İctimai və humanitar elmlər: reallıqlar, perspektivlər
Bu gün yalnız Azərbaycan
elmi sferası üçün deyil, respublikanın
ictimai-siyasi gerçəkliyi müstəvisində
böyük əhəmiyyət daşıyan müasir Azərbaycan
elminin vəziyyətindən, bu sahədə konseptual strateji proqramların
hazırlanmasında və həyata keçirilməsində
AMEA-nın elmi-tədqiqat müəssisələri və alimlərinin
rolunun metodoloji və kommunikativ aspektlərindən, elmi fəaliyyət
sahəsində mövcud problemlərdən, onların aradan
qaldırılması tədbirlərindən, elm sahəsində
islahatlarda bu aspektdə qarşıda duran vəzifələrdən
də bir qədər bəhs etmək istərdim.
Elmi fəaliyyət sahəsində
müasir dövrün tələblərindən irəli gələn
islahatların həyata keçirilməsi müxtəlif
istiqamətləri özündə birləşdirən
kompleks tədbirlər planıdır. Burada struktur dəyişikliyindən
tutmuş normativ-hüquqi bazanın yaradılmasınadək
müxtəlif tədbirlər nəzərdə tutulur. Elm sahəsindəki
ciddi dəyişikliklər elmin idarəedilməsi,
yaradıcılığın stimullaşdırılması və
alimlərin sosial ehtiyaclarının tam ödənilməsi
kimi kompleks xarakterli məsələlərin həllinə
bağlıdır.
Lakin bütün bu tədbirlər
də daxil olmaqla islahatları islahat xətrinə aparmaq olmaz.
İslahatda başlıca məqsəd fundamental elmlər sahəsində
elmi tədqiqatları gücləndirmək və elmi
inkişaf etdirmək, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi
inkişafında elmin yaxından iştirakına nail
olmaqdır. Dövlət elmi fəaliyyət sahəsinin
özünəməxsus spesfikasını nəzərə
alaraq, burada kənardan administrativ müdaxilə yolu ilə
islahatlar aparılması metodunu məqbul hesab etmir, bu prosesin
elmi fəaliyyət sahəsinin öz daxilində təbii
yetişməsinə, təşəbbüsün daxili məntiqdən
doğmasına üstünlük verir. Akademik Ramiz Mehdiyevin
aşağıdakı mülahizəsi də bunun bariz
nümunəsidir: "...İndi birbaşa ictimai şüura
ünvanlanmış humanitar texnologiyalar ən önəmli
amilə çevrilmişdir. İnkişafın belə bir
zamanında önləyici proqnozlar sistemini müəyyənləşdirmək
üçün işlər görülməlidir. Milli elm
infrastrukturunun formalaşması üçün dövlətə
konkret konsepsiya təqdim edilməlidir. Bu, dünya elminin
insanlara, elmə və təhsilə münasibətdə irəli
sürdüyü standartlara cavab verən bir konsepsiya
olmalıdır". Lakin bir məsələ də vardır
ki, daxildən islahatların aparılmasını da ləngitmək,
kosmetik dəyişikliklərlə kifayətlənmək
olmaz!
Elmdə islahatlardan danışarkən
diletant səviyyəsində AMEA haqqında da müəyyən
mülahizələr səsləndirilir. Azərbaycan elmi
fikrinin inkişafında son dərəcə mühüm rol
oynamış akademiyanın mobilləşdirilməsindən
söhbət gedə bilər və bu proses struktur dəyişikliyini,
mövcud kontingentin müəyyən qədər
ixtisarını istisna etmir. Bütövlükdə akademiyaya
münasibətdə əsas prinsipi ən dürüst olaraq
ümummilli lider Heydər Əliyev müəyyənləşdirmişdir:
"Akademiya - milli sərvətimizdir"! Azərbaycanda elmi
fikrin inkişaf dinamikası və müasir durumu onun
bütövlükdə mədəniyyətinin kulturoloji
xüsusiyyətləri ilə şərtlənir. XX əsrin
birinci yarısında Şimali Azərbaycanın sovet
Rusiyası tərəfindən işğalı nəticəsində
milli elmi fikir öz inkişafının növbəti mərhələsini
sovet elmi düşüncəsi kontekstində davam
etdirmişdir. Həmin dövrdə Azərbaycanda da elm və
təhsil sürətlə inkişaf etmişdir. Bütün
bu proseslərin məntiqi nəticəsi olaraq 1945-ci ildə Azərbaycan
Elmlər Akademiyası təsis edilmiş, bununla da elmi fəaliyyət
Azərbaycan elmi fikrinin inkişafı tarixində ilk dəfə
olaraq mükəmməl təşkilati struktura malik olmuş,
sistemli xarakter almışdır.
XX əsrin ikinci
yarısında Azərbaycan Elmlər Akademiyası zəngin
elmi ənənələri olan Azərbaycan xalqının
intellektual potensialının səmərəli təşkilində,
fundamental və tətbiqi elm sahələrinin
inkişafında müstəsna rol oynamışdır.
Sovet dövründə,
xüsusən də 50-80-ci illərdə yuxarıda göstərilən
istiqamətlərdə xeyli nailiyyətlərin əldə
edilməsinə baxmayaraq, 90-cı illərin əvvəllərində
ümumən ictimai həyatdakı böhran elmdə də ciddi
böhranın yaranmasına səbəb olmuş, respublikadan
xaricə beyin axını güclənmiş, mövcud elmi-təşkilati
strukturlar iflic vəziyyətinə düşmüşdü.
Əsası həmin
dövrdən yaranmağa başlayan, öz mövcudluğunu
bəzi hallarda bu gün də davam etdirən problemləri
aşağıdakı kimi ümumiləşdirmək olar:
- Elmin maliyyələşdirilməsinin
həcminin aşağı olması və maliyyələşdirilmə
mexanizminin müasir tələblərə cavab verməməsi;
- Azərbaycanın elmi
potensialının üzləşdiyi sosial-iqtisadi problemlərin
hələ də kifayət qədər həllini tapmaması;
- aparıcı elmi məktəblərin
inkişafı üçün məqsədli tədbirlərin
ləng həyata keçirilməsi;
- cəmiyyətdə alimin və
yüksəkixtisaslı mütəxəssislərin sosial dəyərinin
lazımi səviyyədə qiymətləndirilməməsi;
- peşəkar elmi
kadrların azalması, onların bir qisminin müxtəlif səbəblər
üzündən ölkəni tərk etməsi, digər
qisminin ağır sosial şəraitdə yaşaması;
- elmdə qocalma
tendensiyalarının güclənməsi, elmi elitanın
azalması;
- elmi ünsiyyətsizlik
problemi;
- təsadüfi - heç
bir intellektual hazırlığı, istedadı və təhsili
olmayan adamların elm aləminə nüfuz etməsi və
elmin sosial nüfuzuna gəlir vasitəsi kimi yanaşma
halları, yaradıcılıq meyillərinin zəifləməsi,
əvəzində formal, saxta, plagiat, imitativ elmi tədqiqatlara
meylin güclənməsi və s.
Bütün bu problemlərə
baxmayaraq, ümummilli lider Heydər Əliyevin növbəti dəfə
hakimiyyətə gəlişi ilə digər sahələr
kimi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycanın
elmi potensialı da yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 4 yanvar tarixli fərmanı ilə Azərbaycan
Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasında elmin
inkişafını təşkil və təmin edən,
dövlətin elmi və elmi-texniki siyasətini həyata
keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin
və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini
əlaqələndirən və istiqamətləndirən, Azərbaycan
Respublikasını xarici ölkələrdə elmi və
elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali
dövlət elmi təşkilat statusunun verilməsi ilə
akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş,
səlahiyyətləri artırılmış, Azərbaycanda
elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək,
iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək,
xalqın milli mənafeyini qorumaq baxımından onun
qarşısına mühüm vəzifələr
qoyulmuşdur.
Akademiya haqqında müxtəlif
söz-söhbətlərin gəzdiyi, onun fiziki
mövcudluğunun belə təhlükə altına
atıldığı bir dövrdə ümummilli liderin bu
müqəddəs elm ocağı haqqındakı birmənalı
qiyməti yalnız AMEA-nın deyil, onun timsalında
bütövlükdə Azərbaycan elmi potensialının xilası
missiyasını yerinə yetirdi: "Elmlər Akademiyası
Azərbaycan elmini inkişaf etdirib, xalqımızın elm,
bilik səviyyəsini yüksəklərə
qaldırıbdır. Azərbaycan elmini dünyaya
tanıtdırıb və dünya elminə, bəşər
elminə öz böyük töhfələrini veribdir... Azərbaycan
Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir!"
AMEA ona verilmiş səlahiyyətlər
çərçivəsində respublika üzrə elmi fəaliyyətin
vahid qaydada koordinasiyası üçün respublika Elmi Tədqiqatların
Təşkili və Əlaqələndirilməsi
Şurasının fəaliyyəti çərçivəsində
bu funksiyanı yerinə yetirir. Şuranın işi də
özünün yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. 22 dekabr 2009-cu ildə AMEA-nın Rəyasət Heyətində
keçirilən Əlaqələndirmə
Şurasının iclasında tabeliyində elmi qurumlar olan
dövlət qurumlarının, nazirliklərin bilavasitə rəhbərlərinin
iştirakı ilə geniş müzakirələr
aparılmış, elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi, yüksəkixtisaslı
kadrların hazırlanması, respublika üzrə problem
şuraların işinin təşkili kimi məsələlər
müzakirə edilmiş, elmi işin təşkili və əlaqələndirilməsi
istiqamətində mühüm qərarlar qəbul
edilmişdir. Həmin iclasın da əsas müzakirə
mövzularından biri akademik Ramiz Mehdiyevin haqqında söhbət
gedən məqaləsində qaldırılan məsələlər
olmuşdur.
İslahatları necə davam etdirməli?
Biz ilk növbədə Azərbaycan
alimini üzləşdiyi sosial gərginlikdən daha tez necə
çıxarmaq problemini həll etməliyik. Həm də bu məsələni
sosial-iqtisadi problem olaraq yox, əxlaq problemi, milli təhlükəsizlik
və ölkənin milli maraqlarının qorunması problemi
olaraq həll etməliyik! Çünki söhbət yalnız
əhalinin o qədər də çox olmayan bir qisminin
aşağı həyat səviyyəsində
yaşamasından yox, həm də milli sərvətə dəyən
zərərdən, ölkənin intellektual potensialının
dağılması və nəticədə milli mənliyi təşkil
edən etnik-mənəvi nüvənin zədələnməsi
təhlükəsindən gedir.
İnkişaf etmiş
dövlətlərin təcrübəsi göstərir ki,
ölkənin elmi-texniki potensialının saxlanılması və
inkişaf etdirilməsi ilk növbədə bilavasitə iki
amildən asılıdır:
1. Elmi fəaliyyət sahəsində
dövlət siyasəti.
2. Elmi fəaliyyətə
dövlətin maliyyə dəstəyi.
Elmin ölkənin strateji əhəmiyyətli
prioritet fəaliyyət sahəsi olub olmaması da ilk növbədə,
ÜDM-də elm sahəsinə ayrılan maliyyə vəsaitinin
payı ilə müəyyənləşir. Prioritetliliyi
müəyyənləşdirən yeganə prinsip budur.
Başqa prinsip yoxdur. Müqayisə üçün bildirək
ki, Avropa Birliyi ölkələri 2002-ci ildən 2010-cu ilədək
olan müddətdə elm xərclərinin ÜDM-dəki
payını 3 faizə çatdırmağı
qarşılarına məqsəd qoymuşlar. Hazırda bu rəqəm
2008-ci ilin məlumatlarına görə, İsveçdə
3,9 faiz, Finlandiyada 3,5 faiz, Almaniyada 2,5 faiz, Fransada 2,1 faiz,
Böyük Britaniyada 1,7 faiz, İspaniya və İtaliyada isə
1,1 faizdir.
Azərbaycanda isə
1980-1990-cı illəri əhatə edən dövrdə
büdcədən elmə çəkilən xərclərin
ÜDM-də payı 0,3-0,5 faiz hüdudlarında idisə,
1995-2005-ci illər ərzində bu rəqəm 0,2 faiz təşkil
etmişdir. Hazırda isə bu rəqəm qismən yüksəlmişdir.
Bu artımla isə nəinki dünya miqyasında texnoloji
sıçrayış etmək, hətta mövcud
potensialı qoruyub saxlamaq çətindir.
Elmi işin təşkili ilə
məşğul olan mütəxəssislər tərəfindən
müəyyənləşdirilmiş və müxtəlif
ölkələrin inkişafı timsalında öz tədqiqini
tapmış normativ bir qənaət var. Əgər hər
hansı bir ölkədə elmin maliyyələşdirilməsi
həcmi ÜDM-in 1 faizini təşkil edirsə, elm o ölkə
üçün olsa-olsa sosial-mədəni funksiyanı yerinə
yetirə bilər. Yəni bu halda elm həmin cəmiyyətin
sosial-iqtisadi, mədəni-mənəvi və ictimai-siyasi həyatında
proseslərə heç bir təsir göstərmək
imkanına malik olmayan dekorativ fon statusunda mövcud olur. Əgər
maliyyələşmənin həcmi ÜDM-in 2 faizini təşkil
edirsə, elm bilik istehsal edər, 3 faizini təşkil edirsə,
sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsinə
çevrilər. Bu, dünyanın həm inkişaf etmiş,
həm də inkişaf etməkdə olan ölkələrinin
timsalında təsdiqini tapmış faktdır. Azərbaycan
alimlərinin böyük fədakarlığı hesabına
elm hələ ki, sosial-mədəni funksiyanı yerinə
yetirir.
Elmin maliyyələşdirilməsi
sahəsində digər ən mühüm problem büdcədən
maliyyələşdirmə sisteminin və mövcud mexanizmlərin
müasir tələblərə cavab verməməsi idi.
Hazırda elmin maliyyələşdirilməsi mövcud olan
akademik, sahəvi və ali məktəblərin elmi-tədqiqat
subyektlərinin, ştat vahidlərinin, elmlər
doktorlarının, elmlər namizədlərinin və digər
kontingentin sayı baxımından həyata keçirilir. Elmin
maliyyələşdirilməsində
ünvanlılığın və prioritetliyin təmin edilməsinə
ciddi ehtiyac var. Bu baxımdan ölkə Prezidentinin sərəncamı
ilə Elmin İnkişaf Fondunun yaradılması Azərbaycan
elminin 2009-2015-ci illər üzrə Milli İnkişaf
Strategiyasının həyata keçirilməsi istiqamətində
atılmış bir addımdır və bu sahədəki
problemlərin aradan qaldırılmasında mühüm rol
oynayacaqdır.
Elmin maliyyələşdirilməsi
ilə bağlı bir məsələni də qeyd etmək
lazımdır. Bu da elm sahəsinin maliyyələşdirilməsində
risk faktorunun digər sahələrlə müqayisədə həddindən
artıq çox olmasıdır. Bu sahədə tədqiqatlara
ayrılan maliyyə vəsaitinin nə zaman
"özünü doğruldacağı", ümumiyyətlə,
"özünü doğruldacağı" dəqiq
proqnozlaşdırıla bilmir. Bir fakta diqqətinizi cəlb
etmək istəyirəm. 27 aprel 2009-cu il tarixində Amerika
Milli Elmlər Akademiyasının ümumi
yığıncağında ABŞ-ın prezidenti Barak Obama
öz çıxışında belə bir tezis irəli
sürmüşdür ki, fiziki, kimyəvi, bioloji və digər
tədqiqatlara çəkilən xərclər bir ilə də,
yüz ilə də özünü doğrulda bilər və
ya heç bir zaman özünü doğrultmaya bilər. Ancaq
o özünü doğruldarsa, onun nəticələrindən
həm tədqiqatlara pul xərcləyənlər, həm də
xərcləməyənlər fayda götürə bilər.
Dünyanın inkişaf
etmiş ölkələri elmə ayrılan maliyyənin
itkisiz olaraq məhz elmi fəaliyyətin subyektlərinə
birbaşa çatdırılması mexanizmlərini təkmilləşdirməklə
məşğuldur. Biz də bu yolla getməliyik.
Akademik Ramiz Mehdiyevin həm
haqqında söhbət gedən məqaləsində, həm
də digər əsərlərində tez-tez diqqət yetirilən
əsas problemlərdən biri elita problemidir. Heç
şübhəsiz, bu, çox mühüm məsələdir.
İndi yalnız elmi sfera üçün deyil,
bütövlükdə mədəni-ictimai mühit
üçün elitasızlıq ciddi problemlərdəndir.
Elmi fəaliyyət sahəsində mövcud olan bir çox
problemlər həm də bilavasitə elitasızlıq problemindən
qaynaqlanır. Ən çox demokratiya ilə səciyyələnən
yeni tarixi dövrdə Zəka, İntellekt öz
funksiyasını layiqincə yerinə yetirmədikcə sosial
bürokratiya şəxsiyyəti assimilyasiya edir, nəticədə
həm yüksək mənəvi-əxlaqi dəyərləri,
həm də intellektual səviyyəni özündə birləşdirən
yüksək mənəvi nüfuza malik alim şəxsiyyətinin
difisiti, qıtlığı yaranır. Bəlkə də
yalnız elmi fəaliyyət sahəsində deyil,
bütövlükdə sosial-ictimai sferada ən narahatedici
problemlərin həllinə mürəkkəb idarəetmə
və təşkilati strukturların qurulması ilə deyil,
beyində intellekti, ürəkdə milli sevgisi olan alim şəxsiyyətinin
yetişdirilməsi ilə daha asan nail olmaq
mümkündür! Milli ictimai düşüncəmizin son
iki yüzillik tarixində elə şəxsiyyətlər
olublar ki, sosial tərəqqinin keçid və
dönüş anlarında xalqın tarixi taleyinə mənəvi
cavabdehlik hissi, zaman və xalq qarşısında mənəvi
məsuliyyət duyğusu ilə böyük bir
akademiyanın görməli olduğu işi təkbaşına
həyata keçiriblər. Mirzə Fətəli Axundzadə,
Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağa oğlu, Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Hüseyn Cavid, Nəriman Nərimanov, Cəfər
Cabbarlı, Üzeyr Hacıbəyov...E
- Azərbaycanın milli
istiqlal idealının mənəvi memarları olan bu şəxsiyyətlər
hansı elmi infrastrukturun yetişdirmələri idi? Yaxud,
onların elmi-ədəbi, ictimai fəaliyyətlərini
hansı maddi təminat stimullaşdırırdı?
Onların fəaliyyətini stimullaşdıran ən
böyük amil milli qeyrət və heysiyyət, vətən
və millət qarşısında mənəvi məsuliyyət
duyğusu idi! Bəli, nə qədər təkrar səslənsə
də, şəxsiyyət amili çox şeyi həll edir!
Normativ rəsmi elm mütəşəkkil
konyunktura, daha dəqiqi konyunktur infrastruktur kimi mövcud
olduqca, onun nümayəndəsi də şəxsiyyət
olmaqdan çox-çox uzaq olur. Və ya əksinə, milli vətənpərvərlik
hissindən, dövlətçilik duyğusundan
yoğrulmuş alim şəxsiyyəti olmadıqca, onun
doğurduğu mühit də konyunkturdan başqa bir şey
olmayacaq! Belə olduqca elmi əsərlərin ekspertizasında
ideya, konsepsiya, intellekt işığı, perspektiv, ümid əvəzinə
hərf, nöqtə, vergül, forma axtarılacaq! Belə
olduqca kütləvi boz axında elmə bənzərlik məddahlıqla
bir bürokratın simasında birləşərək
özünü alim şəxsiyyəti kimi təqdim etməyə
nail olacaq! Belə olduqca gənclərin simasında
görünmək istəyən pöhrə intellekt
"öz abrına qısılaraq" meydanı tərk edəcək!
Daxili mənəvi bütövlük, həqiqətə
sadiqlik, prinsipiallıq, təşəbbüskarlıq kimi
keyfiyyətlər bir alim şəxsiyyətində birləşməsə,
onda o şəxsin əsl alim, ziyalı, xalis elm
anlayışına heç bir dəxli yoxdur.
Son dərəcə ciddi
problemlərdən biri də elmi yaradıcılıqda təqlidçiliyin
kreativliyi üstələməsidir. Psixi epidemiyaya çevrilən
kütləvi bir imitasiya, təqlid elmi araşdırmanın əsas
prinsipinə çevrilir. Azərbaycanı öyrənən
elmlərin vəzifəsi dünyada mövcud olan stereotipləri
bir yerə cəm etməkdən ibarət olmamalıdır!
Bu, elmi psixologiyada ələbaxımlılıq, elmi
işgüzarlılıqda tüfeylilik yaradır. Həm də
imitasiyada kənardan konsepsiya, modern metodologiya, analitik nəzəri-elmi
təlim götürmək, informativ və faktoloji material
götürməkdən daha təhlükəlidir. Əgər
bu, təbiət və texnika elmləri sahəsində ən
pis halda, taftalogiya, plagiatlıqdırsa, ictimai-humanitar elm sahələrində,
milli mədəniyyətə münasibətdə təhlükəli
və risklidir, hətta milli maraqlar mənafeyindən təhdid
xarakterlidir.
Elmdə islahat: perspektivlər
Bütün bu problemlərin
aradan qaldırılması üçün Azərbaycanda
strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi
olan elm Qərb standartlarına uyğun islahatlar mərhələsindədir.
Dövlət tərəfindən bu istiqamətdə kompleks tədbirlər
həyata keçirilir. Bu xüsusda Azərbaycan Respublikası
Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq
edilmiş "2009-2015-ci illərdə Azərbaycan elminin Milli
inkişaf Strategiyası və həmin Strategiyanın həyata
keçirilməsi sahəsində Dövlət
Proqramı" təsdiq edilmişdir.
Strategiya, ölkə
Prezidentinin müvafiq sərəncamında da qeyd edildiyi kimi,
Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi,
tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi, ölkənin
elmi kadr potensialının artırılması və onun
sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycan
elminin beynəlxalq elm məkanına inteqrasiyası,
bütövlükdə elmin inkişaf etdirilməsi məqsədilə
hazırlanmışdır.
Strategiyada islahatların
aşağıdakı istiqamətlərdə
aparılması nəzərdə tutulur:
- Azərbaycan
Respublikasında fundamental tədqiqatların prioritetlərini
ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni
məsələlərinin həllinə uyğun müəyyənləşdirmək;
- fundamental elmlər üzrə
tədqiqatları genişləndirmək;
- elm və texnika sahəsində
idarəetmə sistemini təkmilləşdirmək;
- elmi-tədqiqat müəssisələrinin
və bütövlükdə elmin maliyyələşdirilmə
mexanizmlərini təkmilləşdirmək;
- elmi-texniki infrastrukturu
modernləşdirmək;
- elmin normativ-hüquqi
bazasını yaratmaq;
- yüksəkixtisaslı
elmi kadrlar hazırlamaq;
- elmi məktəblərin
qorunmasına və varisliyin təmin edilməsinə nail olmaq;
- elmin, təhsilin və
istehsalın inteqrasiyasını təmin etmək;
- elmi işçilərin
sosial vəziyyətini əsaslı şəkildə
yaxşılaşdırmaq;
- elmin informasiya təminatını
gücləndirmək;
- Azərbaycan elminin beynəlxalq
elm məkanına inteqrasiyasını gücləndirmək;
- elmi tədqiqatların və
innovasiya siyasətinin səmərəsini artırmaq;
- ölkəni texnoloji cəhətdən
modernləşdirmək;
- elmi potensialın ölkənin
milli təhlükəsizliyində fəal iştirakına nail
olmaq;
- elmin inkişafı əsasında
milli-mənəvi dəyərləri qorumaq;
- xalqımıza məxsus
milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə
bir çox məsələləri yenidən azərbaycançılıq
məfkurəsi mövqeyindən araşdırmaq;
- elmi potensialı ölkənin
sosial-iqtisadi və mədəni-mənəvi inkişafına
yönəltməkdir.
Strategiyanın həyata
keçirilməsi üzrə Dövlət Proqramında isə
2009-2015-ci illər ərzində Milli Strategiyada nəzərdə
tutulan işlərin həyata keçirilməsi
üçün konkret tədbirlər, onların icra mexanizmləri
və icraya məsul təşkilatlar müəyyənləşdirilmişdir.
Dövlət Proqramında Azərbaycan Milli Elmlər
Akademiyası ilə nazirlik, dövlət komitələri, səhmdar
cəmiyyətlər və şirkətlərin, ümumiyyətlə,
icra strukturlarının birgə fəaliyyəti nəzərdə
tutulur.
AMEA-da Strategiyanın həyata
keçirilməsi istiqamətində mühüm işlər
həyata keçirilir. Müvafiq dövlət qurumları
nümayəndələrinin iştirakı ilə yaradılan
işçi qrupu icra proqramına uyğun olaraq fəaliyyət
göstərir.
Strategiya Azərbaycanın
ictimai və humanitar elmləri qarşısında da xeyli sayda
yeni vəzifələr qoyur.
Milli Strategiyanın "Azərbaycanda
elmin inkişafı" başlıqlı 2-ci bəndində
Azərbaycanda humanitar və ictimai elmlərin zəngin ənənələrinin
olduğu xüsusi qeyd olunaraq bu sahədəki indiyədək
əldə olunmuş nailiyyətlər
aşağıdakı kimi ümumiləşdirilmişdir:
- xalqımızın
etnogenezinin, arxeologiyasının, etnoqrafiyasının, siyasi,
sosial-iqtisadi tarixinin və
tarixşünaslığının tədqiqi; azərbaycanlı
filosof və mütəfəkkirlərin orta əsrlərdə
ərəb, türk və fars dillərində çap
olunmuş əlyazmalarının, zəngin irsinin tədqiqi;
Azərbaycan xalqının fəlsəfi və ictimai-siyasi
fikrinin və onun əsas inkişaf mərhələlərinin
tədqiqi; ictimai-ədəbi fikir tarixinin, ədəbiyyatşünaslığın
əsas məsələlərinin, ədəbiyyat tarixinin tədqiqi;
zəngin Azərbaycan folklorunun toplanılması,
kataloqlaşdırılması, təsnifatı, nəşri və
tədqiqi; Şərq xalqlarının tarixi, ədəbiyyatı,
filologiyası, dilləri, ictimai fikri və din tarixinin tədqiqi,
yazılı abidələrin tərcüməsi və nəşri,
Şərq ölkələrində cərəyan edən
ictimai-siyasi və etnik-mədəni proseslərin
araşdırılması; tarixi milli-memarlıq məktəblərinin
öyrənilməsi, müasir memarlıq məktəblərinin
yaradılması, memarlıq abidələrinin bərpası
sahəsində tədqiqatların və sənətşünaslıq
elminin inkişafı; ənənəvi milli musiqi mədəniyyətinin
öyrənilməsi, müasir peşəkar
musiqişünaslıq məktəbinin yaradılması; Azərbaycan
dilinin, ədəbi dil tarixinin, dialektlərinin tədqiqi,
izahlı, tərcümə, terminoloji lüğətlərin
tərtibi, dialektoloji atlas və digər məsələnin
hazırlanması.
Lakin bütün bu nailiyyətlərlə
yanaşı, Strategiyada müasir dövrün tələblərindən
irəli gələrək ictimai və humanitar elmlər
qarşısında duran vəzifələr, bu sahənin
perspektiv strateji inkişaf istiqamətləri də müəyyənləşdirilmişdir.
Belə ki, Milli Strategiyanın 4-cü və 5-ci bəndlərində
"xalqımıza məxsus milli-mənəvi dəyərlərlə
bağlı istiqamətlərdə bir çox məsələlərin
yenidən Azərbaycançılıq məfkurəsi
mövqeyindən araşdırılması; milli-mənəvi
dəyərlərin, Azərbaycan mədəniyyəti və
tarixinin obyektiv, konseptual və kompleks şəkildə
araşdırılması; ictimai və humanitar elm sahələrində
keçmiş sovet metodologiyası ənənələrinin
milli maraqlara uyğun yanaşmalarla, o cümlədən azərbaycançılıq
fəlsəfəsi əsasında
formalaşdırılmış yeni prinsiplərlə əvəzlənməsi;
humanitar və ictimai elm sahələrinin birgə fəaliyyəti
sayəsində azərbaycançılıq məfkurəsinin
konseptual elmi əsaslarının işlənilməsi; sosial,
siyasi, iqtisadi, mənəvi və ekoloji risklərin öyrənilməsi
və qarşısının alınması üçün
elmi əsasların hazırlanması; mədəni və mənəvi-əxlaqi
aşınmaların proqnozlaşdırılması və
qarşısının alınması üzrə elmi əsasların
işlənib hazırlanması" əsas məqsəd və
vəzifələr olaraq göstərilmiş, 7-ci bənddə
isə "Azərbaycanın tarixini, arxeologiyasını, mədəniyyətini,
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini,
ictimai-fəlsəfi, sosial-hüquqi, ədəbi-bədii fikir
tarixini, dilini, etnoqrafiyasını, folklorunu öyrənən
ictimai və humanitar elm sahələrinin inkişafının
təmin edilməsi" dövlətin elmi-texnoloji və
innovasiya siyasətinin əsas istiqamətlərindən biri
kimi müəyyənləşdirilmişdir
Həmçinin, Strategiyada
"milli-mənəvi dəyərlərin qorunmasına, milli
tariximizin, mədəniyyətimizin və dilimizin obyektiv və
əsaslı konseptual tədqiqinə yönəldilmiş
humanitar və ictimai elmlər sahəsində
araşdırmalar ölkənin sosial-iqtisadi və mədəni-mənəvi
inkişafına uyğun prioritet elmi istiqamət" olaraq qəbul
edilmişdir.
Bütün bunlar, Azərbaycan
Milli Elmlər Akademiyasının ictimai və humanitar elm sahələri
üzrə fəaliyyət göstərən rəsmi
strukturlar qarşısında təxirəsalınmaz tələblər
irəli sürür, Azərbaycan alimləri
qarşısında mahiyyətcə yeni və məsul vəzifələr
qoyur.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti 11 dekabr 2009-cu il tarixli iclasında ictimai və humanitar elm sahələrinin müasir vəziyyəti ilə əlaqədar geniş müzakirələr keçirmiş, müvafiq qərar qəbul etmişdir. Qərarda AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələri rəhbərlərinə tapşırılmışdır ki, qısa müddət ərzində Elmin inkişafı üzrə Milli Strategiyanın tələblərinə, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin irəli sürdüyü istiqamətlərə uyğun olaraq, rəhbərlik etdikləri institutun elmi istiqamətləri üzrə yaxın 5 ili əhatə edən inkişaf strategiyalarını və fəaliyyət proqramlarını müəyyənləşdirib AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə təqdim etsinlər. Bundan əlavə, Humanitar və İctimai Elmlər Bölməsinə tapşırılmışdır ki, təqdim olunmuş məlumatlar geniş müzakirə olunaraq ümumiləşdirilsin, müvafiq arayış Rəyasət Heyətinə təqdim edilsin. Hazırda elmi-tədqiqat müəssisələrindən daxil olmuş inkişaf strategiyalarının və fəaliyyət proqramlarının HİEB-nin mütəxəssisləri tərəfindən geniş müzakirəsi və Rəyasət Heyətinin üzvləri tərəfindən müzakirəyə çıxarılaraq son variantının hazırlanması prosesi gedir.
Biz inanır və ümid edirik ki, humanitar və ictimai elmlər də daxil olmaqla Azərbaycanın mövcud elmi potensialı bir tərəfdən dövlətin günü-gündən elmə artan diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil konsolidasiya olunacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcəkdir.
Mahmud KƏRİMOV,
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti,
Akademik
Azərbaycan.- 2010.-3 fevral.-
S. 3.