Beynəlxalq birlik Azərbaycanın
qlobal enerji layihələrində üstün mövqeyini qəbul
edir
Davos Forumu bunu bir daha təsdiq etdi
Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. 1970-ci illərin ikinci yarısından etibarən əlaqədar mövzuların məşhur iqtisadçı, biznesmen və siyasətçilərin iştirakıyla geniş bir platformada ələ alınması, forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi.
Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Yalnız bir dəfə, 2002-ci ildə ABŞ-da keçirilib. Bu isə rəmzi xarakter daşıyırdı. Belə ki, həmin il 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdirdi. Davos Forumunun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaq və dünyada yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.
Bu il yanvarın 27-dən 31-dək Davosda Dünya İqtisadi Forumunun sayca
40-cı illik toplantısı keçirildi. Bu mənada Davos İqtisadi Forumu həm də yubileyini qeyd etdi. Forumda müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri, o cümlədən maliyyə və iqtisadi böhrandan çıxış yolları müzakirə olundu.
Qeyd edək ki, builki forum "Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur" devizi altında keçirildi. Dünyanın vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin həlli qlobal əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu isə öz növbəsində hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş cəmiyyəti daxil olmaqla bütün sahələrin təmsilçilərinin sıx əməkdaşlığı zərurətini yaradır. Bu məqsədlə Dünya İqtisadi Forumunun illik toplantısı dünyanın siyasi-ictimai həyatının bütün sahələrindən olan rəhbərləri öz işinə cəlb etmişdi. Forum çərçivəsində dünya liderləri maliyyə və iqtisadi böhranın nəticələri, gələcəkdə qlobal böhranların qarşısının alınması istiqamətində perspektivlər və digər məsələləri müzakirə etdilər. 2010-cu ilin sosial böhran ili olacağı riskinin qaldığını deyən iqtisadi forumun təsisçisi Klaus Şvab vurğulayıb ki, dünya liderləri problemin həllində ləngisə, bu təhlükə daha da artacaq.
Forumda müzakirə olunan əsas məsələlərdən biri də bank sektorunda islahatların aparılması idi. Bununla bağlı təşkil olunan debatlarda forum iştirakçıları belə bir nəticəyə gəldilər ki, yaxın gələcəkdə bank sektorunda köklü islahatlar qaçılmazdır. İclaslarda müxtəlif beynəlxalq məsələlərə də toxunuldu.
Bu il Davosa 100-dək ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərləri gəlmişdilər.
Bütün sahələr üzrə dinamik inkişaf yoluna qədəm qoyan Azərbaycan həm də dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və regionda əsas söz sahibi olan ölkədir. Bu mənada Azərbaycan Prezidentinin hər il keçirilən Davos İqtisadi Forumunda iştirakı dünyanın siyasi elitasının, nəhəng biznes strukturlarının və nüfuzlu KİV-lərin diqqət mərkəzində olur. Bu isə ondan xəbər verir ki, Avropa siyasətçiləri, dövlət rəhbərləri, iqtisadçılar bir çox məsələlər barədə Azərbaycanın mövqeyini öyrənməyə ehtiyac duyurlar. Ən əsası beynəlxalq iqtisadi əməkdaşlıqda və yanacaq-enerji resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın mühüm əhəmiyyətini nəzərə alaraq vacib qərarların qəbul olunmasında ölkəmizlə razılaşdıqlarını göstərirlər. Davos forumunun hər dəfə yekunları təsdiqləyir ki, respublikamızın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər tərəfindən qəbul olunur və dövlətimizin başçısının ümumdünya miqyaslı müzakirələrdə fikirləri, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davosa builki səfəri də ötən illərdə olduğu kimi, olduqca səmərəli və məhsuldar keçdi. Bunu cənab Prezidentin keçirdiyi görüşlər də təsdiq edir. Belə ki, forum çərçivəsində Prezident İlham Əliyevlə Sloveniya Prezidenti Danilo Türk, Latviya Prezidenti Valdis Zatlers, İsveçrə Prezidenti xanım Doris Loyhard, Polşa Prezidenti Lex Kaçinski, Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu, İordaniya Kralı II Abdullah arasında görüşlər keçirilib. Görüşlərdə əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilməklə yanaşı, həm də əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib.
Davosda "Chevron" korporasiyasının vitse-prezidenti Cey Priorin, "Edisson" şirkətinin baş icraçı direktoru Umberto Kuadrinonun, bp şirkətinin baş icraçı direktoru Toni Heyvordin, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosmanın Prezident İlham Əliyevlə görüşmələri isə dünyanın böyük və aparıcı şirkətlərinin Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığa böyük önəm verdiklərini, xüsusən ölkəmizi etibarlı tərəfdaş kimi qəbul etdiklərini bir daha təsdiqlədi.
Dövlət başçısı İlham Əliyev Davosda "Bloomberg" informasiya agentliyinin və "The Wall Street Journal"ın Azərbaycanda neft və qaz istehsalı, energetika sahələrində görülən işlər, karbohidrogen ehtiyatlarının ixracı perspektivləri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallarını cavablandırıb. Bu nüfuzlu KİV-lərin Azərbaycan Prezidentindən geniş müsahibə almaları beynəlxalq ictimaiyyətdə ölkəmizə qarşı olan böyük maraqdan xəbər verir.
Məlum olduğu kimi, təbii qazın hasilatı ilə bağlı layihələrin uğurla reallaşması ölkəmizi son bir neçə ildə həm də təbii qaz ixracatçısına çevirib. Bu gün Azərbaycan qazı Türkiyədən keçməklə Avropa İttifaqına çatdırılır. Prezident İlham Əliyev "Bloomberg" informasiya agentliyinə müsahibəsində xam neftin qiyməti ilə bağlı qənaətlərini bölüşüb, həmçinin ölkəmizin hasil etdiyi təbii qazın ixracatı barədə mövqeyinə aydınlıq gətirib. "Biz qazın nəqli sahəsində maksimal şaxələndirməyə nail olmuşuq" - deyən dövlət başçısı Azərbaycanın hasil etdiyi təbii qazı müxtəlif istiqamətlərdə ixrac etməkdə olduğunu bildirib.
Prezident İlham Əliyev ədalətli qiymətlərin də qazın nəqlində mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Şahdəniz" yatağı dünyada ən böyük yataqlardan biridir. Bu yataq 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Biz infrastrukturu genişləndirə bilərik və bunun üçün ya yeni qaz boru kəmərinin çəkilməsini, ya da mövcud boru kəməri şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Buna görə, bu gün mövcud boru kəmərləri şəbəkəsi məsələsi əsas maneə kimi qəbul edilməməlidir. Tranzit məsələsini həll etdikdən, ədalətli qiymətə nail olduqdan sonra Azərbaycan və onun tərəfdaşları olan xarici şirkətlər yeni infrastrukturun qurulması üçün milyardlarla dollar sərmayə qoyacaqlar".
Nabukko təbii qazın Avropaya nəqli ilə bağı nəzərdən keçirilən layihələrdən biridir. İxrac etdiyi qazın nəqli marşrutlarının şaxələndirilməsinin tərəfdarı olan Azərbaycan bu layihəyə müsbət yanaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nabukkoya həsr olunmuş Budapeşt sammitində ölkəmizin bu layihəni dəstəklədiyini bəyan etmişdi. Amma son vaxtlarda, belə bir qənaət yarandı ki, özünün enerji təhlükəsizliyi ilə hələ çox işlər görməli olan dövlətlər, xüsusən Avropa İttifqı Nabukko layihəsində qətiyyət nümayiş etdirə bilmir. Prezident İlham Əliyev müsahibəsində bu barədə deyib: "Bu layihəni irəli aparmaq üçün bir sıra elementlər mövcud olmalıdır. Birincisi, bunu etmək üçün güclü siyasi iradə olmalıdır. İkincisi, maliyyə vəsaiti olmalıdır".
Bəli, siyasi iradə olan yerdə hər şeyə nail olmaq olar. Necə ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrini reallığa çevirdi.
Qeyd edək ki, Davos Forumunun əsas tədbirlərindən biri "Qlobal enerji mənzərəsi" mövzusunda keçirilən iclas idi. Prezident İlham Əliyevin bu iclasda ölkəmizdə energetika sahəsində görülən işlər və iqtisadi inkişaf prosesləri ilə bağlı çıxışı böyük maraqla qarşılanıb.
Dövlət başçısı ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı roldan söhbət açaraq deyib ki, Azərbaycan aparılmış düzgün siyasət nəticəsində və tərəfdaşların birgə səyi ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Hazırda Azərbaycanın enerji daşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu yaradılıb.
Prezident İlham Əliyev Azərbaycanın dünya qaz bazarında rolunun artdığını vurğulayaraq deyib: "Qlobal qaz bazarında Azərbaycanın rolu mütləq artacaqdır. Çünki nəhəng qaz ehtiyatlarının aşkar olunması Azərbaycanın əsas qaz ixracatçılarından birinə çevrilməsinə imkan yaradacaqdır. Bildiyiniz kimi, hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş minimal qaz ehtiyatları 2 trilyon kubmetrdən artıqdır. Bu, bundan sonrakı on illər ərzində həm bizim, həm də ixracat həcmi üçün kifayətdir".
Prezident İlham Əliyevin respublikamızın inkişafı ilə bağlı həyata keçirilən işlər barədə fikirləri iclas iştirakçılarında yüksək təəssürat yaradıb. Prezident İlham Əliyev Azərbaycanın son 6 ildə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu və həyata keçirilmiş islahatlar nəticəsində iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafının təmin edildiyini diqqətə çatdırıb: "Son bir neçə il ərzində ölkəmizdə apardığımız islahatlar bizə dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa imkan verdi. İyirmi il bundan öncə Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. O zaman iqtisadiyyatımızın bazar iqtisadiyyatı seqmenti sıfıra bərabər idi. Bu gün ümumi daxili məhsulumuzun 85 faizi özəl sektorun payına düşür. Biz neft və qazdan əldə etdiyimiz gəlirləri qeyri-enerji sektoruna, ilk növbədə isə sənaye istehsalına yönəltdik. Beləliklə, bu gün böhranla və neftin qiymətinin dəyişməsi ilə bağlı yaranan bütün çətinlikləri minimum itkilərlə dəf etməyə nail olmuşuq".
İclasda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord, "Saudi Aramko" şirkətinin prezidenti Xalid Al-Falih, "Royal Dutch Shell" şirkətinin idarə heyətinin sədri Peter Vozer, "The Dow Chemical" şirkətinin idarə heyətinin sədri Endrü Liveris, "Total" şirkətinin direktorlar şurasının sədri Tyerri Desmartes mövzu ilə bağlı fikirlərini bildiriblər.
Bu il 40-cı dəfə keçirilən Davos İqtisadi Forumunu Azərbaycan üçün uğurlu saymaq olar. Çünki toplantı Azərbaycanın dünya birliyindəki yerini və xüsusən dünyanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu bir daha beynəlxalq ictimaiyyətə tanıtdı. Forum həm də onu sübut etdi ki, Azərbaycanın qlobal enerji layihələrinin həyata keçirilməsində nümayiş etdirdiyi mövqe, həyata keçirdiyi siyasət dünya birliyi tərəfindən qəbul olunur.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 5 fevral.- S. 1, 3.