Elm, ideologiya və dövlətçilik şüuru

 

Milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır.

 

İlham Əliyev

 

 

Elmə sosial sifariş

 

Azərbaycanda yeni iqtisadi münasibətlərə keçid prosesinin başa çatması bütövlükdə ictimai həyatın elmi meyarlar baxımından yenidən dəyərləndirilməsini tələb edir. Cəmiyyətşünas alimlərimiz qarşısında nə vaxtsa Avropada yaradılmış və Qərb ictimai gerçəkliyini əks etdirən təlimlərin cazibə sahəsindən çıxaraq ən müasir gerçəkliyi ehtiva edən yeni konsepsiyalar yaratmaq vəzifəsi durur. Artıq Azərbaycanın ictimai fəzasında bir canlanma müşahidə olunmaqdadır. Dövlət İdarəçiliyi Akademiyasında keçirilən müşavirədən və akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" mövzusunda analitik məqaləsindən ("Azərbaycan" qəzeti, 8 dekabr 2009-cu il) sonra bu sahədə çeşidli müzakirələr gedir, problemin bu və ya digər aspektinə dair KİV-də tanınmış alimlərin çıxışlarına geniş yer verilir.

Amma maraqlıdır ki, bəzən bu müzakirələrdə də biz öz "ənənələrimizə" sadiq qalaraq bu və ya digər ictimai problemə münasibət məsələsində cari siyasət və konyunktur çərçivəsindən kənara çıxa bilmir, qoyulmuş konkret məsələyə analitik təhlildən daha çox, aksioloji aspektdə yanaşır, onun dərin genetik, qnoseoloji və ictimai köklərini araşdırmaq əvəzinə, sadəcə, deyilənləri "təsdiq etmək", - tərifləmək, onlara "dəstək verməklə" kifayətlənirik. Halbuki, noyabr müşavirəsi ictimai və humanitar elmlərə, sadəcə, münasibət məsələsi olmayıb, onların qarşısında konkret vəzifələr qoymuşdur. Cəmiyyətin hər hansı bir sahəsindəki nailiyyətlərə və problemlərə artıq yeni metodoloji əsasda yanaşılması tələb olunur. Yəni, biz bir tərəfdən akademik Ramiz Mehdiyevin qaldırdığı məsələlərin aktuallığını qeyd ediriksə, onlara dəstək veririksə, digər tərəfdən, öz tədqiqatlarımızı yeni paradiqmanın tələblərinə uyğunlaşdıraraq ictimai proseslərin arxasında yox, önündə getdiyimizi, qabaqlayıcı araşdırmalar apardığımızı sübuta yetirməliyik. Düzdür, belə fundamental tədqiqatların mətbuatda tezliklə üzə çıxmasını gözləmək sadəlövhlük olardı, amma ən azı bu istiqamətdə işlərin getdiyinə əmin olmaq istərdik. Təəssüflə qeyd etməliyəm ki, AMEA-nın ictimai elmlər sahəsində elmi-tədqiqat institutlarının illik hesabatlarını və gələcək "planlarını" dinlədikdən sonra bu məsələdə olub-qalan nikbin gözləntilərim də itib-getdi.

Lakin diqqəti məsələnin başqa tərəfinə də yönəltmək olar. İndi müzakirələr cənab Ramiz Mehdiyevin yalnız adı çəkilən məqaləsi ətrafında gedir. Bundan bir qədər əvvəl isə akademik Ramiz Mehdiyev mətbuatda milli mənəviyyatımızla bağlı olan və aktuallığına görə ondan geri qalmayan başqa məsələlər qaldırmışdı. Ondan da əvvəl fəlsəfi fikrin müasir düşüncədə rolundan bəhs edən fundamental bir məqalə ilə çıxış etmişdi ki, bunlar hamısı bir-biri ilə sıx surətdə bağlıdır. Biz isə bəzən akademikin hər təzə əsəri çap olunanda, sanki əvvəlkiləri unudur və bütün problemlərimizə ancaq son məqalənin işığında nəzər salmağa çalışırıq. Belə münasibət də əslində, bizim fəlsəfi düşüncədən daha çox, operativ publisistik düşüncəyə meyilli olduğumuzu, uzunmüddətli, strateji araşdırmalardan daha çox, impulsiv reaksiyalara üstünlük verdiyimizi göstərir.

İctimai və humanitar elmlərin qarşısında duran vəzifələr həddindən artıq çoxdur. Müstəqillik elan olunduqdan üzü bəri ictimai proseslər davam etsə də, sosial elmlər hələ də axtarışdadır. Əlbəttə, axtarış yaxşı şeydir, elmin əsas şərtlərindən biridir. Amma bizdə axtarış hələ ki, özünü axtarmaq səviyyəsindədir. Sovet dövründə özünüdərkə xidmət edən metodologiyadan total surətdə imtina olunduqdan sonra ictimai elmlər özünü hələ də tapa bilməmiş, stabil bir məcraya düşməmişdir; o, hələ də öz predmetini və funksiyalarını "təzələməklə" məşğuldur.

Metodologiya məsələsi, əlbəttə, böyük məsələdir, strateji sahədir. Amma əvvəlcə nədən başlamaq lazım olduğunu müəyyənləşdirməliyik. Məncə, hazırda ictimai elm nümayəndələrinin qarşısında duran yaxın və uzaq vəzifələr fərqləndirilməlidir.

Cari vəzifələr üç istiqamətdə qruplaşdırıla bilər:

Birincisi, akademik Ramiz Mehdiyevin ancaq axırıncı məqaləsindən deyil, son illərdə çap etdirdiyi və yeni ictimai gerçəkliyin elmi-nəzəri tədqiqi üçün metodoloji baza rolunu oynaya biləcək əsərlərini bir sistem halında nəzərdən keçirmək, bu əsərlərdə onun rəhbər tutduğu vahid ideya xəttini müxtəlif sahələrə ekstrapolyasiya etmək və həmin metodoloji əsasda yeni məsələlər ortaya qoymaq.

İkincisi, akademik Ramiz Mehdiyevin əsərləri bütün sonrakı tədqiqatlar üçün təkcə metodoloji baza yox, həm də bir stimul, ilk qığılcım olmalıdır. Yəni, onun müzakirələri, indi olduğu kimi, artıq qoyulmuş problemlərin sadəcə təsdiqi və genişləndirilməsi ilə məhdudlaşmamalıdır; biz bu sahədə yazarkən işimizi yalnız akademik Ramiz Mehdiyevə istinad etmək formasında qurmayaraq, başqa ölkələrdə bu səpkidə aparılan tədqiqatlara da nəzər salmalı, öz aramızda da polemikaya girməli, bir-birimizin qaldırdığı məsələlərə də münasibət bildirməli, sözün həqiqi mənasında, geniş və hərtərəfli fikir mübadiləsi aparmaqla, akademikin irəli sürdüyü ideyaları böyük bir zəncirvari reaksiyanın təməl daşına çevirməliyik.

Üçüncüsü, artıq yeni paradiqmaya və yeni metodoloji əsaslara söykənən ilk fundamental tədqiqat işləri ortaya çıxmalıdır ki, onları nümunə kimi göstərmək mümkün olsun. Yəni, gənc tədqiqatçılar üçün müəyyən bir cığır açılmalıdır.

Nisbətən uzunmüddətli tədqiqat tələb edən məsələlər isə aşağıdakılardan ibarətdir:

Birincisi, müasir dövrdə ölkəmizdə formalaşmış olan ictimai gerçəkliyi, Azərbaycan iqtisadi modelinin özünəməxsus xüsusiyyətlərini öyrənmək və onun sosioloji təhlilini vermək.

İkincisi, keçid dövrü başa çatdırıldıqdan sonra qarşıda duran perspektiv vəzifələri müəyyənləşdirmək və strateji inkişaf proqramlarının hazırlanması üçün elmi tövsiyələr irəli sürmək.

Üçüncüsü, yeni ideoloji kursun müəyyən edilməsi, ictimai şüurun yenidən formalaşan sosial idealın tələblərinə uyğun surətdə yönəldilməsi, təhsil sisteminin, habelə KİV-nin fəaliyyət proqramlarının strateji hədəflərə uyğunlaşdırılması, bütün bu sahələrdə geniş miqyaslı maarifçilik işinə başlanması.

Dördüncüsü, siyasi və hüquqi mədəniyyətin formalaşdırılması, milli-fəlsəfi fikir ənənələri ilə müasir Qərb fəlsəfəsinin sintezindən çıxış etməklə ictimai və humanitar fəaliyyət sahələri üçün metodoloji baza yaratmaq.

Bütün bu şərtlərin ödənməsi üçün isə öncə fəlsəfi dünyagörüşü ilə ictimai elmlərin konkret məsələləri arasında əks-əlaqə sistemi yaradılmalıdır. Digər tərəfdən də cəmiyyətşünas alimlərin müvəqqəti yox, müntəzəm tribunası olmalıdır. Televiziya kanallarının bu məsələyə ayda-ildə bir dəfə yer verməsi ilə ictimai rəyin formalaşdırılması mümkün deyil! Nəzərə alınmalıdır ki, təbiət elmlərindən fərqli olaraq sosial elmlər ictimai şüurla sıx surətdə bağlıdır. Yəni, elmi tədqiqatlarla elmi-publisistik fəaliyyət paralel getməlidir.

Təəssüfləndirici haldır ki, elm adamlarının öz analitik yazılarını operativ şəkildə çap etdirməyə qəzet və jurnalları yoxdur. AMEA-nın orqanı heç həftədə bir dəfə də çıxmır. İldə bir-iki dəfə çıxan və ya çıxmayan jurnallar da təbii ki, belə aktual problemlərin işıqlandırılmasına imkan vermir; məqalə işıq üzü görənə qədər aktuallığı itir. Digər tərəfdən, bu sahədə yazılan işlər sadəcə dissertasiya müdafiəsi üçün olmayıb, ictimai praktikada tətbiq üçün nəzərdə tutulursa, deməli, yenə də operativliyə böyük ehtiyac var.

Bəs onda necə olsun? Biz elə "Azərbaycan" qəzetinəmi ümid bəsləməliyik? Axı, bu qəzet Akademiyanın yox, Milli Məclisin orqanıdır və sırf elmi yazılar çap edə bilməz. Akademikin məqaləsinə ilk reaksiyanın da məhz Milli Məclis üzvləri tərəfindən verilməsi təsadüfi deyil. Çünki onların ictimai-siyasi hadisələrə və ictimai şüura operativ müdaxilə etmək vərdişləri var. Bəs AMEA-da, Dövlət İdarəçilik Akademiyasında, BDU-nun müvafiq fakültələrində və digər elm-təhsil müəssisələrində məskunlaşmış və əsas vəzifəsi ictimai elmlərin inkişaf etdirilməsindən ibarət olan alimlər ordusu necə, - bu çağırışa operativ cavab verə bilirlərmi? Heç olmazsa, hər hansı bir hərəkət hiss olunurmu?

Axı, yeni paradiqmanı əvvəlkindən fərqləndirən əsas xüsusiyyətlərdən biri də siyasi tərəfkeşliyin operativ surətdə nümayiş etdirilməsindən tədricən ciddi elmi araşdırmalara, bu araşdırmaların müntəzəm və dayanıqlı bir prosesə çevrilməsinə, müvafiq elmi-tədqiqat institutlarının və qurumlarının bütün potensialının səfərbər olunaraq real ictimai proseslərin elmi proqnozuna yönəldilməsindən ibarətdir.

Bizdə tək-tək şəxslər hər hansı bir sahədə xüsusi fəhm və istedad nümayiş etdirə bildiyi kimi, elmdə də tədqiqatçı fərdlər bəzən çox yüksək nəticələr göstərə bilirlər. Yəni, bizim, fərdi-genetik potensialla problemimiz yoxdur. Necə ki, şahmatda, güləşdə uğur qazana bildiyimiz halda, kollektiv oyunlarda buna nail ola bilmirik, eləcə də elmi məktəblər yaradılması, bütöv institutların kollektiv elmi fəaliyyətinin təşkili çətin olur. Bununla belə, indi ölkəmiz elə bir inkişaf səviyyəsinə çatmışdır ki, humanitar və ictimai elmlərin, ümumiyyətlə, elm sisteminin hərəkətə gəlməsi, ideya cəbhəsində önə keçməsi və öz öncül yerini tutması ciddi bir ictimai zərurətə çevrilmişdir. İctimai inkişaf özü bunu bizdən tələb edir.

Bəs ictimai gerçəklikdə baş verən mühüm yeniliklər nədən ibarətdir? Təkcə Azərbaycan miqyasında deyil, bütün dünyada gedən bir sıra yeni mahiyyətli ictimai-siyasi və iqtisadi-texnoloji məsələlərə, habelə məhz Azərbaycanın bu qlobal proseslərdə spesifik mövqeyinə dair fikirlərimi mən "Yeni dövrün yeni lideri" adlı məqaləmdə ifadə etmişəm. İndi isə diqqəti ictimai-siyasi gerçəklikdə yaranmış vəziyyətin başqa bir cəhətinə yönəltmək istərdim. Müstəqilliyin ilk illərindən başlayaraq müəyyən səbəblərdən cəmiyyətin həddən artıq siyasiləşməsi, iqtidar və müxalifət arasında kəskin qarşıdurmalar, müxalifətin rasional tənqidi mövqedən deyil, total inkarçılıq mövqeyindən çıxış etməsi və iqtidaryönlü qüvvələrin də özünütənqiddən daha çox, özünümüdafiə mövqeyində durmaq məcburiyyəti analitik təhlil və hərtərəfli yanaşma üçün bir o qədər də əlverişli olmayan mühit yaratmışdı. İndi isə dövlətin neçə illərdir apardığı məqsədyönlü siyasət artıq öz bəhrələrini verdiyinə görə və müxalifətin ictimai fikri əks istiqamətə yönəltmək təşəbbüsləri iflasa uğradığından cəmiyyətdəki siyasi qarşıdurma əhvali-ruhiyyəsi tamamilə aradan götürülmüşdür ki, bu da iqtidara öz mövqelərini tənqidi-təhlil süzgəcindən keçirərək daha rahat surətdə analitik təhlillər aparmaq və ictimai şüuru tədricən siyasi fikir müstəvisindən elmi fikir müstəvisinə keçirmək imkanı vermişdir. Yeri gəlmişkən, bu cəhət akademik Ramiz Mehdiyevin son məqalələrindəki tənqidi ruhdan da aydın görünür. Belə ki, ictimai şüurun strukturunda siyasi nihilizmlə siyasi təbliğatçılıq arasındakı antaqonizmin öz yerini tədricən obyektiv elmi təhlil və özünütənqidə verməsi prosesinin artıq başlandığı sezilir. Bu isə ictimai elmlərə sosial sifarişin formalaşmasından xəbər verir. Akademik Ramiz Mehdiyev özü də yaranmış ictimai-siyasi situasiyanı məhz bu baxımdan dəyərləndirir: "Əgər dövlət müstəqilliyimizin bərpasının ilk illərində ictimai elmlərin nümayəndələri arasında müəyyən qütbləşmə mövcud idisə, bu gün cəmiyyətimiz öz inkişafının elə bir mərhələsinə çatıb ki, baş vermiş sosial-iqtisadi dəyişiklikləri bütünlüklə və geniş miqyasda dərk etmək üçün hər cür imkan vardır. Əslində, bu, yaşadığımız tarixi anın mahiyyətini və məzmununu təşkil edir".

Baxmayaraq ki, bu sahədə ilk addım yüksək dövlət rəsmisi tərəfindən atılmışdır, biz bu hadisəni dövlət sifarişi kimi yox, məhz sosial sifariş kimi dəyərləndirməyin tərəfdarıyıq. Əslində, Ramiz Mehdiyev özü də bu yazılarında bir dövlət rəsmisi olmaqla yanaşı, həm də və bəlkə daha çox dərəcədə bir filosof, tədqiqatçı alim kimi çıxış edir.

 

Fəlsəfə və ictimai elmlər

 

Marksist-leninçi fəlsəfədən imtina etdikdən və müstəqilliyimizin açdığı imkandan bəhrələnərək milli fəlsəfi fikrimizi bərpa etmək, yaşatmaq imkanı qazandıqdan sonra bu sahədə bir axtarış dövrü başlansa da, aşkar bir nəticə hələ də ortada yoxdur. Bəziləri orta əsrlər dövrünün fəlsəfi mənbələrinə qayıtmağı, islam fəlsəfəsinə istinad etməyi, bəziləri də əksinə, müasir Qərb fəlsəfi cərəyanları bazasında yeni fəlsəfi sistemlərin transfer olunmasını təklif edirlər. Yəni, yeni fəlsəfi təlim olaraq ya klassik Şərq (islam), ya da müasir Qərb modelləri örnək kimi götürülür. Lakin əslində, bunların heç biri milli-fəlsəfi fikrin formalaşması üçün əsas ola bilməz. Əlbəttə, bu təlimlər də öyrənilməli, onlardan istifadə olunmalıdır. Lakin bizim tədris və təbliğ etməli olduğumuz fəlsəfə ilk növbədə, milli ruh və düşüncə üzərində qurulmalıdır. Milli ruh bu gün və ya dünən yaranmayaraq, qədim köklərə malikdir. Onun ən böyük daşıyıcısı dildir. Adət-ənənələrimiz, əxlaqi dəyərlərimiz, bədii-estetik meyarlarımız da milli ruhun əsas ifadəçiləridir. Bu mənada, milli fəlsəfi fikrimizin qaynaqları ilk növbədə, folklor, ədəbiyyat, musiqi və digər sənət növlərində, habelə həyat tərzində, dildə yatan hikmətdə axtarılmalıdır.

Rəsmi fəlsəfə professorlarının artıq vərdiş qazandıqları qəliblərdən çıxaraq milli ruhun ifadəsi olan yeni fəlsəfi sistem yaratmaq imkanları çox məhduddur. Ona görə də milli fəlsəfi fikrin təməlində daha çox dərəcədə rəsmi fəlsəfənin stereotiplərini mənimsəməmiş olan insanların içdən gələn və buna görə də milli ruhla daha yaxşı səsləşən düşüncələri və mənəvi-ruhani etirafları durmalıdır.

İş burasındadır ki, uzun müddət ictimai şüurun formaları kimi və insanın ruhi-intellektual fəaliyyət sahələri kimi mövcud olan din, fəlsəfə və ədəbiyyat zaman keçdikcə həm üfüqi, həm şaquli istiqamətdə diferensiallaşmış, yeni alt sistemlər yaranmışdır. Əlbəttə, müasir ictimai şüurun formaları sırasında fəlsəfi, dini və ədəbi-bədii şüurla yanaşı, əxlaqi şüur, estetik şüur, iqtisadi, siyasi və hüquqi şüur, son zamanlar hətta ekoloji şüur və s. də xüsusi qeyd edilir. Məntiqi və tarixi şüur isə çox vaxt ictimai şüurun formaları kimi deyil, metodları kimi təqdim olunur. Bunlar hamısı, bir tərəfdən, adi şüurun strukturuna daxil olaraq həm də mədəniyyətin sahələri kimi mövcuddur, digər tərəfdən də bu sahələrin hamısı kortəbiilik məcrasından ayrılaraq xüsusi tədqiqat predmetinə çevrilmiş, bəziləri özünüdərk, bəziləri də kənardan dərk mərhələsini keçərək mədəniyyətlə yanaşı, elmin strukturunda da özünə yer edə bilmişlər. Onların empirik və ya nəzəri idrak səviyyəsində mənimsənilməsindən asılı olaraq vertikal koordinat oxunda daha yüksək mərtəbələr, əslində, fərqli statuslu hadisələr meydana gəlmişdir.

Biz bilərəkdən elmi ictimai şüur formaları arasında qeyd etmədik. Çünki elm, sadalanan sahələrlə yanaşı duran bir sahə olmayıb, hər bir sahənin vertikalında fərqli bir mərtəbə təşkil edir. Həmin sahə özünü artıq sadəcə ictimai şüur səviyyəsində deyil, ancaq intellektual elitaya məxsus olan yüksək bir mərtəbədə - dərk olunmuş bir hadisə kimi tapmış olur. Nəticədə din haqqında elm, əxlaq haqqında elm, ədəbiyyat haqqında elm, sənət haqqında elm, siyasət haqqında elm, hüquq haqqında elm formalaşır.

İctimai tərəqqinin ilk mərhələsi iqtisadi təminatla bağlıdırsa, daha yüksək inkişaf mərhələsində mənəvi ehtiyacların ödənilməsi önə keçir. Yəqin buna görədir ki, son vaxtlar ölkəmizdə fəlsəfəyə diqqətin xeyli dərəcədə artdığı hiss olunur. Fəlsəfəyə münasibətin aktuallaşması akademik Ramiz Mehdiyevin Azərbaycanda fəlsəfi fikrin vəziyyətinə öz münasibətini bildirməsindən başladı. Onun "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" adlı iri həcmli məqaləsində qoyduğu bir sıra məsələlər bütün elmi ictimaiyyəti bu barədə düşünməyə vadar etdi. Bu sahədə ikinci mühüm addım keçən il mayın 2-də akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) keçirdiyi "Müasir dünyada yeni düşüncəyə ümumi baxış" mövzusunda beynəlxalq elmi-fəlsəfi konfrans oldu. Konfrans geniş ictimaiyyətin diqqətini bir daha ölkəmizdə fəlsəfənin öyrənilməsi, tədrisi və təbliği problemlərinə yönəltdi. Tədbirin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, AFSEA-nın prezidenti akademik Ramiz Mehdiyevin qoyduğu proqram xarakterli məsələləri müzakirə edərkən fəlsəfənin tədrisi ilə bağlı bir sıra problemlərə də toxundular. Dövlət rəhbərliyinin elmi-fəlsəfi ictimaiyyəti narahat edən bu məsələlərə reaksiyası uzun sürmədi. Universitet rektorlarına tapşırıldı ki, fəlsəfi fənlərin tədrisində vəziyyət barədə təcili surətdə məlumat hazırlansın. Fəlsəfə və ictimai elmlərin tədrisində vəziyyət məsələsi nəzarətə götürüldü.

May ayının 5-də isə akademik Ramiz Mehdiyevin "Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair" sanballı məqaləsi dərc olundu və burada fəlsəfi fikirlə yanaşı, ona münasibətin də dəyişməsinə olan ehtiyacdan söhbət açıldı. Akademik öz məqaləsində xüsusilə vurğulamışdır ki, "...ölkəmizdə fəlsəfi fikrin indiki inkişaf səviyyəsi qənaətbəxş hesab oluna bilməz. Belə ki, ictimai həyatımızın müxtəlif sahələrində əldə olunmuş böyük uğurlar və sürətli tərəqqi kontekstində fəlsəfi araşdırmaların səviyyəsi xeyli zəif görünür. Bəzən fəlsəfi fikir reallığın önündə getmək əvəzinə, ondan geri qalır, hadisələr nəzəriyyəni önləyir və bu sahədə yazılanlar çox vaxt təsviri xarakter daşıyır. Proseslərə münasibətdə belə bir dinamizm tələb olunan dövrdə hələlik sosial, siyasi, iqtisadi sahələrdə intensiv inkişafın xüsusiyyətlərinə uyğun, yalnız nəzəri deyil, həm də praqmatik yönümlü proqram və konsepsiyalar mövcud deyildir". Bu konsepsiyaların yaradılması üçün tək-tək tanınmış mütəxəssislərin fəal səyləri yetərli deyil. Bunun üçün fəlsəfi elmlər sahəsində ölkəmizin bütün kadr potensialının səfərbər olunması nəzərdə tutulur. Ramiz Mehdiyev yazır: "Azərbaycan dünyada gedən siyasi və iqtisadi proseslərdə fəal mövqe tutduğu kimi, alimlərimiz yeni əsrin ideya-fəlsəfi paradiqmasının formalaşmasında da fəal iştirak etməlidirlər. ...Bütövlükdə, ictimai elmin nüfuz və statusunu qaldıran, onu dünyada tanıda bilən tədqiqatlar ortaya qoyulmalıdır".

Bu xətt noyabr müşavirəsində də davam etdirildi. Biz fəlsəfi fənlərə dövlət qayğısının təzahürünü son vaxtlar kütləvi informasiya vasitələrinin münasibətində də hiss etdik. Deməli, necə deyərlər, yuxarılar öz üzərinə düşəni etdi, indi növbə bizimdir.

Biz sovet dövrünə tam nihilist bir münasibət bəsləməyin əleyhinəyik. Rusiyanın fəlsəfəçiləri də bizim kimi kommunist ideologiyası ilə hesablaşmaq məcburiyyətində idilər. Amma onların arasından Losev, İlenkov, Zinovyev, Mamardaşvili, Styopin kimi yaradıcı tədqiqatçılar da çıxmadımı? Həm də Zinovyev istisna olmaqla, onların heç biri açıq antisovet çıxışları etməmişdir. Lakin bununla belə, yazdıqlarının məzmununa görə onların əsərləri ümumbəşəri fəlsəfi fikir tarixində özünə yer ala bilmişdir. Onların yaradıcılığında biz ideoloji məqamları yox, fəlsəfi baxımdan önəmli olan cəhətləri dəyərləndiririk. O tədqiqat fəlsəfi hesab oluna bilər ki, ideologiya atıldıqdan sonra da əsas məzmun yerində qalmış olsun. Marksizm-leninizm fəlsəfəsi sadəcə ideologiya deyildi. O, bir fəlsəfi sistem kimi də ziyanlı idi. Və biz siyasi müstəqillik əldə etdikdən sonra fikir müstəvisində də müstəqilliyə nail olmalı idik. Lakin biz nə etdik? Marksın, Engelsin, Leninin adlarını və onların əsərlərindən parçaları çıxarıb atdıqdan sonra həmin sistemi və ideya xəttini eynilə saxlamadıqmı? Tələbələrə həmin materialist ruh aşılanmırdımı? Hələ bu gün də bəziləri fəlsəfəni nə isə din əleyhinə olan bir şey kimi təsəvvür etmirmi? Məsələn, Leninin adını çıxarıb, materiyanın tərifini yenə də olduğu kimi vermək, zamanı-məkanı yenə də materiyanın mövcudluq formaları kimi təqdim etmək, yenə də dialektikanı metafizikaya qarşı qoymaqla yeni fəlsəfə sistemi yaratmaq mümkündürmü? Amma müstəqillik illərinin ilk fəlsəfə dərslikləri belə yarandı.

Fəlsəfənin özü məlum olsa, onun dərsliyini yazmaq ancaq metodiki bir işdir. Çətin olan da məhz seçim etməkdir, hansı fəlsəfənin, hansı təlimin əsas kimi, baza kimi götürülməsidir.

Təbii ki, biz bu dünyada tək deyilik və boylanıb ilk növbədə, qonşularımıza baxırıq. SSRİ dağıldıqdan sonra ruslar hansı fəlsəfi təlimləri prioritet kimi götürdülər və nə kimi bir fəlsəfə dərsliyi ortaya qoydular? Yaxud postsovet məkanının başqa xalqları. Məsələn, Rusiyada da "fəlsəfə axtarışı" marksizm klassiklərinin sadəcə atılması ilə başladı. İkinci addım isə qeyri-marksist fəlsəfə tarixinə daha çox yer vermək oldu. O dərəcədə çox ki, bəzən marksizm fəlsəfə tarixindən bütövlükdə çıxarıldı. Tarixdən çıxarıldı, amma fəlsəfə kurslarının əsas məzmunundan çıxarıla bilmədi. Məqsəd kimlərinsə yalnız üzdə olan izini çıxartmaq olanda yerində nə isə şikəst bir şey qalır.

Bəlkə biz gözləyək, ruslar nə vaxt fəlsəfə prioritetlərini müəyyənləşdirib qurtaracaqlar, ondan sonra biz də onlardan tərcümə edərik?! Yeri gəlmişkən, Rusiyada da bu qeyri-müəyyənlik hələ aradan götürülmədiyindən, fəlsəfə dərslikləri daha çox dərəcədə tarix üzərində qurulur. Məsələn, Lomonosov Universitetində hazırlanan və Rusiya universitetləri üçün əsas dərslik kimi təsdiqlənmiş kitabda nə az, nə çox 430 səhifə fəlsəfə tarixinə ayrılmışdır ki, bundan islam dünyasına və ümumiyyətlə, Şərq fəlsəfi fikrinə heç yarım səhifə də pay düşmür. Deməli, bu bizim üçün örnək ola bilməz.

Amma bizim boylanmağımız üçün ikinci bir ünvan da var. Bu, Türkiyədir. Lakin burada fəlsəfi fikir iki əks cəbhəyə parçalanmışdır. Qərb meyilli dərsliklər elə Moskvada çıxanları xatırladır. İslam yönlü fəlsəfəçilərin yazdıqları isə bir növ, orta əsrlərdə itərək müasir dövrün düşüncə tərzini əks etdirə bilmir. Deməli, bizim indi üzləşdiyimiz problemi türkiyəli qardaşlarımız da hələ indiyədək həll edə bilməyiblər. Lakin onlar bu qarşıdurmadan xilas olmaq üçün çox vaxt fərqli bir yol seçirlər. "Fəlsəfəyə giriş", "Fəlsəfənin əsasları" tipli dərsliklərə fəlsəfə tarixi xüsusi bölmə kimi daxil edilmir. Ancaq ayrı-ayrı fəlsəfi problemlər öyrədilir ki, fəlsəfə tarixinə və klassiklərinə də bu problemlərin izahı kontekstində müraciət edilir. Başqa sözlə desək, fəlsəfə tarixi fəlsəfi məzmun içərisində əridilmiş olur. Lakin əsas məsələ də məhz bu məzmunun necə seçilməsi, onun daxilində kimlərin əridilməsidir.

Beləliklə, cəmiyyətşünas alimlərin bir vəzifəsi ölkəmizdə gerçək ictimai prosesləri tədqiq etmək, ictimai-siyasi və iqtisadi sahələrdə əldə olunmuş uğurların ümumiləşmiş elmi mənzərəsini yaratmaq, dünyada artıq Azərbaycan modeli kimi tanınan iqtisadi yenidənqurmanın mahiyyətini açmaqdan ibarətdirsə, digər vəzifə milli mədəni-mənəvi dəyərlərin elmi-fəlsəfi meyarlarını işləyib-hazırlamaq, milli fəlsəfi fikri yeni dövrün tələblərinə uyğun surətdə inkişaf etdirməkdir. Və bu işdə alimlərimizlə yanaşı, geniş ziyalı ictimaiyyətinin, xüsusilə, öz gündəlik işində ictimai şüurun formalaşmasına təsir göstərə bilən insanların, təhsil işçilərinin, kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.

 

 

(ardı var)

 

Səlahəddin XƏLİLOV,

AMEA-nın müxbir üzvü,

Professor

 

Azərbaycan.- 2010.- 10 fevral.- S. 6.