Cəfakeş alim

 

El arasında tez-tez deyirlər: əsl alim o kəsdir ki, onun ruhu, rahatlığı elmdədir. Elə ruhun rahatlığını elmdə tapan, ünsiyyəti, işgüzarlığı, səmimiyyəti, təvazökarlığı ilə həmkarları, dostları, yaxınları tərəfindən sevilən ağsaqqal alimlərdən biri də əməkdar elm xadimi professor Ələddin Əsgərovdur.

 

Bu il cəfakeş alimin 85 yaşı tamam olur. O, mənalı bir ömür yaşamışdır, cəmiyyətimizə, xalqımıza ləyaqətlə xidmət etmiş və bu gün də xidmət etməkdədir. Ə.Əsgərov tədrisin elmi-nəzəri səviyyəsini yüksəltmək üçün dərin məzmunlu mühazirələri, konfrans və seminarlarda maraqlı məruzələri, gənc müəllimlərə dəyərli məsləhətləri ilə çox iş görmüşdür. O, geniş mütaliə sahibidir, daim axtarışda olan tədqiqatçıdır. Alimin söhbətlərində güclü məntiq və səlislik diqqəti həmişə cəlb edir. Ə.Əsgərovun həyat və tale kitabını vərəqlədikcə onun nəcib insan, istedadlı alim, mahir pedaqoq olduğunu görürük.

Ələddin Abdulla oğlu Əsgərov 1926-cı ildə Gəncədə qulluqçu ailəsində anadan olmuşdur. 1942-ci ildə o, Gəncə şəhərində 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indi Azərbaycan Dövlət Aqrar Universiteti adlanır) baytarlıq təbabəti fakültəsinə daxil olmuşdur. 1947-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq keçmiş Səfərəliyev rayonunda (indi Samux) baş həkim işləmişdir. 1948-ci ildə AKTA-nın Mikrobiologiya kafedrasının aspirantı olmuşdur. 1951-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Həmin ildən professor elmi adı almışdır. 1965-ci ildən yaxın dövrədək kafedra müdiri vəzifəsində işləyib. Rusiya Aqrar Təhsil Akademiyasının həqiqi üzvüdür, 600-dən artıq müxtəlif istiqamətli elmi, ictimai-siyasi məqalə və digər əsərlərin, 60-dan çox kitabın, dərslik, dərs vəsaiti, monoqrafiya, bədii-elmi kitabın, 10 ixtiranın, 12 təsərrüfata tətbiq edilən tövsiyənin müəllifidir. Alimin rəhbərliyi altında 14 nəfər elmlər namizədi və doktoru hazırlanmışdır. O, dünya üzrə insan ekologiyası, kainatın anatomiyası, insanın mənşəyi, təkamül təliminə yeni baxış, həyatın yaranma tarixinə dair, ölməzlik kimi təlimlərin ilk müəllifidir. Ələddin Əsgərovun təbiətin və ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena kimi dərslikləri 4 dəfə təkrar çap olunmuşdur.

Elmi fəaliyyətinə mikrobiologiya və kənd təsərrüfatı heyvanlarının sanitariya və gigiyenası problemi üzərində araşdırma ilə başlamışdır. O, ilk dəfə 1948-ci ildə Azərbaycanda quşçuluğun inkişafına böyük ziyan vuran vəba xəstəliyini öyrənmiş, ona qarşı spesifik profilaktika üzrə vaksin ixtira etmiş, beləliklə də Azərbaycan quşçuluğunu bu bəladan xilas etmişdir.

Ə.Əsgərov Azərbaycan dilində "Kənd təsərrüfatı heyvanlarının gigiyenası" dərsliyini tərtib edən ilk alim olmuşdur. Sonralar bu dərslik dəfələrlə müxtəlif düzəlişlərlə təkrar çapdan çıxmışdır (1967, 1972, 1981, 1989, 1992, 2004, 2007). Bu nəşr əsasında ilk dəfə kənd təsərrüfatı heyvanları üçün texniki-layihə və zoogigiyenik normalar hazırlanmış, tövsiyələr kimi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Ələddin müəllim müxətlif istiqamətli (tarix, biologiya, ədəbiyyat, ictimai-siyasi və sosioloji tədqiqat və s.) sahələr üzrə də qələmini sınamışdır. O, gigiyena, ekologiya, bədii, elmi-kütləvi kitabların - "Bilirsinizmi?", "Nələr olmur bu dünyada?", "Təbiətin mühafizəsi", "Ətraf mühitin qorunması", "İnsan və təbiət", "İnsan ekologiyası", "Ekologiya və poeziya", "Təkamül təliminə yeni baxış", "Ovçuluğun əsasları", "Ailə ekologiyası", üç cilddən ibarət "Müasir ekologiya" (2004-2006) və s. dərsliklərin və digər əsərlərin müəllifidir.

Onun kitabları Azərbaycanın hər yerində geniş oxucu auditoriyasına malikdir. Ekologiya üzrə tədqiqatları 1972-ci ildən 1988-ci ilə qədər Azərbaycanın ali məktəblərində istifadə edilən ilk və yeganə dərslik olmuşdur. Bu gün də onun dərslikləri ali tədris ocaqlarında geniş istifadə edilir. Elmi əsərləri və ixtiraları, habelə müxtəlif mövzularda olan ictimai-siyasi yazıları mətbuat səhifələrində ilk dəfə səslənən, həm də hamının diqqətini cəlb edən, oxunan məqalələr olmuşdur.

Professor Ə.Əsgərov tərəfindən təbiətin mühafizəsi (1972), dərman bitkilərinin qorunması (1970), keçmiş alüminium zavodunun tullantılarına qarşı mübarizə yox, müharbə (1969), su mənbələri və içməli suların öyrənilməsi (1967-ci ildən), neft tullantılarının dezinfeksiya təsirliyi (Neft-Kimya İnstitutu ilə birgə 1960-1972-ci illər), təbii dağ minerallarının yem əlavəsi kimi istifadəsi (Geologiya İnstitutunun əməkdaşı professor H.Mahmudov ilə birgə) və s. məsələlər öyrənilmiş, ixtiralar edilmiş və Moskvadan müəlliflik şəhadətnamələri alınmışdır. Siqaretə qarşı mübarizə (1988), əməkhaqqı (1993) və s. haqqında məqalələrlə çıxış etmişdir. Hələ ekologiya ifadəsi "dəb" olmayan bir dövrdə onun bu sahədə (1967-1972) qələmə aldığı əsərlər oxucuların diqqətini cəlb etmişdir.

Həmin illərdə tanınmış alim ekologiya üzrə kadrların hazırlanmasının vacibliyi, atom-nüvə silahlarının sınaqdan keçirilməsinin qadağan edilməsi, ölkəyə ölüm hökmü verən kimya zavodları və s. haqqında mötəbər tribunalardan çıxışlar etmişdir. Bu məsələlər barədə məqalələri keçmiş SSRİ-nin nüfuzlu "Vısşaya Şkola" jurnalında da dərc edilmişdir. Ələddin müəllim həmin məsələlərin qaldırılmasına görə dövlət orqanları tərəfindən təşəkkürlər almışdır.

Alimin "Gəncənin tarixi yaddaşından" və "Gəncə salnaməsindən bir yarpaq" (2000-2003), "Müasir ekologiya" (2004-2007) kitabları oxucuların diqqətini cəlb etmişdir. Ə.Əsgərovun "Gəncənin tarixi yaddaşından" kitabı bu diyarın ən görkəmli şəxsiyyətlərinə, alimlərinə və bu yurddan bəhrələnənlərin elmi-yaradıcı irsinin öyrənilməsinə həsr edilmişdir. O, bununla regionların tarixinin yazılması məsələsini qaldırmışdır.

Ələddin müəllimin elmi problemlərindən biri də təkamül təlimi və insan ekologiyasıdır. O, biologiya elmində hökm sürən təkamül təlimini, Darvinin insanın mənşəyinə dair baxışlarını, insanın yaranma tarixi və s. məsələləri araşdırmış və öz fikirlərini irəli sürmüşdür. Onun elmi araşdırmalarına görə, təkamül təliminin nə elmi, nə dini baxımdan həqiqətə uyğunluğu var. Elmin yeni nailiyyətlərinə əsaslanaraq o, darvinizm təlimi ilə bağlı fənnin tədrisdən çıxarılması, təkamül təliminin əsassız olduğunu qeyd edir. Müəllif insan nəslinin meymun mənşəli olması fikrinin əleyhinə olmuş və insanları bu cəfəng təlimdən xilas etmək istəmişdir. Artıq bu gün onun vaxtilə bu sahədə yazdığı əsərlər həqiqətə çevrilməkdədir.

Ələddin Əsgərov ekologiya üzrə tədris planına ilk dəfə olaraq 1995-ci ildə "İnsan ekologiyası" mövzusunu daxil etmişdir. Bu problemə insanın özü ilə əlaqədar olan ailə, şəxsiyyət, poeziya, dil, din, tərbiyə, turizm və incəsənət kimi məsələlər də daxil edilmişdir. O, ölkənin, millətin, xalqın səadətini sanitariya-gigiyena və ekologiya məsələlərinin həllində görür. Həmin problemlərə çoxlu elmi məqalələr həsr etmişdir. Tədqiqatçı alim son illər şəxsiyyətlərin orta ömür müddətlərini, iqlimin doğum baxımından insanlara təsirini öyrənir, qalaktikalarda gedən proseslərə (toqquşmalar, partlayışlar), iqlim dəyişikliklərinə və təbii fəlakətlərə diqqət yetirir, elmi yeniliklərə əsaslanaraq bir çox möcüzənin həqiqətə çevrilməsi, Yer kürəsində kəskin dəyişikliklərin baş verməsi, həyatın sönməsi və yeni həyat formalarının yaranması, insan ömrünün uzadılması və s. kimi maraqlı, düşündürücü gələcəyə proqnoz verən mülahizələr üzərində işləyir.

Ələddin Əsgərovun elmi yaradıcılığı zəngin və çoxşaxəlidir. O, geniş dünyagörüşlü, ədəbiyyatdan, tarixdən, astronomiyadan başlamış ta özünün ixtisas elmlərinə qədər bütün sahələrdən xəbərdar olan alimdir.

Zootexnik, baytarlıq, meyvə-tərəvəz və başqa fakültələrin, habelə Bakıda yerləşən bir çox elmi-tədqiqat institutlarının əməkdaşları (baytarlıq, zoologiya, fiziologiya üzrə), Gəncədə Heyvandarlıq İnstitutunun, Bitki Mühafizəsi və İpəkçilik institutlarının və digər elmi-tədqiqat müəssisələrinin bir çox aparıcı mütəxəssisləri onun tələbələri olmuşlar.

Ələddin müəllim keçmiş İttifaq üzrə keçirilən konqreslərin və konfransların, Avropa Assosiasiyasının, beynəlxalq müşavirələrin iştirakçısı olmuş, ekologiya, baytarlıq və heyvandarlıq sahələri üzrə məruzələrlə çıxış etmişdir. Bir çox halda konfransların sədri olmuşdur.

Ələddin müəllimin əsərlərinin cəmi 600 çap vərəqindən çoxdur. Ələddin Əsgərovun elmi fəaliyyəti və tədris etdiyi fənn çoxsahəli olduğu üçün onun hazırladığı 14 elmlər namizədi və elmlər doktoru da müxtəlif sahələr - biologiya, baytarlıq, kənd təsərrüfatı və texniki elmlər üzrə mütəxəssislər olmuşdur.

O, Azərbaycanda təbii mühitin korlanmasına qarşı çıxış edən (1969), ekologiya sahəsində ixtisaslı kadrların hazırlanmasının vacibliyini önə çəkən ilk alimlərdən olmuşdur.

Ə.Əsgərov yaxşı pedaqoq və məharətli natiqdir, elmi diskussiyalarda çox prinsipial və kəskindir. O, elmdə bəzən çox ziddiyyətli və ya izahedilən nəzəriyyələrə qarşı çıxır və bunu da sübut edir. Məsələn, mikrobiologiya elmində mikrobların təsnifatı var. Bu təsnifatda mikroblar hərəkətinə görə hərəkətli və hərəkətsiz mikroblara bölünür. O, bunun əleyhinə çıxaraq sübut edir ki, bütün mikroblar hərəkətlidir. Hərəkət təkcə hərəkət orqanlarının olması ilə əlaqədar deyildir, mikroblarda qılafın yığılıb açılması ilə də hərəkət baş verir. Daha sonra o, sübut edir ki, mikroblar antibiotiklərə uyğunlaşır və hətta bu uyğunlaşma elə olur ki, mikrob antibiotik məhlulunda yetişə bilir (1956). Ələddin müəllim hesab edir ki, mikroblar həyatda tam ölmür, yerin dərin qatlarına keçərək illərlə, hətta milyon il qala bilirlər. Məhz buna görə də təbii fəlakətlərdən sonra (zəlzələlər, vulkan püskürmələri və s.) epidemiyalar baş verir. Bunu nəzərə alaraq o, ölməzlik təlimini irəli sürmüşdür.

Ələddin Əsgərov doqquz il baytarlıq təbabəti fakültəsinin dekanı, yeddi il Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. Vaxtilə Gəncə Şəhər Təbiəti Mühafizə Cəmiyyətinin üzvü, şəhərin ekologiya cəmiyyətinin sədri olmuşdur. O, 45 ildən artıqdır ki, ADAU-nun Elmi Şurasının üzvüdür.

Ələddin müəllim elmi axtarışlarına və ixtiralarına görə hələ keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin və digər ali orqanların fəxri fərmanlarına, müxtəlif medallara, diplomlara və müəlliflik şəhadətnamələrinə layiq görülmüşdür.

Bu günlərdə Bakıda Ə.Əsgərovun rəhbərliyi altında professorlar S.Hüseynov və E.Hüseynovla birgə yazdığı "Davamlı İnsan İnkişafı" (Dİİ) adlı dərsliyi çapdan çıxmışdır.

Yüksək ixtisaslı elmi-pedaqoji peşəkarlığı, əsl ziyalılığı özündə birləşdirən, həm tələbələrin, həm də müəllimlərin sevimlisi olan fədakar tədqiqatçı alim, professor Ələddin Əsgərova möhkəm cansağlığı və uğurlar arzulayırıq.

 

 

Qənbər ABDULLAYEV,

ADAU-nun kafedra müdiri,

professor

 

Rübail ALLAHVERDİYEV,

ADAU-nun professoru

 

Azərbaycan.- 2010.- 2 fevral.- S. 8.