Prezident İlham Əliyev Münxen
Təhlükəsizlik Konfransının "Təbii
sərvətlərin təhlükəsizliyi və
dəyişən qlobal güc" mövzusunda müzakirələrində
iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Hörmətli
xanımlar və cənablar!
Mən əvvəlcə
konfrans təşkilatçılarına dəvətə
görə minnətdarlığımı bildirmək istərdim.
Burada olmaq və bugünkü tədbirdə iştirak etmək
böyük şərəfdir.
Hazırda qlobal təhlükəsizlikdə
enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti
daha da artır. Tarixən neft hasil edən ölkə kimi Azərbaycan
regionumuzda enerji təhlükəsizliyinin təmin edilməsində
öz rolunu oynayır.
Qeyd etmək istəyirəm
ki, Azərbaycan dünyada ilk dəfə neft hasil etmiş məkandır.
Buna görə biz neft hasilatı sahəsində zəngin
tarixə malikik. Uzun illər və onilliklər ərzində
Azərbaycan neftindən dünya tələbatlarını təmin
etməkdə istifadə olunmuşdur.
Lakin 1990-cı illərin
əvvəlində ölkəmiz müstəqilliyini bərpa
etdikdən sonra neft ehtiyatlarımızın əksər hissəsi
tükənmişdi. Bizə çirklənmiş ərazilər
miras qalmışdı. Neft hasilatının sürətlə
azalması ölkə üçün bir çox problemlər
yaratdı. Biz neft işinin yeni inkişaf mərhələsini
yaratmalı idik. Lakin bunu necə etməli idik? Sovet İttifaqı
dağıldıqda yenicə yaranmış bütün
ölkələr bir çox iqtisadi və siyasi problemlərdən
əziyyət çəkdilər. Buna görə
qürurumuzu bərpa etmək üçün bizim yeganə
yolumuz beynəlxalq neft şirkətlərinin Xəzərin Azərbaycan
sektoruna dəvət edilməsindən ibarət idi. Beynəlxalq
neft şirkətləri ilə əməkdaşlığımız
bu cür başladı.
1994-cü ildə
dünyada ən böyük yataqlardan biri - "Azəri-Çıraq"
yatağı kəşfiyyat işləri üçün
hazır idi. Elə həmin ildə, "Əsrin müqaviləsi"
imzalandı və o, Azərbaycana, neft və qaz
ehtiyatlarımıza bir çox milyardlıq sərmayələr
üçün qapını açdı.
Həmin vaxtdan etibarən,
biz uğurlu enerji strategiyamızı davam etdirməyə
müvəffəq olduq. Hökumət ilə sərmayədarlarımız
arasında çox yaxşı və dost münasibətləri
qurduq. Münbit sərmayə mühitini yaratdıq və neft
irsimizi bərpa etməyə nail olduq.
Bu gün ölkə əsas
enerji mənbələri ilə tam şəkildə təmin
olunub. Neft hasilatımızın həcmi bir neçə dəfə
artıb və indi biz artıq hər gün bir milyon barrel
neftdən söhbət aparırıq. Hasilata və
infrastruktura qoyduğumuz sərmayələr bizə enerji təchizatı
mənbələrini şaxələndirmək imkanını
yaratdı.
Biz Azərbaycan neftini Qara və Aralıq dənizlərinə nəql edən üç boru kəməri çəkdik. Ümid edirik ki, hasilatın bugünkü həcmi gələcək onilliklər ərzində də davam edəcəkdir. Bu, bizə xeyli maliyyə vəsaitlərini toplamağa və neftdən əldə edilən gəlirləri iqtisadiyyatımızın qeyri-neft sektoruna - təhsil, sosial və səhiyyə sektorlarına, eləcə də infrastruktura yönəltmək imkanını yaratdı. Məhz buna görə iqtisadi böhran və neft qiymətlərinin kəskin azalması ilə səciyyələnən 2009-cu ildə də Azərbaycan iqtisadiyyatı uğurlu inkişafını davam etdirdi və həmin ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır.
Şaxələndirmə bizim üçün prioritetlərdən biri idi. Çünki biz yalnız bir təchizat marşrutundan asılı ola bilməzdik. Hazırda biz üç neft təchizatı marşrutuna malikik və bu, regionda tamamilə yeni vəziyyət yaratdı. Çünki dünyada ilk dəfə olaraq Xəzər dənizi, əgər belə demək olarsa, xarici şirkətlər üçün açıq elan edildi. İlk dəfə olaraq, Xəzərdə hasil edilən neft boru kəmərləri ilə beynəlxalq bazarlara çıxarılmağa başlandı. Bu gün həmin boru kəmərləri Xəzərin şərq sahillərində yerləşən digər təchizatçılar tərəfindən də istifadə edilir.
Beləliklə, ölkəmizdə görülən işlər tamamilə yeni vəziyyət yaratmışdır. Bu gün biz təbii qazın nəqli üçün "Cənub dəhlizi", Nabukko və digər layihələr haqqında danışırıq. Lakin aydındır ki, son illər ərzində Azərbaycanda qurulmuş infrastruktur olmadan bütün bu müzakirələr əsassız olardı.
Biz qapıları açdıq və çox münbit sərmayə mühiti yaratdıq. Hazırda sərmayədarlar ilə hökumət arasında çox böyük etimad olan bir vəziyyətdəyik. Qeyd etmək istədiyim digər mühüm elementlərdən biri isə ondan ibarətdir ki, bütün neft müqavilələri ölkəmizdə parlament tərəfindən ratifikasiya olunur və qanuna çevrilir ki, heç kəs heç bir sözü dəyişə bilməsin. Bu, sərmayədarlar arasında əlavə etimad yaradır. Onlar tamamilə əmindirlər ki, hökumət hətta əgər şərtləri yenidən razılaşdırmaq və güclü mövqeyindən irəli gələrək əlavə üstünlükləri əldə etmək istəsə belə, bunu etmək hüququna malik deyildir.
Enerji şaxələndirilməsi sahəsində görülən işlər bu gün sonrakı inkişaf üçün yaxşı imkanlar yaradır. 2007-ci ildən əvvəl Azərbaycan təbii qaz idxal edirdi. Lakin bizim işlənilməsinə başladığımız böyük qaz yataqlarımız vardır. Hazırda isə Azərbaycan nəinki öz daxili tələbatını təmin edir, o cümlədən qazı müxtəlif istiqamətlərdə ixrac edir. Ölkəmizdə qaz hasilatının həcmi artır. Ümid edirik ki, bu il qaz hasilatının həcmi 30 milyard kubmetrə yaxın olacaqdır. Daxili tələbatın həcmi isə hasil olunacaq həcmin təxminən üçdə birinə bərabərdir.
Bu, o deməkdir ki, bizdə ixrac üçün böyük həcmdə təbii qazımız olacaqdır. Bilirik ki, Avropanın bizim təbii qaza ehtiyacı vardır. Avropa tərəfdaşlarımızla enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi məsələləri üzərində çalışırıq.
Əvvəlcə qeyd etdiyim kimi, neft və qaz üçün bizim artıq gözəl infrastrukturumuz vardır. Biz hasilatın artırılması üçün gələcəkdə istifadə oluna biləcək dəhliz yaratmışıq. Çünki hesablamalara görə, Azərbaycanda minimal qaz ehtiyatları 2 trilyon kubmetrdir. Lakin bu, 5 trilyon kubmetr də təşkil edə bilər. Bu, nəinki bizim və regional istehlakçılar üçün, o cümlədən Avropa istehlakçıları üçün ən azı yüz ilə kifayətdir. Biz bu məsələlər üzərində işləyirik və Azərbaycan hər zaman konstruktiv olub. Biz bütün şaxələndirmə təşəbbüslərini dəstəkləmişik.
Bu gün biz təchizat marşrutlarımızı tam şaxələndirmişik. Bizim istənilən istiqamətə gedən üç neft və dörd qaz boru kəmərlərimiz vardır. Hər bir istiqamətə gedən boru kəməri genişləndirilə bilər. Biz sadəcə, istehlakçılar, tranzit ölkələr və hasilatçılar arasında sazişlərə aid bütün zəruri məsələlərin həllini və əlavə olaraq 20 milyard kubmetr qazı hasil etmək məqsədilə məbləği təxminən 20 milyard dollar olacaq sərmayələrin yeni mərhələsinin başlanmasını gözləyirik.
Əlbəttə ki, bu, istehlakçılarımızın istifadəsinə veriləcəkdir. Hesab edirəm ki, daxil olmağa çalışdığımız yeni mərhələyə nail olmaq üçün biz bir sıra mühüm məsələləri həll etməliyik.
Birincisi, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqlar tarazlığı olmalıdır. Əgər tarazlıq təmin olunmasa, bu layihələri irəliyə doğru aparmaq çətin olacaqdır.
İkinci mühüm məsələ böyük maliyyə paketinin olmasıdır. Hər hansı əlavə boru kəməri layihəsi üçün çox böyük sərmayələr qoyulmalıdır. Azərbaycan öz tərəfdaşları, xarici neft şirkətləri ilə milyardlarla dolları təbii qazımızın hasilatına yatırmağa hazırdır. Lakin onu Avropa bazarlarına çıxarmaq üçün boru kəməri infrastrukturuna böyük sərmayələr qoyulmalıdır. Biz texniki yardımı təmin edə bilərik. Təcrübəmizdən, texniki təcrübəmizdən və tranzit ölkələrlə tranzit sazişlərin razılaşdırılması təcrübəmizdən istifadə oluna bilər. Eyni zamanda, ehtiyatlarımız üçün ədalətli bazar qiyməti olmalıdır.
Bugünkü vəziyyət bizi qane edir. Çünki hazırda ölkəmizin bütün əsas maliyyə problemlərinin həllinə nail olmuşuq. Enerji təchizatı sahəsində tam şaxələndirməyə malikik. Biz iqtisadiyyatı şaxələndirə bildik. Qeyd etdiyim kimi, 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Sənaye artımı 8,6 faiz, inflyasiya dərəcəsi isə 1,5 faiz olmuşdur.
Azərbaycan iqtisadi və siyasi islahatları davam etdirir. Dünya Bankı 2008-ci ildə Azərbaycanı dünyada birinci islahatçı ölkə elan etmişdir. Liberal iqtisadiyyat, bazar iqtisadiyyatı və siyasi islahatlar birlikdə ölkəmizdə çox yaxşı mühit yaratmışdır. Biz xeyli maliyyə vəsaitlərini toplaya bildik. 2009-cu ildə neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, maliyyə vəsaitlərimiz artmışdır. Bu gün onların həcmi 20 milyard dollardan artıqdır. Bu, doqquz milyon əhalisi olan ölkə üçün kifayətdir. Gələn onilliklər ərzində neft hasilatı göstəricisinin gündə ən azı 1 milyon barrel səviyyəsində olacağını nəzərə alsaq, bu, o deməkdir ki, gələcəkdə bizim hər hansı maliyyə yardımına ehtiyacımız olmayacaqdır.
Nəzərdə tutduğumuz bütün layihələrin həyata keçirilməsi üçün qarşılaşdığımız həlli vacib olan əsas problemlərdən biri əlbəttə ki, regionda sülhün bərqərar olmasıdır. Uzun illər ərzində Azərbaycan əraziləri Ermənistanın işğalı altında qalır. Bu işğal demək olar ki, iyirmi ildir davam edir. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Biz Ermənistan-Azərbaycan münaqişəsinin həll yolunu mümkün qədər tez tapmaq və Azərbaycanın bütün dünya, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyünün bərpasını istəyirik. Beynəlxalq təşkilatların bütün qərarlarında Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verilir.
Bu məsələ regional sabitliyə və inkişafa böyük təhlükə yaradır. Əlbəttə ki, o, tammiqyaslı regional əməkdaşlığa maneədir və bütün planlarımıza xələl gətirə bilər. Biz tərəfdaşlarımızla apardığımız əməkdaşlığa tam sadiqik. Biz bütün enerji layihələrinə kommersiya nöqteyi-nəzərindən yanaşırıq. Bu layihələrdə mühüm kommersiya elementi olmalıdır. Eyni zamanda, şaxələndirməyə nail olmaq lazımdır. Çünki yalnız bir təchizat mənbəyindən asılılıq bizim üçün gələcəkdə problemlər yarada bilər.
Hesab edirəm ki, enerji təhlükəsizliyinə dünyada, xüsusən də bu konfransda yetirilən diqqət həmin məsələlərin nə dərəcədə vacib olduğunu göstərir. Bu məsələlərə böyük sadiqlik, güclü siyasi iradə ilə və regional problemləri tam şəkildə anlayaraq yanaşmaq lazımdır. Çünki bizim regionda, Qafqazda və Xəzər regionunda siyasi inkişaf və iqtisadi əməkdaşlıq məsələləri bir-biri ilə sıx bağlıdır.
Çox sağ olun.
Sonra dövlətimizin başçısı iştirakçıların suallarına cavab verdi.
SUAL: Sualım Prezident Əliyevədir. Xəzər regionunun inkişafında və onun dünyaya açılmasında Azərbaycanın rolunu etiraf edirəm. Mən Sizin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı söylədiyiniz sözləri yüksək qiymətləndirirəm. Lakin sual onunla bağlıdır ki, Azərbaycan daxildə enerji təhlükəsizliyinin şaxələndirilməsi üçün hansı işləri görür? Sizin çox zəngin neft və qaz ehtiyatlarınız vardır. Azərbaycan külək enerjisi, bərpa olunan enerji mənbələri, hətta nüvə enerjisi sahəsində nə edir? Sağ olun.
CAVAB: Əvvəlcə qeyd etdiyim kimi, enerji strategiyamız nisbətən yaxınlarda başladı, çünki biz müstəqillik baxımından gənc ölkəyik. Buna görə, bizim üçün ən üstün prioritet enerji təhlükəsizliyimizin təmin edilməsi idi. Birincisi, biz neft hasilatını artırmalı, sonra isə xaricdən idxal edilən qazdan asılılığı azaltmalı idik.
Buna nail olundu. Bundan dərhal sonra bu gün biz özümüzü tam təmin etdiyimiz, neft və qazımızın müxtəlif istiqamətlərdə ixracına başladığımız bir vaxtda yeni prioritetimiz bərpa olunan enerji mənbələridir. Əfsuslar olsun ki, biz su ehtiyatlarına görə zəngin deyilik. Lakin bununla belə, biz Azərbaycanda su elektrik enerjisinin inkişafı üzrə böyük plan tərtib etdik. Biz ucuz başa gələn enerjini əldə etmək məqsədi ilə hər çayda kiçik elektrik stansiyası tikməyi planlaşdırırıq. Eyni zamanda, bu yaxınlarda Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi yaradılmışdır və əsas prioritet günəş və külək enerjisi olacaqdır. Bizdə günəşli və küləkli günlər çoxdur və bu cür iqlim üstünlüklərindən niyə də istifadə etməyək. Bəzən külək çox darıxdırıcıdır, lakin fikrimcə, bu baxımdan biz üstünlük qazanmışıq. Biz enerji balansımızda bərpa olunan enerji mənbələrindən ibarət böyük seqment yaratmaq məqsədi ilə dövlət və özəl sektor tərəfindən böyük sərmayələr qoymağı planlaşdırırıq. Bu, bizə neft və qazımıza gələcək nəsillər və ixrac üçün qənaət etməyə, neftdən əldə etdiyimiz vəsaitləri bərpa olunan mənbələrə yönəltməyə imkan yaradacaqdır. Planlarımız belədir və hesab edirəm ki, bu planların həyata keçirilməsinə nail olacağıq.
SUAL: Cənab Prezident, Siz Nabukkonun çəkilməsini yubadan bəzi məsələləri Davosda qeyd etdiniz. Nabukko Sizin üçün hələ də prioritetdirmi?
CAVAB: Bir qədər əvvəl qeyd etdiyim kimi, biz böyük qaz ehtiyatları aşkar etmişik və artıq mükəmməl nəqletmə infrastrukturu yaratmışıq. Biz hazırda qazı dörd ölkəyə nəql edirik: Türkiyə, Gürcüstan, İran və Rusiya. Həmin istiqamətlərdən hər birində nəqletmə həcmini artırmaq məqsədi ilə bizim imkanlarımız və əgər lazım gələrsə, maliyyə ehtiyatlarımız vardır. Hazırda biz daxildə istifadə edəcəyimiz və sata biləcəyimiz qədər qaz hasil edirik.
Əlbəttə, istənilən digər ölkədə olduğu kimi, şaxələndirmə bizim üçün də çox vacibdir. Buna görə də, gündəliyimizin birinci mərhələsində biz təchizatın tam şaxələndirilməsinə nail olmuşuq. Lakin hazırda biz hasilatı, ola bilsin, 40 milyard kubmetr və ya ondan da yüksək səviyyəyə artırmaq məqsədi ilə qaz yataqlarımıza 20 milyard dollara yaxın böyük sərmayələrin qoyulması ərəfəsindəyik. Buna nail olmaq üçün bizə bazarlar lazımdır. Bizə qazımızı qəbul edəcək və ədalətli satılacaq bazarlar lazımdır. Eyni zamanda, biz əmin olmalıyıq ki, bu əməkdaşlıq uzunmüddətli olacaqdır. Çünki qaz biznesi neft biznesindən fərqlənir.
Sərmayə qoymazdan əvvəl siz istehlakçılarınızın kim olduğunu, tranzit haqlarını, qazınıza qoyulan qiyməti, bazarın sizin üçün etibarlı olub-olmamasını və boru kəmərinin digər hissəsində olan tərəfdaşlarınızın nə dərəcədə ciddi və sadiq olduğunu öncədən bilməlisiniz. Başqa sözlə desək, bütün bu məsələlər həll olunmadan daha çox qaz hasil etmək üçün bu qədər böyük maliyyə sərmayələri paketini hazırlamaq bizim üçün çətin olardı.
Siz mənim Davosda Nabukko layihəsi ilə bağlı suala verdiyim şərhlərə istinad etdiniz. Biz "Cənub dəhlizi"nin bir hissəsi olan bu və digər layihələri qəti şəkildə dəstəkləyirik. Ötən ilin mayında Azərbaycan Nabukkonu dəstəkləyən siyasi bəyannaməyə qoşuldu. Biz bu variantı ciddi şəkildə nəzərdən keçirməyə hazırıq.
Lakin bunu etmək üçün biz bütün səyləri gücləndirməliyik. Biz nə vaxt maliyyə vəsaitlərinin ayrılacağını, kimin maliyyələşdirəcəyini, bu layihənin həyata keçirilməsinə aid cədvəli və əgər belə demək olarsa, kəmərin digər hissəsində olan tərəfdaşlarımızın bu layihədə nə dərəcədə ciddi olduğunu bilməliyik. Çünki hamımız bilirik ki, hazırda tikilən və ya nəzərdən keçirilən bir çox layihələr vardır. Onlar aşağıdakı kimidir: "Mavi axın", "Cənub axını", "Şimal axını" və Nabukko. Nabukko layihəsində iştirak edən ölkələr, eyni zamanda, "Cənub axını" və "Şimal axını" layihələrində də iştirak edirlər. Buna görə, həm hasilatçı və həm də sərmayələrin əsas ağırlığını öz üzərinə götürəcək bir ölkə kimi bizim üçün Nabukko cədvəlini, boru kəmərinə nə vaxt sərmayələrin qoyulacağını, vəsaitin haradan gələcəyini bilmək çox vacibdir. Bu məsələlər həll olunan kimi, əlbəttə ki, biz sərmayə qoymağa çox şad olarıq. Çünki bizim yataqlarımız mövcuddur və onlar bizim üçün yüz il və ondan artıq müddətə də kifayətdir. Biz qazımızı ehtiyac duyulan bazarlara çıxarmalıyıq.
SUAL: Cənab Prezident, Azərbaycanın etibarlı qaz və neft təchizatçısı kimi qalmasını istəyiriksə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının zəruriliyini bizə bir daha haqlı olaraq xatırlatdınız. Dağlıq Qarabağ məsələsinin birdəfəlik həlli üçün Sizin strategiyanızı bilmək istərdim. Daha dəqiq olaraq, bilmək istərdim, Türkiyə-Ermənistan yaxınlaşması bu strategiyaya hansı şəkildə uyğun gəlir? Ermənistan bu məsələdə irəliləyişə nail olarsa və sərhədin hər iki tərəfində qarşılıqlı ticarət və mümkün iqtisadi tərəqqi məqsədi ilə sərhədlər açılarsa, bu, faydalı olardımı? Bu, Sizin Dağlıq Qarabağ strategiyanızın bir hissəsi ola bilərmi? Sizin fikrinizcə, bu, faydalı ola bilərmi?
CAVAB: Öncə qeyd etdiyim kimi, demək olar ki, artıq 20 ildir torpaqlarımız işğal altındadır. Azərbaycana qarşı həyata keçirilən təcavüz və etnik təmizləmə siyasəti humanitar faciə ilə nəticələndi. Ölkəmizdə bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Nəinki Dağlıq Qarabağ, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinin ətrafında yerləşən yeddi rayon da işğal altındadır. Bütün infrastruktur dağıdılıb, bütün insanlar qovulub, hər bir şey yerlə-yeksan olunub. Bu işğal təxminən iyirmi ildir ki, davam edir. Dünyada ən yüksək beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası işğalçı erməni qüvvələrinin Azərbaycanın zəbt edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməmi qəbul edib. Lakin onlar yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarları Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir.
Münaqişə ölkələrin ərazi bütövlüyü və xalqların özünü idarəetmə prinsipləri əsasında həll olunmalıdır. Bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil etmir. Xalqların özünü idarəetmə prinsipi ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Biz dünyada, xüsusən də Avropada mövcud olan muxtariyyatların yaxşı nümunələrini bilirik. Biz bu münaqişəni mümkün qədər tez həll etmək istəyirik. Çünki bizim xalq bu münaqişədən əziyyət çəkir və torpaqlarımız işğal altında qalmaqda davam edir. Buna görə, Azərbaycan danışıqlar prosesinin surətləndirilməsinə qəti şəkildə sadiqdir. Ümid edirik ki, erməni tərəfi də məsələnin tezliklə həlli üçün öz səylərini göstərəcəkdir. Biz bu münaqişənin dondurulmuş vəziyyətdə qalmasına, həll prosesinin yubadılmasına və yaxud sonu olmayan danışıqlarda iştirakımıza imkan verə bilmərik. Bu gün müzakirə etdiyimiz məsələlər qərar və həll üçün ciddi əsas ola bilər. Hesab edirəm ki, biz məsələnin qeyd etdiyim prinsiplər əsasında həllini mümkün qədər tez tapmalıyıq.
Biz iki suveren ölkə arasındakı münasibətlərə heç vaxt müdaxilə etmirik və etməyi də planlaşdırmırıq. Türkiyə və Ermənistan iki suveren ölkədir və həmin iki ölkə arasındakı münasibətlər yalnız onlar tərəfindən nəzərdən keçirilməlidir. Bilirik ki, beynəlxalq səviyyədə diqqət yetirilir və şərhlər verilir ki, bu məsələlər tezliklə və ya mümkün qədər tez həll olunmalıdır. Hesab edirəm ki, gəlin Ermənistan ilə Türkiyəyə öz aralarında razılaşmaq imkanı verək və bu prosesə müdaxilə etməyək. Bu, bizim mövqeyimizdir.
Eyni zamanda, aydındır ki, Ermənistan-Azərbaycan
münaqişəsi həll edilmədən regionda
tammiqyaslı regional əməkdaşlığa nail oluna bilməz.
Çünki bu, regionda
əsas problemdir və regional sabitliyə əsas təhlükədir.
Əgər biz Ermənistan ilə Türkiyə arasında sərhədin
bağlandığı 1993-cü ilə qayıtsaq, görərik
ki, sərhəd Azərbaycan rayonlarından birinin, yəni Kəlbəcərin
işğalı səbəbindən
bağlanmışdır. Türk
dostlarımız həmin addımı bu səbəbdən
atmışdılar. Bu addımın səbəbi
hələ də göz qabağındadır, o aradan
qaldırılmayıb. Dağlıq
Qarabağın inzibati sərhədlərindən kənarda
yerləşən Kəlbəcər və Azərbaycanın
digər altı rayonu hələ də işğal
altındadır.
Bir daha qeyd etmək
istəyirəm, biz türk dostlarımızın beynəlxalq
və regional əməkdaşlığın qurulmasında
göstərdiyi səylərinə tam etimad göstəririk. Əgər Türkiyə-Ermənistan
yaxınlaşması və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli kimi iki
proses paralel şəkildə bir paket kimi həll olunarsa, biz
regionda tezliklə sülhə nail ola bilərik.
* * *
Müzakirələrdə
Almaniyanın RWE şirkətinin baş icraçı direktoru
Yurgen Qrosman, Fransanın AREVA şirkətinin baş
icraçı direktoru xanım Ann Laverjon, ABŞ dövlət
katibinin birinci müavini Ceyms Steynberq, Rusiya Dövlət
Duması sədrinin müavini Valeri Yazev mövzu ilə
bağlı fikirlərini bildirdilər.
AzərTAc
Azərbaycan.- 2010.-7
fevral.- S. 2, 3.