Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun çap etdirdiyi kitabların təqdimatı keçirilmişdir

 

Fevralın 4-də Bişkekdəki HYATT mehmanxanasında Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu paytaxtdakı "Azəri" Azərbaycan Mədəniyyət mərkəzi və Qırğızıstan Elmlər Akademiyası Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutu ilə birgə fondun Bişkekdə çap etdirdiyi kitabların təqdimat mərasimini keçirmişdir.

 

Bu siyahıya Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində çap edilmiş "Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi" əsəri, sektor müdiri Qafar Əliyevin ulu öndər Heydər Əliyev haqqında rus dilində buraxılmış "Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı", tanınmış yazıçı və pedaqoq Mir Cəlalın qırğız dilində işıq üzü görmüş "Bir gəncin manifesti", əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimləri tərəfindən hazırlanaraq rus və ingilis dillərində nəşr olunmuş "Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar" kitabları, professor Aqil Hacıyevin "19-cu əsrin birinci yarısında rus ədəbiyyatında Qafqaz mövzusu" monoqrafiyası, Qırğızıstan Elmlər Akademiyası Manasşünaslıq Elmi Mərkəzinin nəşr etdirdiyi "Ədəbiyyat və incəsənət məsələləri" jurnalının ümummilli lider Heydər Əliyevə, tanınmış Azərbaycan yazıçısı Mir Cəlala, yazıçı Çingiz Aytmatova həsr olunmuş xüsusi nömrələri daxildir.

Tədbirdə Qırğızıstan Xalqları Assambleyasının nümayəndələri, elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Qazaxıstanın, Özbəkistanın, Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.

Mərasimi fondun sədri Nüsrət Məmmədov açmış, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyətinin təbliği sahəsində bu kitabların böyük rol oynayacağını bildirmiş və demişdir ki, bu iş gələcəkdə də davam etdiriləcəkdir.

Səfirliyimizin müşaviri İlqar Cabbarov Azərbaycan ilə Qırğızıstan arasındakı dostluq ənənələrinin tarixindən danışmış, ölkələrimizin daha da yaxınlaşması və Azərbaycan həqiqətlərinin yayılmasında bu kitabların əhəmiyyətindən söhbət açmışdır.

Böyük qırğız yazıçısı Çingiz Aytmatovun qardaşı, akademik Elgiz Aytmatov dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı" kitabı haqqında danışmış, bu böyük şəxsiyyətin həyatının öyrənilməsində əsərin əhəmiyyətindən söz açmışdır.

Akademik Abdıldacan Akmataliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində bu kitabların böyük əhəmiyyəti olacağını qeyd etmiş, "Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar" kitabının əvəzsiz mənbə olduğunu bildirmişdir.

"Azəri" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Akif Allahverdiyev, veteran müəllimə Flora Şıxlinskaya, Qırğızıstan-Azərbaycan Gənclər Təşkilatının sədri Lalə Abdullayeva, Qırğızıstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova, Qırğızıstan Xalqlar Assambleyasının nümayəndəsi Muxittin Aytbayev və başqaları bu kitabların böyük əhəmiyyəti haqqında söz açmış, nəşrlərin yayılmasının vacibliyinə toxunmuşlar.

Mərasim iştirakçıları bu kitabların Qırğızıstanın ali və orta məktəblərinin tədris proqramında istifadə edilməsi üçün təhsil naziri Abdılda Musayevə müraciət qəbul etmişlər.

Akademik Abdıldacan Akmataliyev yeni çap edilmiş "Qırğız dilinin izahlı lüğəti" kitabını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılması üçün fondun rəhbərinə təqdim etmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.- 2010.- 5 fevral.- S. 5.