Azərbaycan Prezidenti İlham Əliyevin
"Bloomberg" agentliyinə müsahibəsi
Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də
Davosda "Bloomberg" informasiya agentliyinə müsahibə
vermişdir. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Azərbaycan olduqca
böyük neft hasilatçısıdır. Neftin qiyməti
barədə nə düşünürsünüz?
- Hesab edirəm ki, hazırda
qiymət ədalətlidir. Bu qiymət
hasilatçıların və istehlakçıların tələbatlarına
cavab verir və eyni zamanda, şirkətlərə sərmayə
qoymaq imkanı yaradır. Çünki hazırkı səviyyədən
aşağı olan qiymət şirkətlərə yeni
işlənmə, kəşfiyyat və hasilat işlərinə
sərmayə yatırmaqda çətinlik yaradır. Zənnimcə,
bu qiymət tarazlıdır.
- Hazırda qiymətlər
qalxmaqda davam edir, lap yüz dolları ötsün, məgər
Siz bundan məmnun olmayacaqsınızmı?
- Neftin qiymətinin kəskin
şəkildə qalxması büdcəmizə əlavə vəsaitlər
verdi. Lakin, eyni zamanda, bu, ölkəmizdə olduqca yüksək
inflyasiya yaratdı və istehlak qiymətləri də
qalxdı. Ölkənin tarazlı şəkildə
inkişafını təmin etmək və əhalinin sosial vəziyyətini
daha da möhkəmləndirmək məqsədi ilə əlavə
imkanlar əldə etmək üçün hesab edirəm ki,
qiymət təxminən 90 və ya 100 dollar səviyyəsində
olmalıdır. 70 dollar da yaxşı qiymətdir.
- Bilirik ki, təbii qaz Azərbaycanın
gələcək inkişafı üçün çox
önəmli amildir. "Qazprom" Azərbaycan qazını
almaq təklifi ilə çıxış etmişdir. Onlar bu
gün nə qədər həcmdə qazı almağı təklif
ediblər və ölkəniz hazırda istismar olunan boru kəmərləri
şəbəkəsi ilə nə qədər qazı ixrac
etmək imkanındadır?
- Biz qazımızı
müxtəlif istiqamətlərdə ixrac etməkdəyik.
Bu, bizim üçün çox vacibdir, çünki biz
qazın nəqli sahəsində maksimal şaxələndirməyə
nail olmuşuq. Bildiyiniz kimi, şaxələndirmə nəinki
istehlakçılar, o cümlədən hasilatçılar
üçün də çox vacibdir. Beləliklə, biz
qazı qonşu ölkələrə ixrac edirik və əlbəttə,
hər hansı ölkə üçün yeni bazara
çıxış şübhəsiz ki, çox vacibdir.
Bizim "Qazprom"la sazişdə ixracın yuxarı həddi
nəzərdə tutulmayıb. Biz belə razılığa gəldik
ki, hansı həcmdə qaz təklif etsək, "Qazprom"
bir o qədər də alacaqdır.
- Yəni istənilən qədər?
- Bəli.
- Ümumiyyətlə, sizdə
olan mövcud boru kəmərləri şəbəkəsi ilə
nə qədər qaz ixrac edə bilərsiniz? Yəni, nə
qədər qazınız olarsa, bir o qədər?..
- Bu məsələdə ən
mühüm amil hasilatın həcmidir. Bu gün biz bu həcmi
elə bir səviyyədə saxlayırıq ki, ixrac etmək
imkanımız olsun. Əgər bizim yeni ixrac
imkanlarımız və bazarlar olarsa, əlbəttə ki,
hasilatın artırılmasına böyük sərmayələr
qoyacağıq. Biz qazı satmaq imkanımız olmadan
hasilatı artırmaq üçün on milyardlarla dollar sərmayə
qoya bilmərik.
- Rusiya da elə bunu edir.
Rusiya tərəfi təklif edə biləcəyiniz qədər
həcmi almağa hazır olduğunu bildirmişdir. Bu, əlavə
sərmayələrin qoyulmasına imkan yaratmırmı, yəni
sizin üçün bir növ "kart blanş" deyilmi?
- Bizim böyük
ehtiyatlarımız vardır. Təbii qaz
ehtiyatlarımızın təsdiqlənmiş həcmi 2
trilyon kubmetrdir. Bu həcm 5 trilyon kubmetr də ola bilər. Beləliklə,
bizim özümüzü və eləcə də,
dünyanın müxtəlif yerlərində tərəfdaşlarımızı
ən azı yüz il qazla təchiz edə bilərik. Beləliklə,
bununla bağlı bütün lazımi işlər
görülməlidir. Bizim "Qazprom"la münasibətlərə
gəldikdə, burada üstünlük ondan ibarətdir ki,
aramızda heç bir tranzit ölkə yoxdur. Biz sadəcə
həmsərhədik, infrastrukturumuz da vardır.
- Sizdən ən böyük
qaz yatağı haqqında soruşmaq istərdim. Söhbət
"Şahdəniz"dən gedir. Hazırda Azərbaycandan
uzanan boru kəmərlərinin mövcud şəbəkəsi
bu ən böyük qaz yatağının işlənilməsinin
məhdudlaşdırılması və ya yubadılmasına
səbəb ola bilərmi?
- Bu gün buna səbəb kimi təkcə mövcud infrastrukturun nəqletmə qabiliyyəti deyil, tranzitlə və qazımızın qiyməti ilə bağlı məsələləri də göstərmək olar. "Şahdəniz" yatağı dünyada ən böyük yataqlardan biridir. Bu yataq 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Biz infrastrukturu genişləndirə bilərik və bunun üçün ya yeni qaz boru kəmərinin çəkilməsini, ya da mövcud boru kəməri şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Buna görə, bu gün mövcud boru kəmərləri şəbəkəsi məsələsi əsas maneə kimi qəbul edilməməlidir. Tranzit məsələsini həll etdikdən, ədalətli qiymətə nail olduqdan sonra Azərbaycan və onun tərəfdaşları olan xarici şirkətlər yeni infrastrukturun qurulması üçün milyardlarla dollar sərmayə qoyacaqlar.
- Siz tranzit və qiymət məsələlərinə toxundunuz. Siz bu amilləri Nabukko layihəsi üzrə razılaşma üçün və ya bu layihənin real bir layihəyə çevrilməsi üçün zəruri şərtlər kimi göstərirsinizmi?
- Əslində, Nabukko layihəsi "Cənub dəhlizi"nin əsas elementlərindən biridir. Bu layihə qazımızı Qərb bazarlarına çıxarmaq imkanı verə bilər. Buraya, Nabukko, TGİ (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Transadriatik boru kəməri) layihələri daxildir.
- Yəni, Gürcüstan və Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çıxış?..
- Bəli. Buna görə tranzit məsələləri həll olunmadan infrastrukturun genişləndirilməsi haqqında danışmaq tezdir.
- Nabukko haqqında danışdıq. Siz bunu "Cənub dəhlizi" adlandırdınız, lakin mahiyyətcə bunlar eynidir. "Cənub dəhlizi" Azərbaycanda hasil olunan enerjidaşıyıcıların Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına nəqlini nəzərdə tutur. Sizin fikrinizcə, bu, həqiqətən baş tutacaqmı? Bu haqda müəyyən müddətdə söhbətlər gedir.
- Bunu demək çətindir. Çünki sizin də qeyd etdiyiniz kimi, bu haqda artıq uzun müddətdir ki, kifayət qədər söhbətlər gedir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Birincisi, 2009-cu ilin may ayında siyasi bəyannamə imzalanıb. Azərbaycan da bu siyasi bəyannaməyə qoşulmuşdur. Bundan əlavə, Nabukko üzvləri arasında bu layihənin hansı formada irəliyə aparılması ilə bağlı razılaşma əldə edilmişdir. Bu layihəni irəli aparmaq üçün bir sıra elementlər mövcud olmalıdır. Birincisi, bunu etmək üçün güclü siyasi iradə olmalıdır. İkincisi, maliyyə vəsaiti olmalıdır. Öncə qeyd etdiyim kimi, tranzit məsələlərinin həll olunmaması ən əsas maneədir. Eyni zamanda, qazımız üçün bazar qiyməti razılaşdırılmalıdır.
- Siz qeyd etdiniz ki, əsas maneə qazın qiyməti və tranzit məsələsidir. Aydındır ki, Azərbaycan üçün tranzitlə əlaqədar ən böyük məsələ Türkiyə ilə bağlıdır. Türkiyəyə qazın satışı ilə bağlı razılaşma üzərində müəyyən müddətdir ki, iş gedir. Bu prosesi ləngidən nədir?
- Biz qazı Türkiyəyə ixrac edirik. "Şahdəniz" yatağının birinci fazasından ixrac edirik. Bu baxımdan, heç bir problemimiz yoxdur. Yeganə problem ondan ibarətdir ki, bu gün mövcud olan qiymət bazar qiymətinə uyğun deyildir və iqtisadi baxımdan bizim üçün sərfəli deyildir. Türkiyəli həmkarlarımız da qiymətin ədalətli olmadığını deyirlər. Beləliklə, qiymətlərə yenidən baxılmalıdır.
- Siz, Azərbaycanın Prezidenti kimi enerji müharibələri, alternativ enerji təchizatı marşrutları konsepsiyasından yaxşı xəbərdarsınız. Bununla bağlı Azərbaycanın siyasi mövqeyi necədir? Yəni, tutaq ki, Rusiya sizə deyir, bəli, bütün qazınızı verin, mən alıram. Bu, bizneslə bağlı məsələdir? Nəzəri baxımdan, əgər onlar sizin bütün qazınızı alsalar, onda sual yaranır - boru xətləri nəyə gərəkdir? Siz siyasi baxımdan Qərbi Avropa istehlakçısı üçün alternativ enerji təchizatı marşrutuna həqiqətən sadiqsinizmi, yoxsa, bu, Azərbaycanın milli maraqlarına cavab vermir?
- Bizə gəldikdə, bu, yüz faiz kommersiya xarakterli məsələdir. Mən sizə əvvəlki təcrübəmizdən söyləyə bilərəm ki, biz neft marşrutlarımızı şaxələndirəndə də, bu, kommersiya məsələsi idi, yəni bizə neftimizi Aralıq dənizinə çıxarmaq üçün əsas boru kəməri lazım idi. Bakı-Tbilisi-Ceyhan bu cür baş tutdu. Eyni zamanda, bizim iki digər boru kəmərimiz də vardır. Onlardan biri neftimizi Rusiyanın, digəri isə Gürcüstanın Qara dənizdəki sahillərinə çıxarır. Eyni vəziyyət qaz sahəsinə də aiddir. Bu, sırf kommersiya məsələsi olmalıdır. Nabukko layihəsinin problemlərindən biri ondan ibarətdir ki, məsələ həddindən artıq siyasiləşdirilir. Biz diqqətimizi kommersiya məsələlərinə cəmləşdirməliyik. Onlar cəlbedici, əsaslandırılmış və ədalətli olmalıdır. Hasilatçılar, istehlakçılar və tranzit ölkələr arasında maraqlar tarazlığı qorunmalıdır.
- Hər halda, bu gün Azərbaycanın çalışdığı qiymət məsələsi ən mühüm məsələdir?
- Bu, mühüm məsələlərdən biridir. Digər mühüm məsələ şaxələndirmədir. Biz yalnız bir marşrutdan asılılığa yol verə bilmərik.
- Sonuncu sual. Ermənistan ilə Azərbaycan arasında nə vaxt sülh olacaq?
- Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən çıxardığı andan etibarən sülh bərqərar oluna bilər.
- Çox
sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 3 fevral.- S. 4.