Azərbaycan elminə investisiya qoyulur
Bu yaxınlarda Azərbaycan
alimlərindən ibarət nümayəndə heyəti Səudiyyə
Ərəbistanının Kral Əbdüləziz adına Elm
və Texnologiya Mərkəzinin dəvəti ilə bu ölkədə
səfərdə olmuşdur. Səfər çərçivəsində
mərkəzlə elmi əməkdaşlıq əlaqələri
yaradılmış, həmin qurum tərəfindən maliyyələşdirilən
qrant sazişləri imzalanmışdır. Azərbaycan Milli
Elmlər Akademiyasının iştirak edəcəyi layihələrdə
nanotexnologiyalar, neft və polimer kimyası və kataliz sahəsində
perspektiv işlərin aparılması
planlaşdırılır.
Bakı Dövlət
Universitetində həyata keçiriləcək layihələrdə
nanoölçülü polifunksional polimer adsorbentlərin
sintezi və onlardan neft hasilatında, çirklənmiş sənaye
sularının ağır metallardan, neft və neft məhsullarından
təmizlənməsində istifadəsi nəzərdə
tutulmuşdur. Qrant sazişləri üzrə ayrılan vəsait
hesabına AMEA və BDU-nun laboratoriyaları müasir
avadanlıqlarla təmin olunacaq. Yeni avadanlıqların tətbiqi
tədris prosesinə və elmi araşdırmaların yüksək
səviyyədə aparılmasına xidmət edəcək.
Ucuz və rəqabətə davamlı texnologiyaların
işlənib hazırlanması gələcəkdə neft
emalı, sement, boyaq maddələri, üzvi və
qeyri-üzvi birləşmələrin istehsal müəssisələrində
tətbiq edilə bilər. Bir çox ekoloji və su biznesi
şirkətləri də layihələrin nəticələrinə
maraq göstərə bilərlər.
Qeyd edək ki, Kral Əbdüləziz
adına Elm və Texnologiya Mərkəzi 13 elmi-tədqiqat
institutunu özündə birləşdirir. Elmi mərkəz
həm də ölkə üzrə planlaşdırılan
strateji əhəmiyyətli elmi-tədqiqat və texnologiya
layihələrinin reallaşdırılmasına rəhbərlik
edir.
Səfər zamanı
nümayəndə heyəti Nanomaterialların Texnologiyası,
Neft-Kimya Materialları, Atom Enerjisi, Kosmik Tədqiqatlar və Ətraf
Mühitin Mühafizəsi institutlarına baş çəkmiş,
onların fəaliyyəti ilə yaxından tanış
olmuşdur. Ən müasir texniki avadanlıqlarla təmin
edilmiş bu institutlarda çalışan mütəxəssislər,
əsasən, ABŞ, İngiltərə, Fransa və Almaniyada
elmi dərəcə almış yerli alimlərdir.
Azərbaycan elmi
üçün xüsusi əhəmiyyət daşıyan səfərlə
bağlı nümayəndə heyətinin üzvü,
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun
təəssüratlarını öyrəndik.
- Abel müəllim, bu səfər
Azərbaycan elminin beynəlxalq nüfuzunun daha bir göstəricisidir.
Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Qürur hissi ilə qeyd etmək
lazımdır ki, bu gün Azərbaycanın təkcə
iqtisadiyyatına, təbii sərvətlərinə, sənayesinə
və kənd təsərrüfatına deyil, həm də
elminə sərmayə qoyulur. Bu isə Azərbaycanın
dünyada öz inkişaf dinamikasına görə
yaxşı mənada təəccübləndirən
iqtisadiyyatı ilə yanaşı, elminin də
inkişafının beynəlxalq ictimaiyyət
üçün maraqlı olmasının göstəricisidir.
Hazırda BDU dünyanın müxtəlif ölkələri
ilə birgə 21 layihə həyata keçirir. Əsaslı
maliyyə imkanları olan həmin layihələr bir məqsədə
xidmət edir: universitetimizdə elm inkişaf etsin, tədqiqat
işləri daha da gücləndirilsin. Bu günlərdə
AMEA və BDU-nun əməkdaşlarının Səudiyyə
Ərəbistanının Kral Əbdüləziz adına Elm
və Texnologiya Mərkəzinin dəvətilə Ər-Riyad
şəhərinə səfəri, mərkəzin
vitse-prezidenti, doktor Turki Səud Məhəmməd al Saud ilə
qarşılıqlı elmi əməkdaşlığı həyata
keçirmək üçün bu qurum tərəfindən
maliyyələşdirilən qrant sazişləri imzalaması
məhz bu qəbildən idi.
Layihələr 3 milyon
ABŞ dolları dəyərindədir. İşin bir hissəsini
AMEA, bir hissəsini də BDU yerinə yetirəcək. Bu
faktın özü də Azərbaycan elminin dünya elmində
gedən proseslərə inteqrasiyasını şərtləndirir.
Çünki bütün dünyada elm akademiyalarda deyil,
universitetlərdə təşəkkül tapır.
Şanlı ənənələri olan AMEA kimi, ali məktəblərin
də elm sahəsində uğurlar əldə etməsi beynəlxalq
standartlara yaxınlaşmağımızdan xəbər verir.
Qeyd edim ki, layihələrin bir hissəsi kimya sahəsi, digərləri
nanotexnologiyalar, neft istehsalı, çirklənmiş
suların təmizlənməsi işlərinin
aparılması ilə bağlıdır. Layihələr iki
ilə yerinə yetirilməlidir. Həmin müddət ərzində
qrant hesabına ayrılan pulun 30 faizi cihazların
alınmasına yönəldiləcəkdir.
Bütün sahələrdə,
o cümlədən elmdə əldə etdiyimiz
uğurların kökündə sağlam iqtisadi-siyasi kurs
dayanır. Ümummilli lider Heydər Əliyevin
başladığı, Prezident İlham Əliyevin uğurla
davam etdirdiyi həmin siyasi kurs Azərbaycan elminə, təhsilinə
çox böyük fayda verməkdədir. Son illər ölkə
başçısı elmin, təhsilin inkişafı istiqamətində
müxtəlif sərəncamlar imzalamışdır. Həmin
sərəncamlar göstərir ki, Azərbaycanda elm sahəsində
məqsədyönlü islahatlar aparılır və
bütün bunlar elmin strategiyasının formalaşmasına
təkan verir. Atılan bütün addımlar, görülən
işlər əməli fəaliyyətdə əksini taparsa,
Azərbaycan elminə daha çox vəsait, investisiya qoyula bilər.
- Elmin strategiyasının
formalaşmasından danışdınız. Yeri gəlmişkən,
akademik Ramiz Mehdiyevin bu yaxınlarda elmin strateji məsələləri
ilə əlaqədar keçirdiyi müşavirə və
"Azərbaycan" qəzetinin 8 dekabr 2009-cu il tarixli
nömrəsində çap olunan "İctimai və humanitar
elmlər: zaman kontekstində baxış" məqaləsi
ilə bağlı nə deyə bilərsiniz?
- Akademik Ramiz Mehdiyevin
respublika ictimaiyyəti arasında böyük əks-səda
doğurmuş həmin məqaləsində dövlətçilik
ideologiyamızın strateji məsələləri, perspektivləri
əks etdirilib. Ən vacibi də budur. Azərbaycanın
iqtisadiyyatı sürətlə inkişaf edir, dövlət
möhkəmlənir. Bizim istəyimiz də budur ki, dövlət
ideologiyası bütün bu proseslərin önündə
getsin, inkişafı daha da sürətləndirsin. Yəni, kəmiyyətə
yox, daha çox keyfiyyətə diqqət yetirmək
lazımdır. Mən akademik Ramiz Mehdiyevin "İctimai və
humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində
bunu hiss etdim. İdeologiyanı hazırlayanlar ictimai elmlər
üzrə mütəxəssislər, sosial sahədə, hətta
fundamental elm sahəsində çalışan insanlardır. İdeologiyamız
iqtisadiyyatın inkişafına daha böyük istiqamət
verməlidir. Reallıq budur ki, Azərbaycan elmi
ayrı-ayrı sahələrdə inkişaf edib. Əlbəttə,
bütün elm sahələrində, xüsusən də,
ictimai, sosial elmlər sahəsində, akademik Ramiz Mehdiyevin də
qeyd etdiyi kimi, hələlik müəyyən problemlər var.
Yəni, biz daha fəal olmalı, çox
çalışmalıyıq. Bir məsələyə də
toxunmaq istəyirəm. Fundamental və təbiət elmləri
sahəsində elmi uğurlarımız göz önündədir.
Ancaq bu elmlərin inkişafı üçün dövlət
səviyyəsində diqqət və qayğı
artırılarsa, bundan faydalana bilərik, uğurlar daha da
çox olar.
Obrazlı desək, əvvəllər
Azərbaycanın elmi, təhsili okean sularına sovet gəmisi
ilə çıxırdı. Azərbaycana, Türkmənistana,
Ukraynaya və digər respublikaların da hərəsinə bir
kayut ayırmışdılar. Amma gəminin sükanı
Rusiyanın əlində idi. İndi isə okean sularına
öz gəmimizlə, öz bayrağımızla
çıxırıq. Təbii ki, böyük təcrübəmiz
yoxdur. Müstəqilliyimizin 19 yaşı var. Bu illəri də
ağrı-acı içində yaşamışıq. İndi
bizim okean sularına çıxardığımız elm gəmimizi
dünya müstəvisində qəbul etməlidirlər. Amma
bəzi hallarda hələ də kayut prinsipi qalır: guya kimsə
bizi idarə edəcək, yol göstərəcək. Amma
hamı, xüsusən də, ziyalılar düşünməlidir
ki, artıq proseslərə, dövlətçilik
ideologiyasına sovet düşüncəsi ilə yanaşmaq
olmaz.
- Azərbaycan dünyaya
inteqrasiyada həm Şərq, həm də Qərb ölkələri
ilə əməkdaşlığı eyni səviyyədə
aparır. Elmin inteqrasiyası haqqında nə deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, Azərbaycan
elminin inkişafı üçün həm müəyyən
vəsait ayrılır, həm islahatlar aparılır, həm
də elmin və təhsilin tərəqqisi üçün
müəyyən işlər görülür. Ölkədə
1900-ə yaxın elmlər doktoru var və bunların 600-ü
AMEA-da, 1200-ə yaxını müxtəlif ali təhsil
ocaqlarında, 100 nəfəri isə digər sahələrdə
çalışır. Elmlər doktorları əsasən ali
məktəblərdə fəaliyyət göstərirlər.
Sovet təhsil sistemində universitetə təhsil ocağı
kimi baxılırdı. Ancaq dünyada universitetlərin
reytinqini müəyyən edəndə görürük ki,
elmi uğurlar önə çəkilir. Biz də dünyaya
inteqrasiya edir, qlobal cəmiyyətə qoşuluruq. Yəni,
bizdə də universitet ilk növbədə, elmi mərkəz,
sonra isə tədris ocağı olmalıdır. Elmsiz təhsil
ola bilməz. Yalnız elmi biliklərlə, elmi işlərlə
məşğul olanlar, elmin zirvəsinə qalxanlar
yaxşı mühazirə oxuya bilərlər. Biz elmi
inteqrasiyada həm Qərb, həm də Şərq ölkələri
ilə əməkdaşlığı eyni səviyyədə
aparırıq. Unutmaq olmaz ki, ölkəmiz Şərqlə Qərbin
kəsişməsində yerləşir və bizim mili-mənəvi
dəyərlərimizin formalaşmasında həm Qərb, həm
də Şərq effekti var. Prezident İlham Əliyevin dediyi
kimi, "...biz iqtisadi potensialımızı intellekt
kapitalına çevirməli və bu istiqamətdə
çox böyük işlər görməliyik".
Bu günlərdə Milli Məclisin
Elm və təhsil komitəsində "Elm haqqında"
qanun layihəsini müzakirə etdik. Layihənin parlamentin yaz
sessiyasında müzakirəyə
çıxarılacağı gözlənilir. Bayaq
haqqında danışdığım 1900 elmlər doktorunu
stimullaşdırmaq lazımdır. Əgər alimlər
yaxşı çalışırlarsa, dövlət onlara
proqram verir və həmin alimlər proqrama görə ikiqat
maaş alırlar, eyni zamanda, beynəlxalq aləmə
çıxırlar. Qrant, proqram elmin inkişafına çox
böyük stimuldur, həmçinin alimin dünya
miqyasına çıxması üçün güclü təkandır.
Bütün dövlətlərdə proqram iki istiqamətdə
nəzərdə tutulur. Ölkədaxili proqramları
stimullaşdırmaq üçün imkan yoxdursa, xaricdən
alimə müəyyən vəsait ayrılır və o, tədqiqat
işinə cəlb edilir. Yaxud da həmin ölkənin cihaz,
avadanlıq təminatı güclüdürsə, sifariş
qəbul edir. Bizdə hələ ki bunların heç biri
yoxdur. Ancaq ötən il ölkə rəhbəri dövlət
proqramlarının qəbul olunması üçün təqribən
7 milyon manat vəsait ayırmışdır. 10 milyon manat isə
cihazlar üçün nəzərdə tutulmuşdur. Həmin
vəsaitdən isə cəmi iki milyonu xərcləndi. Təəssüf
ki, BDU 20-yə yaxın qrant proqramında iştirak etsə də,
bizə həmin maliyyə vəsaitindən heç nə
verilmədi.
Bir məsələyə də toxunmaq istəyirəm. Ölkədə elmin inkişafı, bu sahədə həyata keçirilən islahatların mərkəzində duran AMEA-nın mövqeyi birmənalı qiymətləndirilməlidir. Mən AMEA ilə BDU-nun əməkdaşlığını yüksək dəyərləndirirəm. Hər il AMEA-nın Rəyasət Heyəti qarşısında elmi hesabat veririk. Səudiyyə Ərəbistanına səfər və layihələr üzrə əməkdaşlıq da Milli Elmlər Akademiyası ilə birlikdə həyata keçirilmişdir. Səudiyyə Ərəbistanının ayıracağı 3 milyon ABŞ dolları məbləğində vəsaitin təxminən yarısı BDU-ya, yarısı isə AMEA-ya aiddir. Bu onu göstərir ki, biz həm ölkə daxilində inteqrasiyaya önəm veririk, həm də beynəlxalq proqramlar üzərində birgə işləyirik.
Bir daha qeyd etmək istəyirəm ki, Səudiyyə Ərəbistanı kimi dünyanın bütün ölkələri ilə geniş əlaqələri olan bir dövlətin Azərbaycan elminə üz tutması, ondan bəhrələnməyə çalışması elmimizin dünya səviyyəsində dəyərləndirildiyini göstərir. Bu, ümumilikdə, Azərbaycan elminin beynəlxalq nüfuzunun artmasına dəlalət edir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2010.- 10 fevral.- S. 2.