təhsil və mədəniyyətin inkişafı ilə bağlı dövlətin ardıcıl olaraq yeritdiyi kurs buna parlaq nümunədir. Son dərəcə mürəkkəb bir problem olan bu məsələni Azərbaycanın ictimai və humanitar elm sahələri elmi-konseptual müstəvidə həll edə bilibmi? Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil!

Məqalədə qoyulan məsələlərə strateji prizmadan baxdıqda cəmiyyətimizin bugünkü durumunun təhlili, təkamül tendensiyalarının müəyyənləşməsi və onlara elmimizin reaksiyası aspektində vacib fikirlərin ifadə edildiyinin şahidi oluruq. Məqalədə milli əxlaqi dəyərləri qorumaq, mənəvi ekosistemin mühafizəsini gücləndirmək üçün milli humanitariyanın cəmiyyətin həyatına daha sıx inteqrasiyası və mənəvi mühitdə daha aktiv iştirakı vacib sayılır: "Fundamental elmi araşdırmaların aparılması ilə yanaşı, ictimai və humanitar elmlər həyata yaxınlaşmalı, cəmiyyətin bugünkü və gələcək tələbatlarını müəyyənləşdirməklə mövcud problemlərin mümkün həll yollarını təqdim etməlidirlər". Bu fikirlərin əsasında Azərbaycanın cəmiyyət olaraq əldə etdiyi nailiyyətlərin ümumi mahiyyəti durur. Bunu anlamadan məqalədə qaldırılan məsələlərin məzmununu və niyyətlərini doğru dərk etmək mümkün deyildir. Azərbaycan sosial-iqtisadi inkişafın keçid mərhələsini başa çatdırdığından buna adekvat olaraq sosial-mədəni dəyişmələrin də həyata keçirilməsi zəruridir.

Müasir elmi nəzəriyyələrə görə, cəmiyyətin sosial-iqtisadi sferası digər sahələrlə sıx bağlıdır və onların bir-biri ilə uyğunlaşmayan inkişafı sonda ciddi ziddiyyətlərə və sosiumun dağılmasına gətirib çıxarır. İqtisadi sahə keyfiyyətcə yeni səviyyəyə keçirsə, sosial-mədəni sahə də eyni yeniləşmə ilə ayaqlaşmalı, hətta növbəti iqtisadi sıçrayışın hərəkətverici qüvvəsinə çevrilməlidir. Müasir mərhələdə yeni sintetik elmi metodologiyaya əsaslanan modellər (Con Forresterin, Leontyevin, Medouzanın qlobal inkişaf modelləri) cəmiyyətin bütün sahələri arasında sıx bağlantıların olduğunu sübut etməkdədir. Deməli, Azərbaycanda iqtisadi sahədə keçid dövrü başa çatıbsa, sosial-mədəni, siyasi, ideoloji və başqa sahələrdə də ciddi yeniləşmələr olmalıdır. Daha doğrusu, iqtisadi inkişafın yaratdığı keyfiyyətcə yeni sosial-mədəni mühitin fəlsəfi-elmi refleksiyası zəruridir. Akademik Ramiz Mehdiyevin adıçəkilən məqaləsinin əsas məqsədlərindən biri də bu zərurəti peşəkar səviyyədə elmi ictimaiyyətə çatdırıb, konkret fəaliyyət proqramları yaratmaq ehtiyacını ortaya qoymaq təşkil edir. Ölkənin əldə etdiyi iqtisadi və siyasi nailiyyətlərlə bu nailiyyətlərin fəlsəfi-elmi refleksiyası arasında bir ziddiyyətin olduğunu inkar etmək mümkün deyildir.

Burada bir incə məqama diqqət yetirmək istərdim. Birincisi, bu o demək deyildir ki, Azərbaycanda ictimai və humanitar elmlərin ənənəsi yoxdur və onlar hazırda heç nəyə yaramırlar. Əksinə, Azərbaycanda bu sahədə əldə edilən uğurları inkar etmək, onilliklərcə, xüsusən son iyirmi ildə yaradılmış potensiala kölgə salmaq qəbuledilən deyil. Məsələn, akademik Ağamusa Axundovun "Yeni əsrin yeni elmi uğurları" adlı məqaləsindən aydın görünür ki, son on ildə humanitar-ictimai elm sahələrində aparılan elmi-tədqiqatlar həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlki illərlə müqayisə olunmayacaq qədər çoxdur. Söhbət ictimai-humanitar elm sahələrində elmi-tədqiqatların olmamasından deyil, mövcud potensialın müasir tələblərə uyğun konsolidasiyasından və optimal idarə edilməsinin həyata keçirilməsindən gedir.

İkincisi, bəzi ziyalıların həmin ziddiyyətləri qlobal miqyasda görmək istəməməsi də düzgün yanaşma sayıla bilməz. Bu, bizim özümüzü aldatmaq və hətta strateji kontekstdə ölkənin tərəqqisi imkanlarını məhdudlaşdırmaq olardı. Bu əsrdə informasiya texnologiyaları, insan beyni və qəlbini fəth edən nəzəri-ideoloji və kommunikativ sistemlərin yaradılması, enerji təhlükəsizliyi, fərd-cəmiyyət münasibətlərinin görünməmiş bağlılığını təmin edən idarəetmə texnologiyalarının hazırlanması və aksioloji dəyərlərin aparıcılığı ön plana çıxmaqdadır. O baxımdan müasir Azərbaycan cəmiyyətinin sosial-mədəni mühitinin təhlili olduqca vacib vəzifəyə çevrilmişdir. O cümlədən, Azərbaycan cəmiyyətində mədəni təkamülün özəllikləri aktual problemdir. Bu problemlərin öyrənilməsi ehtiyacı birbaşa olaraq ölkənin ictimai və humanitar elmləri qarşısında ciddi vəzifələr qoyur.

Hər bir cəmiyyətin təkamülü öz daxili məntiqi ilə baş verir və onu həmin cəmiyyətin üzvləri öyrənməlidir. Mədəniyyət kənardan gətirilmir, cəmiyyətin özündə doğulur. Müasir tarixi mərhələdə də elmi tədqiqatçıların bu prosesdə rolu olduqca önəmlidir. Bunun üçün də ictimai və humanitar elm sahələrində çalışanların tədqiqatlarını tamam fərqli səviyyədə aparması lazımdır.

Bu kimi reallıqlar prizmasından baxdıqda akademik Ramiz Mehdiyevin məqalədə qaldırdığı məsələlərin bütün cəmiyyətin gələcəyi baxımından əhəmiyyəti daha aydın görünür.

Məqalə əsasən ictimai və humanitar elm sahələrinə həsr olunsa da, burada Azərbaycanın beynəlxalq proseslərdə oynadığı rol baxımından digər elmlərin də inkişafı ilə bağlı kifayət qədər ciddi mülahizələr yer almaqdadır. Məsələn, müəllif energetika sahəsinin inkişafı ilə bağlı yazır: "...Azərbaycanın hazırda iştirak etdiyi beynəlxalq miqyaslı bir neçə layihə "enerji təhlükəsizliyi" ilə əlaqədardır. Ona görə də siyasi və iqtisadi amillərin güclü olduğu beynəlxalq energetika sahəsi üzrə ölkəmizdə nüfuzlu elmi ekspertlərə böyük ehtiyac vardır". Əgər diqqət etsək görərik ki, bu mülahizədə müasir dünyanın ümumi inkişaf tendensiyaları ilə əlaqədar olaraq son dərəcə prioritet bir sahə olan energetika akademik Ramiz Mehdiyev tərəfindən fənlərarası sahə olaraq modelləşdirilir. Zəngin enerji resurslarına malik olan Azərbaycanda energetikanın məhz bu istiqamətlər üzrə, siyasət, iqtisadiyyat, ekologiya, geofizika və digər elm sahələrinin qovuşağından öyrənilməsi zəruridir. Bizcə, bir neçə elm sahəsi mütəxəssislərinin birgə iştirakı ilə energetika ilə bağlı aşağıdakı problemlərin öyrənilməsinə xüsusilə diqqət yetirilməlidir:

- Prezident İlham Əliyevin milli inkişaf strategiyasında enerji siyasətinin fundamental prinsipləri;

- Avratlantik strukturlara siyasi, iqtisadi və mədəni inteqrasiya kontekstində Azərbaycanın enerji siyasəti;

- Azərbaycanın enerji layihələrində iştirakı və enerji təhlükəsizliyi sisteminin formalaşması;

- Cənubi Qafqazda geosiyasi risk faktorunun enerji təhlükəsizliyinə təsiri;

- Azərbaycanda alternativ enerji mənbələrindən istifadə perspektivləri: görülən tədbirlər və nəticələr;

- enerjinin istehsalı, istehlakı və tranziti sahəsində sərt ekoloji və etik normaların tətbiqi və bu sahədə ekoloji amillərin beynəlxalq standartlara uyğun nəzərə alınması;

- Azərbaycanın enerji resurslarının işlənilməsindən və tranzitindən əldə olunan milli gəlir və ölkənin intellektual inkişaf modeli.

 

Azərbaycançılıq ideologiyasının konseptual əsaslarının hazırlanmasında ictimai və humanitar elmi-tədqiqat müəssisələrinin və alimlərin rolunun metodoloji və kommunikativ aspektləri

 

Məqalədə ən mühüm ideya istiqamətlərdən birini məfkurə məsələsinin fəlsəfi aspektinin izahı təşkil edir: "Xalqımızın ümummilli lideri Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş etmişdir. Onun fəlsəfəsi hər bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı olduğunu qürur hissi ilə desin". Əlbəttə, azərbaycançılıq ideolgiyası humanitar və ictimai elm sahələrində çalışan alimlərin fəaliyyətlərinin strateji əsasını təşkil etməkdədir. Bu elm sahələri üzrə çalışan alimlərin əldə etdiyi elmi nəticələr və həyata keçirdiyi mədəni proqramlar ilk növbədə dövlətçilik düşüncəsinin davranışlarda sabitləşməsinə, vətənpərvərlik ideyasının könüllərdə kamilləşməsinə, milli-mənəvi dəyərlərin müasir inkişafımız üçün səfərbər edilməsinin daha optimal yollarının araşdırılmasına sərf edilməlidir. Təəssüf ki, dövlət ideologiyası ilə bağlı aşağıdakı problemlər ictimai və humanitar elmlərimizin birgə fəaliyyəti nəticəsində dərin elmi həllini gözləyən problemlər olaraq qalmaqdadır:

- ideologiya intellektual inkişafın və sosial-psixoloji bütövləşmənin (sistem inteqrasiyanın) mərkəzi faktoru kimi;

- Prezident İlham Əliyevin modernləşmə kursunda azərbaycançılıq ideologiyasının yeri və rolu;

- azərbaycançılıq ideologiyası vətəndaş cəmiyyətinin ("azad vətəndaş" anlayışı) və dövlətçiliyin təşəkkülünün ideya təminedicisi kimi;

- azərbaycançılıq ideologiyası ictimai şüurun postindustrial (informasiya cəmiyyəti) məkanına transformasiyasının mexanizmi kimi;

- azərbaycançılıq ideologiyasında milli tarixin və mədəniyyətin çağdaş elmi-fəlsəfi dərki (Azərbaycanda etnik mental və milli şüur problemi);

- azərbaycançılıq ideologiyasının humanitar və ictimai elm və ziyalı qarşısında irəli sürdüyü vəzifələrin həllini ləngidən sosial, siyasi, psixoloji səbəblər, etno-psixoloji stereotiplər.

Gəlin belə bir suala hamılıqla birlikdə cavab axtaraq ki, azərbaycançılıq ideologiyasında Azərbaycanı tarixi və bugünü ilə vəhdətdə vahid universum kimi təqdim edə bilirikmi? Bunun üçün Azərbaycan elmi təfəkkürünün, xüsusən ictimai və humanitar elmlərimizin düzgün müəyyənləşdirilmiş konsepsiyası mövcuddurmu? Təəssüf ki, milli ideologiyada müxtəlif humanitar elm sahələrinin - dilçiliyin, ədəbiyyatşünaslığın, mədəniyyətşünaslığın, tarixşünaslığın, dinşünaslığın... faktları, nəticələri, ümumi müddəaları vahid konseptual elmi təfəkkürdə birləşmədiyindən, Azərbaycanın bütün parametrləri üzrə görünən obyektiv mükəmməl obrazını yaratmaq, hələ ki, mümkün olmamışdır. Belə bir mükəmməl obrazda təqdimata nail olmadan isə Azərbaycanı nə özümüzə, xüsusən yetişən gənc nəslə, nə də dünyaya daha yaxından tanıtmaq mümkün olar!

Akademik Ramiz Mehdiyevin dövlət ideologiyası və ictimai-humanitar elmlərin qarşılıqlı münasibətləri kontekstində xüsusi qeyd etdiyi məqamlardan biri Azərbaycan cəmiyyətinin öyrənilməsi ilə bağlı tədqiqatlara münasibətdir: "Azərbaycanlı mentalitetinin öyrənilməsi, ictimai fikri formalaşdıran əsas sosial-psixoloji kateqoriyalara həmvətənlərimizin münasibəti, demoqrafik vəziyyət və bir sıra digər amillərin elmi təhlili bu gün bizim üçün xüsusi məna kəsb edir".

Akademikin bu mülahizələri üzərində düşüncələr milli mədəniyyət və ideologiya ilə bağlı kifayət qədər mürəkkəb suallar doğurur. Azərbaycanlılığı özündə ehtiva edən daşlaşmış tarixi kodlar, etnik davranış və düşüncə arxetipləri modernləşmənin diktə etdiyi situasiyalarda hansı statusda çıxış edir? Ümumiyyətlə, müəyyən bir statusda çıxış edirmi? Bu məqamda harmonik sintezə nail ola bilirikmi? Milli humanitar və ictimai elmi təfəkkür bu suallara normativ elmi qənaətlər səviyyəsində, konseptual, sistemli, modelləşdirici yönü olan cavab verməlidir.

Təbii tarixi formalaşma ərəfəsində, xüsusən də ötən əsrin əvvəllərində və 70-80-ci illərdə azərbaycançılıq ideologiyasının siyasi, geosiyasi, kulturoloji, fəlsəfi, daxili etnik, hətta iqtisadi aspektlərdə strateji oriyentirləri dəqiq müəyyənləşdirilib. Fikrimizcə, ictimai-siyasi fikir tariximizin öyrənilməsi ilə məşğul olan elm sahələri bu irsə münasibətdə iki istiqamətdə fəaliyyət göstərməlidir:

Birinci mərhələdə bu irsin həm elmi, həm də kütləvi səviyyədə təqdimatına, kütləviləşdirilməsinə nail olmaq;

İkinci mərhələdə oriyentirlərin müasir situasiyalara uyğun modelləşdirilib cəmiyyətə tətbiqinə nail olmaq.

Bizə görə, bu prosesdə ikinci aspekt daha çox əhəmiyyətlidir. İndi milli irs bizə irs statusundan daha çox, ictimai şüuru nizamlamağa, onu yönəltməyə, cəmiyyətdə məqsədyönlülüyü təmin etməyə imkan verən modellər statusunda lazımdır. Yəni, ictimai və humanitar elm sahələri mövcud bədii və ictimai fikir tarixini, ümumən mədəniyyət tarixini faktoloji materialın təsviri metodologiyası, yaxud metodologiyasızlığı ilə təqdim etməklə kifayətlənməməli, onu düzgün müəyyənləşdirilmiş milli konsepsiya işığında təqdim etməyi bacarmalıdır. Ən qədim Azərbaycan mədəniyyəti faktı olaraq tapılan ən qədim nadir arxeoloji qazıntı nümunəsindən tutmuş ən müasir əsərlərə qədər, mənəvi arxeologiyanın nümunəsi olan ən qədim mifoloji mətn də, milli dövlətçiliyimizlə bağlı faktlar da, ədəbi-bədii nümunələr də o zaman xüsusi dəyər kəsb edir ki, onlar vahid elmi konsepsiyanın işığında Azərbaycan bütövlüyünün komponentləri kimi təqdim oluna bilsin!

Açıq etiraf edək ki, milli-mənəvi dəyərlərin qorunmasına, milli tariximizin, mədəniyyətimizin və dilimizin tədqiqinə yönəldilmiş humanitar və ictimai elm sahələrində elmi-metodoloji yanaşma adına təsvirçi təqdimat, strateji hədəf adına emosional vurğunluq, patetika, ritorik vətənpərvərlik soyuq məntiqdən, sistemləşdirmə və konseptuallaşdırma meyillərindən daha güclüdür. Bu mənada indi humanitar və ictimai elm sahələrimizdə "nəyi öyrənək" sualından daha çox, "necə öyrənək" sualı xüsusi əhəmiyyətə malikdir.

Dövlət ideologiyasının işlənilməsi sahəsində ictimai və humanitar elmlər qarşısında dayanan vəzifələrin tam olmayan siyahısını aşağıdakı kimi müəyyənləşdirmək olar:

- etnik davranış stereotiplərinin parametrlərinin müəyyənləşdirilməsi;

- etnik mentalitetin arxetip modellərinin müəyyənləşdirilməsi;

- azərbaycançılıq ideologiyasının tarixi təkamülü;

- azərbaycançılıq ideologiyasının fəlsəfi mahiyyəti;

- ideoloji konsepsiyanın etnik və ümumbəşəri aspektlərinin vəhdəti;

- ideologiyanın metodoloji nəzəri-siyasi parametrləri;

- dövlətçilik baxımından bütün sahələr üzrə milli prioritetlərin müəyyənləşdirilməsi və s.

Müasir azərbaycançılıq ideologiyasının elmi əsaslarla hazırlanması üçün sadaladığımız bu parametrlər dəqiq müəyyənləşdirilməli və öyrənilməlidir. Lakin nə tarix, nə fəlsəfə, nə hüquq, nə politologiya, nə sosiologiya, nə arxeologiya, nə folklor, nə etnoqrafiya tək elm sahəsi olaraq həmin modelləri mükəmməl müəyyənləşdirə bilir. Bu elm sahələrinin qarşılıqlı əlaqəsi nəticəsində modellərin müəyyənləşdirilməsi həm ideologiyanın yuxarıda sadalanan aspektlərinin təhlili baxımından, həm də Azərbaycanın perspektiv inkişafının proqnozlaşdırılması və ssenariləşdirilməsi baxımından əhəmiyyətlidir.

Bütün bu sadalanan məqsədlərə nail olunması üçün AMEA qarşısında dayanan əsas vəzifələrdən biri də müxtəlif tədqiqat sahələrində (təbiət, texnika, humanitar və ictimai elmlər üzrə) çalışan alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsinə, həmçinin elmi tədqiqatların ayrı-ayrı fənn predmetlərindən çıxarılıb kompleks problem mövzular üzrə aparılmasına nail olmaqdır. Artıq bu istiqamətdə elmi-təşkilati tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Azərbaycançılıq ideologiyasının strateji hədəflərindən biri, bəlkə də birincisi sovet dövrü azərbaycançılıq hərəkatının mədəniyyət və incəsənət xadimlərinin daha çox mənəviyyat və mədəniyyət ocağı kimi təqdim etdikləri Azərbaycan obrazının məzmununa dövlət məzmununun da əlavə edilməsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müasir modern dövlət quruluşunun əsas atributları, Azərbaycan Respublikasının Konstitusiya əsasları, ölkənin Milli Təhlükəsizlik Konsepsiyası, Azərbaycanın dəqiq müəyyənləşdirilmiş milli maraqları, xarici siyasət kursu, sosial-iqtisadi inkişaf strategiyası, müdafiə qabiliyyəti, dövlət müstəqilliyi, ictimai-siyasi sabitlik, iqtisadiyyat və bu kimi digər anlayışlar ictimai şüurda normativləşdirilməlidir.

 

 

(Ardı var)

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər

Akademiyasının prezidenti,

Akademik

 

Azərbaycan.- 2010.-2 fevral.- S.3.