Genişmiqyaslı dialoq və peşəkar ünsiyyət çox şeyləri xalqlarımız üçün daha anlaşıqlı etməyə imkan verir

 

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu münasibətlərə sanballı töhfə oldu

 

Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu artıq tarixə çevrilmişdir. Lakin onun doğurduğu əks-səda hələ səngiməmişdir. Axı uzun illərdən bəri ilk dəfə idi Rusiyanın və Azərbaycanın alimləri, ziyalıları, siyasi və ictimai xadimləri bu cür çox geniş formatda bir araya gəlirdilər. Rusiya nümayəndə heyətinə təxminən 150 nəfər daxil idi. Onların arasında Dövlət Dumasının deputatları, senatorlar, KİV rəhbərləri, incəsənət xadimləri, alimlər, ictimai xadimlər, ali məktəblərin rektorları və başqaları var idi. Bu adamlar Rusiya cəmiyyətinin bütün təbəqələrini təmsil edirdilər. Onlar qonşu ölkənin inkişafını, buradakı ictimai rəyi çox cəhətdən müəyyən edirlər.

Forumun təşkili ideyası Azərbaycan Prezidentinə məxsusdur. Strategiyası, istiqaməti də onun tərəfindən müəyyənləşdirilmişdi.

Forum iştirakçılarını qəbul edən zaman Azərbaycan Prezidenti dedi ki, ölkələrimiz arasında çox sıx münasibətlər vardır, biz qonşuyuq, dostuq. İqtisadi münasibətlərin statistikasına nəzər salsaq görərik ki, keçənilki böhran ili istisna olmaqla, həm əmtəə dövriyyəsinin həcminə, həm də onun keyfiyyətinə və strukturuna görə daim artım müşahidə olunmuşdur. Əvvəlki illərdə müzakirə prosesində olan əsas məsələlər praktiki olaraq həll edilmişdir. Biz qarşılıqlı anlaşmanı genişləndiririk. Zənnimcə, humanitar sahədə qazandığımız nailiyyətlərlə tanış olmağa imkanınız olacaqdır.

Dövlətimizin başçısının müəyyən etdiyi strategiya Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin çıxışında özünü aydın büruzə verdi. Həmin çıxış strateji bir çıxış idi, forumun strategiyasını özündə əks etdirirdi. Bu akademik çıxışda Azərbaycanın tarixi əraziləri haqqında statistik məlumatlar ortaya qoyuldu, tarixi xronologiyaya əsaslanmaqla XX əsrin əvvəlindən tutmuş bu günə qədər ermənilərin təcavüzü xarakterizə olundu. Aydın görünürdü ki, tarixi həqiqətlərə əsaslanan, emosiyadan uzaq, məhz həmin auditoriyaya hesablanmış çıxış iştirakçılara böyük təsir etdi. Təsadüfi deyildir ki, bir çox natiqlər çıxışlarında ona istinad edirdilər.

Akademik Ramiz Mehdiyevin Azərbaycanın iqtisadi inkişaf sahəsində dünya liderlərindən biri olması barədə arqumentli çıxışı iştirakçıların böyük marağına səbəb oldu. Qonaqlar məlumat aldılar ki, ölkəmiz dinamik inkişaf edir, sosial-iqtisadi münasibətlərin bir sıra problemləri həll edilmişdir. Hətta böhran ilində də biz yaxşı artım sürəti nümayiş etdirmişik, ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, hər bir vətəndaş üçün sərbəstlik mövcuddur. Forum iştirakçıları ölkəmizdə olduqları müddətdə buna şəxsi təəssüratları əsasında əmin oldular.

Yeri gəlmişkən, bədxahlar uğurlarımızı təsadüf hesab edə bilərlər. Ancaq təsadüf bir il olar, iki il olar, üç il olar. Beş-altı il dalbadal təsadüf ola bilməz. Bu, ölkə rəhbərinin məqsədyönlü siyasəti sayəsində mümkün olmuşdur. Bunu bizimlə söhbətlərində qonaqlarımız da, məsələn, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar da etiraf edirdilər.

Gələnlər arasında Azərbaycana rəğbət bəsləyənlər çox idi. Ümumiyyətlə, Rusiyada ölkəmizin dostları az deyildir. Mən bunu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, rus elmi ictimaiyyəti ilə yaxın ünsiyyəti olan bir azərbaycanlı alim kimi deyirəm. Təsadüfi deyildir ki, qonaqlarımızın bir çoxu hətta regionlarımızda görülən işlərdən belə xəbərdardır. Məsələn, qəzetlərdə oxudum ki, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsi sədrinin birinci müavini Leonid Slutski ölkəmizdə baş verən dəyişiklikləri alqışlayır, ölkəmizi "çiçəklənən Azərbaycan", iqtisadi uğurlarını "heyranlıq doğuran" adlandırır, bir sıra sosial-iqtisadi layihələrimizin adını çəkir, elektroenergetika sahəsində inqilabi nailiyyətlər qazanıldığını diqqətə çatdırır. Hətta vurğulayır ki, 2009-cu il Azərbaycanda inqilabi il olmuşdur.

Ölkəmizin iqtisadi uğurlarından danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin BDU-nun 90 illik yubileyinə həsr olunmuş yığıncaqdakı nitqində irəli sürdüyü konseptual ümumiləşdirməni xatırlatmaq yerinə düşərdi. Dövlətimizin başçısı demişdir: "Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq... Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır. Dünya İqtisadi Forumu - dünyanın ən mötəbər qurumlarından biri olan bu təşkilat rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı dünya miqyasında 51-ci yerdə görür və bütün MDB məkanında biz bu sahədə birinci yerdəyik. Dünya Bankı, 2008-ci ilin hesablamalarına görə, Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı. Bu, bir daha onu göstərir ki, uğurlarımızın əsas səbəbi ölkədə aparılan siyasi və iqtisadi islahatlardır. Hasilat sənayesi sahələrində şəffaflığın təmin edilməsi ilə əlaqədar Azərbaycan təcrübəsi dünya miqyasında öyrənilir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanı bu sahə üzrə mükafatlandırıbdır. Ona görə biz gələcəyə bu prizmadan yanaşmalıyıq. Azərbaycan üçün ən ağır, ən çətin dövr artıq arxada qaldı. Sabitlik dövrü tam bərqərar olundu və biz irəliyə baxmalıyıq".

Fikrimcə, forum Azərbaycan və Rusiya xalqlarının rifahı naminə görüləcək böyük və genişplanlı işin başlanğıcı oldu. Bu, ünsiyyətin özünü doğrultmuş formasıdır, çünki belə tədbirlər nəticəsində insanlar bir-birini daha yaxşı anlayırlar. Forumda ikitərəfli əlaqələrin inkişafı, siyasi strukturların qarşılıqlı fəaliyyəti, ölkələrin vətəndaş cəmiyyətləri, peşəkar birliklər və yaradıcılıq ittifaqları məsələləri müzakirə olundu. İnanıram ki, forum iştirakçıların ümidlərini doğruldacaq və münasibətlərimizin inkişafına, xalqlarımız arasındakı dostluq və əməkdaşlığın, xüsusən də humanitar baxımdan əlaqələrin möhkəmlənməsinə yeni təkan verəcəkdir.

Doğrudur, indiyədək də Rusiya elitasının nümayəndələri, ayrı-ayrı vəzifə sahibləri, ziyalılarla epizodik görüşlərimiz olurdu. Məsələn, Rusiyanın təhsil naziri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru və başqaları ölkəmizə gəlirdilər. Onların hər biri ayrılıqda müəyyən informasiya daşıya bilirdi, Azərbaycan həqiqətləri barədə informasiya aparırdı. Ancaq ilk dəfə idi ki, böyük nümayəndə heyəti bu həqiqətləri görmək, onları birlikdə müzakirə etmək, mövcud problemlər haqqında düşünmək, fikir mübadiləsi aparmaq imkanı qazandı. Forum Azərbaycan haqqında Rusiya ictimai fikrinin dəyişməsinə imkan verdi, Rusiya tərəfi Azərbaycanın üzləşdiyi problemləri daha yaxından gördü. Axı Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi Rusiya Federasiyasının marağındadır və ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyinə böyük əhəmiyyət verir. Ola bilməz ki, Rusiyanın forumda təmsil olunan elitası Azərbaycanın haqlı mövqeyini anlamasın.

Bu barədə xüsusilə xalq yazıçısı Çingiz Abdullayevin çıxışı çox yaddaqalan oldu. O, Azərbaycanı rus yazıçısı Aleksandr Qriboyedovun "Ağıldan bəla" romanının qəhrəmanı Çatskiyə, onun sevdiyi Sofyanı Rusiyaya, Ermənistanı isə Sofyanın bəyəndiyi Molçalinə bənzətdi. Xatırlatdı ki, İkinci dünya müharibəsi bitəndən sonra Rusiya ilə Yaponiya sülh müqaviləsi imzalamalı, 4 adadan 2-si Rusiyaya, 2-si isə Yaponiyaya keçməli idi. Lakin həmin müqavilə bu günə kimi imzalanmayıb. Çünki Rusiya iki qayalıq adanı yapon tərəfinə vermək istəmir. Hörmətli yazıçımızın sualı indi də qulaqlarımda səslənir: "Bəs onda Rusiya 20 faiz torpağını vermək istəməyən Azərbaycanı niyə başa düşmək istəmir?!" Çingiz müəllim haqlı olaraq bildirdi ki, reallıqda Qarabağ münaqişəsinin həllinin açarı nə Qarabağda, nə İrəvanda, nə də Bakıdadır, bu açar həmişə Moskvada olub və biz ümid edirik ki, Moskvaya qayıtdıqdan sonra bu forumun bütün iştirakçıları da razılaşacaqlar ki, Qarabağ münaqişəsinin həllinin açarı həqiqətən də Moskvadadır.

Mən də Çingiz müəllimin fikrinə şərikəm ki, bu illər ərzində Rusiyanın bizə etdiyi yaxşılıqları həmişə dəyərləndirmişik və dəyərləndiririk. Bilirik ki, dünya mədəniyyətindən bəhrələnməkdə bizə rus dili kömək edib. Rusiya dahi Puşkin, Lermontov, Dostoyevski, Çexov və Tolstoyun vətənidir. İnanırıq ki, bizim ağrımızı Rusiyada başa düşəcəklər və anlayacaqlar ki, nədən hər bir azərbaycanlı hər hansı tribunaya çıxarkən ən çox Qarabağ problemindən danışır. Forum iştirakçılarının tərkibi bizim bu ümidlərimizin doğrulacağına əsas verir.

Mənim qəti mövqeyim belədir ki, vətəndaş cəmiyyəti, vətəndaş cəmiyyətinin dialoqu, genişmiqyaslı peşəkar ünsiyyət çox şeylərə aydınlıq gətirməyə, çox şeyləri xalqlarımız üçün daha anlaşıqlı etməyə imkan verir. Bu mənada forumun roluna xüsusi əhəmiyyət verirəm. Çünki bu tədbirdə "İzvestiya", "Komsomolskaya pravda", "Selskaya jizn", "Rossiyskaya qazeta", "Kommersant" kimi geniş oxucu kütləsi olan nüfuzlu qəzetlərin rəhbərləri, radiostansiyaların və telekanalların təmsilçiləri iştirak edirdilər. Bu, Azərbaycan həqiqətlərinin yayılması, qarşılıqlı əməkdaşlıq üçün geniş meydan açır.

Düşünürəm ki, bu forum öz işini davam etdirəcək, beynəlxalq Bakı forumuna çevriləcəkdir. Bu barədə forumda geniş danışıldı. Doğrudan da, nə üçün forumda Avropanın, Amerikanın və başqa qitələrin dövlət və ictimai xadimləri, tanınmış ziyalıları iştirak etməsinlər?! Akademik Ramiz Mehdiyev də tədbirdən sonra jurnalistlərə müsahibəsində bildirmişdir ki, gələn ildən etibarən bu forumun formatı yalnız Azərbaycan və Rusiyanın nümayəndələri ilə məhdudlaşmayacaq, bu, Bakı forumu olmalıdır. Bu bizə Azərbaycanın problemləri, ölkəmizin vəziyyəti haqqında məlumatları dünyaya çatdırmaq imkanı verəcəkdir. Forumla bizi narahat edən Qarabağ probleminə dair ilk dəfə olaraq xalq diplomatiyasına start verildi. Mən Rusiya cəmiyyətinin nümayəndələrinin qoşulduğu xalq diplomatiyasını nəzərdə tuturam. Əminəm ki, erməni ziyalıları da bu işə cəlb olunacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar zamanı ərazi bütövlüyü ilə əlaqədar məsələni çox kəskin qoyur, mövqeyini qətiyyətlə bildirir, bu məsələnin beynəlxalq müstəvidə həllini tələb edir. Xalq diplomatiyası bu prosesə qoşulsa, çox yaxşı olar. Bu işə Rusiya ziyalılarının töhfəsi çox sanballı ola bilər. Təkrar edirəm, Rusiya elitasının iştirakı ilə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində xalq diplomatiyasına start verdik. Yəqin ki, Ermənistan ziyalıları da Rusiya-Ermənistan forumu keçirilməsini alqışlayarlar. Nəticədə, üçbucaq qapanaraq Bakı-Moskva-Yerevan dialoqu yaranar və bu, tədricən neytral bir ərazidə təşkil olunan Bakı-Yerevan dialoquna çevrilər. Rus alimlərinin iştirakı ilə Azərbaycan və Ermənistan alimləri görüşə də bilərlər. Tarixdə dövlətlər arasında ömürlük düşmənçilik olmayıb. Ömürlük dostluq ola bilər. İstər-istəməz nə vaxtsa barışıq əldə edilir.

Yuxarıda dediyim kimi, forum Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ, bu münasibətlərin inkişafına sanballı töhfə olacaqdır. Doğrudur, milli genetikamızla biz türk dünyasına məxsus bir xalqıq. Ancaq elmi genetikamızla rus elminə bağlıyıq, 200 ildən artıq bir müddətdə Rusiya ilə çox sıx əlaqədə olmuşuq. Təsəvvür edin ki, türk dünyası ilə bağlılığımızı itirsək, milliyyətimizi də itirərik, rus elmi, rus təhsili ilə əlaqəmizin itirilməsi isə elmimizi və təhsilimizi güclü deformasiyaya uğrada bilər. BDU-da rus dilinin tədrisinə böyük əhəmiyyət verilir. Kitabxanamızdakı 2,5 milyon kitabın, demək olar, yarıdan çoxu rus dilindədir. Rusiya bizim böyük qonşumuzdur, onun dilini bilmək bizə ancaq fayda gətirə bilər. Biz Avratlantika məkanına inteqrasiyadan qabaq regional inteqrasiyaya üstünlük veririk. Rusiya ilə intensivləşməyə başlayan əlaqələr təhsil sahəsində əməkdaşlığa yeni təkan verməlidir. Universitetimizin Rusiyanın elm, təhsil, mədəniyyət ocaqları ilə əlaqələri bu gün də intensiv davam edir. Forum isə bu əlaqələrə yeni təkan verdi. Səksəninci illərin sonu, doxsanıncı illərin əvvəllərində, SSRİ dağıldıqdan sonra Rusiyanın aparıcı təhsil ocaqları ilə əlaqələrimiz xeyli zəifləmişdi. Son 10-11 il ərzində bu əlaqələr tam bərpa olunaraq inkişaf etmişdir. Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilə sıx əlaqələrimiz var, tələbələrimiz orada təhsil alır, müəllimlərimiz ixtisasartırma kursları keçirlər. Elmi əməkdaşlıq edir, qrantlar, proqramlar üzərində birgə çalışırıq, birgə kitablar yazırıq. Ötən il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru iki dəfə ölkəmizə gəlmiş, universitetin Bakı filialında, BDU-da olmuşdur. Yeri gəlmişkən, filialın açılması əlaqələrimizə yeni bir intensivlik gətirmişdir. Rusiya Elmlər Akademiyasının, MDU-nun alimlərinin universitetimizdə rentgen struktur analiz istiqamətində dördaylıq fəaliyyəti bu yaxınlarda başa çatmışdır. MDU-nun biologiya fakültəsinin tələbələri bizdə təcrübədə olurlar. BDU-nun şərqşünas alimləri MDU-nun alimlərinə kömək edirlər, onlar bizdə ixtisasartırma kursu keçirlər. Demək istəyirəm ki, əlaqələrimiz yaxşıdır. Rusiyalı qonaqlar BDU-da oldular, baş vermiş dəyişiklikləri gördülər. Yeri gəlmişkən, universitetimizin 90 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, akademiklər Valeri Lunin, Nikolay Zefirov iştirak etmişlər. Viktor Sadovniçi səmimi ürək sözlərini belə ifadə etmişdir: "Bütün 90 il ərzində universitet digər universitetlərin ən yaxşı nümunələrini əxz etmişdir. İndi bu mərasimdə iştirak edən rektorların əksəriyyəti deyə bilər ki, biz də universitetlə əməkdaşlıq etmişik. Moskva Universitetinin rektoru kimi mən də deyə bilərəm ki, biz də Bakı Dövlət Universiteti ilə əməkdaşlıq etmişik. Dəfələrlə Bakıya müxtəlif konfranslarda iştirak, dissertasiyalara opponentlik etmək üçün gəldiyim illəri xatırlayıram. Bəlkə də 10-dan çox dissertasiyaya opponentlik etmişəm, rəy yazmışam. Mən Azərbaycan xalqının ölkədə elmin inkişafı üçün çox işlər görmüş görkəmli nümayəndələrini, ilk növbədə, mənə daha yaxın olan riyaziyyatçıları xatırlayıram. Bunlar Elmlər Akademiyasının prezidentləri Xəlilov, Maqsudov, gözəl alimlər Rəsulov, Allahverdiyev, - bəlkə də o, indi buradadır, - və onlarla başqalarıdır. Salona daxil olmazdan əvvəl dəhlizdə çox insanla söhbət etdim. Onlar bu və ya digər kafedra, bu və ya digər professor barədə soruşur, harada müdafiə etdiklərindən danışır, qonaq gələcəklərini deyirdilər. Hörmətli dostlar, Bakı Universitetinin professorları, bu o deməkdir ki, tariximizin və ənənələrimizin ümumi cəhətləri çoxdur".

Elmi əməkdaşlıq barədə fikrimi yekunlaşdırmaq üçün deyərdim ki, elmin vətəni yoxdur, lakin hər bir vətənin elmə ehtiyacı vardır. İstənilən ölkənin elmi ictimaiyyəti ilə əməkdaşlıq bu elmi yalnız zənginləşdirə bilər.

Mədəniyyət və təhsil sahəsində əlaqələrimizə dair də misallar gətirə bilərəm. Azərbaycanın ali məktəb sektorunda 16 mindən çox tələbə rus dilində təhsil alır. Qafqazda ilk dəfə Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması əyani şəkildə göstərir ki, bizim uğurlu əməkdaşlığımız üçün çox yaxşı imkanlar vardır. Bakıda Səməd Vurğun adına Rus Dram Teatrı uğurla fəaliyyət göstərir. Bakı Slavyan Universiteti rusdilli təhsil məkanının və mədəni məkanın formalaşmasına fəal kömək edir. Son beş ildə rus klassiklərinin - Puşkinin, Lermontovun, Tolstoyun, Çexovun, Dostoyevskinin, Bulqakovun, Blokun, Yeseninin və başqalarının əsərləri Azərbaycan dilinə tərcümədə ümumi tirajı milyon yarım nüsxə olmaqla nəşr edilmişdir. Bu humanitar layihələrin həyata keçirilməsi bizim iqtisadiyyatın dinamik inkişafı sayəsində mümkün olmuşdur.

Forumun əhəmiyyəti təkcə humanitar sahə ilə bitmir, bu tədbir siyasi əməkdaşlığa da öz töhfəsini verəcəkdir. Hamımızın yaxşı yadındadır, SSRİ dağılandan və ölkələrimiz müstəqillik əldə edəndən sonra münasibətlərimizin yeni mərhələsi Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana tarixi səfərindən başlanmışdır. Bu, Rusiya Prezidentinin suveren Azərbaycana ilk səfəri idi. Məhz o vaxt Prezident Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə aşağıdakı konseptual fikri söyləmişdi ki, bizim məqsədimiz - qaliblər və məğlublar olmadan sülhün bərqərar olmasına kömək etməkdir. Bu fikir öz aktuallığını bu gün də saxlayır. Ümummilli liderimiz Heydər Əliyevin Rusiyaya cavab səfəri, Bakı Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar məsələlərin həlli bizim müxtəlif səviyyələrdə münasibətlərimizə nəzərəçarpacaq tərəqqi və dinamizm gətirmişdir. 2001-ci il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi Aleksandr Puşkinin və 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidələrinin açılışı əməkdaşlığımızın tamamilə yeni müstəviyə keçməsinin əlaməti olmuşdur. Bu, əslində, Azərbaycan-Rusiya strateji əməkdaşlıq proqramının başlanğıcı idi. Heydər Əliyev bu mərhələni bizim bəyanatlardan və sazişlərdən niyyətlərimizin konkret reallaşdırılması dövrünə keçid mərhələsi adlandırmışdır. Onun Sankt-Peterburqda söylədiyi nitqində Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir bizim xarici siyasətdə Rusiyanın rolunu və yerini son dərəcə aydın müəyyən edir. Heydər Əliyev böyük rus mədəniyyətinin mənəvi qaynaqlarından danışarkən xüsusi vurğulamışdır ki, onun üçün rus ruhunun həqiqi böyüklüyünün rəmzi Leninqradın mühasirəsi dövründə Ermitajın soyuq zallarında dahi Nizaminin anadan olmasının 800 illiyinin bayram edilməsidir. Bütün XX əsr ərzində Azərbaycan rus mədəniyyətinin bir çox inciləri ilə tanış olmaq və belə bir mədəni məkan formalaşdırmaq imkanına malik olmuşdur.

Biz nə üçün bu tarixi itirməli, gələcək nəslə ötürməməliyik?! Bax, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarı, Rusiyada milyonlarla oxucusu olan xalq yazıçısı Çingiz Abdullayevi, Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdullanı və onlarla digər ziyalımızı narahat edən, danışdıran da budur!

İnanıram ki, forum da müəyyən mənada həmin məkanın qorunub saxlanmasına və genişləndirilməsinə xidmət edəcəkdir. Bu gün humanitar əməkdaşlığımız bir sıra istiqamətlər üzrə, o cümlədən vahid mədəni məkanın formalaşması üçün uzunmüddətli əməkdaşlıq sahəsində uğurla inkişaf edir. Bu əməkdaşlığın həcmini və sürətini səciyyələndirmək üçün Rusiya artistlərinin Bakıya qastrol səfərlərinin afişalarına nəzər salmaq kifayətdir.

Bir daha vurğulamaq istəyirəm ki, forum beynəlxalq Bakı forumuna çevrilməlidir. Hətta Yefim Pivovar bunun gerçəkliyə çevrilməsi üçün bu il aprel ayında MDB ölkələrinin humanitar universitetlərinin rektorlarının toplantısını Bakıda keçirməyi təklif etmişdir.

Foruma konkret qiymət verəsi olsam, deyərdim ki, tədbir Azərbaycanın humanitar sahədə son illər atdığı ən radikal addımlardan biridir. Bu addım Azərbaycanın qlobal cəmiyyətdə, MDB məkanında öz yerini təsdiqləməsinə gətirib çıxardı, onun dünyəvi, hüquqi dövlət olduğunu bir daha göstərdi. Forum Azərbaycan diplomatiyasının uğurlarından biridir. İnanıram ki, bu forum beynəlxalq Bakı forumuna çevriləndən sonra onun öz saytı, Bakıda və ya Moskvada buraxılacaq qəzeti, yaxud "Bakı forumu" adlı aylıq jurnalı olacaqdır. Bir sözlə, proses dayanmamalıdır. Forum böyük xalq diplomatiyasının başlanğıcını qoydu və biz bunu davam etdirməliyik.

 

 

Abel MƏHƏRRƏMOV,

Akademik

 

Azərbaycan.- 2010.- 3 fevral.- S.4.