Azərbaycan dilinin qərib dialektləri
İllərdən bəri Kərkük
və Dərbənd adı çəkiləndə
yaddaşımda kərküklü tədqiqatçı Səid
İrmağın kəlamı canlanır: "Vətən
torpağı kiçilib genişlənə bilər, tamamilə
əldən çıxa bilər, hətta şan və şərəfi
tapdalana bilər, dini dəyişdirilə bilər. Lakin bir
şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir"
fikrində böyük bir həqiqət:
Dilim-dilim,
Kəs qovun dilim-dilim,
Mən dilimnən vaz
keçməm,
Olursam dilim-dilim, -
bayatısı ilə məntiqi
bir bağlılıq vardır. Yoxsa əsrlərlə
ayrı düşmüş, məktəb və mədrəsəsi
yad dildə olan soydaşlarımız hakim xalqın dilini qəbul
edər, öz ana dilini unudardılar. Əslində, hakim
xalqlar əsrlər boyu buna can atmışlar. Sovet dönəmində
Azərbaycanla bağlı Dərbəndin adını çəkmək
yasaq idi. İraqda da eyni vəziyyət hökm
sürürdü. Türkdilli xalqların nümayəndələrinin
Kərkükə ayaq basması qadağan idi. Hakim dairələr
onların varlığını danmağa
çalışırdılar.
Acı olsa da, etiraf edək
ki, tarixin yaddaşı qısa, insanlar isə unutqan olurlar. Əcəba,
indi çoxmu soydaşımız bilir ki, İraqda iki milyondan
artıq qardaş-bacımız yaşayır?! Görəsən
çoxmu soydaşımız bilir ki, indi Rusiya
Federasiyasının tərkibində olan Dərbənd və
Tabasaran rayonlarının 30 kəndində (biz hələ Dərbənd
şəhərini demirik) yalnız azərbaycanlılar
yaşayırlar?!
Bu yöndən tarixin
keşməkeşləri elm adamlarını daha çox
narahat edir. Odur ki, sovetlərin dayaqlarının laxlamağa,
qılıncının kəsərinin korşalmağa
başladığı 1976-1980-ci illərdə
akademiyamızın Dilçilik İnstitutunun direktoru akademik Məmmədağa
Şirəliyevin təşəbbüsü və təşkilatçılığı
ilə dialektologiya şöbəsinin əməkdaşları
- B.Tağıyev (1976-1978), S.Behbudov, Ə.Ağayev, Z.Xasiyev
(1976-1980), N.Məmmədov (1976-1979), F.Xalıqov (1980),
şöbənin müdiri professor Musa İslamovun rəhbərliyi
ilə 7 dəfə həmin kəndlərdə dialektoloji
ekspedisiyalarda olmuş, toplanan zəngin material əsasında
"Azərbaycan dilinin Dərbənd dialekti" adlı tarixi
əsər yazmışdılar. Lakin bir çox başqa əsərlər
kimi, bu əsər də çap üzünə həsrət
qalmışdı. Belə əsərlərdən biri də
"Azərbaycan dilinin Meğri şivəsi"dir. Məlumdur
ki, XX əsrin əvvəllərinə qədər bu ərazilər
Azərbaycan torpağı olmuş, burada azərbaycanlılar
yaşamış, sonralar ermənilərin və himayədarlarının
məkrli niyyətləri ilə Azərbaycanı
Naxçıvan və Türkiyədən ayrı salmaq
üçün həmin yerlər ermənilərə
verilmişdir.
Qədim zamanlar bir yana, hətta
orta əsrlərdə səyyahların, elm adamlarının,
yazarların Azərbaycan haqqında dedikləri hər
hansı bir fikri əzizləyə-əzizləyə dəyərləndiririk.
O da olsun dəlilə-sübuta ehtiyac duyulmayan "Azərbaycan
dilinin Dərbənd dialekti", "Azərbaycan dilinin
Meğri şivəsi" və "İraq-türkman ləhcəsi"
kimi tarixi abidələr!
Adları çəkilən
ölməz əsərlərin işıq üzü görməsində
Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun
direktoru, akademik Ağamusa Axundovun və Dialektologiya şöbəsinin
müdiri professor Qəzənfər Kazımovun əməyi az
olmamışdır. Bizə qalırsa, gələcək nəsillərə
bundan böyük ərməğan düşünmək
çətindir.
Yeri gəlmişkən,
Dialektologiya şöbəsinin əməkdaşları ilə
birgə yazdığım və maddi köməyimlə
çap olunan fundamental "İraq-türkman ləhcəsi"
(Bakı, "Elm", 2004, 422 s.) adlı əsərə
professor Q.Kazımov sanballı giriş məqaləsi
yazmışdır.
Onu da deyim ki, Dərbənd
dialekti ilə İraq-türkman ləhcəsi arasında istər
fonetik, istər leksik, istərsə də qrammatik cəhətdən
oxşar xüsusiyyətlər çoxdur. Bu da təsadüfi
deyildir. Əvvələn, ona görə ki, hər iki qərib
dialekt Azərbaycan dilinə məxsusdur. İkincisi isə, Azərbaycan
Sovet Ensiklopediyasının III cildi, səhifə 418-də
göstərildiyi kimi, 1509-cu ildə Şah İsmayıl Dərbəndi
tutandan sonra İraqda məskunlaşan Bayat qəbiləsinin
bir hissəsini Dərbəndə
köçürmüşdü.
Dərbənd dialektinə
dair materiallar Dərbənd rayonunun 21, Tabasaran rayonunun 7
sırf azərbaycanlılar yaşayan kəndindən
toplanmışdır. Təkcə kənd adlarında sabitləşən
toponim və etnotoponimlər xalqımızın keşməkeşli
tarixindən xəbər verən qiymətli faktlardır. Dəliçoban,
Qaradağlı, Padar, Tatlar, Ulutərəkəmə,
Marağa və s. belələrindəndir.
Yuxarıda göstərdiyimiz
kimi, əsər Azərbaycan dialektologiya elminin yaranmasında və
inkişafında xidmətləri olan, ömürlərini
türkologiya elmimizin bu sahəsinə həsr edən alimlərimiz
- Musa İslamov, Bəbir Tağıyev, Seyfi Behbudov, Əlimuxtar
Ağayev, Zirəddin Xasıyev tərəfindən
dialektologiya elminin son nailiyyətləri əsasında
yazılmışdır. İlk dəfə olaraq monoqrafik tədqiqə
cəlb olunan Dərbənd dialekti üzərində iş
"Azərbaycan dili dialekt və şivələrinin
monoqrafik tədqiqinə aid proqram"a uyğun olaraq
aparılmışdır. Əsəri yazarkən alimlərimiz
təsviri, müqayisəli və tarixi-müqayisəli metoddan
istifadə etmişlər.
Bu qiymətli əsəri
dialektoloqlarımız fonetika, morfologiya, sintaksis və leksika fəsillərinə
bölərək tədqiq etmişlər. Kitabın sonunda tədqiqatçıların
gəldikləri qənaətləri təsdiqləyən,
yerli şivədə olan mətnlər və lüğət
də verilmişdir. Tədqiqat göstərir ki, Dərbənd
dialektinin şivələri fonetik, qrammatik və leksik
xüsusiyyətlərinə görə Azərbaycan dilinin
şimal-şərq (xüsusən Quba-Xaçmaz) və
şimal-qərb (xüsusən, Zaqatala-Qax) rayonları şivələrinə
uyğun gəlir.
Qədim dil faktları ilə
zəngin olan Dərbənd dialektində qıpçaq qrupu
türk dillərinə məxsus xüsusiyyətlər
üstünlük təşkil edir ki, bu da əsassız
deyildir. Tarixçi Nəsəvinin (XIII əsr) məlumatına
görə, Cəlaləddin Xarəzmşahın
dövründə Dərbənd ətrafına 50 min
qıpçaq ailəsi köçmüşdü.
Məlumdur ki, akademik
M.Şirəliyevin Azərbaycan dili dialektlərinin öyrənilməsi
yolunda ən böyük arzusu Kərkük və Dərbənd
dialektlərinə, eləcə də indi Gürcüstana
daxil olan Borçalı mahalının şivələrinə
dair materialların toplanması və tədqiqi idi. Hər iki
dialektin və Borçalı şivələrinin (Borçalıda
şivə materialları toplayan ekspedisiyaya şəxsən o
özü rəhbərlik edirdi) öyrənilməsinin təşəbbüskarı
akademik M.Şirəliyev idi.
İllərlə öncə
namizədlik dissertasiyamı yazarkən elmi rəhbərim
akademik M.Şirəliyev olub. "Azərbaycan dilinin Kərkük
dialekti" adlı mövzunu da özü seçmişdi.
1962-ci ildə İraqa tərcüməçi işləməyə
gedəndə məni yanına çağırdı və
özünün hazırladığı "Azərbaycan
dilinin dialekt və şivələrinin monoqrafik tədqiqinə
dair proqram" və "Bakı dialekti" kitabını mənə
verərək dönə-dönə tapşırdı ki, Kərkük
dialekti İraq türkmanlarının azərbaycanlı
olduğunu göstərə biləcək əsas sübutdur.
Bu şansı əldən vermək olmaz.
Akademik M.Şirəliyevin vətəndaşlıq
fəaliyyətinin mənasını, xalqımıza olan dərin
məhəbbətini sonralar yaşa dolduqca daha yaxşı anladım
və "Azərbaycan dilinin Dərbənd dialekti"ni vərəqlədikcə
böyük alimin hissini-həyəcanını mən də
yaşadım. Elm fədaisi, akademik M.Şirəliyevin ruhu
şad olsun. Azərbaycan dilinin hər iki qərib dialekti - Kərkük
və Dərbənd dialektləri monoqrafik tədqiqata cəlb
olunaraq xalqa çatdırılmışdır. Və bu
iş uzun müddət akademik M.Şirəliyevin rəhbərlik
etdiyi Dilçilik İnstitutunda yerinə yetirilmişdir. Hər
iki fundamental elmi-tədqiqat işinin - tarixi abidələrin əbədiyaşar
olacağına şübhə yoxdur. Çünki hər iki
qərib dialekt
Bilmirəm haralıyam,
Torpağım, daşım
qərib, -
deyən
qardaş-bacılarımızı ovunduran, hər an
onların kimliyini yada salan qürbət taleli tarixi abidələrimizdir.
Qəzənfər PAŞAYEV,
filologiya elmləri doktoru, professor
Azərbaycan.- 2010.- 9 fevral.- S. 7.