İdmana bağlı ömür

 

Onu idman aləmində yaxşı tanıyırlar. Bu sahədə çox uğurlar qazanıb, dəfələrlə ölkə birinciliyinin, dünyanın və Avropanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq çempionatların, turnirlərin, yarışların, dünya kubokunun qalibi, spartakiadaların iştirakçısı və mükafatçısı olub. Hərbçilərin Xorvatiyada keçirilən Olimpiya oyunlarında iştirak edib və mükafata layiq görülüb. Azərbaycan Respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli idman ustasıdır. FİLA-nın məşqçilər assosiasiyasının üzvüdür. Hazırda Azərbaycan milli yığma komandasının böyük məşqçisidir.

Məşqçisi olduğu yığma komandamız dünya kuboku yarışlarında, dünya və Avropa çempionatlarında mühüm nailiyyətlər qazanıb. O, 2009-cu ildə ilin ən yaxşı məşqçisi adına layiq görülüb. Bu şərəfə hər gün özünə təlqin etdiyi və bunun nəticəsində qazandığı dəmir iradənin, gərgin məşqlərin sayəsində nail olub. İştirak etdiyi güləş yarışlarında qazandığı qələbələrin sayəsində görkəmli mütəxəssislərin diqqətini özünə cəlb edib. Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi Ramiz Tağıyev onun haqqında belə dedi:

- Firdovsi Umudovu 1990-cı ildən tanıyıram. Həmin il o, Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsində məşqlərə başlamışdı. Elə ilk gündən idmana vurğunluğundan, güləş sənətinə həvəslə yanaşmasından hiss etdim ki, o, bəslənilən ümidləri doğruldacaq, gələcəyin adlı-sanlı idmançısı olacaq. Bir neçə aydan sonra rayon birinciliyinin qalibi oldu. Sonra yolu respublika birinciliklərinə, o dövrün ümumittifaq yarışlarına, Avropa və dünya çempionatlarına, beynəlxalq turnirlərə doğru uzandı. Beynəlxalq yarışlarda Azərbaycanın adını şərəflə qorudu. İdmanda qazandığı uğurlar onu ali məktəbə qəbul olmaq istəyindən döndərmədi. Valideynlərinə verdiyi sözü yerinə yetirdi və 1993-cü ildə Naxçıvan Universitetinin hüquq fakültəsinə qəbul olundu. İndi Dövlət Sərhəd Xidməti sərhəd qoşunlarının zabitidir, kapitandır. Bir hərbçi kimi çalışır kı, komanda da nizam-intizam olsun. O, yaxşı bilir ki, idmançı həm də savadlı olmalıdır. Vaxtilə böyük alimlər də idmanla, xüsusilə də güləş növü ilə məşğul olublar, dünya çempionatlarında, olimpiya oyunlarında iştirak ediblər. Zəmanəsinin böyük alimləri Pifaqor, Aristotel olimpiya çempionları olublar və özlərindən sonrakı nəslə idmanla məşğul olmağı məsləhət görüblər.

- Hazırda idmançılara dövlət tərəfindən lazımi şərait yaradılır - deyə Firdovsi Umudov sözə başlayır. Qeyd edir ki, idmançılara yaradılan bu şərait üçün ilk növbədə, ulu öndər Heydər Əliyevə minnətdarıq. Məhz ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra başqa sahələrdə olduğu kimi, idmanda da yüksəliş dövrü başlandı. O vaxt bizlər - 16-17 yaşlı idmançılar da bu tarixi gəlişi sevinclə qarşıladıq. Yaxşı yadımdadır, əvvəllər maddi sıxıntımız olurdu, maliyyə çətinliklərinə görə dünya çempionatlarında iştirak edə bilmirdik. Amma sonralar vəziyyətimiz tamamilə dəyişdi. Dahi rəhbər deyirdi ki, siz idmançıların sayı daha da çoxalacaq və görüşlərimiz daha tez-tez keçiriləcək. Vaxt gələcək sizin medallarınızın sayı da artacaq. Bu görüşlərdən sonra biz hiss edirdik ki, həm təlim-məşq toplanışlarında, həm də yarışlardakı iştirakımızda irəliləyişlər var. Bunun nəticəsində də uğurlar qazanmağa başladıq. Artıq idmançılarımızın səsi beynəlxalq yarışlardan gəlir, mərasimlərdə Azərbaycan bayrağı dalğalanır.

Bir neçə ildir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qızıl Qran Pri turnirinin final mərhələsi Bakıda keçirilir. Yarışlar sərbəst güləş, yunan- Roma güləşi və qadın güləşi üzrə aparılır. Bu yarışlar həm məşqçi kimi mənim, həm də yeniyetmə idmançılarımız üçün sevindirici olub.

Böyük məşqçi vəzifəsində çalışdığım komandamız bir çox turnirlərdə, o cümlədən də 2009-cu ilin mart ayında İranın Tehran şəhərində keçirilən dünya kuboku yarışlarında tarixi uğur qazandı və dünya kubokunun qalibi oldu. Artıq idmanın inkişafına yaradılan şərait öz bəhrəsini verməkdədir. Komandamız bir sıra yarışlarda seçilib fərqlənməkdədir. Litva Respublikasının Vilnüs şəhərində keçirilən Avropa çempionatında həm komanda, həm də şəxsi yarışlarda Avropa çempionu adına layiq görüldük. Vətənə dönəndə Prezident İlham Əliyev bu mötəbər yarışın iştirakçılarını qəbul edərək qalib idmançıları təbrik etdi. Azərbaycan güləşçilərinin Avropada böyük tarixi qələbəyə imza atdığını deyən dövlət başçısı bunun təsadüfi olmadığını bildirdi: "İlk dəfə olaraq Azərbaycan idmançıları, Azərbaycan güləşçiləri Avropa çempionatında belə böyük qələbə qazanıblar. 5 qızıl medal, 2 gümüş medal, 2 bürünc medal - doğrudan da böyük qələbədir, böyük zəfərdir. Siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Bu gözəl qələbə ilə hamımızı ruhlandırmısınız. Bir daha sübut etmisiniz ki, Azərbaycanın idman şöhrəti çox yüksək zirvədədir. Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. Ölkəmizdə idmanın inkişafının çox gözəl nəticələri vardır. Onu da qeyd etmək istəyirəm ki, Avropa çempionatından bir qədər əvvəl İranda keçirilmiş Dünya kuboku yarışında da Azərbaycan güləşçiləri tarixi qələbə qazanmışlar. Dünya kubokunun sahibi olmuşlar, çox gərgin mübarizədə, çox çətin şəraitdə öz məharətlərini göstərmişlər. Avropa çempionatında əldə edilmiş qələbə və yenə də komanda hesabında birinci yeri tutması onu göstərir ki, Dünya kubokundakı qələbə heç də təsadüfi xarakter daşımırdı. Bu, Azərbaycanda idmanın güləş növündə son illər ərzində görülən böyük işlərin praktik nəticəsidir".

Ölkəmizin rəhbəri ilə keçirilən bu mötəbər görüşdən ruhlanaraq 2009-cu ilin sentyabr ayında Danimarkanın Herniq şəhərində keçirilən dünya çempionatında yunan-Roma güləşçilərimiz, sərbəst güləşçilərimiz, eləcə də qadın güləşçilərimiz 3 qızıl, 4 gümüş, 3 bürünc medal qazandılar. Bu nailiyyətlər Azərbaycan idmançılarına göstərilən qayğının nəticəsidir. Bu onu göstərir ki, artıq idmançılarımız dünyada birincilər sırasındadır. Təbiidir ki, bu uğurların qazanılmasında Gənclər və İdman Nazirliyinin, Güləş Federasiyasının rəhbərliyinin də böyük əməyi var.

Bu uğurlu nəticələri qazanmaq üçün dövlətimiz tərəfindən ölkə idmançılarına lazımi şərait yaradılır. Köhnə idman bazaları təmir edilir, müasir avadanlıqlarla təchiz olunur. Yeni idman zalları, əzəmətli olimpiya kompleksləri tikilib istifadəyə verilir. Ölkəmizin paytaxtında, eləcə də Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə, Bərdədə, Qubada, Qazaxda, Şəmkirdə və başqa yerlərdə fəaliyyət göstərən olimpiya kompleksləri buna misaldır.

 

 

Eldar NƏSİBLİ

 

Azərbaycan.- 2010.- 9 fevral.- S. 4.