Bank olmayan kredit təşkilatları haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan
Respublikasında hüquqi və fiziki şəxslərin maliyyə
resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi,
maliyyə xidmətlərindən istifadəsi
üçün əlverişli şəraitin
yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının
təsis edilməsi, idarə olunması və fəaliyyətinin
tənzimlənməsi qaydalarını müəyyən edir.
I fəsil
Ümumi müddəalar
Maddə 1.Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan
anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.0.1. Bank olmayan kredit təşkilatı
(bundan sonra - BOKT) xüsusi razılıq (lisenziya) əsasında
kreditlərin verilməsi və bu Qanunla nəzərdə
tutulmuş digər fəaliyyət növlərini həyata
keçirən ixtisaslaşmış kredit təşkilatı;
1.0.2. Birgə borcalanlar qrupu
- müqaviləyə əsasən qrupun hər bir
üzvünün aldığı kreditin qaytarılmasına
qarşılıqlı zamin kimi çıxış edən
şəxslər;
1.0.3. Girov əmanəti -
kredit müqaviləsinin qüvvədə olduğu müddətdə
borcalan və ya birgə borcalanlar qrupu tərəfindən
kreditin qaytarılmasının təminatı formalarından
biri kimi BOKT-yə birdəfəlik və ya hissə-hissə
ödənilən pul vəsaiti;
1.0.4. İnzibatçı -
BOKT-nin təkbaşına rəhbəri və ya icra
orqanının üzvləri, mühasibat xidmətinin rəhbəri
(baş mühasib, maliyyə meneceri və s.), girov əmanətinə
sərəncam vermək hüququ olan digər əməkdaşları,
daxili auditoru, habelə girov əmanəti qəbul etmək
hüququ olan BOKT filialının və onun mühasibat xidmətinin
rəhbərləri;
1.0.5. Aidiyyəti olan şəxslər
- BOKT-nin təsisçiləri, inzibatçıları,
struktur bölmələrinin rəhbərləri və onlarla
yaxın qohumluq münasibətlərində olan şəxslər
(ər (arvad) onların valideynləri, övladlığa
götürən, övlad, o cümlədən
övladlığa götürülən), habelə həmin
şəxslərin adından hərəkət etmək
hüququ olan şəxslər.
Maddə 2. BOKT-nin fəaliyyətinin hüquqi əsasları və
bu Qanunun tətbiq dairəsi
2.1. BOKT-nin fəaliyyəti
Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər
qanunları və normativ hüquqi aktları, Azərbaycan
Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi
Bank) normativ xarakterli aktları ilə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənir.
2.2. Bu Qanun
kredit ittifaqlarına və lombardlara şamil olunmur.
Maddə 3. BOKT-nin müstəqilliyi
3.1. BOKT öz fəaliyyətini
bu Qanunla müəyyən edilmiş səlahiyyətlər
çərçivəsində müstəqil həyata
keçirir.
3.2. Qanunvericiliklə nəzərdə
tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və
bələdiyyə orqanlarından asılı deyil və həmin
orqanlar onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər.
3.3. BOKT dövlətin
öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə
görə məsuliyyət daşımır.
3.4. BOKT tərəfindən
verilən kreditlər üzrə faiz dərəcəsi, habelə
bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə
görə tutulan komisyon və xidmət haqlarının məbləği
BOKT ilə borcalan (xidmətlərdən istifadə edən)
arasında bağlanılan müqavilə ilə müəyyən
olunur.
Maddə 4. BOKT-nin birlikləri və assosiasiyaları
4.1. BOKT-lər fəaliyyətinin
əlaqələndirilməsi, habelə ümumi mənafelərinin
birgə təmsil edilməsi və müdafiəsi məqsədilə
birliklər və assosiasiyalar yarada bilərlər.
4.2. BOKT-lər rəqabətin
məhdudlaşdırılmasına və bazarın
inhisarlaşmasına istiqamətlənən sazişlər
bağlamaq və razlılaşdırılmış əməliyyatlar
aparmaq, o cümlədən faiz dərəcələrini və
komisyon haqlarını müəyyən etmək
üçün birlik və assosiasiyalardan istifadə edə
bilməzlər. Birlik və assosiasiyalar öz fəaliyyətini
həyata keçirərkən antiinhisar qanunvericiliyinin tələblərinə
riayət etməlidirlər.
II fəsil
BOKT-nin yaradılması və idarə edilməsi
Maddə 5. BOKT-nin təşkilati-hüquqi forması və növləri
5.1. BOKT-lər Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
hüquqi şəxslər üçün nəzərdə
tutulmuş təşkilati-hüquqi formada, Azərbaycan
Respublikasının və (və ya) xarici dövlətlərin
fiziki və hüquqi şəxsləri, habelə beynəlxalq
təşkilatlar tərəfindən təsis edilə bilərlər.
Qeyri-kommersiya BOKT-ləri yalnız fond
formasında, Azərbaycan Respublikasının
bağladığı müqavilələrə uyğun
olaraq beynəlxalq təşkilatlar, habelə xarici ölkələrin
dövlət büdcəsindən maliyyələşdirilən
qeyri-hökumət təşkilatları tərəfindən təsis
edilə bilərlər. Qeyri-kommersiya BOKT-ləri
kommersiya təşkilatları yarada və ya onlarda iştirak
edə bilməzlər.
5.2. BOKT-lər iki növə
- girov əmanəti qəbul etmək hüququ olan və belə
hüququ olmayan kredit təşkilatlarına
bölünürlər.
5.3. Xarici ölkələrin
ərazisində fəaliyyət göstərən BOKT Azərbaycan
Respublikasında yalnız girov əmanəti qəbul etmək
hüququ olmayan filiallar təsis edə bilər. Belə filiallara lisenziyaların verilməsi,
onların fəaliyyətinin tənzimlənməsi və fəaliyyətləri
üzərində nəzarət bu Qanunla girov əmanəti qəbul
etmək hüququ olmayan BOKT-lər üçün müəyyən
edilmiş qaydada həyata keçirilir.
Maddə 6. BOKT-nin adı
6.1. BOKT-nin adında "bank
olmayan kredit təşkilatı" sözləri
olmalıdır. Heç bir BOKT sənədlərdə,
elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən
addan fərqli adla adlandırıla bilməz.
6.2. BOKT dövlət
qeydiyyatına alınmış və fəaliyyətdə
olan - bankların, kredit ittifaqlarının və digər bank
olmayan kredit təşkilatlarının adlarından istifadə
edə bilməz.
Maddə 7. BOKT-nin nizamnamə (şərikli) kapitalı
7.1. BOKT-nin minimum nizamnamə
(şərikli) kapitalı, habelə qeyri-kommersiya hüquqi
şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak
haqları pul şəklində ödənilməlidir. Nizamnamə (şərikli) kapitalı (əmlak
haqları) Azərbaycan Respublikasının milli valyutasında
formalaşdırılmalıdır.
7.2. BOKT-lərin nizamnamə
(şərikli) kapitalının minimum miqdarı, onların
formalaşdırdıqları ilkin əmlaka dair minimum tələblər
Mərkəzi Bank tərəfindən müəyyən olunur.
Maddə 8. BOKT-nin təşkilati strukturuna və
inzibatçılarına dair tələblər
8.1.Təşkilati-hüquqi
formasından asılı olmayaraq BOKT-nin təşkilati
strukturunda ən azı aşağıdakı vəzifələr
nəzərdə tutulmalıdır:
8.1.1. rəhbər
(direktor, kollegial icra orqanının rəhbəri);
8.1.2. mühasibat
xidmətinin rəhbəri (baş mühasib, maliyyə
meneceri);
8.1.3. kredit
mütəxəssisi;
8.1.4. daxili
auditor.
8.2. BOKT-nin
inzibatçıları ali təhsilə və
ən azı bir illik iş təcrübəsinə malik
olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri ali iqtisadi təhsilə və müvafiq ixtisas
üzrə ən azı bir illik iş təcrübəsinə
və ya orta ixtisas təhsilinə və müvafiq ixtisas
üzrə ən azı 5 illik iş təcrübəsinə
malik olmalıdır.
8.3. Qanunla müəyyən
edilmiş qaydada müvafiq vəzifənin tutulması
qadağan edilən, habelə qəsdən törədilmiş
cinayətlərə görə məhkumluğu olan şəxslər
BOKT-nin inzibatçıları ola bilməzlər.
Maddə 9. BOKT-nin filialları və nümayəndəlikləri
9.1. BOKT öz
filiallarını və nümayəndəliklərini
aça bilər.
9.2. Girov əmanəti qəbul
etmək hüququ olan BOKT-nin filialı yalnız Mərkəzi
Bankın verdiyi icazə əsasında açıla bilər.
9.3. Girov əmanəti qəbul
etmək hüququ olmayan BOKT-nin filialı və hər iki
növdən olan BOKT-nin nümayəndəliyi əvvəlcədən
Mərkəzi Banka yazılı məlumat verilməklə
açıla bilər. Bu halda BOKT öz filialının və
ya nümayəndəliyinin açılması barədə qərarın
qəbul edildiyi gündən 5 iş günü müddətində
Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumatda
qərarı qəbul edən idarəetmə orqanının
adı, qərarın tarixi və nömrəsi,
açılan filialın və ya nümayəndəliyin
adı, onların ünvanı və rəhbərləri
(ixtisası və iş təcrübələri) barədə
informasiya əks olunmalıdır.
9.4. Filial və nümayəndəliklərin
əsasnaməsi BOKT tərəfindən təsdiq edilir.
9.5. BOKT öz
filialının və nümayəndəliyinin fəaliyyətinə
və öhdəliklərinə görə tam məsuliyyət
daşıyır.
III fəsil
Lisenziya və icazələrin verilməsi
Maddə 10. Lisenziya
10.1. Kreditlərin verilməsi
üçün BOKT Mərkəzi Bankdan xüsusi
razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır.
10.2. Girov əmanəti qəbul
etmək üçün BOKT-nin lisenziyasında bu barədə
xüsusi icazə olmalıdır. Belə icazə
olmadan BOKT-nin girov əmanəti qəbul etməsi
qadağandır.
10.3. BOKT-yə verilən
lisenziya müddətsizdir.
10.4. Lisenziya Mərkəzi
Bank tərəfindən verildiyi gündən qüvvəyə
minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən
istifadə edilə bilər.
Maddə 11. Lisenziyanın alınması üçün müraciət
11.1. Lisenziyanın
alınması üçün BOKT Mərkəzi Banka
aşağıdakı sənədləri təqdim etməlidir:
11.1.1. təsisçi
(təsisçilər) və ya qanunvericiliyə müvafiq
qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən
imzalanmış ərizə;
11.1.2. dövlət
qeydiyyatı haqqında şəhadətnamənin və
nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
11.1.3. minimum
nizamnamə (şərikli) kapitalının ödənilməsi
(ilkin əmlakın formalaşdırılması) barədə
bank sənədi;
11.1.4. təşkilati
strukturu haqqında məlumat;
11.1.5. inzibatçılarının
peşə yararlılığı və qəsdən
törədilmiş cinayətlərə görə məhkumluqlarının
olmaması haqqında məlumat;
11.1.6. maliyyələşdirmə
mənbələri, habelə kredit siyasətinin əsas
göstəriciləri (ərazi əhatəsi, kreditləşdirmənin
subyektləri, kreditlərin verilməsi müddətləri,
faiz dərəcələri və s.) barədə məlumat;
11.1.7. xarici
ölkənin ərazisində fəaliyyət göstərən
BOKT-nin Azərbaycan Respublikasında filialının
açılmasına xarici nəzarət orqanının icazəsi
(həmin ölkənin qanunvericiliyi ilə tələb
olunduğu halda);
11.1.8. lisenziyanın
alınması üçün dövlət rüsumunun
ödənilməsini təsdiq edən bank sənədi.
11.2. Bu Qanunun
11.1-ci maddəsində nəzərdə tutulan məlumatlar
lisenziyanın alınması üçün ərizə verən
şəxs (şəxslər) tərəfindən
imzalanır. Ərizənin forması və məzmunu, ona əlavə
edilən sənədlər Mərkəzi Bankın normativ
xarakterli aktları ilə müəyyən edilmiş tələblərə
cavab verməlidir.
11.3. Lisenziyanın
alınması üçün müraciətə Mərkəzi
Bank tərəfindən 30 gün müddətində
baxılır. Təqdim edilmiş sənədlərdə
çatışmazlıqlar aşkar olunduqda Mərkəzi
Bank onların aradan qaldırılması barədə ərizə
qəbul edildikdən sonra 15 gündən gec olmayaraq müraciət
edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra Mərkəzi Bank 15 gün
müddətində sənədlərə baxır və
müvafiq qərar qəbul edir.
Maddə 12. Lisenziyanın verilməsindən imtinanın əsasları
12.1. Lisenziyanın verilməsindən
aşağıdakı hallarda imtina edilir:
12.1.1. təqdim
olunmuş sənədlər qanunvericiliyin tələblərinə
cavab vermədikdə və ya məlumatlar yanlış olduqda;
12.1.2. Mərkəzi Bank tərəfindən
tələb olunan minimum nizamnamə (şərikli)
kapitalının ödənilməsi və ya təsisçilərin
əmlak haqlarının formalaşdırılması barədə
bank sənədi təqdim edilmədikdə;
12.1.3. inzibatçılar
peşə yararlılığı tələblərinə
cavab vermədikdə və (və ya) onların qəsdən
törədilmiş cinayətlərə görə məhkumluğu
olduqda.
12.2. Mərkəzi Bank
lisenziyanın verilməsindən imtina etdikdə, müraciət
edənə imtinanın səbəblərini göstərməklə
yazılı məlumat verir.
12.3. Lisenziyanın verilməsindən
imtina barədə Mərkəzi Bankın qərarından
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə
şikayət verilə bilər.
Maddə 13. BOKT-nin filialının açılmasına icazənin
alınması üçün müraciət
13.1. Girov əmanəti qəbul
etmək hüququ olan BOKT öz filialının
açılmasına icazənin alınması
üçün Mərkəzi Banka aşağıdakı sənədləri
təqdim etməlidir:
13.1.1. BOKT-nin rəhbəri tərəfindən
imzalanmış ərizə;
13.1.2. filialın
açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə
orqanının qərarı;
13.1.3. filialın
əsasnaməsi;
13.1.4. filialın
inzibatçılarının təyin edilməsi haqqında
BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı,
onların peşə yararlılığı, qəsdən
törədilmiş cinayətlərə görə məhkumluqlarının
olmaması haqqında məlumat (məlumat BOKT-nin rəhbəri
tərəfindən imzalanır).
13.2. Filialın
açılmasına icazənin alınması
üçün müraciətə Mərkəzi Bank tərəfindən
20 gün müddətində baxılır. Təqdim
edilmiş sənədlərdə
çatışmazlıqlar aşkar olunduqda Mərkəzi
Bank onların aradan qaldırılması barədə ərizə
qəbul edildikdən sonra 5 iş günündən gec
olmayaraq müraciət edənə yazılı bildiriş
göndərir. Çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra Mərkəzi Bank 10 iş
günü müddətində sənədlərə
baxır və müvafiq qərar qəbul edir.
13.3. Təqdim edilmiş sənədlər
və məlumatlar qanunvericiliyin tələblərinə cavab
verdikdə Mərkəzi Bank filialın açılmasına
icazənin verilməsi barədə qərar qəbul edir, əks
halda imtinanın səbəblərini göstərməklə
BOKT-yə yazılı məlumat verir.
Maddə 14. Lisenziyaların və icazələrin reyestri
14.1. Mərkəzi Bank BOKT-lərin,
onların filiallarının və nümayəndəliklərinin
ictimaiyyət üçün açıq olan vahid reyestrini tərtib
edir. BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin
adları, ünvanları, onlara verilmiş və ləğv
edilmiş lisenziyaların və icazələrin qeydiyyat
nömrələri və tarixləri, inzibatçıları
barədə məlumat, fəaliyyətinə xitam verilmiş
BOKT-lər, onların filial və nümayəndəlikləri
haqqında məlumat alındıqdan sonra 3 iş günü
müddətində reyestrə daxil edilir.
14.2. BOKT reyestrə daxil
edilmiş məlumatda, habelə təsis sənədlərində
(nizamnamədə, əsasnamədə) dəyişikliklər
barədə Mərkəzi Banka 5 təqvim günü müddətində
yazılı bildiriş göndərməlidir. BOKT-yə
yeni inzibatçı təyin edildikdə bildirişə həmin
şəxslərin bu Qanunun 8.2-ci və 8.3-cü maddələrində
nəzərdə tutulmuş tələblərə cavab verməsi
barədə məlumat daxil edilməlidir.
IV fəsil
BOKT-lərin fəaliyyətinə dair tələblər
Maddə 15. BOKT-lərin fəaliyyəti
15.1. BOKT Mərkəzi Bankdan
aldığı lisenziya əsasında təminatlı və
təminatsız kreditlər verə bilər. BOKT
tərəfindən verilən kreditlər daşınan və
daşınmaz əmlakın girovu, girov əmanəti,
qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə
tutulmuş digər üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız Mərkəzi Bankın
BOKT-yə verdiyi lisenziyada bu barədə xüsusi icazə
olduqda qəbul edilə bilər.
15.2. Kreditlərin verilməsi
üçün lisenziya almış BOKT
aşağıdakı fəaliyyət növlərini də həyata
keçirə bilər:
15.2.1. borc
öhdəliklərinin alqı-satqısı (faktorinq,
forfeytinq);
15.2.2. lizinq;
15.2.3. veksellərin
uçotu;
15.2.4. qarantiyanın
verilməsi;
15.2.5. sığorta
agenti xidmətinin göstərilməsi;
15.2.6. borcalanlara,
o cümlədən birgə borcalan qruplarına maliyyə,
texniki və idarəetmə məsələləri üzrə
məsləhət xidmətinin göstərilməsi.
15.3. Bu Qanunun 15.2-ci maddəsində
göstərilən fəaliyyət növləri
üçün qanunvericiliklə lisenziyanın alınması
tələb olunduqda, BOKT həmin fəaliyyət növləri
ilə aidiyyəti dövlət orqanından lisenziya
aldıqdan sonra məşğul ola bilər.
15.4. BOKT-nin hüquqi və
fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi
qadağandır.
Maddə 16. BOKT-lərin fəaliyyətinin maliyyələşdirilmə
mənbələri
16.1. BOKT-lərin fəaliyyəti
aşağıdakı mənbələr hesabına maliyyələşdirilə
bilər:
16.1.1. nizamnamə
(şərikli) kapitalı (əmlak haqları) və əldə
edilmiş gəlirlər;
16.1.2. cəlb
edilmiş kreditlər;
16.1.3. fiziki
və hüquqi şəxslərin ianələri, qrantları
və digər formalarda əvəzsiz olaraq
ayırdıqları vəsaitlər;
16.1.4. qanunvericilikdə
qadağan olunmayan digər mənbələrdən əldə
edilən vəsaitlər.
16.2. Beynəlxalq təşkilatlar,
xarici ölkələrin hökumətləri və digər
donorlar tərəfindən əvəzsiz olaraq ayrılan vəsaitlər,
habelə onlardan əldə olunan gəlirlər BOKT-lər tərəfindən
Azərbaycan Respublikasından kənara
çıxarılmamalıdır.
Maddə 17. Kredit müqaviləsi
17.1. BOKT kreditlərin verilməsində
şəffaflığı təmin etməli, borcalanları
aldıqları kreditin dəyəri və kreditlə əlaqədar
çəkəcəkləri xərclər barədə tam məlumatlandırmalıdır.
17.2. Qanunvericilikdə
ayrı qayda nəzərdə tutulmadıqda, BOKT ilə
borcalan arasında bağlanılan kredit müqaviləsində
ən azı aşağıdakılar öz əksini
tapmalıdır:
17.2.1. tərəflərin
adları və hüquqi ünvanları;
17.2.2. kreditin
məqsədi;
17.2.3. kreditin
məbləği;
17.2.4. kreditin
qaytarılma müddəti;
17.2.5. kreditin
qaytarılma üsulu;
17.2.6. təminatın
forması (təminatlı kredit verildikdə);
17.2.7. kredit
üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin
məbləği (illik faiz dərəcəsi kreditin
qaytarılma müddətindən asılı olmayaraq göstərilməlidir);
17.2.8. kredit
üzrə borcun (əsas borcun və faizlərin) bərabər
aylıq ödənişlər formasında ödənilməsi
nəzərdə tutulduqda, kreditdən istifadə edilən
müddət ərzində orta hesabla ödəniləcək
həqiqi faiz dərəcəsi;
17.2.9. tərəflərin
məsuliyyəti.
17.3. Kredit müqaviləsi
yazılı formada ən azı iki nüsxədə tərtib
olunur və bir nüsxə borcalana verilir, digər nüsxələr
isə BOKT tərəfindən kreditin rəsmiləşdirilməsinə
dair sənədlər toplusuna əlavə edilir.
17.4. Birgə borcalanlar qrupu
ilə bağlanılan kredit müqaviləsində qrupun
bütün üzvləri barədə məlumatlar
(adları, hüquqi ünvanları və s.) əks
olunmalı və hər bir üzv üçün ayrıca
nüsxə tərtib edilərək, onlara təqdim edilməlidir.
17.5. Borcalan bu Qanunun 17.2-ci
maddəsində göstərilən şərtlərin kredit
müqaviləsində əks etdirilməməsi nəticəsində
ona dəyən zərərin ödənilməsini
qanunvericilikdə nəzərdə tutulmuş qaydada BOKT-dən
tələb edə bilər.
Maddə 18. Girov əmanəti
18.1. Kredit müqaviləsində
veriləcək kreditin girov əmanəti ilə təmin edilməsi
nəzərdə tutula bilər. Girov əmanətinin məbləği
təmin olunan əsas borcun qalığı və ona
hesablanacaq faizlərdən, müddəti isə kreditin
müddətindən artıq ola bilməz.
18.2. Girov əmanəti
nağd və ya nağdsız qaydada BOKT-yə ödənilir
və BOKT tərəfindən 2 iş günü ərzində
ona xidmət göstərən bankda (banklarda) bu əmanətlər
üçün açılmış xüsusi hesabda
(hesablarda) yerləşdirilir.
18.3. BOKT qəbul etdiyi hər
bir girov əmanətinin fərdi uçotunu aparmalıdır.
Uçot məlumatları borcalanı (birgə
borcalanlar qrupunu) və girov əmanəti ilə təmin
edilmiş krediti tam eyniləşdirməyə imkan verməlidir.
18.4. Kredit tam ödənildikdə
və ya kredit müqaviləsi ilə müəyyən
edilmiş digər hallarda girov əmanəti borcalanın
müraciət etdiyi gündən ən geci 2 iş
günü müddətində BOKT tərəfindən
borcalana (birgə borcalanlar qrupuna) qaytarılır.
18.5. Kredit müqaviləsi ilə
nəzərdə tutulan hallarda BOKT girov əmanəti üzrə
hesablanmış faizləri ödəməlidir.
18.6. Borcalan (birgə
borcalanlar qrupu) kredit üzrə borcu (əsas borc, faizlər, cərimə)
ödəyə bilmədikdə, kredit müqaviləsində
nəzərdə tutulduğu hallarda, BOKT həmin borcu
mübahisəsiz (akseptsiz) qaydada girov əmanəti
hesabından tuta bilər.
18.7. BOKT girov əmanəti
hesablarında yerləşdirdiyi vəsait hesabına kreditlər
verə və digər maliyyə xidmətləri göstərə
bilməz. Girov əmanətinin yerləşdirildiyi hesabdan
yalnız aşağıdakı hallarda istifadə edilə bilər:
18.7.1. dövlət
qiymətli kağızları və mərkəzi bankların
qiymətli kağızları alındıqda (bu Qanunun
18.4-cü maddəsinin tələblərinə riayət etmək
şərti ilə);
18.7.2. bu
Qanunun 18.6-cı maddəsində nəzərdə tutulmuş
hüquqdan istifadə edildikdə.
Maddə 19. BOKT-nin fəaliyyətinə dair prudensial normativlər və
tələblər
19.1. Girov əmanəti qəbul
etmək hüququ olan BOKT-nin maliyyə sabitliyini təmin etmək
məqsədilə Mərkəzi Bank bu növ BOKT-nin fəaliyyətinə
dair aşağıdakı prudensial normativləri və tələbləri
müəyyən edə bilər:
19.1.1. bir
borcalana və birgə borcalanlar qrupuna verilən kreditin maksimum
miqdarı;
19.1.2. aidiyyəti
şəxslərə verilən kreditlərin maksimum məbləği
və həmin şəxslərlə aparılan əməliyyatlara
dair tələblər;
19.1.3. qəbul
edilmiş girov əmanətlərinin BOKT-nin kapitalına olan
nisbəti;
19.1.4. aktivlərin,
balansarxası öhdəliklərin təsnifatından və
qiymətləndirilməsindən asılı olaraq
mümkün zərərin ödənilməsi
üçün xərclər hesabına yaradılan
xüsusi ehtiyatlara aid tələblər.
19.2. Mərkəzi Bank
BOKT-nin fəaliyyətinin tənzimlənməsi prosesində zərurət
yarandıqca normativlərin hamısını və ya bir
qismini tətbiq edə bilər.
19.3. Girov əmanəti qəbul
etmək hüququ olmayan və ya qeyri-kommersiya hüquqi şəxs
kimi fəaliyyət göstərən BOKT öz fəaliyyəti
dövründə nizamnamə (şərikli) kapitalını
(əmlakını) Mərkəzi Bank tərəfindən
müəyyən edilən minimum miqdardan az
olmayan səviyyədə təmin etməlidir.
19.4. Mərkəzi Bank tərəfindən
müəyyən edilmiş yeni prudensial normativlər və tələblər,
onlarda dəyişikliklər fəaliyyətdə olan BOKT-lərə
rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə
(şərikli) kapitalının (əmlakın) minimum
miqdarına aid tələblərə dəyişikliklər
isə BOKT-lərə rəsmən bildirildikdən sonra bir ildən
tez olmayaraq qüvvəyə minir. Yeni prudensial
normativlərin və tələblərin geriyə qüvvəsi
yoxdur.
Maddə 20. BOKT-də mühasibat uçotu və maliyyə
hesabatı
20.1. BOKT "Mühasibat
uçotu haqqında" Azərbaycan Respublikası Qanununa və
digər qanunvericilik aktlarına uyğun olaraq mühasibat
uçotunu aparmalı və maliyyə hesabatlarını tərtib
etməlidir.
20.2. Borcalanlar, habelə digər
maraqlı şəxslər BOKT-nin maliyyə hesabatları ilə
tanış olmaq hüququna malikdirlər.
20.3. BOKT maliyyə ili qurtardıqdan sonra ən geci 5 ay müddətində
kənar auditor tərəfindən təsdiqlənmiş illik
maliyyə hesabatını Mərkəzi Banka təqdim etməli
və onu kütləvi informasiya vasitələrində dərc
etdirməlidir.
Maddə 21. BOKT-nin fəaliyyətinin şəffaflığı ilə
bağlı tələblər
21.1. BOKT və onun
filialları öz inzibati binasında xidmətlərin göstərilməsi
şərtləri, o cümlədən kreditlərin verilməsi
şərtləri barədə məlumatı və öz
lisenziyasını aydın görünən yerdə yerləşdirməli
və istənilən şəxsə həmin şərtlərlə
tanış olmaq imkanı yaratmalıdır.
21.2. BOKT öz fəaliyyəti
haqqında bilərəkdən yalan reklama yol verməməli və
reklam haqqında qanunvericiliyin digər tələblərinə
riayət etməlidir.
21.3. BOKT öz adının
və ünvanının dəyişdirilməsi barədə
ən geci 7 təqvim günü müddətində kütləvi
informasiya vasitələrində məlumat dərc etdirməlidir.
Maddə 22. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatın
verilməsi
22.1. BOKT hər bir borcalan
haqqında məlumatı Mərkəzi Bankın normativ
xarakterli aktları ilə müəyyən edilmiş iş
reqlamentinə, o cümlədən məlumatın xarakterinə,
onun verilməsi qaydalarına və şərtlərinə
uyğun olaraq Mərkəzi Bankda yaradılmış Mərkəzləşdirilmiş
kredit reyestrinə verməlidir.
22.2. BOKT Mərkəzləşdirilmiş
kredit reyestrinin iş reqlamentinə, o cümlədən məlumatın
verilməsi qaydalarına və şərtlərinə
uyğun olaraq öz borcalanları və kredit almaq
üçün müraciət edən şəxslər
haqqında məlumatı həmin reyestrdən ala bilər.
22.3. BOKT-nin istənilən
borcalanı Mərkəzləşdirilmiş kredit reyestrindən
özü haqqında məlumatı reyestrin iş reqlamentinə
uyğun olaraq ala bilər.
22.4. BOKT tərəfindən
Mərkəzləşdirilmiş kredit reyestrindən alınan
məlumata qanunvericilikdə nəzərdə tutulmuş bank
sirrinin qorunması rejimi tətbiq olunur. Bank
sirrinin qorunması rejimini pozan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş məsuliyyət daşıyırlar.
Maddə 23. Məxfilik
BOKT öz müştəriləri
ilə apardığı əməliyyatların, o cümlədən
qəbul etdiyi girov əmanətinə dair məlumatın məxfiliyini
"Kommersiya sirri haqqında" Azərbaycan Respublikası
Qanununa müvafiq surətdə qorumalı, onun qanunsuz
açıqlanmasına yol verməməlidir. Həmin məlumat
müştəri ilə qarşılıqlı münasibətlərə
xitam verildikdən sonra ən azı 5 il
müddətində BOKT-də saxlanmalıdır.
V fəsil
BOKT-nin fəaliyyətinə nəzarət
Maddə 24. BOKT-nin fəaliyyətinə nəzarət
24.1. BOKT-nin fəaliyyətinə
nəzarət onun nizamnaməsində müəyyən
edilmiş idarəetmə orqanı tərəfindən həyata
keçirilir.
24.2. BOKT fəaliyyəti barədə
prudensial tələblərə dair hesabatları Mərkəzi
Bank tərəfindən müəyyən edilmiş forma və
məzmunda hər hesabat rübü başa çatdıqdan
sonra 10 gündən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir.
24.3. Hesabatların təhlili
nəticəsində bu Qanunun, Mərkəzi Bankın normativ
xarakterli aktlarının tələblərinin pozulması
halları aşkara çıxarıldıqda və ya bu
cür pozuntulara səbəb ola biləcək
faktlar məlum olduqda Mərkəzi Bank onların aradan
qaldırılması barədə BOKT-yə xəbərdarlıq
məktubu göndərir. Məktubda BOKT tərəfindən
yol verilmiş pozuntuların (nöqsanların) və ya bu
cür pozuntulara səbəb ola biləcək
faktların aradan qaldırılması üçün
görülməli tədbirlər və onların yerinə
yetirilməsi müddəti göstərilir.
24.4. BOKT xəbərdarlıq
məktubunda müəyyən olunan vaxt ərzində göstərilmiş
tədbirlərin həyata keçirilməsi barədə Mərkəzi
Banka yazılı məlumat verməlidir. Mərkəzi
Bank tərəfindən müəyyən olunmuş vaxt ərzində
tədbirlər tam və ya tələblərə uyğun
şəkildə həyata keçirilmədikdə, Mərkəzi
Bank BOKT-yə ikinci xəbərdarlıq məktubu göndərir
və müvafiq tədbirlərin müəyyən olunmuş
vaxt ərzində həyata keçirilməyəcəyi təqdirdə
lisenziyanın ləğv ediləcəyi barədə xəbərdarlıq
edir.
24.5. Hesabat məlumatlarının
dəqiqləşdirilməsinə zərurət yarandıqda
Mərkəzi Bank BOKT-nin fəaliyyətini 10 gün əvvəlcədən
ona yazılı bildiriş göndərməklə yerində
yoxlaya bilər. Bu halda Mərkəzi Bankın
inspektorları yoxlama vəsiqəsini təqdim etməklə
BOKT-yə daxil olmaq, onların hesabatlarını, mühasibat
kitablarını, sənədlərini və digər
uçot yazılarını yoxlamaq, habelə onlara dair izahat
tələb etmək hüququna malikdirlər.
Maddə 25. Lisenziyanın və icazələrin ləğvi
25.1. BOKT-nin lisenziyası və
ya filiallara verilmiş icazələr aşağıdakı
bir və ya bir neçə əsas olduqda Mərkəzi Bank tərəfindən
ləğv edilə bilər:
25.1.1. BOKT tərəfindən
müvafiq ərizə təqdim edildikdə;
25.1.2. lisenziya
və ya icazə almaq üçün BOKT tərəfindən
təqdim edilmiş məlumatların yanlış olduğu
müəyyən edildikdə;
25.1.3. BOKT və ya onun
filialı lisenziyanın və ya icazənin qüvvəyə
mindiyi gündən on iki ay müddətində fəaliyyətə
başlamadıqda;
25.1.4. fəaliyyətində
yol verdiyi pozuntuların aradan qaldırılması barədə
Mərkəzi Bankın göstərişlərinə əməl
etmədikdə;
25.1.5. tələb
olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə Mərkəzi
Banka təqdim etmədikdə və ya Mərkəzi Banka təhrif
olunmuş hesabat təqdim etdikdə;
25.1.6. bu
Qanunla nəzərdə tutulmamış və ya
lisenziyasında qadağan edilmiş fəaliyyəti həyata
keçirdikdə;
25.1.7. qanunvericiliyə
müvafiq olaraq BOKT ləğv olunduqda və ya müflis elan edildikdə.
25.2. Lisenziyanın ləğv
edilməsi haqqında qərar dərhal BOKT-yə, qərarın
qüvvəyə mindiyi gündən 5 iş günündən
gec olmayaraq isə müvafiq vergi orqanına göndərilir,
habelə kütləvi informasiya vasitələrində dərc
edilir. BOKT-nin filialına verilmiş icazənin ləğvi barədə
bildiriş Mərkəzi Bankın qərarı qüvvəyə
mindiyi gündən 3 iş günü müddətində
BOKT-yə göndərilir.
25.3. Lisenziyanın ləğv
edilməsi haqqında qərarda başqa müddət nəzərdə
tutulmadıqda, qərar kütləvi informasiya vasitələrində
dərc edildiyi gündən qüvvəyə minir.
25.4. BOKT lisenziyasının
ləğv edilməsi haqqında qərarın qüvvəyə
mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan
Respublikasının Mülki Məcəlləsində müəyyən
olunmuş qaydada ləğv edilir.
25.5. BOKT lisenziyasının
ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından
qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə
şikayət verə bilər. Şikayətin
verilməsi Mərkəzi Bankın müvafiq qərarının
icrasını dayandırmır.
VI fəsil
Keçid müddəaları
Maddə 26. Keçid müddəaları
26.1. Bu Qanunun
17-ci maddəsinin tələbləri fəaliyyətdə olan
BOKT-lərin bu Qanun qüvvəyə mindikdən sonra
bağladıqları kredit müqavilələrinə
şamil olunur.
26.2. Girov əmanəti qəbul
etmək hüququnu əldə etmək istəyən BOKT-lər
bu Qanuna müvafiq qaydada yeni lisenziya almaq üçün
müraciət edə bilərlər.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2009-cu il
Azərbaycan.- 2010.-9 fevral.- S. 2.