Sergey Narışkin: Rusiya və Azərbaycan həmişə bir yerdə olacaqdır

 

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin AzərTAc-ın müxbirinə məxsusi müsahibəsində demişdir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi vardır: "Münasibətlərimizin indiki səviyyəsi baxımından ikitərəfli münasibətləri çox müsbət qiymətləndirirəm və onların gələcək inkişafına nikbinliklə baxıram. Biz bir-birimizə lazımıq və əməkdaşlıqda maraqlıyıq. Əslində, bütün ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərlə bağlı ümumi anlayışımız vardır. Odur ki, zənnimcə, biz həmişə bir yerdə olacağıq". O xüsusi vurğulamışdır ki, Rusiya Azərbaycanı sevir və ölkəmizə yaxşı münasibət bəsləyir. İki ölkə və iki xalq arasında çox mehriban münasibətlər vardır: "Mən özüm də Azərbaycanı sevirəm. Lap bu yaxınlarda Rusiyanın böyük nümayəndə heyəti Azərbaycanda olmuş və Hümanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak etmişdir. Bu, dostluq və mehribanlıq şəraitində keçmiş çox ciddi və yaxşı forum idi. Ümidvarıq ki, həmin forum münasibətləri möhkəmləndirmək üçün hər il bir araya gəldiyimiz tədbir olacaqdır. Bu ideyanı Azərbaycan Prezidenti İlham Əliyev bəyənmiş, Dmitri Medvedev də dəstəkləmişdir. Odur ki, bundan sonra da fəal işləyəcəyik. Xüsusi vurğulamaq istəyirəm ki, bu forumun təşkilində və keçirilməsində ucsuz-bucaqsız ölkənin sevdiyi bir insanın - Azərbaycanın səfiri Polad Bülbüloğlunun böyük xidməti vardır.

Sergey Narışkin qeyd etmişdir ki, ölkələrimizin Prezident administrasiyaları arasında çox yaxşı dostluq münasibətləri yaranmışdır, ikitərəfli əlaqələri möhkəmləndirmək istiqamətində sıx və səmərəli dialoq aparılır: S.Narışkin daha sonra demişdir: "Xeyli plan layihələrimiz vardır və elə ölkələrimizin Prezident administrasiyaları rəhbərlərinin iştirak etdiyi Azərbaycan-Rusiya Forumu da həmin o layihələrdən biridir. Əməkdaşlığımızın əhatəsi genişdir, bütün istiqamətlərdə hökumətlərarası komissiya işləyir, elə indinin özündə çox iş görülür. Hesab edirəm ki, əməkdaşlığımızın çox böyük perspektivləri vardır".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

 

Azərbaycan.- 2010.- 7 fevral.- S. 3.