Milli Məclisdə Küveytin "Loyac-Lothan" Gənclər Mərkəzinin nümayəndələri ilə görüş keçirilmişdir

 

Dünən Milli Məclisdə Küveytin ən böyük gənclər təşkilatı "LoYAC-Lothan" Gənclər Mərkəzinin nümayəndələri ilə görüş olmuşdur.

Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası dostluq qrupunun rəhbəri Əkrəm Abdullayev ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, Küveyt Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Hər iki ölkənin parlament üzvlərinin qarşılıqlı səfərlərinin qanunvericilik təcrübəsinin mübadiləsi xalqlarımız arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılmışdır.

"LoYAC-Lothan" Gənclər Mərkəzinin icraçı direktoru Fərəh əl Səqqaf Azərbaycanda keçirdikləri görüşlərdən məmnun qaldıqlarını vurğulamış, ölkəmizin sosial-iqtisadi demokratik dəyərlərin inkişafı istiqamətində uğurlarını qeyd etmişdir. O bildirmişdir ki, hələ ötən əsrin əvvəllərində Şərqdə ilk dəfə qadınlara siyasi hüquqlar verən Azərbaycanda hazırda gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılmışdır. Səfərlərinin məqsədinin iki ölkə gəncləri arasında əməkdaşlığı inkişaf etdirmək olduğunu diqqətə çatdıran Fərəh əl Səqqaf bildirmişdir ki, bunun üçün Azərbaycanda yaxşı imkanlar vardır.

Görüşdə iki ölkə gənclərinin birgə həyata keçirməyə hazırlaşdıqları layihələr barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 4 fevral.- S. 2.