Azərbaycan ilə Oman arasında əlaqələrin
inkişafı üçün geniş imkanlar mövcuddur
Azərbaycan ilə Oman arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və bu əlaqələr gələcəkdə daha geniş sahələri əhatə edəcəkdir.
Bu sözləri Azərbaycanda səfərdə olan Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdulla fevralın 2-də AzərTAc-a müsahibəsində söyləmişdir.
Azərbaycana səfəri çərçivəsində olduqca məhsuldar görüşlər keçirdiyini deyən nazir, ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı bir çox razılığın əldə edildiyini bildirmişdir. Bu razılıqlar sırasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, ölkələrimiz arasında birbaşa hava reyslərinin açılması haqqında sazişlərin imzalanması, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi, mədəniyyət tədbirlərinin təşkili məsələləri daxildir. Nazir əlavə etmişdir ki, qeyd olunan sazişlərin imzalanması Oman iş adamlarının gələcəkdə Azərbaycanda fəaliyyəti üçün əlverişli şərait yaradacaqdır. O, həmçinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırmışdır.
Yusuf bin Alavi bin Abdulla Oman Sultanlığında Azərbaycanın səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun iki ölkə arasında əməkdaşlığın daha sürətlə inkişaf etməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulamış, yaxın zamanlarda ölkəsinin də belə bir addım atacağını qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını zor gücü ilə işğal etdiyinin bütün dünyaya məlum olduğunu vurğulamışdır. Nazir əlavə etmişdir ki, Oman Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır.
Azərbaycana ikinci dəfə səfər etdiyini qeyd edən Yusuf bin Alavi bin Abdulla, ötən müddət ərzində ölkəmizdə bütün sahələrdə misli görünməmiş inkişafın baş verdiyini məmnunluqla qeyd etmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 3 fevral.- S.2.