Qırğızıstanın Məşğulluq, Əmək və Miqrasiya Nazirliyinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olmuşdur

 

Bakıda səfərdə olan Qırğızıstan Məşğulluq, Əmək və Miqrasiya Nazirliyinin nümayəndə heyəti fevralın 2-də Heydər Əliyev Fondunda olmuşdur.

Nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.

Qonaqlara ulu öndərin şəxsi eksponatları barədə də məlumat verildi. Qeyd olundu ki, bütün eksponatlar ulu öndərin arxivindən götürülüb və onların arasında şəxsi əşyalar üstünlük təşkil edir.

Ümummilli lider Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif ordenlər və medallar, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə çəkilən fotoşəkillər qonaqların marağına səbəb olmuşdur. Muzeydəki ekspozisiyanın hər biri böyük azərbaycanlının həyat salnaməsini əks etdirir.

Ulu öndərin neft strategiyasından söhbət açan eksponatlara baxan nümayəndə heyətinə bu barədə də ətraflı məlumat verilmişdir. Ümummilli liderin dünyanın böyük dövlətlərinin rəhbərləri, mədəniyyət, incəsənət xadimləri ilə keçirdiyi görüşlərdə çəkilmiş tarixi fotosənədlər də qonaqlarda maraq doğurmuşdur.

Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi və ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə qırğızıstanlı qonaqların sualları ətraflı cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 fevral.- S. 2.