Zəhmətsevərliyi ona
hörmət gətirir
İnsan həyatının ən gözəl, unudulmaz illərindən sayılan tələbəlik illərimiz onunla birlikdə keçib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində birgə təhsil almışıq. Qrupumuzda hamıdan yaşlı olduğu üçün ona hörmətlə yanaşırdıq. Səmimiyyəti, sadəliyi, mehribanlığı ilə qazanmışdı bu hörməti. Özündən 10-12 yaş kiçik tələbə yoldaşları ilə davranışında heç vaxt yaş fərqi hiss olunmazdı. Uşaqla uşaq, böyüklə böyük kimi davranırdı Bəhmən. Söhbət iş yoldaşımız Bəhmən Mirzədən gedir.
1960-cı il fevralın 5-də Bakının Binəqədi kəndində anadan olub. Ailənin böyük övladı olan Bəhmən 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Politexnik Texnikumuna daxil olur. 1978-ci ildə texnikumu bitirib, bir il sonra hərbi xidmətə yola düşür. Xidməti borcunu Almaniya Demokratik Respublikasında yerinə yetirməli olur. 1981-ci ildə vətənə qayıdan Bəhmən müxtəlif müəssisələrdə əmək fəaliyyətinə başlayır. Nəhayət, 1990-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Təhsil aldığı müddətdə o, müxtəlif mətbuat orqanlarında - "İnşaatçı", "Qarabağ", "Azərbaycan gəncləri", "Şəhriyar", "Şuşa", "Ekspress" qəzetlərində və "Günəş" jurnalında müxtəlif vəzifələrdə çalışıb.
Tale elə gətirdi ki, Bəhmənlə yollarımız "Azərbaycan" qəzetində yenidən birləşdi. 2005-ci ildən "Azərbaycan" qəzetində çalışan Bəhmən kollektivin rəğbətini və məhəbbətini qazanıb. Səmimiyyəti, sadəliyi ilə fərqlənən Bəhmən heç vaxt istəməz ki, kiminsə qəlbinə dəysin, kimisə özündən incik salsın. Redaksiyada kimə nə lazım olsa, Bəhməni axtarar, ondan kömək istəyər. O da öz növbəsində, həmişə olduğu kimi, yardım üçün əlindən gələni əsirgəmir. Çalışır ki, az da olsa, ona ehtiyacı olanlara hörmət edə bilsin. Demək olar ki, təkcə "Azərbaycan" qəzeti redaksiyasında deyil, bütün nəşriyyatda Bəhməni sadə, səmimi bir insan kimi tanıyırlar. Elə bu səbəbdəndir ki, gün ərzində bir neçə adam müxtəlif səbəblərlə ona müraciət edir, hansısa bir işdə yardım istəyir.
Bəhmən həm də redaksiya Həmkarlar İttifaqı Komitəsinin mədəni-kütləvi tədbirlərin təşkili komissiyasının üzvüdür. Onun ictimai fəallığı redaksiyanın mədəni-kütləvi tədbirlərində özünü qabarıq şəkildə büruzə verir. Çalışdığı reklam şöbəsində işlərin operativ və qüsursuz həyata keçirilməsində Bəhmənin özünəməxsus xidməti var. Reklam və elanlarla bağlı respublikanın bir çox şirkət və təşkilatında onu redaksiyanın səmimi və zəhmətkeş bir nümayəndəsi kimi yaxşı tanıyır, hamısı ondan razılıq və böyük məmnunluq ifadə edir.
Bu gün həmkarımız 50 yaşı aşırır. Artıq yarım əsrlik ömür yaşamış Bəhmənə uzun ömür, cansağlığı, 100-ə çatmağı arzulayırıq. Diləyimiz odur ki, iki övlad atası Bəhmən Mirzə bundan sonrakı həyatını da bu günə qədər olduğu kimi, səmimi, mehriban bir iş yoldaşı, yaxşı dost və qayğıkeş ailə başçısı kimi davam etdirsin.
Bəxtiyar ƏZİZLİ
Azərbaycan.- 2010.- 5 fevral.- S. 8.