Həzi Aslanovun 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın Hərbi Tarixi Muzeyində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilmişdir.
Muzeyin rəisi, istefada olan polkovnik Rüfət Əmirov konfrans iştirakçılarını salamlamış, faşist Almaniyası üzərində qələbənin 65 illiyi ərəfəsində Həzi Aslanovun şəxsində müharibə tarixinə şanlı səhifələr yazmış Azərbaycan döyüşçülərinin qəhrəmanlığından danışmışdır.
Tədbirdə Bakı Dövlət Univesitetinin dosenti, tarix elmləri namizədi Nuru Məmmədov "Həzi Aslanovun qəhrəmanlıq yolu", muzeyin əməkdaşı Lalə Hüseynova "Həzi Aslanovun döyüş yolu gənc nəslə nümunədir" mövzusunda məruzə etmişlər. Tarix elmləri namizədləri - muzey rəisinin müavini Hacı Həsənov, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Cəbi Bəhrəmov və başqaları alman faşizmi üzərində qələbədə Azərbaycan döyüşçülərinin hünərindən söz açmışlar. Həzi Aslanovun qohumu, muzeyin əməkdaşı Sevər Həsənova general barədə xatirələrini bölüşmüşdür. Respublika Müharibə və Əmək Veteranları Şurasının sədri Əlövsət Baxışov gənc nəslin tərbiyəsində əhəmiyyətli rol oynayan belə tədbirin keçirilməsi üçün muzeyin rəhbərliyinə təşəkkür etmişdir.
Konfrans iştirakçıları muzeydə
Azərbaycanın hərbi
tarixinin əks edildiyi ekspozisiya, qəhrəmanın şəxsi
əşyalarının qorunub
saxlanıldığı bölmə,
o cümlədən H.Aslanovun düşmənə
qarşı döyüşdüyü
"T-34" tankının maketi ilə tanış olmuşlar.
Sonda Həzi Aslanovun döyüş yolundan bəhs edən sənədli film nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 4 fevral.- S. 6.