Vladimir Doroxin: "Mətbuat
azadlığı faktlarla sərbəst davranma ilə əvəz
olunmamalıdır"
Azad mətbuat faktlarla sərbəst manipulyasiya deyildir. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın baş direktoru Aslan Aslanov ilə ölkənin rəsmi informasiya agentliyində fevralın 2-də keçirilən görüşdə söyləmişdir.
Qonağı səmimi salamlayan baş direktor Azərbaycan tarixinə qısa ekskurs etmiş və bildirmişdir ki, AzərTAc 90 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində yaradılmışdır. Bu gün AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA) kimi dünyanın nüfuzlu regional qurumlarının üzvü, habelə MDB Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Milli İnformasiya Agentlikləri Təşkilatının (PANİA) təsisçilərindən biridir. Diqqətə çatdırılmışdır ki, AzərTAc Rusiya agentlikləri, o cümlədən mehriban dostluq münasibətləri qurulmuş İTAR-TASS ilə əməkdaşlığa böyük əhəmiyyət verir.
Səfir Vladimir Doroxin qonaqpərvərliyə görə təşəkkürünü bildirərək demişdir: "Agentliyinizin fəaliyyəti Rusiya ilə Azərbaycan arasında münasibətlərin ruhuna tam cavab verir. Siz bu münasibətlərin möhkəmləndirilməsi üçün çox iş görürsünüz. AzərTAc həmişə dəqiq, obyektiv informasiya deməkdir və mən öz işimdə məhz sizin agentliyin informasiyasından istifadə etməyə çalışıram. Diplomat bildirmişdir ki, Azərbaycana gələndən sonra Rusiyada bu ölkə haqqında nə qədər az məlumat olduğunu anlamışdır. Səfir demişdir: "Rusiyada Azərbaycan haqqında çox və müxtəlif səpkidə yazırlar. Mətbuat azadlığının faktlarla sərbəst davranma ilə əvəz olunması təəccüb doğurur. Buna yol vermək olmaz".
AzərTAc-ın
baş direktoru fürsətdən istifadə edərək
Vladimir Doroxini ANİA-nın Azərbaycan Dövlət Teleqraf
Agentliyinin 90 illiyi münasibətilə Bakıda keçiriləcək
iclasında və təntənəli tədbirlərdə
iştirak etməyə dəvət etmişdir. Dəvət məmnuniyyətlə
qəbul olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 3
fevral.- S. 2.