Orduya yüksək diqqət və
qayğı nümunəsi
Ordu hər bir millətin güvənc yeri, özünütəsdiq imkanıdır. Tarix sübuta yetirmişdir ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də əbədidir. Döyüşün, yağı düşmənə qarşı mübarizənin az qala milli yaşam tərzinə çevrildiyi qədim dövrlərdən Azərbaycan mübariz, qorxmaz, vətən uğrunda canından belə keçməyə hazır olan insanların tarixi vətəni kimi tanınıb. Azərbaycan folklorunun günümüzə gəlib çatmış incilərində xalqın döyüşkənlik, igidlik, mübarizə əzmindən, rəşadət və qəhrəmanlıq ruhundan xəbər verən konkret epizodlar kifayət qədərdir. Və bütün bunlar ümumən xalqın milli kimliyinin, tarixi keçmişinin, hərb tarixinin üzə çıxarılması baxımından da müstəsna əhəmiyyət daşıyır.
Bu gün müstəqil Azərbaycanın NATO standartlarına uyğun, şəxsi heyətinin döyüş ovqatı yüksək olan peşəkar və modern ordusu var. Bu ordunun inkişaf meyillərini şərtləndirən mühüm amillərdən biri də ölkənin uğurlu iqtisadi, daxili və xarici siyasəti olmaqla yanaşı, dünyada və bölgədə Azərbaycanın artan nüfuzudur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hərbi quruculuq sahəsində başlanmış islahatlar 2003-cü ildən cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Son 6 ildə Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan verir. Milli Orduya dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq maddi-texniki təminatın, döyüş əhvali-ruhiyyəsinin, nizam-intizamın güclənməsinə səbəb olur.
Hələ 2005-ci il sentyabrın 16-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müdafiə Nazirliyində ölkəmizdə ordu quruculuğunun inkişafına həsr olunmuş geniş müşavirənin yekunları bunu bir daha təsdiqləmişdir. Həmin müşavirə göstərdi ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keyfiyyətcə yeni mərhələyə transformasiyasına və istənilən yolla həllinə çalışır. Təcavüzkar ölkə Azərbaycanın çox güclü, mobil və peşəkar orduya malik olduğunu aşkar duymalı və bu, psixoloji təsir amili aparılan danışıqların pozitiv məcrada getməsini təmin etməlidir. Bununla yanaşı, Azərbaycan haqlı mövqeyini müxtəlif beynəlxalq təşkilatlarda müdafiə etmək, Ermənistanın təcavüzkar siyasətinin daha qlobal miqyasda ifşasına nail olmaq, ideoloji-təbliğati sahədə psixoloji üstünlüyü ələ almaq üçün diplomatik fəaliyyətini davam etdirməlidir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirmişdir ki, milli ordunun gücləndirilməsi Azərbaycan hakimiyyətinin qarşısında duran strateji məqsədlərdən biridir. "Azərbaycan müharibə şəraitində yaşayır. Bizim torpaqlarımız işğal altındadır və belə olan halda orduya diqqət ən yüksək səviyyədə olmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi mən bu məsələlərə çox böyük diqqət göstərirəm. Demək olar ki, gündəlik bu məsələlərlə məşğulam" - deyən Azərbaycan Prezidenti İlham Əliyev həmin görüş zamanı ordu quruculuğu ilə bağlı bir sıra tapşırıq və tövsiyələrini vermiş, bu sahənin hər zaman dövlətin yüksək himayəsi ilə əhatə olunacağını bildirmişdir.
Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikanın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. 2008-ci il 26 iyun tarixində Silahlı Qüvvələrin 90 illik yubileyi ilə bağlı Bakının "Azadlıq" meydanında keçirilən möhtəşəm parad isə bir daha təsdiqlədi ki, ordumuz üzərinə düşən tarixi missiyanın öhdəsindən gəlməyə tam qadirdir. Xalqda böyük döyüş ruhu, özünəinam hissi yaradan bu əlamətdar hadisə eyni zamanda təcavüzkar ölkəyə sərt mesaj kimi qəbul olunmalıdır. Hərbi paradda çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli ordunun döyüş ruhunun yüksək olduğunu xüsusi diqqətə çəkmişdir. "Mən çox şadam ki, bu gün Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Bildiyiniz kimi, mən hərbi hissələrdə tez-tez oluram, cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlərlə səngərlərdə görüşürəm. Tərtər, Ağdam, Füzuli rayonlarının ərazisində, cəbhə bölgələrində, digər bölgələrdə, Naxçıvanda və digər sərhəd bölgələrində zabitlərlə, əsgərlərlə görüşərkən bir daha görürəm ki, Azərbaycan Ordusunun səviyyəsi çox yüksəkdir. Ruh yüksəkliyinin artırılması, peşəkarlıq, müasir standartlara uyğunlaşma prosesi çox sürətlə gedir. Əlbəttə ki, biz bunu böyük qürur hissi ilə qeyd edirik. Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənir. Bu istiqamətdə son illər ərzində böyük işlər görülübdür. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə ölkəmizin hərbi xərcləri bugünkü hərbi xərclərdən ən azı on dəfə az idi. Bu gün ordu quruculuğu prosesi, eyni zamanda, maddi-texniki bazanın möhkəmlənməsi ilə tamamlanır" - deyən dövlət başçısı əlavə etmişdir ki, orduya dövlət büdcəsindən ayrılan vəsaitlər bundan sonra da durmadan artırılacaqdır.
Ordu quruculuğu işinin sürətli və keyfiyyətli aparılması üçün xalqın diqqəti, qayğısı da mühüm şərtdir. Xalq öz ordusunu o zaman sevir ki, ona güvənir, onun döyüş qüdrətinə, qələbə əzminə inanır və ondan hər cür mənəvi-psixoloji dəstəyini əsirgəmir. Bu dəstək dövlətin və dövlət başçısının orduya, onun maddi-texniki təchizatının, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, eləcə də digər təminatlarına göstərdiyi qayğı ilə və bu qayğıya uyğun olaraq həyata keçirdiyi tədbirlərlə vəhdət təşkil edəndə silahlı qüvvələr bütün komponentlər üzrə sistemli inkişaf edə bilir. Bu mənada, hər bir Azərbaycan vətəndaşı ordunun şərəfini uca tutmalı, onun nüfuzuna, döyüş əzminə xələl gətirmək istəyən qüvvələrə qarşı sərt mövqedə olmalıdır. Unutmaq olmaz ki, dünyanın ən qüdrətli ordularında belə, bəzən müəyyən nöqsanlara, çatışmazlıqlara rast gəlinir. Azərbaycanda ordu quruculuğu prosesi davam edir. Odur ki, müəyyən məsələləri qərəzli şəkildə şişirtmək, ordu haqqında obyektiv olmayan məlumatlar yaymaq milli maraqlara tamamilə zidd olan yanaşmadır.
Belə qərəzli yanaşmalara rəğmən, son illər Azərbaycan Ordusunun mütəşəkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Ölkə vətəndaşları, o cümlədən yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlər yürüdülən düzgün siyasət nəticəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə inanırlar. Milli Ordunun gücləndirilməsi işi bu gün də, dövlət başçısının birmənalı şəkildə vurğuladığı kimi, iqtidarın siyasətinin əsas istiqamətlərindəndir və bu proses dönmədən aparılır.
S.ELMANOĞLU
Azərbaycan.- 2010.- 10 fevral.- S. 2.