Müasir biliklər iqtisadi inkişafın əsas amili
olmalıdır
Müasir dünyada
iqtisadiyyatın dayanıqlı inkişafı uğrunda
mübarizə əksər hallarda elmin tərəqqisi sahəsində
yarışa çevrilir. Azərbaycanda elmin bugünkü
nailiyyətləri respublika iqtisadiyyatı və mədəniyyətinin
dinamik inkişafının mühüm elementidir. Məlumdir
ki, dövlətin sosial-iqtisadi qüdrəti, müdafiə
qabiliyyəti və təhlükəsizliyi əhəmiyyətli
dərəcədə elmi tərəqqidən
asılıdır. 2009-cu il Azərbaycan Respublikasında elmin
inkişafının milli strategiyasının formalaşma
prosesində xüsusən əlamətdar olmuşdur. Prezident
İlham Əliyev tərəfindən 2009-cu ilin may ayında
Azərbaycanda elmin inkişaf strategiyasının işlənilməsi
üçün dövlət proqramını nəzərdə
tutan xüsusi sərəncam imzalanıb.
Proqramın əsas məqsəd
və məramları aşağıdakılardan ibarətdir:
Azərbaycanın
sosial-iqtisadi inkişafı naminə milli elm potensialından
istifadənin effektivliyinin yüksəldilməsi
üçün təbiət, insan və cəmiyyət
haqqında biliklərin genişləndirilməsi və dərinləşdirilməsi;
Azərbaycanda fundamental elmin
nüfuzunun yüksəldilməsi və onun kadr
potensialının inkişafı.
Bu proqramın
reallaşması üçün həmin il Prezident İlham Əliyev
tərəfindən Azərbaycan Respublikası Prezidenti
yanında "Elmin inkişaf fondu"nun yaradılması
haqqında daha bir vacib sərəncam imzalanmışdır. Zənnimizcə,
ölkə Prezidentinin bu iki sərəncamı ilə Azərbaycanda
elm sferasında ardıcıl islahatların təməli
qoyulmuşdur ki, bu da respublikamızın sosial-iqtisadi sahəsinin
xüsusiyyətlərini, onun tarixi köklərini və mədəni
ənənələrini nəzərə almalıdır. Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin 8 dekabr 2009-cu il tarixdə "Azərbaycan"
qəzetində çap etdirdiyi məqalədə qeyd edilir
ki, "bu gün elmimizin əsas məqsədi ondan ibarətdir
ki, yaxın illərdə təhsildə, elmdə, ümumən
intellektual sahələrdə ciddi dönüş
yaradılmalı və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması prosesi intensivləşdirilməlidir".
Başqa sözlə desək, elmi tədqiqatların yeni təşkili
sisteminin mahiyyəti özündə proqressiv bilikləri birləşdirən
cəmiyyətin iqtisadi inkişafını müasir biliklər
əsasında qurmaqdan ibarət olmalıdır.
Azərbaycanda fundamental tədqiqatların
effektivliyinin daha da yüksəldilməsi üçün
müvafiq elmi istiqamətlərin hazırkı vəziyyətini
nəzərə alaraq alimlərin kiminin məhsuldar, kiminin isə
qeyri-məhsuldar fəaliyyətini qiymətləndirməkdə
istifadə etmək lazımdır. Bu gün elmi kollektivlərin
fəallıq səviyyələrinin müəyyənləşdirilməsində
"qrant aktivliyi" faktoru ciddi arqument kimi nəzərə
alına bilər. Eyni zamanda, alimlərin fəaliyyətinin səmərəliliyinin
müəyyən olunmasında "istinad indeksi" və
"beynəlxalq nüfuz" mühüm amil hesab edilməlidir.
Bizim alimlərin müştərək beynəlxalq layihələrdə
iştirak səviyyəsi, onların xarici həmkarları ilə
şərikli tədqiqatlara cəlb edilməsi yüksək
ixtisaslaşmanın və peşəkarlığın
göstəricisi kimi qəbul oluna bilər.
Son illərin təcrübəsi
göstərir ki, Yer elmləri sahəsində fundamental tədqiqatların
gələcək inkişafı qlobal problemlərin xarakteri və
bütövlükdə, iri regionların əhatəsilə
müəyyən olunacaqdır. Bu da, öz növbəsində,
tədqiqatların elmlərarası səciyyəsini,
aparıcı universitetlər və elm mərkəzlərilə
geniş kooperasiyanı və təbii ki, böyük həcmli
maliyyə dəstəyini nəzərdə tutur. Bu gün
ayrı-ayrı ölkələr, hətta Amerika Birləşmiş
Ştatları və Yaponiya kimi varlı dövlətlər
belə öz maliyyə, intellektual ehtiyatları hesabına
qlobal problemləri həll etmək iqtidarında deyillər.
Ona görə də indiki zamanda müştərək
proqramlar, qrantlar və yaxud müştərək əməkdaşlıq
müqavilələri çərçivəsində tədqiqatlar
beynəlxalq alim kollektivləri tərəfindən
aparılır. Yer elmləri sahəsində dəqiq elmlərin
- riyaziyyat, informatika, fiziki-kimyəvi tədqiqat
üsullarının tətbiqi daha geniş vüsət
alır. Geologiya elmində gələcəkdə də
geofiziki tədqiqat metodları həcminin genişləndirilməsinə
və kompüter-proqram bazasının gücləndirilməsinə
xüsusi diqqət verilməlidir.
Zənnimizcə,
alim-geoloqların 2010 və daha sonrakı illərdə fəaliyyəti
aşağıdakı prioritet problemlərin həlli üzərində
cəmləşməlidir:
1. Müasir geodinamika, geoloji
risklər və regionun dayanıqlı inkişafı.
2. Azərbaycanın
karbohidrogen potensialının, o cümlədən 10 km dərinliyə
kimi karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi.
3. Böyük
yaşayış məntəqələrinin və strateji
obyektlərin, o cümlədən Xəzər dənizinin
çirklənməsinin aerokosmik monitorinqi daxil olmaqla,
geoekoloji problemlər.
Birinci problem üzrə məsələlərin
həlli üçün təşkilati struktur kimi beynəlxalq
elmi konsorsiumun (Azərbaycan, Rusiya, Ukrayna, Almaniya, İtaliya,
Yunanıstan) yaradılması nəzərdə tutulur. Onun
funksiyasına müştərək kompüter proqramları əsasında
ümumi məlumatlar bankının yaradılması, seysmik
hadisələr daxil olmaqla, geoloji proseslər monitorinqinin təşkili,
seçilmiş poliqonlarda (məsələn Qafqazda) müasir
şaquli və horizontal hərəkətlərin qiymət və
vektorlarının, qravitasiya və elektromaqnit sahələrinin
variasiyalarının periodik ölçülməsi, Yer təki
gərginliyinin qiymətləndirilməsi, geoloji təhlükə
və respublika ərazisinin dayanıqlı inkişafı
üçün tövsiyələr hazırlanması
daxildir.
Geoloji korrelyasiyanın
aparılması, dərinlik sahələrinin (qravimetrik, maqnit,
seysmik) vəziyyətinin aydınlaşdırılması və
ümumiyyətlə, Yerin dərinlik quruluşunun Azərbaycan
hissəsinin öyrənilməsi məqsədilə XX əsrin
səksəninci illərində ifratdərinlikli Saatlı
quyusu qazılmış, lakin onun maliyyə
çatışmazlığı səbəbindən layihə
dərinliyinə (15 km-ə) çatdırılması
mümkün olmamışdır. Alim-geoloqlar belə
düşünürlər ki, Yer təkinin dərinliklərindən
daha geniş və intensiv istifadə etmək lazımdır. Yəni,
onlardan mineral-xammal çıxarmaqla yanaşı, həmçinin
digər məqsədlər üçün də istifadə
edilməlidir. Məsələn, Saatlı ifratdərinlikli quyu
əsasında dərinlik geofiziki observatoriyanın
yaradılmasını planlaşdırırıq. Bu işləri
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya
İnstitutu, Kibernetika İnstitutu və Respublika Seysmoloji Xidmətinin
qüvvələrilə yerinə yetirmək nəzərdə
tutulur. Bu baxımdan Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin də köməyi və texniki dəstəyinə
böyük ümudlər bəsləyirik.
Geofiziki rəsədxananın
əsas məqsədlərindən biri zəlzələlərin
proqnozlaşdırma metodlarının işlənilməsi
üzərində tədqiqatların aparılmasından ibarətdir.
Şübhəsiz, buna əsas verən amillər mövcuddur.
Alimlər xüsusi cihazlardan istifadə etməklə quyular
vasitəsilə hətta minlərlə kilometr dərinlikdə
Yer qabığında nələr baş verdiyini izah edə
bilirlər.
Məlumdur ki, Yer haqqında
elmlərin müasir inkişaf mərhələsi xüsusi
diqqətlə planetin dərinlik quruluşunun tədqiqi ilə
səciyyələnir. Bu isə dərinliklərdəki gizli
faydalı qazıntıların effektiv proqnozlaşdırılması
probleminin həll edilməsi, neft və qaz yataqlarına malik
olan çökmə hövzələrin əmələgəlmələrinin
qlobal səbəblərinin aşkar edilməsilə əlaqədardır.
Bu problem üzrə
alim-geoloqların 2007-ci ildən başlayaraq icra etdiyi dövlət
proqramı çərçivəsində nəzərdə
tutulmuş işlərlə yanaşı, 10 km-dən
artıq dərinliklərin neft-qazlılığının
qiymətləndirilməsi məqsədilə xüsusi elmi-tədqiqatlar
aparmaq üçün işlənilməkdə olan həmin
proqrama bir sıra əlavələr nəzərdə
tutulmalıdır. Məsələ bundan ibarətdir ki, bu
yaxınlarda Meksika körfəzinin Tibor sahəsində 10 km dərinlikdə
nəhəng neft yatağı aşkar edilmişdir. Sənaye əhəmiyyətli
məhsulun belə dərinlikdə müəyyən edilməsi
birinci dəfə qeyd olunur. İlkin hesablamalara görə, bu
yatağın 3-4 mlrd. barel neft ehtiyatına malik olduğu
güman edilir və beləliklə, həmin yataq müasir Qərb
təsnifatlarına əsasən, nəhəng yataqlara aid oluna
bilər. Bu kəşf bir neçə aspektə malikdir:
1. Dünya okeanı
akvatoriyasında elmi-tədqiqat işlərinin kəskin surətdə
aktivləşməsi. Meksika körfəzində nəhəng
yatağın kəşf edilməsi dərinlik obyektlərinin
neft-qazlılıq perspektivlərini əhəmiyyətli dərəcədə
artırır. Əgər ərazisində yüzlərlə
karbohidrogen yatağı aşkar olunmuş Meksika körfəzi
kimi ətraflı öyrənilmiş regionda 10 km-dən
artıq dərinlikdə yeni nəhəng neft yatağı
aşkar edilirsə, deməli, nisbətən zəif öyrənilmiş
Cənubi Xəzər hövzəsinin akvatoriyasında dərinliklərdə
yerləşən yataqların axtarış perspektivləri,
çox güman ki, artmalıdır.
2. 10 km dərinlikdə,
karbohidrogenlərin xüsusən də olduqca böyük həcmdə
aşkar edilməsi neftin orqanik əmələgəlmə nəzəriyyəsinin
bəzi fundamental müddəalarına yenidən baxmağa dəlalət
edir. Söhbət neftin generasiya və dərinliklərdə
saxlanılmasından gedir. Belə ki, mövcud fərziyyələrə
görə, böyük dərinliklərdə karbohidrogen potensialının
tükənməsi və buradakı yüksək temperatura
görə onun destruksiyası üzündən böyük həcmlərdə
neft generasiyası ola bilməz. Dəyişilməmiş neftin
münasib rezervuarlarda toplanması həmin neftin yaxşı
saxlanılma şəraitindən xəbər verir. Bu isə 5
km-dən artıq dərinliklərdə rezervuarların keyfiyyətinin
pisləşməsi haqqındakı müasir təsəvvürlərlə
tam uzlaşmır. Bundan irəli gələrək, demək
olar ki, neftə nisbətən böyük dərinliklərdə
formalaşan təbii qaz ehtiyatlarının da qiymətləndirilməsi
dəyişilə bilər.
3. Kəşf edilmiş neft
optimal dərinlikləri iki dəfə üstələdiyi
üçün abiogen hipotezanın ciddi arqumenti olduğundan
tezliklə neftin qeyri-orqanogen yolla əmələgəlməsi
haqqında mübahisələrin yenidən bərpa edilməsinə
səbəb ola bilər. Lakin bütün bunlar yalnız kəşfin
detalları, xüsusən də neft və qazın, lay
sularının və təbii ki, neftsaxlayan süxurların
geokimyası üzrə məlumatlar açıqlandıqdan
sonra mümkün ola bilər. Əgər Meksika körfəzinin
Tibor sahəsində kəşf edilmiş neftin həcmi barəsində
məlumatlar təsdiq olunarsa, onda bu, hər şeydən əvvəl,
Azərbaycanın karbohidrogenlərinin proqnoz ehtiyatlarına
yenidən baxılaraq, həmin ehtiyatların minimum iki dəfə
artacağının əsası ola bilər. Məlumdur ki, Cənubi
Xəzər hövzəsindəki karbohidrogen generasiyası həcmlərini
nəzarətləndirən parametrlər Meksika körfəzindəkilərdən
bir qədər üstündür. Hələ 25 il bundan
öncə Azərbaycan alimləri faktiki məlumatlar əsasında
8-12 km dərinliklərdə neft və qazın
mövcudluğunu proqnozlaşdıraraq bu barədə bir
sıra əsaslı elmi məqalələr dərc etmişlər.
O zaman belə dərinliklərdə qazma işləri aparmaq
texniki cəhətdən mümkün idi (Kola və Saatlı
ifrat dərinlikli quyuları), lakin SSRİ-nin başqa sahələrində
neftin çıxarılmasına maliyyə yatırımı
kifayət qədər ucuz olduğu üçün,
böyük dərinliklərdə karbohidrogen ehtiyatından
istifadə olunması iqtisadi baxımdan sərfəli deyildi.
İndi vəziyyət bir qədər dəyişmişdir.
Yalnız iki nəhəng - "Azəri-Çıraq-Günəşli"
və "Şahdəniz" yataqlarının kəşfi,
hazırda kəşfiyyat aparılan perspektiv sahələr nəzərə
alınmadan respublikamızı karbohidrogen ehtiyatları ilə
minimum 20 il təmin etmişdir. Lakin gələcəyə nəzər
salmış olsaq, onda böyük dərinliklərin neft və
qazına yiyələnmək üçün indidən elmi və
texnoloji bazanı hazırlamaq lazımdır. Məlumdur ki,
büdcədən əlavə maliyyələşdirilən
dövlət proqramı çərçivəsində
alim-geoloq və geofiziklər Cənubi Xəzər
çökəkliyinin çökmə
örtüyünün bütövlükdə tədqiqatını
aparırlar, hövzənin və karbohidrogen sistemlərinin
müxtəlif təkamül ssenarilərini kompüter modellərində
nəzərdən keçirirlər. Lakin son kəşflə
əlaqədar olaraq, Geologiya İnstitutu tərəfindən
icra olunan dövlət proqramına, güman ki, müəyyən
əlavələr edilməlidir.
Keçmiş illərdə
biz dəfələrlə respublikada neft, qaz, su və
süxurların analizi üzrə müasir analitik
laboratoriyanın olmaması haqqında söhbət
açmışdıq. Müasir avadanlıqla təchiz
olunmuş pərakəndə laboratoriyalar, qismən də
olsa, Yer təki maddəsinin, hər şeydən əvvəl,
neftin hərtərəfli dərin kompleks analizini təmin edə
bilmir. Onu da qeyd etmək vacibdir ki, onlar, əsasən,
qeyri-hökumət strukturları olduğundan müəyyən
məxfiliyə riayət edən keyfiyyətli ekspertizaya malik
deyillər. Bu gün Azərbaycan kimi məşhur neft
diyarında müasir neftin analizi üzrə laboratoriyanın
olmaması, əlbəttə, nonsensdir. Qaz və neft üzrə
analitik məlumatlar ümumiyyətlə strateji
informasiyadır. Bununla əlaqədar olaraq biz direktiv orqanlara,
AMEA sistemində neft, qaz, lay suları və süxurların
analizi üzrə müasir analitik laboratoriyanın
yaradılması haqqında təkliflə müraciət etmək
niyyətindəyik.
Bu laboratoriya, şübhəsiz,
Azərbaycan Milli Elmlər Akademiyası sistemində kollektiv
istifadə mərkəzi kimi yaradılmalıdır. Bu gün
analizlərin aparılmasında, o cümlədən neftin təhlilində
prinsipcə yeni texnologiyalar meydana gəldiyindən, belə
laboratoriyanın imkanlarından istifadə daha effektli
olardı.
Xəzər dənizinin
ekosistemi çox həssasdır. Son onilliklər ərzində
antropogen və biogeokimyəvi amillərin təsiri altında
ekosistemin bütövlükdə və xüsusilə dənizin
cənub-qərb hissəsinin ekoloji vəziyyəti kəskin
surətdə pisləşmişdir. Ümumiyyətlə, Xəzərin
ekosistemi böhran ərəfəsi kimi qiymətləndirilir və
şelf sahəsində, neft hasilatı ilə əlaqədar ətraf
mühitə irimiqyaslı müdaxilələr bu vəziyyəti
daha da pisləşdirə bilər.
Xəzərin yüksək dərəcədə
çirklənməsinin bir neçə səbəbi
vardır. Bunlardan dəniz təkində karbohidrogen xammal
ehtiyatlarının əhəmiyyətli dərəcədə
miqdarı, əhalinin və sənayenin yüksək
sıxlığı, dənizə tökülən çay
dərələrində kənd təssərüfatının
geniş inkişafı, hövzənin qapalı olması və
s. nəzərə almaq lazımdır. Neft və fenollar kimi
çirkləndiricilərin bir qismi dənizə təbii
proseslər (palçıq vulkanları), dənizin dibində
orqanik maddələrin çürüməsi
(parçalanması), və s. nəticəsində daxil olur.
Bu baxımdan Xəzər dənizi hövzəsi ekosistemlərinin
bərpa olunan və bərpa olunmayan resursları durumunun
dinamikası, Yer təkində təhlükəli hərəkətlərin
riskinin yerüstü və yeraltı mühəndis-geoloji
qurğuların və kommunikasiyaların (rabitə)
etibarlılıq baxımından qiymətləndirilməsi,
habelə Yer təkindən istifadənin hüqüqi, istehsal
və təbiətimühafizə normativlərinin işlənib
hazırlanması, bu sahədə sahibkarlığın
sığortası və s. hazırda nəzarətsiz
qalmış məsələlərin tam olmayan
siyahısıdır.
Bu qüsur və
çatışmazlıqlar ona gətirib çıxarır
ki, elmi və təbiəti mühafizə xidmətləri Xəzər
dənizi hövzəsi ekosisteminin əsas, o cümlədən
biotik və sosial həlqələrinin etibarlı qiymətləndirilməsi
məsələsində bacarıqsızlıq nümayiş
etdirirlər. Bununla belə, SSRİ dağıldıqdan sonra
bu regionda ortaya çıxan ən mürəkkəb problem
dövlətlərarası tənzimləmə imkanının
zəifləməsidir. Beləliklə, geoloji, geofiziki, bioloji
və ekoloji tədqiqatlara dair müfəssəl məlumatlar
olmadan, müvafiq model və təkliflər, etibarlı operativ
monitorinq yaradılmadan Xəzər dənizi hövzəsində
ekoloji təhlükəsizliyi təmin etmək, çətin
ki, mümkün ola. Bununla əlaqədar Xəzər dənizi
problemlərinin öyrənilməsi üzrə beynəlxalq mərkəzin
yaradılması olduqca zəruridir. Xəzər dənizi
problemlərinin dissiplinalararası xarakter
daşıdığını nəzərə alaraq mərkəzin
işinə müxtəlif tədqiqat profilləri üzrə
mütəxəssislərin (geoloq, coğrafiyaçı,
iqtisadçı, bioloq, fizik, riyaziyyatçı, ekoloq,
sosioloq) cəlb olunması lazımdır.
Belə mərkəzin Xəzər
regionunun qonşu ölkələrinin ekspert və məsləhətçilərinin
iştirakı ilə fəaliyyəti neft-qaz sənayesi,
balıq və rekreasion təsərrüfatların, nəqliyyat
infrastrukturlarının və ekologiya problemlərinin analizi ilə
qiymətləndirilməsinə dair birgə tədqiqatlar
aparmaq üçün yeni imkanlar yarada bilər.
Mərkəzin mütəxəssis
və ekspertlər üçün açıq olması,
elmi işlənilmələrin nəticələrinin
mübadiləsi və peşəkar diskussiyalar birgə elmi
axtarış işlərinin aparılmasında müsbət
rol oynayacaqdır. Belə mərkəzin Azərbaycan Milli Elmlər
Akademiyasının strukturunda yaradılması həm də Xəzər
dənizi problemlərinin öyrənilməsi sahəsində
aparılan elmi-tədqiqat işlərinin əsas bazası kimi
Azərbaycanın nüfuzunu daha da yüksəltməyə
imkan verəcəkdir.
Xəzər bizim həm siyasət,
həm iqtisadiyyat, həm də elmdə prioritet olan istiqamətimizdir.
Bu gün Xəzər dənizində fundamental elmi-tədqiqat
işlərinin icrası müasir
ixtisaslaşdırılmış elmi gəmisiz
qeyri-mümkündür. ARDNŞ, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə və digər təşkilatlara məxsus
ayrı-ayrı gəmi vasitələri konkret sahəvi məsələlərin
həlli üçün istifadə olunur. Bir neçə
onillik bundan qabaq Azərbaycan Milli Elmlər Akademiyasında Xəzər
dənizinin geologiya, biologiya və ekologiyasının müxtəlif
aspektlərini sistematik tədqiq etməyə imkan verən məhdud
sayda olsa da, elmi-tədqiqat gəmiləri var idi. Ümumiyyətlə,
dünyada ilk dəfə olaraq Xəzər dənizində
qazhidratların müəyyən edilməsi prioriteti Geologiya
İnstitutuna məxsusdur. Məlumdur ki, müasir yanacaq
xammalının alternativi olan bu növ gələcək
iqtisadiyyatın əsas ehtiyatlarından biri hesab edilir. 20 ildən
artıqdır ki, biz bu alternativ yanacağın perspektiv növünün
tədqiqatlarını aparmaqdan məhrum olmuşuq.
Günün vacib problemlərindən
biri də Xəzər dənizinin neft və ağır
metallarla təbii çirklənməsinin öyrənilməsidir.
Bu məqsədlə Geologiya İnstitutunda Xəzərin
ekoloji vəziyyətinin aerokosmik monitorinqini aparmaq
üçün müvafiq tədqiqat proqramın işlənib
hazırlanmışdır. Bu proqramın Milli Elmlər
Akademiyası, Aerokosmik Agentlik, Aviasiya Akademiyası və
ARDNŞ-in müştərək iştirakı ilə yerinə
yetirilməsi planlaşdırılır.
Digər vacib bir məsələ! Azərbaycanın ərazisi palçıq vulkanlarının inkişafı baxımından klassik region hesab olunur. Planetimizdə məlum olan 900-ə yaxın palçıq vulkanının 400-dən çoxu Cənubi Xəzər neft-qaz hövzəsindədir ki, onlardan da 300-ü quruda - Şərqi Azərbaycanda və onunla sahillənən Xəzər akvatoriyasında yerləşir. Məhz buna görə Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Vulkanların müxtəlifliyi və təzahüretmə aktivliyinə görə dünyada Azərbaycana bənzər ərazi yoxdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda palçıq vulkanları 50 ildən artıqdır ki, hərtərəfli tədqiq olunur. 1966-cı ildə institutda o zaman SSRİ-də yeganə olan "Palçıq vulkanizmi" laboratoriyası yaradılmış, sonralar isə 1972-ci ildə iki laboratoriyaya (geologiya və geokimya) və daimi fəaliyyətdə olan elmi ekspedisiyaya malik eyni adlı sektora çevrilmişdir. 1971-ci ildə dünya geoloji ədəbiyyat tarixində, ilk dəfə olaraq, Azərbaycandakı bu təbiət fenomeni tədqiqatlarının nəticələrini yekunlaşdıran "Azərbaycanın palçıq vulkanlarının atlası" nəşr olunmuşdur.
Keçən əsrin 70-ci illərində SSRİ Elmlər Akademiyasının qərarına əsasən, AMEA Geologiya İnstitutu "Palçıq vulkanizmi və faydalı qazıntı yataqlarının axtarışı" problemi üzrə SSRİ-nin cənub hissəsinin baş idarəsi kimi təsdiq edilmişdi. Bu dövrdən başlayaraq palçıq vulkanlarının öyrənilməsində nəinki Azərbaycanda, həmçinin onların inkişaf etdiyi Türkmənistanda, Şərqi Gürcüstanda, Kerç və Taman yarımadalarında, Kubanda və Saxalin adasında yeni mərhələ başlandı. Vulkanların tədqiqatı üzrə kompleks işlərin nəticələri öz əksini 1980-ci ildə dərc olunmuş "Sovet İttifaqının palçıq vulkanizmi və onun neft-qazlılıqla əlaqəsi" kitabında tapmışdır.
XX əsrin 90-cı illərindən başlayaraq bir sıra illər ərzində (1993-2001) Geologiya İnstitutu İngiltərə, Norveç, ABŞ-ın (bp, "Statoyl", "Amoko", "Ekson" və s.) aparıcı neft şirkətləri ilə birlikdə palçıq vulkanlarının tədqiqatlarını aparmışdır. Son illər palçıq vulkanlarının öyrənilməsi, həm vulkanizmin nəzəri məsələlərinin işlənilməsi, beynəlxalq konfransların təşkili, həm də müştərək elmi nəşrlər və palçıq vulkanlarında monitorinqlərin keçirilməsi üzrə beynəlxalq əlaqələr daha geniş vüsət almışdır. Bu il AMEA Geologiya İnstitutu "Dünyanın palçıq vulkanları" adlı atlasın hazırlanmasına başlamışdır. Son 10-15 il ərzində nəşr edilmiş elmi işlərin sistemləşdirilməsi göstərir ki, hərtərəfli tədqiqatlara, başlıca olaraq, Azərbaycan və Xəzər akvatoriyası ilə sahillənən ərazilər, Qara dəniz, İtaliya və Aralıq dənizi qurşağının qərb və şərq hissələrindəki palçıq vulkanları cəlb olunmuşdur.
Şübhəsiz, geologiya elminin bu istiqaməti "Dünyanın palçıq vulkanlarının təzahür etmələrinin geoloji şəraiti və onların böyük dərinliklərdə neft və qaz yığımlarının proqnozlaşdırılmasında əhəmiyyəti" problemi çərcivəsində təbiətin bu maraqlı fenomeninin müxtəlif qırışıqlıq vilayətlərində müqayisəli tədqiqatı böyük dəyərə malik olacaqdır. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasında beynəlxalq palçıq vulkanizmi mərkəzinin yaradılması faydalı və arzuolunandır, çünki palçıq vulkanizminin tədqiqi ilə əlaqədar elmi nəticələri dünyanın digər regionlarında istifadə etmək və bununla da vulkanizmi qlobal miqyasda neft və qaz yataqlarını səciyyələndirən elmi nəticə kimi Azərbaycan alimlərinin dünya elminə verdikləri töhfələri geniş təblig etmək olar.
Alim-geoloqların bu təkliflərinin reallaşmasına ciddi diqqət və böyük maliyyə vəsaitinin tələb olunmasını dərindən dərk edirik. Bununla yanaşı, biz əminik ki, bu mühüm taleyüklü elmi istiqamətlərdəki gerilik onillliklərlə ölçülür və bu proses bərpaedilməz ola bilər.
Bizi bu gün ruhlandıran nədir? Bu cür problemlərə dövlət yanaşmasını yaxın keçmişdə Azərbaycanın Seysmoloji Xidmətinin modernləşdirilməsini nümunə kimi göstərmək olar. Yaxşı məlumdur ki, 2000-ci ildəki təlatümlü zəlzələdən dərhal sonra ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın Seysmoloji Xidmətini ən müasir avadanlıqla təmin etmək üçün külli miqdarda maliyyə vəsaiti ayrılmışdı. Bu gün Azərbaycanın Seysmoloji Xidməti öz texniki təminatına görə, demək olar ki, Müstəqil Dövlətlər Birliyi sırasında yeganədir. Belə bir yanasma Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı Astrofizika Rəsədxanasının yenidənbərpası, Azərbaycan Tarix Muzeyinin bərpası və respublikada xüsusi arxeoloji qazıntıların aparılması haqqında sərəncamları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Ümidvarıq ki, dövlət strukturları və bütün elmi ictimaiyyət alim-geoloqların bugünkü təkliflərinə də razılıqla yanaşacaq və dəstəkləyəcəklər.
Akif ƏLİZADƏ,
AMEA-nın vitse-prezidenti,
Geologiya İnstitutunun
direktoru, akademik
Azərbaycan.- 2010.- 5 fevral.- S. 4.