Hüquq-mühafizə orqanlarının
səmərəli əməkdaşlığı
dövlətlərimiz arasında
qarşılıqlı əlaqələrin
inkişafında mühüm
rol oynayır
Azərbaycanın
və Norveçin hüquq-mühafizə orqanları
arasında səmərəli
əməkdaşlıq dövlətlərimizin
əlaqələrinin inkişafında
mühüm rol oynayır.
Bu sözləri
fevralın 8-də Milli
Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə
olan Norveçin ədliyyə və polis naziri Knut Storbergetlə
görüşdə söyləmişdir.
O.Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər, eləcə də Norveç Krallığı ilə əlaqələr qurmuşdur. Bu gün bir çox sahələrdə səmərəli əməkdaşlıq edirik. Parlamentlərimiz arasında da münasibətlər inkişaf edir. Amma bu münasibətlər yetərincə deyildir. 2005-ci ildə Milli Məclisdə Norveç parlamenti ilə əməkdaşlıq üzrə işçi qrupu yaradılmışdır. İstərdik ki, qarşı tərəfdə də belə bir qrup yaradılsın.
Milli Məclisin Sədri bildirmişdir ki, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafı, birgə əməkdaşlıq, təcrübə mübadiləsi olduqca vacibdir. Parlamentimiz bunu dəstəkləyir.
Sonra Oqtay Əsədov ölkəmizdə həyata keçirilən hüquqi, demokratik, iqtisadi və siyasi islahatlar, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Norveç hökumətinə minnətdarlığını ifadə etmişdir.
Milli Məclisin Sədri belə səfərlərin dostluq münasibətlərimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Norveç Krallığının ədliyyə və polis naziri Knut Storberget göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş və demişdir ki, səfərin məqsədi Azərbaycanın hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığa dair fikir mübadiləsi aparmaqdır.
Qonaq bildirmişdir ki, bu gün ölkələrimiz arasında çox səmimi, dostluq münasibətləri vardır. Norveç şirkətləri Azərbaycanın neft sektorunda uğurla çalışırlar. Bu da təkcə iqtisadi sahədə deyil, siyasi və humanitar sahələrdə də əlaqələrin inkişafına zəmin yaradır.
Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-
2010.-9 fevral.- S. 3.