Talassemiya Mərkəzi ilə tanışlıq

 

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları fevralın 4-də Talassemiya Mərkəzində olmuşlar. Mərkəz barədə qonaqlara məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirmişdir ki, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunan mərkəz həmin xəstəlikdən əziyyət çəkənlər onların yaxınları üçün ümid yeridir. Burada gün ərzində 40-50 xəstə qəbul edilir.

Qeyd olunmuşdur ki, hazırda ölkəmizdə 1000 nəfərə yaxın talassemiyalı xəstə vardır onların əksəriyyəti daimi həkim nəzarəti altındadır. Beynəlxalq standartlara cavab verən mərkəzin üç regional şöbəsi fəaliyyət göstərir.

Qonaqlar 2-ci mərtəbədə yerləşən transfuziya zalı 12 otaqdan ibarət klinika, manipulyasiya, iri sahəli ümumi laboratoriya, şüa diaqnostikası otaqlarına baxdılar. Səhiyyə nazirləri transfuziya zalında müalicə alan uşaq onun valideyni ilə görüşüb xəstənin vəziyyətilə maraqlandılar. Mərkəzdə xəstəliyin aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir.

İƏT-ın üzvü olan ölkələrin səhiyyə nazirləri reanimasiya palatasına, manipulyasiya transplantasiya otaqlarına, sterilləşdirmə mərkəzinə baxmışlar.

Qonaqlar ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2010.- 5 fevral.- S. 7.