Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının üçgünlük regional müşavirəsi işə başlamışdır

 

Fevralın 9-da Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) regional müşavirəsi işə başlamışdır.

Fevralın 11-dək davam edəcək tədbir İCAO-nun Kanadanın Monreal şəhərindəki mənzil-qərargahında bu il martın 29-da keçirilməsi nəzərdə tutulan "Uçuşların təhlükəsizliyi" konfransına hazırlıq məqsədi daşıyır.

Müşavirədə Avropa və Asiyanın 20 ölkəsini, həmçinin 6 beynəlxalq mülki aviasiya təşkilatını təmsil edən 70-dən çox nümayəndə iştirak edir.

Beynəlxalq tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov müşavirənin öz məqsədinə nail olacağına əminliyini bildirmişdir. Qeyd etmişdir ki, Bakıda belə beynəlxalq tədbirlərin keçirilməsi milli aviasiyamızın Avropa standartlarına daha sürətlə inteqrasiyasına şərait yaradır. Son iki ildə Azərbaycan paytaxtında mülki aviasiya ilə bağlı dörd beynəlxalq forumun keçirildiyini diqqətə çatdıran A.Məmmədov Monreal konfransı ərəfəsində belə bir mötəbər tədbirin Bakıda təşkil olunmasını ölkəmizə göstərilən etimadın əyani təzahürü kimi qiymətləndirmişdir.

A.Məmmədov fəaliyyətə başlamasından keçən iki ildə Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycanda bu sahənin inkişafı, o cümlədən uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işləri diqqətə çatdırmışdır.

İCAO-nun Avropa və Şimalı Atlantika üzrə Regional Bürosunun direktoru Karsten Teyl son vaxtlar dünyada xeyli sayda insan tələfatı ilə müşayiət olunan aviaqəzaların sayının artmasını nəzərə çatdırmışdır. O, Bakı görüşünün uçuşların qlobal təhlükəsizliyi prinsiplərinin işlənib hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bildirmişdir ki, qlobal maliyyə böhranı ilə əlaqədar aviadaşımaların azalmasına baxmayaraq, iqtisadçılar cari ilin yay mövsümündə onun artacağını proqnozlaşdırırlar. Təbii ki, bu artım ilk növbədə, uçuşların təhlükəsizliyinin tam təmin edilməsindən asılı olacaqdır.

Müşavirədə aviauçuşların qlobal təhlükəsizliyi məsələlərinin geniş müzakirə olunacağını bildirən K.Teyl tədbirin Monreal konfransınadək iştirakçı dövlətlərin ümumi mövqeyinin formalaşdırılmasına imkan yaradacağına əminliyini bildirmişdir.

Sonra müşavirə iştirakçıları regionda uçuşların qlobal təhlükəsizliyinin əsas prinsipləri ətrafında işgüzar fikir mübadiləsi aparmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 10 fevral.- S. 7.