Bakıda İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin səhiyyə
nazirlərinin birinci iclası işə
başlamışdır
Fevralın 4-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin birinci iclası işə başlamışdır.
İclasda 10 ölkənin səhiyyə naziri iştirak edir.
Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev demişdir ki, üzv ölkələrin iştirakı ilə belə bir iclasın keçirilməsi səhiyyə sahəsində mövcud problemləri aradan qaldırmağa, habelə ayrı-ayrı dövlətlərin və ümumiyyətlə, regionun inkişafına faydalı ola bilər. O, bu gün tibb sahəsində bir sıra məsələlərin həlli üçün qüvvələrin birləşdirilməsinin vacibliyini qeyd etmişdir.
Azərbaycanda tibb sahəsində müxtəlif dövlət proqramlarının həyata keçirildiyini, büdcədən ayrılan vəsaitin həcminin ildən-ilə artırıldığını deyən nazir dövlətin bu sahəyə diqqətini xüsusi vurğulamışdır.
O.Şirəliyev Heydər Əliyev Fondunun milli səhiyyənin inkişafında böyük rolu olduğunu söyləmişdir.
Nazir səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək bu baxımdan İƏT-in fəaliyyətini yüksək qiymətləndirmişdir.
İƏT-in baş katibi Məhəmməd Yəhya Marufi isə iclasda iştirak edən ölkələr arasında iqtisadi əməkdaşlıqla yanaşı, səhiyyə sahəsində də əlaqələri möhkəmlətmək üçün böyük potensialın olduğunu bildirmişdir. O demişdir ki, biz biri-birimizin imkanlarını öyrəndikcə, bu xalqlarımızın firavan həyatı, ümumiyyətlə, region dövlətləri üçün faydalı ola bilər. Deyə bilərəm ki, əməkdaşlıq üçün geniş imkanlarımız vardır.
İclasın birinci günü ekspertlərin toplantısı olmuş, İƏT regionunda səhiyyə sahəsində prioritet məqsədlər, qan xəstəlikləri ilə mübarizədə əməkdaşlıq, əczaçılıq və dərmanların analitik ekspertizası üzrə əlaqələrin qurulması və forumun yekun sənədinin müzakirəsi keçirilmişdir.
Forumun
yekununda Bakı Bəyannaməsi qəbul ediləcəkdir.
Azərbaycan.- 2010.- 5 fevral.- S. 7.