Gənclər təşkilatlarının beynəlxalq əlaqələri genişlənir

 

1997-ci il fevralın 1-də Azərbaycan Gənclərinin I Forumunun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev 2 fevral Azərbaycan gəncləri gününün elan edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral gününü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd edir.

Gənclər günündə "Park İnn" mehmanxanasının "Dan ulduzu" zalında respublika Gənclər Təşkilatları Milli Şurası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi "Gənclər: imkanlar, nailiyyətlər və perspektivlər" adlı tədbir keçirdi.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Pueza, UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord çıxış etdilər. Həmçinin tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən BMT agentliklərinin nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlar, özəl sektorun və diplomatik korpusun təmsilçiləri də iştirak etdilər.

BMT Baş Assambleyası tərəfindən 12 avqust 2010 - 12 avqust 2011 Beynəlxalq Gənclər İli elan olunmuşdur. Tədbirdə Beynəlxalq Gənclər İlinin Azərbaycanda qeyd olunması müzakirə edilmiş və təkliflər hazırlanmışdır.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan gənclərinin beynəlxalq aləmdə təmsilçiliyini artırmaqdan və gənclər təşkilatlarının beynəlxalq təşkilatlar ilə əməkdaşlığını möhkəmləndirməklə Azərbaycanda gənclər işinin inkişafına töhfə verməkdən ibarətdir.

 

 

Azərbaycan.- 2010.- 4 fevral.- S. 2.