Kiyevdə Ukrayna dilində "Qarabağ tarixin gərdişində" sənədli filminin təqdimatı olmuşdur

 

Kiyevin "Opera" mehmanxanasının konfrans salonunda Ukrayna dilində "Qarabağ tarixin gərdişində" sənədli filminin təqdimatı olmuşdur. Filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından söhbət açılır. Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə yaradılan filmin həmmüəllifləri Ukraynanın Birinci milli telekanalının şərhçisi Georgi Spasokukotski və AzTV-nin Ukraynadakı müxbir məntəqəsinin rəhbəri Mövsüm Aslanovdur.

Filmin nümayişindən sonra keçirilən müzakirələrdə ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva əzəli torpaqlarımızın işğal altında olmasından, erməni terrorizmindən və vəhşiliklərindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından söhbət açmışlar. Onlar Azərbaycan xalqının başlıca problemini dərin və eyni zamanda, hərtərəfli təqdim edən filmi yüksək qiymətləndirmişlər.

Çıxış edənlər Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri nümayiş etdirən müxtəlif mətbu məhsullarına, video və fotomateriallarına, habelə "Xocalıya ədalət" kampaniyasının internet saytının yaradılmasına görə (www./justiceforkhojaly.org) Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Bu internet səhifəsi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

Ukrayna Ali Radasının deputatı, xalqımızın böyük dostu Anatoli Raxanski, Kiyevin Peçyorsk rayon şurasının deputatı Vilayət Quliyev, "qaynar nöqtələr"də döyüşmüş İqor Mijur və başqaları film haqqında təəssüratlarını bölüşmüşlər.

Səfir Tələt Əliyev bildirmişdir ki, bu tədbir Azərbaycanın tarixində faciəli səhifələr barədə Ukrayna ictimaiyyətinə məlumat verilməsi ilə əlaqədar ötən ilin yayından başlanmış və diplomatik nümayəndəliyimizin təşəbbüsü ilə reallaşdırılan böyük kampaniya çərçivəsində həyata keçirilir. O xatırlatmışdır ki, yanvarın 22-də Kiyevin Müəllimlər evində 20 Yanvar şəhidlərinin xatirə gecəsi və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ukrayna dilində "Azərbaycanlıların soyqırımının reallıqları" kitabının təqdimatı keçirilmişdir. Diplomat vurğulamışdır ki, fevralda Xocalı soyqırımına həsr olunmuş bir sıra tədbirlər nəzərdə tutulmuşdur.

Sonra Tələt Əliyev "Qarabağ tarixin gərdişində" filminin yaradıcı kollektivinə səfirliyin fəxri fərmanlarını təqdim etmişdir. Qənirə Paşayeva ssenarinin həmmüəllifi Georgi Spasokukotskiyə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Qarabağ gerçəklikləri" video məhsulunu və Tatyana Zaladzenin "Qarabağ soyqırımı: məhkum Xocalı" kitabını təqdim etmişdir.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rüfət Quliyev və Nizami İsgəndərov, səfirliyin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Tofiq Qasımov, Azərbaycan DİN-nin Kiyevdəki nümayəndəsi polis polkovniki Zəfər Əbiyev, idman gimnastikası üzrə olimpiya çempionu Stella Zaxarova, GUAM katibliyi iqtisadi layihələrinin əlaqələndiricisi Səbuhi Temirov, "Azərbaycan Hava Yolları" ASC-nin Ukraynadakı nümayəndəsi Yaşar Əmirov, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər Təşkilatının sədri Oleq Krapivin, diasporumuzun fəalları, azərbaycanlı tələbələr, müsəlman ruhanilərinin, Ukrayna ictimaiyyətinin nümayəndələri və başqaları iştirak etmişlər.

Salondakı rəflərdə Qarabağ haqqında kitablar düzülmüş, Azərbaycan səfirliyinin Xocalı soyqırımı barədə mətbuat üçün məlumatı paylanmış, səhnədə Xocalı faciəsini əks etdirən fotoşəkillərdən ibarət stend qoyulmuşdur.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2010.- 10 fevral.- S. 6.