Humanist ideallara yüksək sadiqlik nümunəsi
Ulu öndər Heydər Əliyevin ölüm
hökmünün ləğvi ilə bağlı tarixi qərarı
respublikamızın Avratlantik məkana inteqrasiyasını
sürətləndirdi
Tarixin sınağından
çıxmış təcrübə göstərir ki,
yüksək dövlətçilik və idarəçilik təfəkkürünə
malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət
yarada bilmiş, hətta dünya səhnəsindən tamamilə
silinmək təhlükəsi ilə üzləşmişlər.
Odur ki, milli dövlətçiliyin qorunması və möhkəmləndirilməsi
təkcə tarixi şans və milli iradə nümayişi ilə
deyil, həm də lider amili ilə şərtlənir. Liderin
siyasi iradəsindən bir çox məsələlər, ilk
növbədə, onun təmsil etdiyi ölkənin taleyi
asılıdır.
Azərbaycanın heç də
uzaq olmayan keçmişi - müstəqilliyin ilk illəri də
göstərdi ki, dövlətin istiqlaliyyətinin əbədiliyi,
xalqın mütərəqqi yolla inkişafı yalnız
fenomenal keyfiyyətlərə malik lider amili ilə
bağlıdır. 1993-cü ilin iyununda - kifayət qədər
mürəkkəb bir dövrdə xalqın təkidi ilə
hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev
məhz belə liderlərdən biri olaraq ölkədə
ictimai-siyasi sabitliyi, qanunçuluğu və hüquq
qaydalarını təmin etmiş, elmi təmələ əsaslanan
çoxşaxəli inkişaf konsepsiyası irəli
sürmüşdür. O vaxtdan etibarən Azərbaycanda
uğurla həyata keçirilən, beynəlxalq təcrübəyə
əsaslanan məhkəmə-hüquq islahatlarının qayəsində
də məhz vətəndaşların konstitusion hüquq və
azadlıqlarının maksimal müdafiəsi məsələsi
dayanır. "Ədaləti ədalətsizliklə bərpa
etmək olmaz" prinsipini önə çəkən
ümummilli lider cəzanın adekvatlığı və
humanistliyi məsələlərinə də xüsusi diqqətlə
yanaşmış, bu məqsədlə hüquq-mühafizə
orqanlarında yeni dövrün tələblərinə cavab
verən mütərəqqi islahatların
aparılmasını daim nəzarətdə
saxlamışdır.
Ölkədə ictimai-siyasi
sabitliyin bərqərar olması, hüquq qaydalarının
möhkəmləndirilməsi, dövlət çevrilişləri
cəhdlərinin qarşısının xalqın dəstəyi
ilə qətiyyətlə alınması ulu öndər Heydər
Əliyevə ölkəmizin əsas qanunu olan
Konstitusiyanın qəbulu istiqamətində real addımlar
atmaq imkanı yaratmışdır. Ulu öndərin rəhbərliyi
altında hazırlanaraq 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil
Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş
cəmiyyəti quruculuğunun hüquqi əsaslarını
yaratmış, çoxpartiyalılıq əsasında
demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət,
söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar
olunmuşdur.
Dövlətin idarəetmə
sisteminin əsasını təşkil edən
Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan
başqa dövlətlərlə və beynəlxalq aləmlə
münasibətlərini beynəlxalq hüquq normaları və
ölkənin maraqlarını nəzərdə tutan prinsiplər
əsasında qurur. Bu prinsipi rəhbər tutan Azərbaycanın
1996-cı ildən avrostrukturlara inteqrasiya prosesi sürətlənmiş,
nəticədə Avropa Şurası Parlament Assambleyası
Bürosunun qərarı ilə respublikamıza 1996-cı il
iyunun 28-dən təşkilatda "xüsusi qonaq statusu"
ilə təmsil olunmaq imkanı yaradılmışdır. Bu,
milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə,
təşkilatla əlaqə və dialoqun intensivləşməsinə
daha geniş imkanlar açmışdır. Eyni zamanda, ulu
öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli
"Avropa Şurası ilə Azərbaycan Respublikası
arasında əməkdaşlıq proqramının həyata
keçirilməsi tədbirləri haqqında", 20 yanvar
1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi
sahəsində tədbirlər haqqında", habelə 14 may
1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa
Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi
və Azərbaycan Respublikasının Avropada mənafelərinin
təmin edilməsi haqqında" sərəncamları Avropa
Şurasına üzvlük üçün tələb
olunan hüquqi-siyasi prosedurların sürətlə
keçilməsinin işlək mexanizmlərini
hazırlamağa imkan vermişdir.
Azərbaycanın hüquqi
dövlət və humanizm ideallarına sadiqliyini təsdiqləyən
daha bir mühüm hadisə isə Avropa Şurasına
üzvlüyə qədər ölüm hökmünün
tamamilə ləğv olunmasıdır. Təşkilatın
1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair
Konvensiyanın 6 saylı protokolunda da ölüm
hökmünün yolverilməzliyi birmənalı əksini
tapmışdır. 1996-cı ilin mayında Milli Məclis Azərbaycan
Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək
yaşı 65-dən yuxarı olanların ölüm cəzasından
azad olunması ilə bağlı qərar qəbul etmiş,
eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə
tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə
endirilmişdir. Ulu öndər insanları
bağışlamaqla dövlətin, onun rəhbərinin vətəndaşlara
humanist münasibətini daim önə çəkmişdir.
1996-2003-cü illərdə 32 əfv fərmanının, 8
amnistiya aktının imzalanması da deyilənləri bir daha
təsdiqləyir. Bəzi iddiaların əksinə olaraq,
ölüm cəzasının ləğvi, amnistiya və əfv
fərmanlarının imzalanması ciddi tərbiyəvi məzmun
kəsb edərək, ağır və xüsusilə
ağır cinayətlərin sayının azalmasına gətirib
çıxarmışdır. 1993-cü ildən ölüm
cəzası üzərində moratoriumun qoyulması, 1995-ci
ildə əfv komissiyasının bərpası bu istiqamətdə
mühüm addımlar olmuşdur.
Ulu öndər 1998-ci il
yanvarın 22-də ölüm cəzasının ləğvi
təşəbbüsü ilə çıxış
etmiş, Avropaya inteqrasiya baxımından bu addımın
vacib olduğunu bildirmişdir. Yüksək bəşəri dəyərlərə,
humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan
bu mövqe eyni zamanda Azərbaycanın Avropa Şurasına
tamhüquqlu üzv olmaq, sivil dəyərləri əxz etmək
niyyətindən irəli gəlmişdir. Müəyyən
nihilist qüvvələr ölüm hökmünün ləğvinə
qarşı çıxsalar da, cəmiyyət belə bir
addımın zəruriliyini dərk edirdi. Nəhayət, ulu
öndər Heydər Əliyev 1998-ci il fevralın 10-da
ölüm hökmünün ləğvi barədə fərman
imzalamaqla, Azərbaycanı sivil Avropa dövləti kimi
görmək niyyətini bir daha nümayiş etdirmişdir. Həmin
vaxt hətta Avropa Şurasının üzvü olan bəzi
dövlətlər belə bu addımı
atmamışdılar.
Ulu öndərin möhkəm
təməl üzərində əsasını qoyduğu
siyasəti bütün sahələrdə uğurla davam etdirən
Azərbaycan Prezidenti İlham Əliyev son 6 ildə əfvetmə
institutunun çevik və işlək mexanizmlər əsasında
fəaliyyətini təmin etmişdir. Dövlət
başçısı humanist addımları ilə törətdiyi
əməldən səmimi peşmançılıq hissi
keçirən günahkar şəxslərin islah olunaraq
düz yola qayıtmasına, onların cəzaçəkmə
müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş
kimi azad cəmiyyətə qovuşmasına
çalışır. Azərbaycan Prezidentinin ötən 6
ildə 14 əfv fərmanı imzalaması, 2500-ə yaxın
məhkumu cəzasının çəkilməmiş hissəsindən
tam və yaxud qismən azad etməsi olduqca böyük
göstəricidir. Bu, Azərbaycanda insan hüquqlarının
etibarlı təminatına və demokratikləşməyə
xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini
göstərir. Dünyanın insan hüquqları sahəsində
ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu
açıq etiraf edir, cənab İlham Əliyevin insanpərvər
dövlət başçısı olduğunu bildirirlər.
Azərbaycan Prezidenti
İlham Əliyev praqmatik düşüncəli, peşəkar
siyasətçi olaraq bu fərmanları ilə ölkədə
hər bir fərdin maraq və mənafelərinin qorunmasına
dövlət təminatının olduğunu praktik surətdə
təcəssüm etdirir. Hər bir vətəndaşın
Prezidenti olduğunu əməli işi ilə sübuta
yetirmiş dövlət başçısı hətta cinayət
törətmiş insanları da naümid qoymaq istəmir.
Mütəmadi imzalanan əfv fərmanları həm də təkcə
məhkumların deyil, onların yaxınlarının,
doğmalarının arzularını reallığa
qovuşdurur, onların dövlət və cəmiyyət
qarşısında məsuliyyət hissini artırır.
Amnistiya qərarlarının
qəbulu ilə bağlı ölkədə
formalaşmış müsbət ənənənin Heydər
Əliyev Fondu tərəfindən də davam etdirilməsi Azərbaycanda
humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə
xidmət edir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın son 3 ildə iki dəfə
amnistiya təşəbbüsü ilə
çıxış etməsi bunun əyani təcəssümüdür.
Ölüm
hökmünün ləğv olunduğu Azərbaycanda mütəmadi
olaraq imzalanan əfv fərmanları Azərbaycanın
demokratik imicini daha da gücləndirməklə, rəsmi
Bakının insan hüquqları üzrə
ixtisaslaşmış bir sıra beynəlxalq qurumlarla,
xüsusən də ATƏT, Avropa Şurası kimi təşkilatlarla
münasibətlərinin genişlənməsinə geniş
imkanlar açır. Bu və digər humanist addımlar rəsmi
Bakının Avropa təşkilatları ilə normal əməkdaşlıqda
maraqlı olduğunu, demokratik və hüquqi dövlət
quruculuğu prinsipinə sadiqliyini nümayiş etdirir.
Hikmət MİRZƏYEV,
Azərbaycan Respublikası Ali Məhkəməsinin
İqtisadi mübahisələrə
dair işlər üzrə
Məhkəmə
Kollegiyasının sədri
Azərbaycan.- 2010.- 10 fevral.- S. 3.