Azərbaycan iqtisadi
inkişafın daha sürətli mərhələsinə qədəm
qoyur
Dünyanın əksər nüfuzlu təşkilatları
ölkəmizin iqtisadi artım göstəricisinə görə
yenə də liderlər cərgəsində
olacağını bildirir
Sosial-iqtisadi inkişaf
göstəricilərinə görə son bir neçə ildə
dünya dövlətləri arasında lider mövqedən
çıxış edən Azərbaycan qlobal maliyyə
böhranın özünün zirvə nöqtəsinə
çatdığı 2009-cu ili də uğurlu göstəricilərlə
başa vuraraq, ümumi daxili məhsulun artım tempində yenə
də yüksək nəticələrin əldə
olunmasını təmin etdi. Dünyanın əksər
dövlətlərində iqtisadi tənəzzülün
yaşanması fonunda Azərbaycanda ümumi daxili məhsulun
9,3 faizlik atımı bir daha ölkə rəhbərliyi tərəfindən
iqtisadi sahədə həyata keçirilən siyasətin nə
dərəcədə praqmatik xarakter
daşıdığını, ən xırda detallarına qədər
məharətlə düşünüldüyünü təsdiqləmiş
oldu.
Qlobal maliyyə
böhranının artıq səngiməyə doğru getməsi
və dünya iqtisadiyyatı üçün
yaratdığı fəsadların aradan
qaldırılmağa başlanması isə
qarşıdakı dövr ərzində Azərbaycanda daha
yüksək iqtisadi inkişaf göstəricilərinin qeydə
alınacağını deməyə əsas verir. Çünki
dünya iqtisadiyyatının bərpa olunması Azərbaycanın
beynəlxalq iqtisadi əlaqələrinin daha da güclənməsinə
və ixrac məhsullarının həcminin bir qədər də
artmasına münbit şərait yaradır. Bu da öz
növbəsində yerli istehsal səviyyəsinin yüksələn
xətt üzrə inkişaf etməsinə, bununla da iqtisadi
inkişaf göstəricilərinin daha da
yaxşılaşmasına səbəb olacaq.
Qeyd edilənlər bir
daha onu göstərir ki, qlobal böhranın təsirlərindən
minimal itki ilə çıxmağı bacaran Azərbaycanı
bundan sonra iqtisadi sahədə daha dinamik inkişaf mərhələsi
gözləyir. Bu inkişafı şərtləndirən digər
əsas amillərdən biri isə ölkəmizdə
zamanın nəbzinə uyğun sosial-iqtisadi islahatların
aparılmasıdır. Prezident İlham Əliyev bununla
bağlı bildirmişdir: "Azərbaycanda aparılan ciddi
sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli
inkişaf etdirməyə imkan yaradır. Dünya
iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə
2009-cu ildə çox düzgün və vaxtında
atılmış addımlarla iqtisadi maraqlarımızı
qoruya bildik, insanların rifah halının pisləşməsinə
yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin
sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda
duran bütün infrastruktur layihələri, sosial proqramlar
icra edildi".
Azərbaycanın
iqtisadi sahədə nümayiş etdirdiyi belə inkişaf
dinamikası dünya miqyasında da yaxından izlənməkdə,
ölkəmizin bu sahədə qazandığı təcrübə,
əsasını qoyduğu sürətli tərəqqi
modelinin xüsusiyyətləri diqqətlə öyrənilməkdədir.
Təsadüfi deyil ki, qlobal maliyyə böhranının
yaratdığı fəsadlara qarşı dayanıqlıq həddini
araşdıran dünyanın bir çox aparıcı mərkəzləri
indi Azərbaycana daha çox maraq göstərməkdə,
onun inkişaf dinamikasını tədqiq etməkdədirlər.
Dünyanın nüfuzlu beynəlxalq qurumları ötən
illərin təcrübəsinə əsasən, cari ildə də
Azərbaycan iqtisadiyyatının dinamik inkişaf tempini qoruyub
saxlayacağını bəyan edirlər. Məsələn,
dünyanın ən böyük təşkilatı kimi
xarakterizə olunan BMT-nin "Dünyanın iqtisadi vəziyyəti
və perspektivlər 2010" adlı hesabatında Azərbaycanın
2009-cu ildə yüksək iqtisadi artım nümayiş
etdirdiyi, cari il ərzində də bu artım tempinin qorunub
saxlanacağı bildirilir.
Hesabatda qeyd edilir ki, 2009-cu ildə dünya iqtisadiyyatı 2,2 faiz azalıb. Lakin bərpa olunma prosesi başladığından və qlobal böhran səngiməyə doğru getdiyindən bu il dünya üzrə ümumi daxili məhsulun 2,4 faiz artımı proqnozlaşdırılır. Bununla belə, cari ildə dünyanın inkişaf etmiş ölkələrində işsizliyin artması, istehlakçıların böhran dövründə itirilən öz maliyyə aktivlərini bərpa etmək arzusu, firmaların kreditlərin alınmasının çətinləşməsi ilə yeni sərmayələr yatırmaq arzusunun yoxluğu üzündən istehlak və investisiya tələbatı zəif olacaq. Bu səbəbdən inkişaf etmiş ölkələrin əksəriyyətinin dünyanın iqtisadi artımında payı ciddi xarakter daşımayacaq. İnkişaf etməkdə olan ölkələrdə isə əksinə, istehsal artımının tempi yüksək olacaq və orta hesabla 5,3 faiz təşkil edəcək.
MDB ölkələrinə gəlincə, hesabatda qeyd edilir ki, 2009-cu ildə bu məkanda məhsul istehsalı kəskin şəkildə azalıb. Quruma üzv ölkələr arasında ümumi daxili məhsulun ən çox azalma göstəricilərinin qeydə alındığı dövlətlər kimi isə ilk olaraq Ermənistan və Ukrayna göstərilir. Ermənistanda xüsusən də tikinti sektorunun qəfil çöküşünün, eləcə də xaricdən edilən pul transferlərinin azalmasının bu ölkəyə ciddi təsir göstərdiyi qeyd olunur. Hesabatda Rusiyada çalışan erməni miqrantların böhran nəticəsində öz iş yerlərini itirməsinin də Ermənistana təsirsiz ötüşmədiyi vurğulanır.
Azərbaycanın isə böyük maliyyə ehtiyatlarına malik olduğu və böhran dövründə iqtisadi fəallığını qoruyub saxlaması hesabatda xüsusi vurğulanır. Bildirilir ki, ölkəmizdə Neft Fonduna vəsait cəmləşməsi davam etdirilib. Azərbaycanda iqtisadi artımın yüksək hədlə ifadə olunduğu, cari il ərzində bu artım tempinin qorunub saxlanması proqnozlaşdırılır. Qeyd olunur ki, Azərbaycan 2010-cu ildə ümumi daxili məhsulun artım göstəricisinə görə, yenə də birincilər cərgəsində yer alacaq. Bu fonda isə cari il ərzində BMT Azərbaycanda birrəqəmli istehlak inflyasiyası proqnozlaşdırır. Bu isə ölkədə əhalinin maddi rifah halının daha da yüksələcəyindən xəbər verən əsas indikatorlardan sayılır.
Beləliklə, BMT-nin dünya iqtisadiyyatı ilə bağlı proqnozlarından bir daha aydın olur ki, ötən il iqtisadi sferada uğurlu nəticələr əldə edən Azərbaycan bu sahə üzrə yenə də mühüm nailiyyətlərə imza atacaq. Lakin xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan iqtisadiyyatının qazandığı uğurlara təkcə BMT yox, dünyanın digər nüfuzlu qurumları, araşdırma institutları, nəşrləri səviyyəsində də xüsusi diqqət yetirilir, ölkəmizin bu kateqoriya üzrə postsovet məkanında lider mövqedən çıxış etdiyi vurğulanır. Məsələn, dünyanın nüfuzlu nəşrlərindən hesab edilən "İnternational Living" jurnalı ölkələrin 2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərinə dair hesabatda Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu bildirib.
Xatırladaq ki, jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib və bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Jurnalın bu il açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir.
Diqqət cəlb edən daha bir fakt ondan ibarətdir ki, "İnternational Living"in hesablamalarında Azərbaycan iqtisadi göstəricilərinə görə təkcə MDB və region ölkələrindən deyil, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan bəzi dövlətlərdən də irəlidə olub. Həmçinin, iqtisadi tərəqqisinə görə Azərbaycan artıq inkişaf etmiş ölkələrlə daha çox müqayisə edilir. Məsələn, "İnternational Living" jurnalının açıqladığı reytinq göstəricisində dünyanın inkişaf etmiş ölkələrindən olan İspaniyanın iqtisadi göstəriciləri Azərbaycanla eyni səviyyədə qiymətləndirilib.
Bir sıra digər nüfuzlu beynəlxalq qurumların araşdırmalarından və dərc etdikləri hesabatlardan o da aydın olur ki, əslində, iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, islahatlar tempinə görə də Azərbaycan MDB məkanında lider statusunu daşımaqdadır. Məsələn, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı sənəddə bildirilir ki, qlobal rəqabətlilik indeksi baxımından Azərbaycan MDB-də lider dövlətdir. Azərbaycanın belə yüksək göstəriciyə nail olmasını şərtləndirən amillərdən başlıcası ölkəmizdə mövcud olan güclü makroiqtisadi sabitlik və bu sahədə daim aparılan islahatlardır. Bundan əvvəl isə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyanın 183 ölkəsində biznes qurulması şəraiti ilə bağlı "Doing Business-2010" adlı hesabatında bəyan edib ki, biznes sahəsində həyata keçirilən son islahatlar sayəsində Azərbaycan iş qurulması üçün çox əlverişli mühit yaradıb. Ötən il açıqlanan yeni hesabatda isə bildirilib ki, sahibkarlıq fəaliyyətinin rahatlığı və əlverişliliyi baxımından Azərbaycan yenə də bir çox MDB dövlətlərini qabaqlayır.
Azərbaycanın dinamik iqtisadi inkişafı, həyata
keçirdiyi səmərəli islahatlar və digər
göstəricilər üzrə təkcə MDB-də yox,
daha böyük coğrafi məkanda lider mövqedən
çıxış etdiyini təsdiqləyən və
dünyanın nüfuzlu qurumları tərəfindən
hazırlanan belə hesabatların və digər sənədlərin
siyahısını bir qədər də artırmaq
mümkündür. Lakin burada əsas məqam
ondan ibarətdir ki, belə hesabat və sənədlər Azərbaycanın
inkişaf dinamikasının beynəlxalq aləmdə də
yaxından izləndyini, təqdir olunduğunu və ölkəmizin
həqiqətən də iqtisadi tərəqqi sahəsində
özünəməxsus nümunənin əsasını
qoyduğunu nümayiş etdirməkdədir.
Azərbaycan.- 2010.- 4 fevral.- S. 1.