Maarifçi Həmzət bəy Əfəndiyev

 

Ümummilli lider Heydər Əliyevin İlusu kənd məktəbinin 110 illik yubileyi münasibətilə göndərdiyi təbrik məktubunda deyilirdi: "Azərbaycanın ən gözəl guşələrindən biri olan İlusu kəndində yaradılmış bu məktəb öz sələflərinin layiqli davamçıları olan neçə-neçə maarifpərvər nəslin zəhməti sayəsində uzun illərdir ki, ölkəmizin ən qabaqcıl təhsil ocaqlarının biri hesab olunur".

Bu gün bəlkə də çoxları, xüsusilə də, gənclər maarif xadimi Həmzət Əfəndiyevi tanımır, haqqında, demək olar ki, heç nə bilmirlər. Dövrünün tanınmış pedaqoqu Həmzət Əfəndiyev Azərbaycanda maarifçiliyin əsasını qoyanlardan birdir.

Həmzət bəy kim idi?

O, İlusunun ən varlı sakinlərindən olan Məhəmməd bəy Əfəndiyevin oğlu idi. 1880-ci ildə dünyaya göz açıb. İbtidai təhsilini də elə burada alıb. Atası Məhəmməd bəy övladlarını təhsilli görmək istəyib. Bu səbəbdən də onlara xüsusi müəllimlər tutub. Məhəmməd bəy 4 oğul, 1 qız atası olub. Oğlanlarından Zeynal bəy və Rəşid bəy çar ordusunun yüksək rütbəli zabitləri idilər. Hər ikisi polkovnik rütbəsinədək yüksəliblər. Zeynal bəy Şuşa, Rəşid bəy isə Şəki qarnizonlarında xidmət ediblər. Birinci Dünya müharibəsində isə iki qardaş döyüşlərdə qəhrəmancasına həlak olub. Zeynal bəyin xüsusi xidmətlərinə görə çar hökuməti Macarıstanda həlak olan polkovnikin şəxsi əşyalarını, hətta ölüm ayağında çəkərkən yarımçıq qalan qəlyanını da Şuşa qarnizonuna göndərmişdir. Həmin əşyalar sonradan Şuşadan qara faytonla İlusuya gətirilib. Məhəmməd bəyin böyük oğlu Şeyx lap cavan yaşlarında dünyasını dəyişib. 4 qardaşın bir bacısı olan Zeynəbi isə İlusunun məşhur bəylərindən olan Məmmədrəsul öz qardaşı Əhmədə alıb. Məhəmməd bəyin ikinci oğlu Həmzət bəy 1895-ci ildə Qori müəllimlər seminariyasına qəbul olunub. 1899-cu ildə seminariyanı müvəffəqiyyətlə bitirib. Onu da deyək ki, Zaqatala qəzası üzrə Qori müəllimlər seminariyasında təhsil alan ilk soydaşımız məhz Həmzət bəy Əfəndiyevdir. Seminariyanı bitirən gənc Həmzət bir müddət doğma kəndində müəllimlik edib. O, kənddə şəxsi vəsaiti hesabına yeni tipli məktəb açıb, burada yoxsul balalarına savad öyrədib. 1904-1905-ci illərdə isə Həmzət bəy rus-yapon müharibəsində iştirak edib. Müharibə bitəndən sonra H.Əfəndiyev Zaqatala qəzası üzrə poçt-meyster təyin edilib. O, 1906-1910-cu illərdə bu vəzifədə çalışıb. Sonralar Zaqatala və Qax rayonlarında ibtidai məktəblərin açılmasında fəal iştirak edib. Onun İlusuda açdığı məktəbdə ilk dəfə oğlanlarla qızlar birlikdə oxumuşdular. Düzdür, o, qızları bu məktəbə cəlb etməkdə çox çətinlik çəkmişdir. Cəhalət və avamlığın içində yaşayan gənc müəllimi yerli mollalar və dindarlar hədələyir, təqib edirdilər. Lakin heç bir hədə-qorxu maarifçilik ideyaları ilə yaşayan, xalqını, millətini zəkalı, işıqlı görmək istəyən bəy oğlunu tutduğu yoldan çəkindirə bilməmişdir. O, İlusuda, Əmircanda, Almalıda belə məktəblərin əsasını qoyub. 1910-1928-ci illər onun pedaqoji fəaliyyətinin ən qızğın çağı olub. Həmzət bəy yorulmaq bilmədən çalışıb. Bu illər ərzində onu Zaqatala qəzası üzrə maarif müdiri təyin ediblər. 1928-ci ildən isə Həmzət bəy, əsası görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım tərəfindən qoyulan Zaqatala Pedaqoji Məktəbində rus dili müəllimi işləməyə başlayıb və ömrünün sonunadək, düz 30 il bu məktəbdə çalışıb.

Arxiv sənədlərindən aydın olur ki, Həmzət bəy maarif müdiri işləyərkən yüksək təlim-təhsil uğrunda mübarizə apardığı kimi, həm də məktəblərdə qızların sayının çoxalmasına da nail olmuşdur. Əhali arasında savadsızlığın ləğvində onun rolu əvəzsizmiş. Həmzət bəy gündüzlər uşaqlara, axşamlar isə yaşlılara savad öyrədirmiş.

Onun əməyi, pedaqoji fəaliyyəti diqqətdən kənarda qalmayıb. O, Azərbaycandan Lenin ordeni ilə təltif olunan ilk 25 müəllimdən biri olub. Həmzət bəy Əfəndiyev 38 illik pedaqoji fəaliyyətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə bu yüksək mükafata layiq görülüb. Təsəvvür edin, repressiya dövründə bəy oğluna sovet dövlətinin ən böyük mükafatının verilməsi nə demək idi? Bu ilk əvvəl Həmzət Əfəndiyevin nüfuzlu pedaqoq, vətənpərvər ziyalı olduğunu göstərən fakt idi.

Həmzət bəyin yaxın qohumu, qocaman müəllim Nəcabət Əlibəyova onu belə xatırlayır:

- O hamımızın müəllimi olub. Mən Həmzət bəyin əmisi oğlu Şəfinin qızıyam. Atam yetim qaldığından Həmzət bəyin atası Məhəmməd bəy onu öz oğlu kimi böyüdüb. Həmzət bəy olduqca ciddi insan idi. Hündür boyu, yaraşıqlı görkəmi ilə diqqəti cəlb edərdi. Hamımız ona hörmət edərdik. Həmzət Əfəndiyevə Lenin ordeni veriləndə - 1939-cu ildə, mən İlusu kənd məktəbində oxuyurdum. Yaxşı yadımdadır. Bütün İlusu camaatı Ulu körpüyə toplaşmışdı. Hamı böyük sevinclə Həmzət bəyi gətirən faytonu qarşılayırdı. O gün bütün kənd bayram edirdi.

Həmzət Əfəndiyev sırf maarifçi olmuşdur. Çalışmışdı ki, dərs dediyi şagirdi, tələbəsi həyat həqiqətlərini olduğu kimi dərk etsin. O yeniyetmələrinə yalnız elm öyrənməyi deyil, yenilik axtarışı ilə yaşamağı, vətənə bağlı olmağı tövsiyə edərdi.

Həmzət bəy yalnız bir kənd müəllimi olaraq qalmamışdı. O, əslində elinə, obasına yenilik gətirən ziyalı olub. Zaqatala qəzasına ilk texnika, məhz, Həmzət bəyin böyük səyi nəticəsində gətirilmişdi. Belə ki, Zaqatala qəzasının adamları pul toplayıblar ki, Almaniyadan traktor gətirsinlər. Bu məqsədlə də onlar Həmzət bəyə müraciət edirlər. Həmzət bəy Almaniyaya gedərək bir aydan sonra traktorla qayıdıb.

Bu ilk texnika idi ki, bölgəyə gətirilirdi. Rayonumuzun qocaman müəllimlərindən olan Camal Musayev söyləyir: "İlusu kənd məktəbinin üçüncü sinfində oxuyurdum. Payız günlərindən biri idi. Kəndə səs yayıldı ki, Həmzət bəy traktor gətirib. Həmin traktor iki gün İlusuda qaldı. İnsanlar traktorun tamaşasına çıxmışdı. Traktoru Qaradolaq məhəlləsindən Səngər məhəlləyə kimi o baş, bu başa sürürdülər".

Həmzət Əfəndiyev adamların qayğısını çəkən insan olub. O, kəndin içində - öz həyətində su dəyirmanı tikdirib. Uzun illər kənd sakinləri bu dəyirmandan istifadə edib. Dəyirman son vaxtlara qədər qalmaqda idi. Baxımsızlıq ucbatından sonralar sel-su yuyub apardı.

Həmzət bəy Əfəndiyevin yetirmələri arasında Azərbaycanın ictimai-siyasi həyatında görkəmli rol oynayan çoxlu alim, professor, dövlət xadimi var. Bir vaxtlar Azərbaycana rəhbərlik etmiş görkəmli akademik, mərhum İmam Mustafayevin öz müəllimi haqqında xatirələrini "Azərbaycan müəllimi" qəzeti çap etmişdir.

Əsl maarifpərvər Həmzət bəy Əfəndiyev uzun sürən xəstəlikdən sonra 1963-cü ildə vəfat edib. Qəbri Zaqatala qəbiristanlığındadır. Bu gün Həmzət bəyin əməllərini yaşadan böyük bir ziyalı nəsli var. Bu nəsil Həmzət Əfəndiyevin soy-kökündəndir. Bu gün 50-dən çox nəvə babanın maarifpərvər ənənələrinin davamçısıdır. Hazırda Özbəkistanda yaşayan, Buxara Texnologiya İnstitutunun rektoru, texnika elmləri doktoru Aydın Əfəndiyev, bu yaxınlarda dünyasını dəyişmiş, Gəncə Pedaqoji Universitetinin professoru Faiq Bayramov Həmzət bəyin nəslindəndir.

Deyirlər hər bir millətin tərəqqisi məktəbdir və ya hər bir millətin tərəqqi tapması xalq müəllimlərinə bağlıdır. Bu gün qürur hissi ilə yad etdiyimiz Həmzət bəy Əfəndiyev də xalqının, millətinin tərəqqisi üçün özünü fəda edən müəllim olub. İllər ötsə də onun həyat yolu çoxlarına örnək olacaqdır.

 

 

Xavər ORUCOVA,

Qaxda çıxan "Şəlalə"

qəzetinin redaktor müavini

 

Azərbaycan.- 2010.- 4 fevral.- S. 6.