İndoneziyada Xocalı faciəsi qurbanlarının
xatirəsi anılmışdır
Azərbaycanın İndoneziyada və eyni zamanda Filippindəki səfirliyindən bildirmişlər ki, fevralın 4-də İndoneziyanın Bina Nusantara Universitetində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən danışılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan rəhbərliyinin sülh səyləri, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, 18 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri misli görünməmiş vəhşiliklər əsl soyqırımıdır və bu bəşəriyyət tarixində ən ağır cinayətlərdən biridir.
Anma mərasimində keçən ilin fevralından İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına başlanıldığı bildirilmişdir.
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının internet saytı (www.justiceforkhojaly.org), faciəni əks etdirən slaydlar və fotolar tədbir iştirakçılarına təqdim olunmuşdur.
Sonra Azərbaycanın bu günü, beynəlxalq əlaqələri, regional layihələrdə aparıcı rolu barədə məlumat verilmişdir.
Səfirlik tərəfindən nəşr edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab, Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanlarından bəhs edən filmin diskləri tədbir iştirakçılarına paylanılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 5 fevral.- S. 7.