Azərbaycan ilə Küveyt arasında gənclər siyasəti sahəsində əməkdaşlığa geniş imkanlar vardır

 

Azərbaycan ilə Küveyt arasında gənclər siyasəti sahəsində əməkdaşlıq üçün geniş imkanlar vardır.

Belə bir fikri ölkəmizdə səfərdə olan Küveytin ən böyük gənclər təşkilatı "LoYAC-Lothan" Gənclər Mərkəzinin icraçı direktoru Fərəh əl Səqqaf fevralın 3-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşündə bildirmişdir.

Fərəh əl Səqqaf Azərbaycanın gənclər siyasəti sahəsində əldə etdiyi təcrübənin digər ölkələr üçün baza rolunu oynaya biləcəyini söyləmişdir. O, təmsil etdiyi qurumun gənclərin məşğulluğunu təmin edən yay düşərgələrini keçirməkdə təcrübə qazandığını, azərbaycanlı gənclər üçün də belə layihələrin təşkil etməyə hazır olduqlarını vurğulamışdır. Qonaq demişdir ki, Azərbaycan gəncləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar vardır.

Nazir Azad Rəhimov isə Azərbaycanda gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək ölkə əhalisinin əksəriyyətinin gənclər olduğunu bildirmişdir.

A.Rəhimov Azərbaycanın bir sıra İslam ölkələri ilə həm gənclər siyasəti, həm idman sahəsində sıx əlaqələrinin olduğunu deyərək Küveytlə əməkdaşlıq üçün böyük potensialın olduğunu söyləmişdir. Nazir belə bir əməkdaşlığın İslam ölkələrinin gənclərinin daha sıx birliyinə töhfə verəcəyinə əminliyini vurğulamışdır. Bu baxımdan Küveytlə əməkdaşlığa böyük önəm verdiyin deyən A.Rəhimov nəinki gənclər təşkilatlarının, habelə idman sahəsində əməkdaşlığa hazır olduğunu söyləmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 fevral.- S. 2.