9. Azərbaycan ərzaq təhlükəsizliyi
problemini uğurla həll edib
İqtisadi sahədə keçid
dövrü başa çatıb
"Bu
gün biz artıq ərzaq təhlükəsizliyinin
böyük hissəsini həll etmişik. Azərbaycan
özünü əsas ərzaq məhsulları ilə demək
olar ki, maksimum dərəcədə təmin edir. Bu, heç
vaxt belə olmayıb. Həmişə Azərbaycan ərzaq məhsullarının
idxalından asılı idi. Vəzifə qoyulmuşdu ki,
özümüzü əsas ərzaq məhsulları ilə
təmin etməliyik və biz bu məqsədə
çatırıq."
İlham ƏLİYEV
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilməsi qloballaşma prosesinin geniş vüsət aldığı XXI əsrdə Azərbaycanın tərəqqi yolunda sürətlə irəliləməsini təmin etməkdə, onu zəngin və qüdrətli bir dövlətə çevirməkdədir. Bunun nəticəsidir ki, iqtisadi sahədə də Azərbaycan özünün inkişaf modelini yaradaraq, ümumi daxili məhsulun artım tempinə görə, son illərdə dünya dövlətlərinin siyahısında lider mövqedən çıxış etməkdədir. İqtisadi inkişaf tempinə görə, artıq dünya miqyasında adı daha çox nümunəvi dövlət kimi çəkilməkdə olan Azərbaycanı bu sahədə fərqləndirən əsas xüsusiyyətlərdən biri də ərzaq təhlükəsizliyi sferasında ciddi nailiyyətlərə imza atması, bununla bağlı olaraq daxili imkanlar hesabına mühüm strateji məhsullarla özünü təmin etməsidir.
Ərzaq təhlükəsizliyi təminatının
əsasını yaradan siyasət
Dünya iqtisadiyyatında cərəyan edən proseslərin ümumi təhlili göstərir ki, qarşıdakı dövr ərzində ərzaq təhlükəsizliyi əksər dövlətlər üçün indiki ilə müqayisədə daha ciddi xarakter daşıyaraq zəruri həll tələb edən məsələlərdən biri kimi çıxış edəcək. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Qarşıdakı 20 il ərzində əhali artımı ilə müqayisədə ərzaq istehsalının ötən dövrlərə nisbətən azalması bir daha qida təhlükəsizliyinin təmin olunmasının növbəti illərdə nə dərəcədə zəruri xarakter daşıyacağını əyani təsəvvür etməyə imkan verir.
Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanın daxili imkanlar hesabına əsas ərzaq məhsulları ilə təminatına xüsusi fikir verilmiş və buna nail olunması üçün məqsədyönlü tədbirlər görülmüşdür. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi son nəticədə ölkəmizin bir çox strateji ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə gətirib çıxarmışdır. Azərbaycan dövlət başçısının bu məqsədlə verdiyi fərman və sərəncamlar, təsdiq etdiyi müvafiq proqramlar ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkəmizin imkanlarını günü-gündən genişləndirməkdə, qeyd edilən sahə üzrə daha etibarlı zəmin yaratmaqdadır.
O da faktdır ki, etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir.
Dünya bazarlarında yenidən enerji daşıyıcılarının qiymətinin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə əsasən, iqtisadçı ekspertlər qarşıdakı dövr ərzində ərzaq məhsullarının dünya miqyasında qiymətlərinin artacağını proqnozlaşdırırlar. Bu şəraitdə isə ərzaq idxalı sahəsində də müəyyən çətinliklərin yaşanacağı istisna olunmur. Lakin Azərbaycanın bir çox əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin etməsi bu çətinliklərin ölkəmizdən yan keçməsini bəri başdan şərtləndirir.
Məlumat üçün onu da bildirək ki, ərzaq təhlükəsizliyi anlayışı altında müvafiq ehtiyatlar, potensial və zəmanətlərlə təmin olunmuş dövlətin qəbul edilmiş norma və standartlara uyğun olan həcmdə, keyfiyyətdə və çeşiddə əhalinin ərzaq məhsullarına olan ehtiyacını ödəyə bilmək qabiliyyəti nəzərdə tutulur. Sosial-iqtisadi aspektdə ərzaq təhlükəsizliyi tələbatı təmin etmək qabiliyyətini, siyasi-iqtisadi prizmadan yanaşıldıqda isə bu tələbatları təmin etmək üçün ölkənin daxili ehtiyatları və aqrar sənaye potensialını səfərbərliyə almaq qabiliyyətini özündə ehtiva edir. Bununla yanaşı, ərzaq təhlükəsizliyini həm daxili, həm də xarici təhlükələrlə bağlamaq lazımdır. Bu zaman daxili amillərin təsir miqyası xarici amillərdən daha çoxdur. Belə ki, keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində bütövlükdə Azərbaycan iqtisadiyyatının, xüsusilə aqrar-sənaye kompleksinin tənəzzülünə gətirib çıxarmış səriştəsiz idarə olunmanı deyilənlərə əyani misal göstərmək olar. Lakin keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatlarının həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanması və bu qəbildən olan digər tədbirlər ərzaq təhlükəsizliyi sferasında daxili amillərin təsir miqyasının yalnız müsbət müstəvidə cərəyan etməsini şərtləndirdi.
1996-cı ildən beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsinə başlanan ərzaq proqramı kənd təsərrüfatının davamlı inkişafı və yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli təkmilləşdirilməsinə yönəldi. Bunun ardınca qanunvericilik sahəsində atılan yeni addımlar ərzaq təhlükəsizliyinin təminatı istiqamətində növbəti tədbirlərdən oldu. Bu xüsusda 1999-cu ildə qəbul edilmiş "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanunu ayrıca qeyd edilməlidir. Həmin qanuna uyğun olaraq əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlətin yerinə yetirəcəyi vəzifələrdən biri ərzaq və xammal kimi istifadə edilən yeyinti məhsullarının istehsalı və istifadəsi üzrə balansların hazırlanması və əhalinin yeyinti məhsulları ilə təminatını proqnozlaşdırmaqdan ibarət idi. Bu, ölkənin ərzaq təhlükəsizliyinin təminatı sahəsində görüləcək işlərin həcminin, sərf ediləcək əmək və vəsaitin əvvəlcədən müəyyən olunması baxımından zəruri əhəmiyyət kəsb edirdi. Yeri gəlmişkən qeyd edək ki, ərzaq balanslarının işlənməsini təmin etmək məqsədilə Milli Məclis tərəfindən "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2008-ci il 30 dekabr tarixdə qanun qəbul edilib və onun tətbiq edilməsinə dair Prezident İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb.
2001-ci ildə isə Prezident Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"nın təsdiq edilməsi göstərilən sahə üzrə yeni nailiyyətlərin əldə olunmasına mühüm töhfə oldu. Məhz həmin proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başladı. Bununla yanaşı, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasının təmin edilməsində vacib rol oynadı.
Strateji xarakterli dövlət
proqramı
Sonrakı dövr ərzində isə ərzaq təhlükəsizliyinin təminatı məsələsində atılan addımlar və görülən tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi uğurların miqyasını əhəmiyyətli dərəcədə genişləndirdi. 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında söylədiyi yekun nitqində isə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanda ərzaq təhlükəsizliyinin təmininə dair proqram xarakteri daşıyaraq həm institusional, həm də icra xarakterli işlərin görülməsini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Yekun nitqində Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi məsələsinə toxunaraq qeyd edirdi: "Xüsusilə indiki şəraitdə, biz ərzaq təhlükəsizliyi məsələlərinə də böyük diqqət göstərməliyik. Bu məsələ dünyada çox ciddiləşir. Biz bunu görürük, bilirik və bütün hazırlıq işlərimizi görməliyik".
Bunun ardınca dövlət başçısı 1 may 2008-ci il tarixdə "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında" sərəncam imzaladı. Eyni zamanda, 2008-ci ilin dövlət büdcəsində edilən dəyişikliklərə müvafiq olaraq ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra mühüm və təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, ilk növbədə, aqrar sektora dövlət dəstəyinin artırılması, meliorasiya və irriqasiya işlərinin sürətləndirilməsi, əsas ərzaq məhsulu olan taxıl ehtiyatlarının yaradılması ilə bağlı xüsusi anbarların tikilməsi, xüsusi avadanlıqların alınması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması barədə qərar qəbul olundu.
Bütün bunlar Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində gördüyü işlərin miqyasının artmasından xəbər verməklə yanaşı, bu sahədə yeni və daha uzunmüddətli strategiyanın da həyata keçirilməsini zəruri edirdi. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə ərzaq təhlükəsizliyi sahəsində ən əsas və aparıcı addımlardan biri oldu.
Dövlət proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün dövlət proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
ölkədə ərzaq məhsulları istehsalını artırmaq; əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək; ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək; ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq.
Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə həyata keçirilən və keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldilməkdədir.
Dövlət proqramı əhatə etdiyi müddət ərzində ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Tədbirlər Planını özündə əks etdirir. Sözügedən proqrama əsasən, 2015-ci ilədək dənli bitkilərin əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması, ümumi istehsalı 2,8 milyon tona çatdırmaq nəzərdə tutulur. Lakin ötən ilin yekunları göstərdi ki, qeyd olunan göstəricilərə Azərbaycan vaxtından əvvəl çatmaq iqtidarındadır. Belə ki, kənd təsərrüfatı sahəsində aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ötən il ərzində 3 milyon ton taxıl istehsal edərək ölkə tarixində rekord göstəriciyə imza atdı.
O da xüsusi olaraq qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımların, texnika və gübrə alınmasına edilən güzəştlərin nəticəsində 2009-cu ildə taxıl əkinlərinin sahəsi 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılıb. Bunun arasında isə əsas yeri strateji məhsul sayılan buğda əkini sahəsi təşkil edib. Belə ki, buğda əkini sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektara çatdırılıb.
Kənd təsərrüfatının belə sürətlə inkişafında 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan "Aqrolizinq" ASC-nin də xüsusi rolu olub. Məhz bu səhmdar cəmiyyət hesabına fermerlərin texnikaya olan tələbatı ödənilib. Qeyd edək ki, fəaliyyətə başladığı 2005-ci ildən "Aqrolizinq" ASC tərəfindən 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular, 7 süd zavodu, xeyli sayda soyuducu kamera, 7 qarışıq yem zavodu, 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu və s. gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.
Ərzaq təhlükəsizliyinin, xüsusən də taxıla olan tələbatın yerli istehsal hesabına təmin edilməsində Azərbaycanın əldə etdiyi uğurlar və bu uğurların qarşıdakı dövr ərzində daha da genişləndirilməsi bəzi parametrlər üzrə olduqca vacib əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, Azərbaycanın ərzaq məhsulları ilə təmini sahəsində xarici asılılıq tam aradan qalxır və dünya iqtisadiyyatında qlobal maliyyə böhranı kimi fəsadlar, eləcə də bu qəbildən olan digər problemlər ölkəmizin ərzaqla təminatında heç bir çətinlik yaratmır. Digər tərəfdən Azərbaycan ərzaq təhlükəsizliyində vacib rol oynayan məhsullarla özünü tam təmin etdikdən sonra əlavə məhsulun ixrac edilməsi hesabına da iqtisadiyyatını gücləndirmək imkanları qazanır. Prezident İlham Əliyev bu məqamla əlaqədar bildirir: "Öz ixrac potensialımızı daha da böyük dərəcədə realizə etməliyik. Nəzərə almalıyıq ki, bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaqdır".
Azərbaycan ərzaq məhsullarının
ixracatçısına çevrilir
Son illər taxılla yanaşı əhalinin ərzaq məhsulları ilə təminatında digər məhsulların da payı yerli istehsal hesabına xeyli artıb. Məsələn, kartof, bostan, meyvə, tərəvəz məhsullarına görə adambaşına istehlak norması tam daxili istehsal hesabına ödənilir və təsadüfi deyil ki, ölkəmiz bu sahədə idxalçı ölkədən ixrac edən ölkəyə çevrilir. Aparılan araşdırmalar göstərir ki, artıq Azərbaycan dünyanın 90-a yaxın ölkəsinə müxtəlif həcm və çeşiddə 30-dan çox adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edir.
Ümumiyyətlə, aparılan aqrar islahatlar nəticəsində son illər kənd təsərrüfatı sürətlə inkişaf etməkdə və müvafiq olaraq adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artmaqdadır. Həyata keçirilən tədbirlər bir çox sahələrdə olduğu kimi, bitkiçilik məhsullarının istehsalının strukturunda da müəyyən dəyişikliklərə səbəb olub və bu, ilk növbədə, ölkənin əkin strukturuna təsir edərək onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan verib. Bir məqamı da qeyd edək ki, ölkəmizdə bitkiçilik məhsullarının istehsalında artım 1999-cu ildən başlayaraq müşahidə olunur. Belə ki, taxıl istehsalı 1999-cu ildəki 1 milyon 98,3 min tondan 2007-ci ildə 2 milyon 4,4 min tona, kartof 394,1 min tondan 1037,3 min tona, tərəvəz 670,8 min tondan 1 milyon 227,3 min tona, bostan bitkiləri 206,3 min tondan 417,6 min tona, meyvə 436,5 min tondan 677,8 min tona çatdırılıb. 2008-2009-cu illər ərzində isə bu göstəricilərin əksəriyyəti ölkə tarixində rekord həddə qədər artırılıb, bununla da bir sıra məhsullar üzrə ərzaq təminatının balansı müsbət saldoya doğru dəyişməyə başlayıb. Qeyd edildiyi kimi, artıq kartofa, tərəvəz, bostan məhsullarına və meyvəyə əhalinin illik tələbatı daxili istehsal hesabına təmin olunur və onların ixrac imkanları genişlənir.
O da vacib reallıqlardan biridir ki, istehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdən biridir. Bu məqam əvvəlcədən nəzərə alındığından son illər kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük quruculuq işləri həyata keçirilib, onlarla yeni kiçik və iri müəssisələr tikilib, yaxud bərpa olunaraq yenidən fəaliyyətə başlayıb. Bununla yanaşı, məhsulun alqı-satqısı üçün yeni iqtisadi münasibətlərə uyğun bazarın mühüm atributlarının, infrastrukturunun yaradılması prosesi bu gün də geniş vüsətlə davam etdirilir.
Artıq xeyli sayda tədarük-satış bazaları yaradıldığından meyvə-tərəvəzin yerlərdə tədarükü, saxlanılması və satışı artır. Hesablamalara görə, bu sahədə görülən işlər nəticəsində hər il yetişdirilmiş meyvə və tərəvəzin 10-15 faizi həcmində əvvəllər qeydə alınan itkinin də qarşısı alınıb. Eyni zamanda, mineral gübrələrin, habelə dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqlarının müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların tikilməsi prosesi geniş vüsət alıb. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün çeşidləmə, qablaşdırma, saxlama, reklam, nəqliyyat məsələləri də uğurla həll olunmaqda, istehsala və ixraca stimul yaradan tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında etdiyi dərin məzmunlu çıxışında bu məqama toxunaraq bildirmişdir: "Kənd təsərrüfatının inkişafını təmin edən başqa sahələrə də biz əlbəttə ki, diqqətimizi əsirgəməməliyik. Bu həm iqtisadi, həm də sosial baxımdan çox vacib olan sahədir və eyni zamanda, emal müəssisələrinin yaradılmasına xidmət göstərəcəkdir. Azərbaycanda artıq bir neçə yerdə müasir emal müəssisələri yaradılıbdır, bəziləri indi tikilir. Mən tikinti zamanı tanış olmuşam və hesab edirəm ki, növbəti bir neçə il ərzində biz Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının böyük hissəsini özümüzdə emal edəcəyik və hazır məhsul kimi ixrac edəcəyik. Biz ixrac yollarımızı daha da genişləndirməliyik. Əlbəttə ki, ənənəvi bazarlar vardır və biz o bazarlarda daha da geniş təmsil olunmalıyıq. Ancaq biz yeni bazarları da axtarmalıyıq. Nəzərə alsaq ki, heç axtarmağa da dəyməz, bu bazarlar bizim ətrafımızdadır. Elə məhsullar buraxılmalıdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Avropa İttifaqı bazarlarına rahatlıqla çıxa bilsinlər. Bunun üçün əlbəttə ki, müəssisələr müəyyən standartlara uyğun olmalıdır. Azərbaycanda son illər ərzində yaradılan emal müəssisələri bu standartlara cavab verir".
Qeyd edilənlər ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artım səviyyəsinin sürətlənməsinə, istehlakçıların çeşidli yerli məhsullarla təminatına müsbət təsir göstərir. Bundan başqa, ölkə ərazisində kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların sayının artırılması məqsədilə 2008-2009-cu illərdə xaricdən damazlıq heyvanların gətirilməsi və heyvandarlıqla məşğul olan fermerlərə 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçirilib. 28 dekabr 2009-cu il tarixdə Prezident İlham Əliyev "Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncam verib. Həmin sərəncama əsasən Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində 2010-cu ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat vəsait ayrılıb.
Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyəli hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir. Dövlət ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə müvafiq işlər görülüb və bu çərçivədə Dövlət Taxıl Fondu yaradılıb. Bu sahədə həmçinin müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, zəruri infrastrukturun yaradılması, o cümlədən tələbata uyğun yeni elevator və anbarların tikilməsi, zəruri hallarda taxıl bazarına əmtəə müdaxiləsi mexanizminin həyata keçirilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların formalaşdırılması, fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi vəzifələrin yerinə yetirilməsində ciddi uğurlara imza atılıb.
Həyata keçirilən bu uğurlu siyasət həm də son bir neçə il ərzində Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider statusunu daşımasında mühüm rol oynayıb. Həmçinin iqtisadi sferada həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət dünyanı lərzəyə salan qlobal maliyyə böhranının ölkəmizə təsirinin minimum həddə qalmasını təmin edib. Bu səbəbdəndir ki, böhran şəraitində dünya iqtisadiyyatının gerilədiyi bir vaxtda qeyd olunan sahə üzrə ölkəmizdə yenə də dinamik inkişaf mövcuddur. Bütün bunlar bir daha Azərbaycanın seçdiyi iqtisadi inkişaf yolunun kifayət qədər düzgün olduğunu əyani nümayiş etdirir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, eyni zamanda öz milli maraqlarımızı heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın. Hər halda son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur".
Qarşıdakı dövr ərzində də Azərbaycanda ərzaq istehsalı görülən tədbirlər nəticəsində artan xətt üzrə inkişaf edəcək. Bunun ən ümdə səbəblərindən biri də ölkə iqtisadiyyatının inkişafının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsidir. Qeyd olunan inkişafın davamını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 14 aprel 2009- cu il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın artıq icrasına başlanması isə şübhəsiz ki, ölkəmizin ərzaq təminatı sahəsində də daha böyük nailiyyətlər əldə etməsinə səbəb olacaq. Əslində bunun bir çox məqamları indidən özünü büruzə verməkdədir.
Beləliklə, dünya üzrə iqtisadi inkişaf tempinə görə lider olan Azərbaycan artıq qlobal böhran şəraitində ərzaq təhlükəsizliyini də tam təmin edə bilib. Bu, böhranın dünya iqtisadiyyatında yaratdığı fəsadların qarşıdakı dövr ərzində Azərbaycana təsirlərinin indiki ilə müqayisədə daha minimal xarakter daşıyacağından xəbər verir. Həmçinin, qeyd edilənlər bundan sonrakı müddətdə Azərbaycan iqtisadiyyatının daha yüksək templə inkişaf edəcəyini də əyani nümayiş etdirir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 5 fevral.- S. 2.