Azərbaycanın və Hollandiyanın xüsusi xidmət orqanları arasında əlaqələrin
inkişafı məsələləri
müzakirə edilmişdir
Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan Hollandiyanın Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin baş direktoru Cerard Bauman ilə görüşmüşdür.
Qonaqlar və nazirliyin rəhbər heyəti görüşdən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək düzülmüşdür.
Nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
Sonra Milli Təhlükəsizlik Nazirliyində görüş olmuşdur. General-leytenant Eldar Mahmudov hollandiyalı həmkarının Azərbaycana ilk səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirmişdir.
Görüşdə transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual problem olan terrorçuluqla mübarizə sahəsində görülən işlər, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə olunmuş, enerji təhlükəsizliyi ilə bağlı hər iki ölkənin təcrübəsinin öyrənilməsinin əhəmiyyəti qeyd edilmiş, Azərbaycan və Hollandiya xüsusi xidmət orqanları arasında bu sahələr üzrə informasiya və ekspert mübadiləsinin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır.
Qonaqlara Azərbaycanın təhlükəsizlik problemləri, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, xüsusən beynəlxalq terrorçuluqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat verilmişdir.
Yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə təşəkkürünü bildirən Cerard Bauman ölkələrimizin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını və müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun olduğunu bildirmişdir. Qonaq keçirilmiş dialoqların və məlumat mübadilələrinin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini ifadə etmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 4 fevral.- S. 2.