"Bank olmayan kredit təşkilatları
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının 2009-cu il 25 dekabr tarixli 933-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 9 fevral.- S. 2.