Məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşır

 

Bu gün bütün istiqamətlər üzrə müstəqil siyasət yeridən Azərbaycan dövlətinin 2009-cu ildə əldə etdiyi nəticələr ötən illərdən əsası qoyulmuş fundamental iqtisadi bazisə söykənir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, istehsal sahibkarlığının fəaliyyət dairəsinin genişlənməsi ölkənin bugünkü inkişafını şərtləndirmişdir. Yüksək makroiqtisadi nailiyyətlərin əldə olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatların, sosial sahədə həyata keçirilən genişmiqyaslı layihələrin, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyi özündə birləşdirən müasir təhlükəsizlik şəbəkəsinin ardıcıl surətdə qurulması hesabına mümkün olmuşdur.

 

Son bir neçə ildə ümumi daxili məhsulun artım dinamikasına görə dünyada birinci olan Azərbaycanda 2009-cu il ərzində də həyata keçirilən davamlı, düşünülmüş siyasət kursu yarana biləcək çətinliklərin qabaqlanmasına imkan vermiş, reallaşdırılıması nəzərdə tutulmuş bütün proqramlar və beynəlxalq əhəmiyyətli layihələrin icrası uğurla davam etdirilmişdir. Ölkəmizin iqtisadi imkanları genişləndikcə sosial məsələlərin həllinə diqqət artırılır, xalqımızın rifah halının yaxşılaşdırılması üçün daha təsirli addımlar atılır. 18 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında proqram xarakterli nitqində qeyd etdiyi kimi, bir ilə yaxın dövr ərzində dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurlu inkişafında davam etmişdir.

Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həll edilməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan danışıqlarda da dövlət başçısının prinsipial və konkret mövqeyini biz məcburi köçkünlər qəlbən bəyənir, sabaha daha böyük ümid və inamla baxırıq. Nazirlər Kabinetinin 2009- cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli nitqində Prezident İlham Əliyev bu məsələdə ölkəmizin dəyişməz və qəti mövqeyini bir daha ortaya qoymuşdur: "Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız - məcburi köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir. Gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində yaşamalıdırlar".

2009-cu ildə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Dövlət başçısının tapşırığı ilə il ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 309,9 milyon manat vəsait sərf edilmiş, 5710 nəfərdən ibarət 1142 ailə yeni tikilmiş evlərə köçürülmüşdür.

Məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan xocavəndlilər də kənarda qalmamışlar. Azərbaycan Respublikası regionlarının sosial inkişafına dair Dövlət Proqramına nəzərdə tutulmuş əlavələrə uyğun olaraq Xocavənd rayonunun "Yeni Tuğ" qəsəbəsində çiy kərpicdən tikilmiş evlərdə yaşayan 120 məcburi köçkün ailəsi və digər 200 ailəyə həmin ərazidə yeni qəsəbənin salınması üçün 65 ha burada məskunlaşmış məcburi köçkünlərə kənd təsərrüfatı məqsədi ilə 320 ha olmaqla, cəmi 385 ha torpaq sahəsi ayrılmışdır. Məcburi köçkünlərin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə cari ildə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən "Nərgiztəpə" ərazisində 2 ədəd subartezian quyusu qazılmış, büdcə təşkilatlarında çalışan işçilərə istifadə etmədikləri əmək məzuniyyəti günlərinə görə ödənilməmiş kompensasiya ayrı-ayrı bölmələr üzrə tam şəkildə ödənilmişdir. "2008-ci ildə rayonda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə" 05 fevral 2009-cu il tarixdə keçirilmiş hesabat yığıncağında qeyd olunan nöqsan və təkliflərlə bağlı rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq yeni salınmış "Xocavənd" qəsəbəsində yaşayan hər bir ailəyə 0.60 ha torpaq sahələri paylanılmış və bu torpaq sahələrinin böyük bir hissəsində əkin işləri aparılmışdır. Bundan əlavə, qəbirstanlığın salınması üçün də torpaq sahəsi ayrılmışdır.

"Xocavənd" və "Qaradağlı" qəsəbələrini birləşdirəcək çınqıl yolunun çəkilməsi ilə əlaqədar layihə sənədləri hazırlanıb Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna təqdim edilmişdir və yaxın günlərdə yolun çəkilişinə başlanacaqdır. Xocavənd rayonundan olan məcburi köçkün əhalinin normal elektrik enerjisi ilə təmin olunması üçün "Yeni Tuğ", "Yeni Xocavənd" və "Yeni Qaradağlı" qəsəbələrinin yeni tikilmiş 35/10 kv-luq Xocavənd yarımstansiyası vasitəsi ilə qidalanmasına texniki şərtin verilməsinə kömək göstərilməsi üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir. Bu qəsəbələrin qazlaşdırılması ilə bağlı edilmiş müraciətə cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həmin qəsəbələrə təbii qazın verilməsi üçün layihə-smeta sənədlərinin hazırlandığı, layihə sənədləri başa çatdıqdan sonra "Azəriqaz" İB tərəfindən lazımi tədbirlərin görüləcəyi bildirilmişdir.

Dövlət başçısı tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar rayonumuzda idarə, müəssisə və təşkilatlar tərəfindən ağacların əkilməsi üçün artıq müvafiq yerlər seçilmiş, əkiləcək ağacların növünü, onlara aqrotexniki qulluğun göstərilməsini və mühafizəsini nəzərdə tutan tədbirlər planı hazırlanmış və bu istiqamətdə praktiki işlərin aparılmasına başlanılmışdır. Xocavənd qəsəbəsində istirahət parkının salınması üçün müvafiq yer seçilmiş, həmin sahədə müxtəlif növ həmişəyaşıl ağaclar əkilmiş və bu istiqamətdə işlər davam etdirilir. Böyük həcmli abadlıq və yaşıllaşdırma işləri aparılaraq cari il ərzində 3380 ədəd müxtəlif ağac və gül kolları əkilmiş, magistral yolların kənarında 1980 ədəd müxtəlif çinar, şam, küknar və həmişəyaşıl gül kolları əkilmişdir. "Yeni Xocavənd" qəsəbəsində daxili yollar çınqıl örtüklə cari təmir edilmişdir.

Rayon məşğulluq mərkəzi rayonda qeyri-məşğul əhalinin sosial müdafiəsinə, o cümlədən gənclərin, əlillərin, sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin işlə təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi üçün rayon icra hakimiyyəti tərəfindən təsdiq edilmiş "Ərazi Məşğulluq" proqramında nəzərdə tutulmuş işlərin 2009-cu il ərzində həyata keçirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. İl ərzində mərkəzə 204 nəfər işaxtaran vətəndaş müraciət etmiş, 133 nəfər işlə təmin edilmişdir. İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə rayonda fəaliyyət göstərən fermer təsərrüfatları ilə birgə işlər aparılır.

Rayonun fərdi və fermer təsərrüfatlarında saxlanılan bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 1808, o cümlədən inək və camışlar 799 baş, xırdabuynuzlu davarların sayı 19639 baş olmuşdur. Bu dövr ərzində əsas heyvandarlıq məhsullarının istehsalı, o cümlədən ət istehsalı 2439 sentner (diri çəkidə), süd istehsalı 7803 sentner ( fiziki çəkidə), yumurta istehsalı 950 (min ədədlə), yun 615 sentner olmuşdur. 2009-cu ilin məhsulu üçün rayonda 16002 ha sahədə əkin aparılmışdır. Rayon üzrə 15498 hektar sahədə buğda biçini aparılmış və 287220 sentner (hər hektardan 18,5 sentner) məhsul götürülmüşdür.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamına əsasən, ölkədə kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq, məhsul istehsalçılarının yüksək repreduksiyalı buğda toxumu və mineral gübrələrlə təminatının yaxşılaşdırılması istiqamətində rayon Aqroservis filialı bir sıra işlər görməklə yanaşı, 2009-cu il ərzində əhaliyə 98645 manat dəyərində servis xidməti göstərmişdir. Aqroservis filialı 2009-cu ildə əhaliyə güzəştli gübrə satışını təmin etmiş, rayon əhalisinə 150 ton azotu, 100 ton isə fosfor gübrəsini güzəştli qiymətlərlə satmışdır.

Əhalinin sosial müdafiəsinə yönəldilmiş addımlar hər yerdə olduğu kimi, Xocavənd Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi kollektivinin də fəaliyyətində yeni meyillərin, onun işində bir sıra müsbət göstəricilərin meydana çıxmasına səbəb olmuşdur. Mərkəzdəki ünvanlı sosial yardım və sosial müavinətlər bölməsində yardımların verilməsi qanunvericilikdə nəzərdə tutulmuş ünvanlılıq, şəffaflıq, ədalətlilik prinsiplərinə ciddi əməl olunmaqla həyata keçirilir. Vətəndaşların təqdim etdikləri sənədlər, onların yaşayış vəziyyəti diqqətlə öyrənilir, sosial yardıma ehtiyacı olan ailələr müəyyənləşdirilir. İl ərzində mərkəzə ünvanlı sosial yardım üçün 230 sənəd daxil olmuş, ondan 230 ailəyə təyinat aparılmışdır. 68 şəhid ailəsinə və 18 Qarabağ əlilinə 100 manat Prezident təqaüdü ayrılmışdır. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, döyüş əməliyyatlarında əlil olmuş və orduda xidmət edənlərin ailələrinin sosial müdafiəsinə qayğı göstərilməsi də diqqət mərkəzində saxlanılmışdır. Hesabat ilində Qarabağ müharibəsində həlak olmuş 145 şəhid ailəsinə Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğı göstərilməsi işi davam etdirilmişdir. Ötən dövrdə şəhid ailələri, müharibə əlilləri, veteranları və bu kimi dövlət tərəfindən imtiyazlar nəzərdə tutulan vətəndaşların problemləri rayon rəhbərliyinin diqqət mərkəzində olmuş, ümumilikdə, 29 ailəyə maddi kömək edilmişdir.

Xocavənd Rayon Təhsil Şöbəsi nəzdində 17 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bunlardan 11-i orta, 2-si əsas, 4-ü isə ibtidaidir. Bundan əlavə, 2 məktəbdənkənar müəssisə var. Hal-hazırda təhsilə cəlb edilmiş 1961 nəfər şagirdin təlim-tərbiyəsi ilə 354 müəllim məşğuldur. Hər il olduğu kimi, bu tədris ilində də Heydər Əliyev Fondu tərəfindən birinci sinif şagirdləri üçün məktəbli ləvazimatı və 260 ədəd məktəbli çantası, Qaçqınlar və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən birinci sinfə qədəm qoyan şagirdlərə 407 dəst məktəbli forması hədiyyə olaraq verilmişdir. Ümumilikdə, ötən tədris ilində təhsil şöbəsinə 42000 ədəd kitab verilmişdir ki, bunlardan da 6000 ədədi dərsliklərdir. Təhsil sahəsində əldə etdiyi uğurlu fəaliyyətinə görə Xocavənd rayon 2 saylı orta məktəbin müəllimi Əliyev Ədalət "Tərəqqi" medalı ilə təltif edilmişdir. Xocavənd rayonunun Tuğ kənd orta məktəbinin 125 illiyinin qeyd olunması ilə əlaqədar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamına uyğun olaraq komissiya yaradılmış və bu istiqamətdə əsaslı işlərin aparılmasına başlanmışdır.

Xocavənd Rayon Mərkəzi Xəstəxanası 2008-ci ildən fərqli olaraq 2009-cu ilin başlanğıcından bölgədə analoqu olmayan, yüksək standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana binasında əhaliyə xidmət göstərir. Rayon mədəniyyət və turizm şöbəsi rayon əhalisinin asudə vaxtlarının səmərəli təşkil edilməsi, əhaliyə göstərilən mədəni xidmət işinin yüksəldilməsi üçün 2009-cu il ərzində 1 rayon, 6 kənd mədəniyyət evi, 13 kənd klubu, 1 rayon, 19 kənd kitabxanası və 2 uşaq musiqi məktəbinin gücündən istifadə etməklə öz üzərinə düşən missiyanın öhdəsindən gəlməyə səy göstərmişdir. Xocavənd Rayon Gənclər və İdman İdarəsi 2009-cu il ərzində gördüyü işləri gənclərin maraqlarına, mənafe və ehtiyaclarına uyğunlaşdırmış, gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətinin əsas istiqamətlərinə uyğun olaraq bir sıra tədbirlər həyata keçirmişdir.

Ötən il ərzində də rayonda ideoloji işin təşkilinə xüsusi diqqət yetirilmişdir. Heydər Əliyev muzey və mərkəzlərinin işinin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanmış konsepsiyaya uyğun olaraq "Heydər Əliyev muzey və mərkəzinin işinin təşkili və təkmilləşdirilməsi ilə bağlı" tədqiqat qrupunun yaradılması haqqında Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 30 yanvar 2009-cu il tarixli 07 nömrəli sərəncamı olmuşdur. Sərəncamla yaradılmış tədqiqat qrupu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlı arxiv, dövri mətbuat materiallarının, video-stendlərin, müasirlərinin xatirələrinin toplanması məqsədi ilə həmin tarixdən fəaliyyətə başlamışdır. Tədqiqat qrupu Heydər Əliyevlə bağlı müəyyən xatirələrə malik, ulu öndərlə görüşüb təmasda olmuş adamlarla söhbət aparılmış, danışıqlar videolentlərə köçürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionlarda sosial-iqtisadi inkişafın konkret nəticələri və milli-mənəvi dəyərlərimizin təbliğ olunması istiqamətində həyata keçirilən tədbirlər rayon icra hakimiyyətinin orqanı olan "Xocavənd" qəzetində mütəmadi olaraq işıqlandırılır.

2009-cu il ərzində Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatında, yerli struktur bölmələrində, idarəetmə orqanlarında vətəndaşların qəbulu, onların ərizə, şikayət və təkliflərinə baxılması işi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq həyata keçirilmiş, vətəndaşların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşılmış, onları doğuran səbəblər vaxtında araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. 2009-cu il ərzində Xocavənd Rayon İcra Hakimiyyəti aparatında icra başçısı tərəfindən 238 nəfər, ayrı-ayrı şöbələr tərəfindən isə 739 nəfər rayon sakini qəbul edilmiş, onları maraqlandıran və ya narahat edən məsələlər yerindəcə öyrənilmiş və həlli istiqamətində vətəndaşlara lazımi köməyin göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir.

Xocavənd rayon ictimaiyyəti 2009-cu il ərzində respublikanın regionlarının sosial-iqtisadi inkişafının sürətlənməsi, ordu quruculuğu istiqamətində həyata keçirilən böyük işləri, ictimai-siyasi asayişin qorunub möhkəmləndirilməsini, eləcə də, ölkədaxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətləri ürəkdən bəyənir və dəstəkləyirlər.

Qeyd etmək lazımdır ki, rayonda görülmüş işlər və qazanılmış uğurlarla yanaşı, bir sıra nöqsanlar da vardır. İnanırıq ki, rayonumuzun zəhmətkeş, əməksevər insanlarına güvənərək yol verilmiş nöqsanların aradan qaldırılmasına və qarşıya çıxan problemlərin həllinə nail olunacaq, ölkəmizin daha da inkişaf etməsi yolunda tarixin sınaqlarından üzüağ çıxmış xocavəndlilər imkanlarından maksimum dərəcədə istifadə edəcəklər. Xocavəndlilər bundan sonra da ölkə başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında fəal mövqe, əzmkarlıq və yüksək işgüzarlıq nümayiş etdirəcək, vətənimizin - müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.

 

 

Eyvaz HÜSEYNOV,

Xocavənd Rayon

İcra Hakimiyyətinin başçısı

 

Azərbaycan.- 2010.- 9 fevral.- S.4.