Norveç
Krallığının ədliyyə və polis naziri Azərbaycan
Respublikasının Ali Məhkəməsində olmuşdur
Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində fevralın 8-də Azərbaycan Respublikasının Ali Məhkəməsində olmuşdur.
Burada keçirilmiş görüşdə Azərbaycan Respublikasi ilə Norveç Krallığı arasında məhkəmə-hüquq sistemi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Ali Məhkəmənin sədri Ramiz Rzayev qonaqlara Azərbaycanın məhkəmə sistemi, hakimlərin seçki proseduru, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. R.Rzayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, ölkəmizdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının öyrənilməsindən və tətbiqindən, Avropa İttifaqının üzvü olan ölkələrlə, həmçinin Norveç Krallığı ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən danışmış, nazirliyin nümayəndə heyəti ilə ötən ilin noyabrında keçirilmiş görüşünü xatırlatmışdır.
Norveç Krallığının ədliyyə və polis naziri Knut Storberget Azərbaycanda məhkəmələrin müstəqilliyi, səlahiyyətləri ilə əlaqədar yaradılan şəraitlə, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanmış, qarşılıqlı əlaqələrin davam etdiriləcəyini vurğulamışdır.
Norveçli qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar. Nümayəndə heyətinin üzvləri bu tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə görə Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 9 fevral.- S. 3.