Xoşməramlı forumun yeni
istiqamətləri
Bu, vahid mədəni məkanın
formalaşmasına yönəlib
Yanvarın 22-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu dünyanın diqqət mərkəzində dayandı. Bu forum təkcə öz iştirakçıları üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyətli idi. Çünki milli mədəniyyətlərin ünsiyyəti, humanitar əməkdaşlığın genişləndirilməsi, dövlətlər arasında münasibətlərin normal şəkildə davam etdirilməsi həm də ən azı qonşu ölkələrdə maraq və rəğbətlə qarşılanır. Bu münasibətlər sülhün, sakitliyin təminatı deməkdir.
Forumda Rusiyanın nüfuzlu nümayəndə heyəti iştirak edirdi. Bu forum həm də Azərbaycanla Rusiya arasındakı xoş münasibətlərin yeni təzahürünü göstərdi. Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra Rusiya ilə Azərbaycan arasında istər dövlətlərarası, istərsə də ayrı-ayrı sahələr üzrə ikitərəfli sazişlər, protokollar, müqavilələr imzalanıb. Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Hər iki ölkədə ümumi mədəni irsin qorunub saxlanması, Rusiya və Azərbaycan vətəndaşları arasında ünsiyyətin inkişafına, ictimai təşkilatların qarşılıqlı fəaliyyətinə, ümumi təhsil, mədəniyyət və informasiya məkanının formalaşmasına yönəldilmiş müxtəlif tədbirlər həyata keçirilib.
1993-cü ildən üzü bəri iki ölkə arasında mədəniyyət istiqamətində möhtəşəm işlər görülüb. 2005-ci ildə Rusiya hökumətinin qərarı ilə Rusiyada Azərbaycan ili elan olundu. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə isə Azərbaycanda Rusiya ili keçirildi.
Rusiyanın ən möhtəşəm konsert salonlarında, xüsusilə də Kremlin Qurultaylar Sarayının 6 min nəfərlik zalında Azərbaycan ilinin startı uğurla həyata keçirildi. Prezident İlham Əliyev həmin tədbirin bilavasitə iştirakçısı oldu.
Möhtərəm Prezidentin söylədiyi "Azərbaycanda rus mədəniyyətinə və dilinə böyük məhəbbət və hörmətlə yanaşırlar... Azərbaycanda çoxlu rus, Rusiyada isə olduqca çox azərbaycanlı yaşayır. Bu da dövlətlərimiz arasındakı münasibətlərdə mühüm amillərdəndir" müdrik fikir, əslində, hər iki xalqın bir-birinə olan rəğbətini əks etdirmək baxımından çox dəyərlidir.
Azərbaycanın mədəniyyət xadimləri Rusiyanın vilayətlərində - Samara, Kazan, Sankt-Peterburq, Həştərxan, Krasnodar, Çelyabinsk, Rostov, Kursk, Voronej və digər coğrafi ərazini əhatə edən bölgələrdə sənətsevərlər qarşısında uğurla çıxış etdilər. Bəstəkar Polad Bülbüloğlunun "Ölümlə rəqs edən məhəbbət" baleti Sankt-Peterburq və Moskvanın teatr həvəskarları tərəfindən maraqla qarşılandı. Eləcə də Azərbaycanda həyata keçirilmiş Rusiya ili də uğurlu tədbirlərlə mədəniyyət tariximizə naxışlandı. 2006-cı ilin fevralında həm Azərbaycanın, həm də Rusiyanın dövlət başçılarının iştirakı ilə başlanan Rusiya ilinin nə qədər əhəmiyyətli və möhtəşəm olduğu bəllidir. Həmin başlanğıcda iki ölkənin prezidentləri çıxış etdilər. O dövrdə Vladimir Putinin çıxışındakı bu sözlər, əslində, ilin simasını müəyyənləşdirdi: "Epoxalar boyu ruslar və azərbaycanlılar bir-birini anlamaq üçün böyük qabiliyyətə, bu dərəcədə özgür mədəniyyətlərin mənəvi dəyərlərini əxz etməyə, milli və konfessiyalararası münasibətlərdə misilsiz qarşılıqlı hörmət və dözümlülük təcrübəsini qoruyub saxlamağa qadir olduqlarını göstərmişlər".
Azərbaycanda rus mədəniyyətinin təşviqi və təbliği ilə bağlı yaddaqalan nəhəng tədbirlər həyata keçirildi. Respublikamızın bir neçə rayonunda Rusiya musiqiçiləri konsert verdilər. Rusiyanın çox tanınmış böyük teatr, opera kollektivləri, dramaturqları, rejissorları Bakı teatrlarında öz tamaşalarını göstərdilər. İl ərzində müxtəlif sərgilər diqqət çəkdi. O cümlədən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyinin direktoru Mixail Şvıdkoyla protokol imzaladı. Bu protokola əsasən, il boyu Rusiyadan gələcək sənətçilərin qəbul qaydaları, texniki şərtlər, digər maddi və maliyyə məsələləri öz əksini tapdı. Ümumən, Rusiya və Azərbaycan mədəni əlaqələrinin dəyərlərinin kəmiyyət və keyfiyyət baxımından genişlənməsi birinci növbədə sənətin özünün inkişafına və təbii ki, sənətkarların təbliğ olunmasına və tanınmasına xidmət edən vacib amillərdəndir. Belə bir deyim var: "Sənət sərhəd tanımır". Bəzən də siyasətçilərin uzun illər həyata keçirə bilmədikləri bir işi sənət və musiqi beş-on dəqiqə içərisində öz qüdrəti ilə həll edir.
Forumun ikinci günü ölkə Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etdi. Görüş zamanı dövlət başçısı İlham Əliyev qonağı salamlayaraq Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətindən söz açdı. Nümayəndə heyətinin tərkibində Rusiyanın nüfuzlu şəxslərinin, mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələrinin olmasına öz rəğbətini bildirdi. Möhtərəm Prezidentin çıxışında vurğulandı ki, bu forum ölkələr arasında münasibətlərin inkişafına güclü təkan verəcək.
Forumun Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu bildirən ölkə başçısı tədbir iştirakçıları ilə görüşündə də mədəni əməkdaşlıq sahəsində fəal qarşılıqlı əlaqələrə toxundu. Prezident İlham Əliyev söylədi: "Yadımdadır, bir neçə il bundan əvvəl Azərbaycanda Rusiya ili və Rusiyada Azərbaycan ili keçirdik. Bu tədbirlər çərçivəsində daim əlaqə saxlayırdıq, nümayəndə heyəti mübadiləsi aparırdıq və əlbəttə, bütün bunlar münasibətlərimizə çox böyük dinamizm gətirmişdir. Hesab edirəm ki, bu forumun keçirilməsi ölkələrimizin nümayəndələri arasında qarşılıqlı münasibətlərin daha da genişlənməsinə şərait yaradacaqdır". Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasındakı mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə verdiyi töhfələrə görə İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı "Dostluq" ordeni ilə təltif etdi. Görüş zamanı SSRİ xalq artisti İosif Kobzon Azərbaycanla Rusiya arasında mədəniyyət sahəsindəki əlaqələrin bundan sonra da davam edəcəyindən söz açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyətə və humanitar sahələrə münasibətini yada saldı. İosif Kobzon dedi: "Siz təməli Prezident Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş ənənəni davam etdirirsiniz... Buna görə də biz Sizə çox minnətdarıq. Sizin dövlətin mədəniyyət və incəsənətin timsalında öz ölkəsinə, öz respublikasına - Azərbaycana göstərdiyi qayğını Polad Bülbüloğlu ilə, Azərbaycandakı həmkarlarımızla söhbətdə hiss edirik".
Bu, faktdır ki, XX əsrin ilk illərindən başlayaraq əhatəsində yaşadığımız, daha sonralar sovet imperiyasına qatıldığımız dövrlərdə Azərbaycanın söz-sənət sahibləri, xüsusilə də, musiqi sahəsində olan insanların bir qisminin təhsili Rusiya ilə bağlı olub. Avropa musiqisini Azərbaycan Rusiya vasitəsilə əldə edib. Dünya ədəbiyyatına yaxından tanışlıq məsələləri də yenə Rusiyanın vasitəsilə həyata keçirilib. Rusiya kitabxana şəbəkəsindən Azərbaycan istifadə edib, xarici ədəbiyyatla tanışlıq, dərsliklər rus dilində olub. Ümummilli lider Heydər Əliyev də rus mədəniyyəti ilə Azərbaycan mədəniyyətinin yaxınlaşmasına, qarşılıqlı surətdə inkişaf etməsinə, bu əlaqələrin daim möhkəmlənməsinə diqqətlə yanaşırdı. Həmişə çıxış və nitqlərində Birinci dünya müharibəsi dövründə - Leninqradın mühasirəsi zamanı dahi Azərbaycan şairi Nizaminin anadan olmasının 800 illiyinin necə məhəbbətlə qeyd edilməsindən rəğbətlə danışardı. Bu, o qədər də asan məsələ deyildi. Faşist ordusunun blokadada saxladığı bir şəhərdə - əslində, səngərdə mədəniyyət tədbiri keçirmək, Azərbaycan şairini yad etmək həqiqətən də qəhrəmanlığa bərabərdir. Bunlar elə bir mənəvi dəyərlərdir ki, daim davam və inkişaf etməlidir. Bu mənada Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun keçirilməsi əslində, yeni mədəni əlaqələrin daha da inkişaf etməsinə, müntəzəmliyinə, keyfiyyətinə öz bəhrəsini verəcəkdir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev forumun açılışında demişdir: "Bütün XX əsr ərzində Azərbaycan-rus mədəniyyətinin bir çox inciləri ilə tanış olmaq və elə bir mədəni məkan formalaşdırmaq imkanına malik olmuşdur ki, bizim forum da müəyyən mənada həmin məkanın qorunub saxlanmasına və genişləndirilməsinə xidmət edir. Bu gün humanitar əməkdaşlığımız bir sıra istiqamətlər üzrə, o cümlədən vahid mədəni məkanın formalaşması üçün uzunmüddətli əməkdaşlıq sahəsində uğurla inkişaf edir. Bu əməkdaşlığın həcmini və sürətini səciyyələndirmək üçün Rusiya artistlərinin Bakıya qastrol səfərlərinin afişalarına nəzər salmaq kifayətdir".
Həqiqətən də, Heydər Əliyev sarayından başlamış Yaşıl Teatra kimi bütün mədəniyyət ocaqlarımızda Rusiyanın tanınmış sənətçiləri, aktyorları, müğənniləri, dünya şöhrətli ifaçıları öz istedadlarını dəfələrlə nümayiş etdiriblər. Rusiya Federasiyasının xalq artistləri tez-tez Azərbaycanda olmaqdan şərəf duyduqlarını bildiriblər. Eləcə də ötən il Bakıda bir neçə beynəlxalq musiqi festivalı keçirildi. Həmin möhtəşəm tədbirlərdə də Rusiyadan gəlmiş mədəniyyət və sənət adamları həm iştirakçı, həm də münsif qismində öz qabiliyyətlərini göstərdilər. Bütün bu tədbirlərin hazırlanmasında, uğurla həyata keçirilməsində və yaddaşlarda uzun müddət iz salmasında böyük xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci ledisi Mehriban xanım Əliyevanın təşəbbüslərini alqışlamaq lazımdır.
Akademik Ramiz Mehdiyev forum iştirakçılarının nəzərinə bir maraqlı faktı da çatdırdı: "Son beş ildə rus klassiklərinin - Puşkinin, Lermontovun, Tolstoyun, Çexovoun, Dostoyevskinin, Bulqakovun, Blokun, Yeseninin və başqalarının əsərləri Azərbaycan dilinə tərcümədə ümumi tirajı milyon yarım nüsxə olmaqla nəşr edilmişdir. Bu humanitar layihələrin həyata keçirilməsi bizim iqtisadiyyatın dinamik inkişafı sahəsində mümkün olmuşdur". Onu da vurğulamaq vacibdir ki, bu gün məhz Beynəlxalq Muğam Mərkəzi hər iki ölkə arasında həyata keçirilən mədəni tədbirlərin miqyasını çox gözəl nümayiş etdirir.
Forumda Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev çıxış edərək bildirdi ki, iki ölkə arasında mədəni əlaqələri genişləndirmək məqsədilə zəruri sənədlər imzalanır. İstər Rusiyanın möhtəşəm konsert salonlarında, teatr səhnələrində, istərsə də Azərbaycanın mədəniyyət müəssisələrində hər iki ölkənin sənətçiləri davamlı surətdə çıxış edirlər. Bu əlaqələr gələcəkdə də öz ardıcıllığını saxlayacaq. Forum günlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında böyük rus bəstəkarı Pyotr Çaykovskinin "Qu gölü" baletinin tamaşası göstərildi. Tamaşada Mariinski Teatrının solisti çıxış edirdi. Bu da faktdır ki, Azərbaycan teatrları öz repertuarına rus klassiklərinin əsərlərini müntəzəm daxil edirlər. Eləcə də Azərbaycan dramaturqlarının pyesləri Rusiya rejissorlarının diqqətini cəlb edir. Bu gün teatrlar arasında çox sıx əlaqə yaranıb. Demək olar ki, mövsüm boyu rus aktyorları Bakıda, xüsusilə də, "Üns", Opera və Balet teatrlarında öz tamaşalarını Azərbaycan sənətsevərlərinə çatdırırlar. Təkcə teatr sahəsində deyil, Azərbaycan-Rusiya kinemotoqrafları arasında da müştərək filmlərin çəkilişlərinə başlanılıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirdi ki, Azərbaycanla Rusiya arasındakı mədəni əlaqələrin tarixi çox qədimdir. Bizim bir çox məşhur sənətkarlarımız vahid mədəniyyətin formalaşmasında öz yaradıcılıqları ilə dəyərli fəaliyyət göstəriblər. Qara Qarayev, Rəşid Behbudov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Tahir Salayev, Müslüm Maqomayev, Polad Bülbüloğlu - Rusiyada məşhur idilər. O cümlədən, Bakı dünya şöhrətli bir çox mədəniyyət və elm xadimlərinin doğulduğu yer olub. Lev Landau, Vitali Vulf, Mstislav Rostropoviç, Vladimir Menşov, Mixail və Yuli Qusman, Larisa Dolina və başqaları. Bu gün həm Azərbaycan, həm də Rusiya mədəni mühitində kifayət qədər məşhur olan, tanınan bu insanların yaradıcılığı təkcə ayrı-ayrı millətlərə deyil, həm də bütün bəşəriyyətə məxsusdur. Azərbaycan xalqı həmişə öz humanistliyi ilə seçilib. Bu səbəbdən də onun qoynundan pərvazlanan insanlara milliyyətindən asılı olmayaraq öz övladı kimi məhəbbət və ehtiram göstərib. Elə bu diqqətin və qayğının nəticəsidir ki, şöhrəti okeanın o tayını dolaşan Mstislav Rostropoviç həmişə hər yerdə fəxrlə deyərdi: "Mən bakılıyam, mənim vətənim Azərbaycandır!"
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və xalq yazıçısı Çingiz Abdullayevin forumdakı çıxışları da böyük əks-səda doğurdu. Anarın riqqətlə söylədiyi: "Azərbaycanın mədəniyyət və musiqi beşiyi olan Şuşa bu gün erməni işğalçılarının əsarəti altındadır. Şuşada doğulmuş mədəniyyət xadimləri, yazıçılar, şairlər, eləcə də didərgin düşmüş əhali öz doğma yurdlarına qayıda bilmirlər. Bu da bizim üçün çox ağır bir dərddir. Biz həmişə birlikdə bir çox kələflərin ucunu açmışıq. Yəqin ki, mədəniyyət xadimləri bir araya gələrək bu məsələnin çözülməsində öz xidmətlərini göstərəcəklər və mən bütün rusiyalı dostlarımdan bunu xahiş edirəm!" Eləcə də Çingiz Abdullayevin forum iştirakçılarına çatdırdığı bir fikir yerinə düşdü. Yazıçı bildirdi ki, bu gün Azərbaycan Ermənistan ordusu ilə deyil, onun arxasında dayanan qüvvənin qarşısında çıxılmaz vəziyyətə düşüb. Yaxşı olardı ki, Bakıdan qayıdandan sonra siz bizim fikrimizi, bir yerdə bölüşdüyümüz bu qənaəti Moskvadakılara çatdırasınız. Biz tarix boyu rus ədəbiyyatını, mədəniyyətini ürəkdən sevmişik. Bu gün də əlaqələrimiz davam edir. Mənim kitablarımın çoxu Rusiya nəşriyyatlarında çap edilir. Oxucularımın arasında ruslar daha çoxdur.
Əsas məqsəd qarşılıqlı əlaqələri gücləndirmək, bəzi birgə səylər əsasında hər iki dövlətin intellektual baxımdan daha da çiçəklənməsinə töhfə verməkdən ibarət idi. İstər çıxış edənlərin, istərsə də mütəxəssislərin söylədikləri fikirlərə əsasən bu nəticəyə gəlmək olar ki, Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu əslində, gələcəyə istiqamətlənmiş çox mühüm bir tədbir idi. Bunu forumun açılışında çıxış edən natiqlərin yekdil fikirləri də təsdiqlədi. Mənəvi dəyərlərin qorunması problemini müzakirə etmək, bu yolda fikir mübadiləsi aparmaq, ölkələrimizdə müasir standartların tətbiqi zamanı mədəniyyəti ucuz şou-biznesin təsirindən qorumaq, onun yüksək keyfiyyətini saxlamaq həqiqətən, zəruridir. Bu mənada cəmiyyətin həyatında mədəniyyətin rolu şəksiz və əvəzsizdir. Çünki insanın təfəkkürünü, onun əxlaqi keyfiyyətlərini bilavasitə formalaşdıran məhz mədəniyyətdir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 2 fevral.- S. 3, 7.