İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin səhiyyə
nazirləri Heydər Əliyev Fondunda olmuşlar
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları fevralın 5-də Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlara məlumat verilmişdir ki, fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.
Qeyd olunmuşdur ki, fonddakı bütün eksponatlar ulu öndərin arxivindən götürülüb və onların arasında şəxsi əşyalar üstünlük təşkil edir.
Ümummilli lider Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif ordenlər və medallar, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə çəkilən fotoşəkillər qonaqların marağına səbəb olmuşdur.
Ulu öndərin neft strategiyasını əks etdirən eksponatlara baxan nümayəndə heyətinə bu barədə də ətraflı məlumat verilmişdir. Ümummilli liderin dünyanın böyük dövlətlərinin rəhbərləri, mədəniyyət, incəsənət xadimləri ilə keçirdiyi görüşlərdə çəkilmiş tarixi fotosənədlər də qonaqlarda maraq doğurmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, ulu öndərin adını daşıyan fondun həyata keçirdiyi layihələr barədə qonaqların sualları ətraflı cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.-7
fevral.- S. 3.