Bişkekdə təqdimatı keçirilmiş kitablar Qırğızıstan Milli Kitabxanasına verilmişdir

 

Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Qırğızıstanda çap edilən və bir neçə gün əvvəl paytaxtda təqdimatı keçirilən kitablar - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus və qırğız dillərində çap edilmiş "Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi" əsəri, administrasiyanın sektor müdiri Qafar Əliyevin ulu öndər Heydər Əliyev haqqında rus dilində buraxılmış "Müasir Azərbaycanın banisi, xilaskarı və yaradıcısı" kitabı, tanınmış yazıçı və pedaqoq Mir Cəlal Paşayevin qırğız dilində işıq üzü görmüş "Bir gəncin manifesti" əsəri, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimləri tərəfindən hazırlanaraq rus və ingilis dilində nəşr olunmuş "Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar" kitabı, professor Aqil Hacıyevin "19-cu əsrin birinci yarısında rus ədəbiyyatında Qafqaz mövzusu" monoqrafiyası, həmçinin Qırğızıstan Elmlər Akademiyası Manasşünaslıq Elmi Mərkəzinin nəşr etdirdiyi "Ədəbiyyat və incəsənət məsələləri" jurnalının ümummilli lider Heydər Əliyevə, tanınmış Azərbaycan yazıçısı Mir Cəlala, dünya şöhrətli yazıçı Çingiz Aytmatova həsr olunmuş xüsusi nömrələri Qırğızıstan Milli Kitabxanasına təqdim edilmişdir. Kitablar arasında Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun rəhbərliyi ilə müəlliflər qrupu tərəfindən yazılmış, ümummilli lider Heydər Əliyevə həsr edilmiş "Türk dünyasının yeni lideri" əsəri və xalqımızın mədəniyyəti, ədəbiyyatı və tarixindən bəhs edən digər nəşrlər də vardır.

Qırğızıstan Elmlər Akademiyası Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev mərasimdə bildirmişdir ki, mən Mir Cəlalın qırğız dilində çap edilən "Bir gəncin manifesti" kitabını birnəfəsə oxudum. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əsərin böyük əhəmiyyəti vardır. Bu əsərin dünya ədəbiyyatı seriyasından ölkəmizin ali və orta məktəblərində öyrənilməsi ilə bağlı Təhsil Nazirliyinə artıq məktub göndərilmişdir.

Kitabxananın direktoru, professor Jıldız Bakaşova fondun rəhbərliyinə minnətdarlığını bildirmiş, kitabların böyük əhəmiyyətindən söz açmışdır.

 

 

Qulu Kəngərli,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.- 2010.-9  fevral.- S. 3.