Azərbaycan Avropa üçün strateji məkana çevrilir

 

40-cı Davos Forumunun yekunları Prezident İlham Əliyevin Avropa məkanında rəğbətlə qarşılanan siyasi lider olduğunu bir daha təsdiqlədi

 

Qloballaşan dünya iqtisadiyyatının inkişaf prioritetləri daha çox transmilli şirkətlərin cəmləşdiyi işgüzar çevrələrdə müəyyənləşdiyindən İçveçrənin Davos şəhərində keçirilmiş ənənəvi Ümumdünya İqtisadi Forumunun analitiklər tərəfindən diqqətlə izlənməsi tamamilə təbiidir. 40-cı illik toplantının yekunlarının təhlili göstərdi ki, qeyri-rəsmi səciyyə daşıyan Davos müzakirələri kifayət qədər işgüzar və səmimi atmosferdə keçməklə, beynəlxalq iqtisadi münasibətlər sisteminin tənzimlənməsi, ciddi siyasi məzmun kəsb edən qərarların qəbuluna təsirsiz ötüşməyən qlobal iqtisadi proseslərin nəzarətdə saxlanması, aparıcı dünya dövlətləri arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, nəhəng şirkətlər arasında əlaqələrə körpü salınması, qarşılıqlı sərmayələrin təşviqi baxımından yaxşı imkanlar açır.

Foruma bir qayda olaraq iqtisadi cəhətdən inkişaf etmiş və yaxud özünün iqtisadi yüksəliş mərhələsini yaşayan, qlobal iqtisadi-siyasi proseslərə nüfuz imkanları ilə seçilən, beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm rol oynayan dövlətlər dəvət alırlar. Seçimdə toplantıya qatılaraq yeni iqtisadi əməkdaşlıq imkanları, münbit və etibarlı biznes mühiti axtaran şirkətlərin maraqları da həlledici rol oynayır. Bu baxımdan Davos Forumunda Azərbaycana olan hədsiz maraq da tamamilə təbiidir. Sürətlə inkişaf edən, qlobal böhran şəraitində belə ümumi daxili məhsul istehsalında 9,3 faizlik artıma nail olan, sosial-infrastruktur baxımından yeniləşən, liberal biznes və sərmayə mühiti ilə seçilən Azərbaycan hər il Ümumdünya İqtisadi Forumuna dəvət alır.

Bu il "Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur" devizi altında keçirilən Davos Forumu Cənubi Qafqazda sülh, sabitlik və qarşılıqlı-faydalı əməkdaşlıq təşəbbüsü ilə çıxış edən Prezident İlham Əliyevin müasir menecment təfəkkürlü, rasional düşüncəli lider olduğunu, onun regionda yeritdiyi siyasətin Avropa geosiyasi arealında rəğbətlə qarşılandığını göstərir. Dövlət başçısının qızğın müzakirə və debatlarla yadda qalan forum çərçivəsində keçirilən bütün mühüm tədbirlərə dəvət alması, məruzəçilərdən biri kimi regionda və Avropa miqyasında baş verən proseslərə münasibətini açıqlaması onun yüksək diplomatik keyfiyyətlərini bir daha nümayiş etdirir. Davos Forumunda enerji təhlükəsizliyi ilə bağlı aparılan əsas müzakirələrdə Azərbaycanın bu sahədəki müstəsna rolunun xüsusi önə çəkilməsi də Prezident İlham Əliyevin bu sahədə yeritdiyi uğurlu siyasətlə bağlıdır. Forumun gedişində bir daha təsdiqləndi ki, bəzi Qərb dövlətləri Xəzər hövzəsinə çıxış imkanı qazanmaq və neft idxalında alternativ yollar tapmaqla birqütblü enerji asılılığından azad olmaq niyyətindədirlər. Bu prosesdə əsas söz sahiblərindən biri də enerji sahəsində sivil əməkdaşlığın genişləndirilməsi tərəfdarı kimi çıxış edən, zəngin karbohidrogen ehtiyatlarını hansısa dövlətə qarşı siyasi alətə çevirməyən Azərbaycandır.

Davos Forumunda "Qlobal enerji mənzərəsi" mövzusunda müzakirələrdə, eləcə də "Neft və qaz geosiyasəti: yeni sərhədlər" mövzusunda sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra regional və beynəlxalq məsələlərə dair, habelə enerji təhlükəsizliyi ilə bağlı sualları cavablandırmışdır. Forum aparıcısının "Qlobal enerji sistemini nəzərdən keçirdikdə enerji təhlükəsizliyi Azərbaycan üçün nə deməkdir" sualına cavab olaraq dövlət başçısı ölkəmizin qlobal enerji təhlükəsizliyində rolunun əhəmiyyətli dərəcədə artdığını diqqətə çəkərək bildirmişdir ki, Azərbaycan tərəfdaşların birgə səyi ilə son illərdə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirmişdir. Respublikamızın neft və qaz kəmərlərinin diversifikasiyası siyasətinə üstünlük verdiyini vurğulayan cənab İlham Əliyev demişdir: "İlk növbədə onu demək istərdim ki, enerji təhlükəsizliyi baxımından bizim üçün ən əsas məsələ təchizat marşrutlarının şaxələndirilməsidir.

Biz buna nail ola bilmişik. Bu gün bizim təbii ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən şaxələndirilmiş boru kəmərləri sistemimiz vardır. Eyni zamanda, enerji sahəsində davamlı və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi üçün istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının olması da vacibdir. Əgər maraqlar balansı pozularsa, bu, müəyyən problemlər yarada bilər".

Azərbaycanın dünya qaz bazarında rolunun artdığını vurğulayan dövlət başçısı İlham Əliyev demişdir ki, ölkəmizin təsdiq olunmuş qaz yataqları ehtiyatları kifayət qədər çoxdur. Hazırda Azərbaycan qazı qonşu ölkələrə ixrac olunur. Halbuki bu ölkələrin bəzilərində Azərbaycandakından da çox qaz hasil edilir. Respublikamız karbohidrogen ehtiyatlarının nəqlini 7 neft və qaz kəməri ilə həyata keçirir, qonşu Türkiyə və Gürcüstana, o cümlədən Yunanıstana qaz idxal edir. Azərbaycanın son illər uğurla həyata keçirdiyi enerji diplomatiyası həm regionun davamlı və sabit inkişafına, həm də bütövlükdə Avropada qarşılıqlı anlaşmaya və etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmişdir. Respublikamız malik olduğu enerji ehtiyatlarının nəqlində qiymətlərin süni şəkildə şişirdilməsi, bu məsələdən siyasi təzyiq və təhdid vasitəsi kimi istifadə olunması cəhdlərini qəbul etmir. "Bizdən ötrü digər vacib məsələ isə təbii ehtiyatlarımız, xüsusilə də qaz üçün ədalətli bazar qiyməti və müqavilələri imzalayan bütün tərəflərin tam sadiqliyidir. Hesab edirəm ki, enerji təhlükəsizliyi baxımından bu elementlər bütövlükdə istehlakçı və istehsalçılar üçün daha böyük etimad yarada bilər" - deyə Azərbaycan Prezidenti vurğulamışdır.

İclasda iştirak edən dövlət başçıları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və digər rəsmi şəxslər Prezident İlham Əliyevlə görüşərək Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə maraqlanmış, gələcək perspektivlər barədə fikir mübadiləsi aparmışlar. Bu müzakirələrdə dünyanın aparıcı şirkətlərinin Azərbaycanla əlaqələrinin genişləndirilməsi, xüsusən də qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri başlıca yer tutmuşdur. Azərbaycan Prezidentinin "Chevron" korrorasiyasının, RWE və "Edisson" şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər isə respublikamıza sərmayə cəlbi baxımından vacib əhəmiyyət daşıyır. İri biznes dairələrinin ölkəmizə olan marağı eyni zamanda sərmayələrə dövlət səviyyəsində etibarlı təminat mexanizminin mövcudluğu ilə şərtlənir.

Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksinə əsasən 2009-2010-cu illərdə Azərbaycanın 51-ci yerdə qərar tutması da respublikamızın bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkənin nəhəng sıçrayışla dünya ölkələri arasında layiqli yer tutduğunu göstərir. Ümumiyyətlə, forum müzakirə olunan məsələlərin aktuallığına və miqyasına görə Azərbaycan üçün çox əhəmiyyətli sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin forum zamanı keçirdiyi görüşlər dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərinin rəhbərlərinin ölkəmizin iqtisadi potensialı ilə daha yaxından tanış olması, investisiya imkanlarını, habelə əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirməsi baxımından maraq doğurur. Forumun yekunları ilə bağlı əsas qənaət isə ondan ibarətdir ki, respublikamızın dünyanın nəhəng şirkətləri üçün investisiya cəlbediciliyi ildən-ilə artmaqdadır.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 4 fevral.- S. 1, 2.