Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri
Mətbuat üçün birgə bəyanat
Xəbər verdiyimiz
kimi, fevralın 4-də Berlində, Almaniya Federativ
Respublikası Kanslerinin iqamətgahında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Kansler
xanım Angela Merkel birgə mətbuat konfransı
keçirmişlər.
Dövlətimizin
başçısını Federal Kansler
qarşılamışdır.
Prezident İlham Əliyev
və Kansler Angela Merkel mətbuat üçün birgə bəyanatla
çıxış etmişlər.
Kansler Angela Merkelin bəyanatı
- Hörmətli
xanımlar və cənablar!
Mən çox
şadam ki, Azərbaycan Respublikasının
Prezidenti hörmətli
cənab İlham Əliyevi bu gün Berlində qarşılamaq imkanına
malikəm.
Cənab Prezident,
biz Sizinlə sonuncu dəfə təxminən
üç il bundan əvvəl - 2007-ci ilin fevral ayında
Berlində görüşmüşdük.
O vaxtdan təxminən
üç il keçibdir. Qeyd etmək istərdim ki, bizim iqtisadi
münasibətlərimiz çox
gözəl səviyyədədir.
Əməkdaşlığımız sıxdır. Amma əməkdaşlığımızı genişləndirmək üçün
potensialımız mövcuddur.
Biz bundan istifadə etməliyik.
Zənnimcə, elə
sahələr vardır
ki, biz Almaniya hökuməti olaraq Azərbaycan hökumətinə
həmin sahələrdə
öz dəstəyimizi
göstərə bilərik.
Biz Almaniya hökuməti
olaraq sizə iqtisadiyyat, o cümlədən
infrastruktur sahələrində
əməkdaşlığımızı
təklif edirik. Biz Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığa çox
böyük maraq göstəririk.
Mənə belə
gəlir ki, biz əməkdaşlığımızı
"qələbə-qələbə"
formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki, hər iki
tərəf bu əməkdaşlıqdan faydalana
bilər. Biz Almaniya hökuməti olaraq texniki yeniliklərimizi təklif edirik və Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün
əlbəttə ki, çox vacib tərəfdaşlardan biridir.
Neft-qaz sahəsindən
danışanda, əlbəttə
ki, Nabukko layihəsini qeyd etməmək mümkün
deyildir. Biz bu gün görüşümüz
çərçivəsində iqtisadi layihələr, həmçinin Nabukko layihəsi haqqında danışacağıq. Amma
yalnız bu layihələr haqqında
deyil, eyni zamanda, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlətçiliyi
haqqında söhbət
aparacağıq.
Cənab Prezident,
Sizə bir daha ürəkdən
"Xoş gəlmisiniz!"
deyirəm.
Prezident İlham
Əliyevin bəyanatı
- Çox
sağ olun, xanım Kansler.
İlk növbədə,
məni Almaniyaya dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Siz qeyd etdiniz ki, üç
il bundan əvvəl biz Sizinlə burada - Berlində görüşmüşdük. O görüşdən sonra
bu günə qədər Almaniya ilə Azərbaycan arasında mövcud olan münasibətlər çox sürətlə
inkişaf etmişdir.
Siyasi əlaqələr
çox yüksək
səviyyədədir. İqtisadi
sahədə qarşılıqlı
maraq böyüyür
və bu gün 100-ə yaxın alman şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir.
Biz çox istəyirik
ki, iqtisadi sahədə əməkdaşlıq
daha da dərinləşsin.
Çünki bunu etmək üçün çox gözəl imkanlar vardır. Azərbaycan bu gün müasirləşmə
dövrünü yaşayır.
Əlbəttə ki, ölkəmizi hərtərəfli
inkişaf etdirmək üçün bizə qabaqcıl texnologiya lazımdır. Onlar da əlbəttə ki, Almaniyada çox yüksək səviyyədədir.
Azərbaycan isə,
öz növbəsində
Avropanın enerji təhlükəsizliyi məsələlərinin
uğurla həll edilməsi üçün
töhfəsini verməyə
hazırdır. Siz bu gün Nabukko
layihəsi haqqında
fikirlərinizi söylədiniz.
Biz bu layihəni dəstəkləyirik. Qeyd
etmək istəyirəm
ki, Nabukko layihəsinin müzakirəsi
bu gün daha da intensiv
xarakter daşıyır.
Hesab edirəm ki, bu, çox
müsbət amildir. Azərbaycanda əvvəlki
illərdə yaradılan
nəqliyyat infrastrukturu,
xüsusilə qaz kəmərləri Nabukko və "Cənub dəhlizi"nin digər layihələrinin həyata
keçirilməsi üçün
gözəl zəmin yaradır.
Bu yaxınlarda
Azərbaycan Avropa İttifaqının "Şərq
tərəfdaşlığı" Proqramına qoşulub. Bu proqramın icrası nəticəsində ölkəmizdə
siyasi, iqtisadi islahatlar, demokratikləşmə
prosesləri daha da sürətlə gedəcəkdir.
Beləliklə, ikitərəfli
münasibətlərin məzmunu
çox dəyərlidir
və gündəlik çox genişdir. Əminəm ki, bugünkü görüşdən
sonra münasibətlərimiz
daha da sürətlə
inkişaf etməyə
davam edəcəkdir.
Azərbaycan.- 2010.- 7 fevral.- S. 1.