Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanılan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilmişdir

 

Azərbaycanlı mühacirlərin xarici ölkələrdə saxlanılan arxiv materiallarının bir hissəsi ölkəyə gətirilmişdir. Fevralın 4-də bu materialların sərgisi və təqdimatı keçirilmişdir.

Türkiyə, Polşa və Almaniyadan həmin materialların gətirilməsi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir. İki yüzədək arxiv materialları arasında şəxsi məktublar, nəşr olunan jurnallar, qəzetlər, kitablar, fotolar və digər sənədlər vardır.

Materialların təhvil veriləcəyi Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev bildirmişdir ki, ölkəyə gətirilən sənədlər həm də qiymətli araşdırma materiallarıdır.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev görülən işin ölkəmizin tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 fevral.- S. 6.