Ardıcıl və səmərəli elmi axtarışların uğurlu
nəticələri
Məlum olduğu kimi, 2008-ci il dekabr ayının sonu və 2009-cu ilin yanvar ayında ilk Azərbaycan Antarktida tədqiqat qrupu Yer kürəsinin ən cənub materikində elmi ekspedisiyada olmuş, beləliklə, cənub qütbünə ilk azərbaycanlıların ayağı dəymişdir. Hər bir azərbaycanlının fəxr edə biləcəyi bu ekspedisiya zamanı Azərbaycanın dövlət bayrağı, ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" və "Azərbaycan İlhamla irəli" sözləri yazılmış barelyeflər Antarktidanın ən yüksək Vinson (5140 m) zirvəsinə və planetin ən cənub qütbünə sancılmışdır.
Müasir iqlim dəyişmələri fonunda buzlaq ərazilərin, xüsusən, Antarktida materikinin kompleks öyrənilməsi dünya alimlərinin, tədqiqatçıların daim diqqət mərkəzindədir. Alimlər iqlim dəyişmələrinin təsiri nəticəsində orta illik temperaturun +1.0 C artdığını göstərməklə Arktika, Qrenlandiya, Antarktika yarımadasında temperatur artımının daha çox +2 C, +2.5 C artmasını təsadüfi hesab etmirlər. Eyni zamanda, canlı aləm üçün olduqca əhəmiyyətli bir təbəqənin, ozon təbəqəsinin də ən çox Antarktida materiki üzərində pozulması elmi cəhətdən materikin hərtərəfli öyrənilməsini daha da aktuallaşdırmışdır.
Bu baxımdan Antarktida materikinin öyrənilməsinin elmi-praktiki əhəmiyyəti əsasən aşağıdakılardan ibarətdir:
- Antarktida bəşəriyyətin gələcəyi üçün mineral xammal ehtiyatı mənbəyidir. Materikdə dəmir filizi, daş kömür, mis, nikel, qurğuşun, sink, molibden, qrafit, sahilə yaxın şelf zonalarının çökmə süxurlarında isə neft, qaz yataqları aşkar edilmişdir;
- Antarktidada dünyanın şirin su ehtiyatının 90 faizi cəmlənmişdir;
- Antarktida Yerin iqlim sisteminin formalaşmasında, iqlimin tənzimlənməsində müstəsna əhəmiyyətə malikdir. Müasir iqlim dəyişmələrinin, atmosferin ozon təbəqəsində baş verən pozulmaların öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən böyük laboratoriyadır;
- Antarktidada Yer kürəsinə olan kosmik təsirlər və Yerdə baş verən digər geofiziki proseslər öyrənilir;
- Antarktidanın buz örtüyünün öyrənilməsi artıq öz elmi praktiki əhəmiyyətini verməklə Yerin atmosfer, hidrosfer təbəqələrində yüz min illər bundan əvvəl necə olduğu və gələcəkdə bu sferalarda hansı dəyişikliklərin olması barədə geniş tədqiqatların aparılması üçün olduqca önəmlidir. Materikin buz təbəqəsinin öyrənilməsi Yerin paleoiqlimini bərpa etməyə, yüz min illər bundan əvvəl Yer atmosferində olan qazların tərkibi haqqında məlumatlar toplamağa imkan verir;
- Antarktida göllərində milyon illər bundan əvvəl yaşamış mikroorqanizmləri öyrənmək üçün unikal imkanlar vardır;
Heç bir dövlətin ərazisi hesab olunmayan Antarktida materikinin öyrənilməsinə dair 1959-cu il dekabrın 1-də bağlanılmış və 1961-ci il iyunun 23-də qüvvəyə minmiş Beynəlxalq Antarktida Müqaviləsi bu istiqamətdə axtarışları xeyli intensivləşdirmişdir. Təsadüfi deyil ki, planetin iqlim şəraitinin dəyişməsində və gələcəkdə bəşəriyyətin ərzaq və enerji ilə təmin olunmasında materikin müstəsna rolunu nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun beynəlxalq ictimaiyyətin, alimlərin, dövlət xadimlərinin diqqətini materikin dinc məqsədlər üçün öyrənilməsinə yönəltmək üçün özünün ilk səfərlərindən birini məhz Antarktida materikinə etmişdir.
Əgər nəzərə alsaq ki, Arktikadan fərqli olaraq Antarktidada olan atmosfer təzyiqi və digər meteoelementlər böyük aralıqda dəyişir və Azərbaycan-Antarktida ekspedisiya qrupu sahildən cənub qütbü istiqamətində hərəkət zamanı gündəlik meteoroloji müşahidələri məhz belə bir şəraitdə aparmışdır, onda əldə olunan ekspedisiya məlumatlarının, meteoroloji müşahidələrin tarixi və elmi əhəmiyyəti daha da aydınlaşar.
Ayrı-ayrı dövlətlərin Antarktidaya göstərdiyi diqqətə və marağa cavab baxımından ölkəmizin tarixində ilk dəfə olaraq ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun rəhbərlik etdiyi tədqiqat qrupunun materikdə apardığı tədqiqat və müşahidə işləri olduqca əhəmiyyətlidir.
Məhz belə bir riskli, cəsarətli, uğurlu ekspedisiyanın materikdə apardığı elmi tədqiqatların, 500-dən artıq meteoroloji, geoloji müşahidənin real nəticələrini özündə əks etdirən üç kitabın (birinci kitab "Antarktidanın gündəliyi" (müəllif: Hüseyn Bağırov), ikinci kitab "Antarktidanın iqlimi, Qlobal təsirlər" (müəlliflər: Hüseyn Bağırov, Rza Mahmudov), üçüncü kitab "Hondvananın donmuş parçası" (müəlliflər: Hüseyn Bağırov, Vasif Babazadə, Əhməd Kərimov) işıq üzü görməsi azərbaycanlı oxuculara, hidrometeoroloq, geoloq tədqiqatçılara, bu sahədə təhsil alan tələbələrə, oxuculara böyük töhfədir.
Birinci kitabda cənub materikinə səfərin təşkil olunması ideyasından tutmuş, ekspedisiyaya hazırlıq, ekspedisiyanın marşurutu, cənub materikində gündəlik müşahidə və tədqiqatlardan, ayrı-ayrı maraqlı hadisələrdən, ortaya çıxan çətinlik və təhlükələrdən geniş məlumatlar verilir.
İkinci kitab tam materikin iqlim-hava şəraitinin tədqiqinə həsr olunmaqla bu yerlərin qlobal iqlim sistemindəki rolundan, əhəmiyyətindən, materikin müasir iqlim dəyişmələrinə məruz qalmasından geniş bilgi verir. Kitabda əlavə kimi Antarktida materikinə dair "Beynəlxalq Müqavilələr və Razılaşmalar" verilmiş və onların huquqi bazaları əks olunmuşdur.
Üçüncü kitab isə Yerin ümumi quruluşu, materik və yer qabığının inkişaf dinamikası barədə geniş məlumat verilməklə bu proseslərdə Antarktida materikinin rolundan, materikin əmələ gəlməsindən və xüsusən, onun keçmiş Hondvana materikinin tərkib hissəsi olmasından bəhs edilir. Toplanmış faktiki materialların rəngarəngliyi, habelə kameral və ən yeni növ analizlərin tətbiq edildiyi laboratoriya tədqiqatlarının nəticəsində əldə edilən məlumatlar cənub qitəsinin geoloji quruluşu, tektonikası və maqnitizmi haqda çox maraqlı fikirlərin söylənməsinə imkan verir. Kitabın son fəslində Antarktidanın mineral-xammal resursları, onların istismar perspektivləri və ortaya çıxan ekoloji problemlər araşdırılmşdır.
Ümumiyyətlə, hər üç kitab tədqiqatçı üçün riskli, uğurlu bir ekspedisiyanın real nəticələrini özündə əks etdirir, alim və mütəxəssislər, tələbə və aspirantlar üçün olduqca dəyərli elmi mənbə hesab olunur. Bu nəşrlər Antarktidada tədqiqat aparan ölkələr sırasına Azərbaycanın da adının əlavə olunmasını təsdiqləyir və gələcəkdə "Bəşəriyyətin ümüd materiki" kimi baxdığı materikə dair bağlanmış müqavilənin bərabərhüquqlu üzvünə çevrilməsinə böyük zəmin yaradır.
Budaq BUDAQOV,
Akademik
Azərbaycan.- 2010.- 4 fevral.- S.7.