Əbədi faşizm

 

Qafqaz qismətinə münaqişələrin xronoloji ardıcıllıqla düzüldüyü məkan kimi minillik müharibələrlə damğalanıb. Sülhün bəxti kiminsə qarğışına tuş gəlibmiş kimi açılmır ki, açılmır. Müharibələr Qafqaz bölgəsində səngimir. Erməni millətçiləri Qafqazda baş verən bütün münaqişələrin səbəbkarı, ilhamvericisi və aparıcı qüvvəsi kimi lokal müharibə sənətkarıdırlar. Qafqazda erməni faşistləri sülhdən yalnız müharibələrdən dincəlmək, işgal etdiyi torpaqlara tam sahib çıxmaq məqsədi ilə bir diplomatik vasitə, hiylə kimi istifadə ediblər. Ermənilərin qurduğu diplomatik sülh tələlərindən heç 20 il keçməmiş yeni müharibələr alovlanıb. Sovet dövründə də ərazilərimiz ermənilərə ötürüldükcə iki respublika arasında dostluğun və qardaşlıığın yeni mərhələsi elan olunub.

 

Dünyada baş verən bütün münaqişə, müharibə, inqilab və yenidənqurmalar "əzabkeş və məzlum" erməni qonşularımızın ərazilərinin artmasına xidmət edib. Münaqişə və müharibələrdən bəhrələnərək, əsrlər boyu arzuladıqları və ağıllarına gəlməyən sərvətlərə sahib olan erməni millətçiləri heç vaxt Qafqazda sülhün marağında olmayacaqlar. Bu aksiomdur, yəni, sülh, barış, bölgədə stabillik erməni millətçilərinin məhvi, sonu deməkdir. Sülhə aparan bütün yollar onların işğalçı niyyətlərinə səddir, ciddi maneədir. Əksinə, erməni təbliğat maşını münaqişələri müntəzəm inkişaf etdirməyə, müharibələrə çevirməyə, mümkün qədər böyük hərbi qüvvələrin bölgəyə müdaxiləsinə işləyir. Belə qüvvələr nə qədər çox olursa, münaqişələr müharibələrə nə qədər böyük sürətlə keçirsə, bir o qədər də "əzabkeş erməni xalqının" işğal etdiyi ərazilər qlobal proseslərin ümumi mənzərəsində nəzərə çarpmır, qamarlanan torpaqlara, törədilən cinayətlərə asanlıqla dünya ictimaiyyəti tərəfindən göz yumulur. Beynəlxalq qurumların, müxtəlif güc mərkəzlərinin, qonşu dövlətlərin də bütün sülh səyləri kompromislər uzərində qurulur, min il əvvəl olduğu kimi, bu gün də qaliblər mühakimə olunmur.

Erməni faşizmini yalnız Azərbaycanda sıravi vətəndaşdan tutmuş dövlət başçısına kimi hamı ittiham edir. Elə bu yaxınlarda Goranboy rayonunda qaçqın evindən Prezident İlham Əliyevin bütün dünyaya ünvanladığı mesajı bir sıra müstəqil ekspertlər daxili auditoriyaya ünvanlanmış müraciət kimi təqdim etməyə can atdılar. Lakin heç kim xatırlamadı ki, bizim ölkədə və planetdə sülhə, barışa çağırış üçün ən yüksək tribuna, ən ali kürsü elə qaçqının evidir. Başqa yerdən dediklərimizi eşitməsələr də, burdan bəyan edilənlərə qulaq asmağa məcburdurlar, eşitməyə borcludurlar. Sıravi Azərbaycan vətəndaşı kimi əminəm ki, dövlət başçısının uğurlu xarici siyasəti bizə qələbə gətirəcək, Azərbaycanın ərazi bütövlüyü və Qafqazda sülh Prezidentimizin və bütün Azərbaycan xalqının qələbəsi ilə nəticələnəcək. Artıq Azərbaycan Parlamentinin də ABŞ konqresmenlərinə müraciəti yeni davamlı siyasətin aparılmasından xəbər verir. 20 ilə yaxın müddət ərzində ikili standartlar adlı siyasi model nəinki Azərbaycan, hətta dünya miqyasında iflasa uğradı. Qarabağ məsələsində Qərb dövlətləri və beynəlxalq qurumlarla aparılan dialoq məzmun etibarı ilə tükəndiyindən problemin yeni siyasi modellərin baxış bucağından nəzərdən keçirilməsi vacibdir. Bu model ikili standartlar kimi abstrakt təfəkkürə, bizi erməni işğalçıları ilə biabırçı kompromislərə sürükləyən beynəlxalq qurumların 20 illlik siyasi iradələrinə yox, bu günün və bütünlükdə Qafqazın reallıqlarına söykənməlidir. Qərbin və dünya birliyinin münaqişələri araşdıran ekspertləri bizi öyrətdikləri qədər də bizdən öyrənməli, bizi eşitməlidirlər. Çünki bizim acı təcrübəmiz onların nəzəriyyələrindən az qiymətli deyildir! Qafqaz bütünlükdə yüz illik müharibələrin məkanı kimi "məzlum erməni xalqının" prizmasından analiz edilməkdən daha çox, konfliktlərin dalana dirəndiyi məkanın reallıqları çərçivəsində araşdırılmalı, öyrənilməlidir.

Bircə anlığa sivil dünya siyasətini bir insan, canlı varlıq kimi təsəvvür edək. İkili standartları da ona paltar kimi geyindirək. Bu "insan qiyafəsinə" bir şərqli gözü ilə baxanda qarşımızda müəmmalı, geyimi və hərəkətləri ilə hamını çaşdıran bəni-insan görəcəyik. Biz mentalitetimizə görə qonaqları geyiminə görə qarşılayıb, ağlına görə yola saldığımızdan, ikili standart adlı belə məxluqla davranmaqda çətinlik çəkirik. Əslində isə onu başa duşmək lazımdır ki, sülhlə bağlı yeni təkliflər Azərbaycandan çıxmalı, ikili standartlardan isə özünü doğrultmayan mexanizm kimi imtina olunmalıdır.

Bütünlükdə Qərblə yeni danışıq modellərinin tətbiq edilməsi nə üçün vacibdir və köhnə modellərdən nə üçün imtina olunmalıdır? Avropa Şurası, Qərb dövlətləri, ABŞ və nüfuzlu beynəlxalq qurumların tətbiq etdiyi ikili standartlar bölgədə aqressiyadan əziyyət çəkən Azərbaycan xalqının qollarına vurulan qandal kimidir. Biz onları yetərincə daşıdıq. Başqa çıxış yolu varmı? Həyatın sadə məntiqli bir qanunu var - açılmayan qapıların gərək zəngini çalmayasan. Ruhdan düşəcəksən, yorulacaqsan, qarşına kimsə çıxmayacaq və kimsə də səni dinləməyəcək. Amma, eyni zamanda, belə qapılar fəlsəfi məna daşıyır. Söhbət Azərbaycan üçün məğbul sayılan, onun Ermənistan dövləti ilə konfliktin siyasi müstəvidə həllinə çalışmasında Qərblə perspektivlərə işləyən stabil ünsiyyətin qurulmasından, qarşılıqlı anlaşmaların yaranmasından gedir.

Başqa tərəfdən, kimsə bu dünyada tək qalmır. Üzümüzə çırpılan qapıların sərtliyinə baxmayaraq, uğurlu siyasi gedişlərin reallaşdırılmasına zəmin yaradan işıqlı yollar daha çoxdur. Nədən başlamalı? Cənubi Qafqaz bölgəsində bəşəriyyətin gələcəyi üçün real təhlükələr mövcuddur. Ermənistan dövləti, onun işğalçılıq siyasəti, bu zəmində törətdiyi cinayətlər, ümumiyyətlə, müasir Ermənistanın siyasi durumu nəzərdən keçirilməli, onun ideologiyası araşdırılmalıdır. Sivil dünyadan "erməni genosidi"nin tanınması tələbi arxasında "əzabkeş erməni xalqı"nın nasist ideologiyası olduğu izah edilməlidir. Bu uzun müddətli proses olsa da, onun xeyri şəksiz ki, bir çox beynəlxalq qurumların 20 illik sönük fəaliyyətindən həm dünya birliyi, həm də dövlətimiz üçün daha faydalı olacaq.

Birincisi onu qeyd edək ki, Qafqazda yaranmış erməni dövləti quruluş etibarı ilə faşist rejiminə yaxındır və hakim ideologiya da Böyük Ermənistan naminə istənilən vasitədən yararlanan "Daşnaksütyun" partiyasının ideologiyasıdır. Faşizmin nə demək olduğunu bizdən yaxşı bilən Avropa bu sahədə kifayət qədər kədərli praktikaya və dərin bilgilərə malikdir. Ona görə də Avropa dövlətləri və beynəlxalq qurumların müasir Ermənistanın hakim ideologiyasının faşizmlə uzlaşan kəsişmə nöqtələrini araşdırması zəruridir.

Sadəcə, Qərb alimlərinin faşizmin mahiyyətini açıqlayan elementlərdən hansılarının Ermənistan dövlətinin ideologiyasında yer almasına, möhkəmlənməsinə və sıravi insanların şüuruna yeridilməsinə fikir verək.

Birincisi, faşizm italyan sözüdür, fascizmo-bağ, dəstə, daha dürüstü, birlik anlamında işlədilir. Bu, faşizmin ilkin izahlarından biridir. Ermənilərin ötən əsrin 80-ci illərin sonunda yaratdıqları "Miatsum" hərəkatının italyancaya tərcüməsi də fascizmo kimi alınması təsadüfdən daha çox reallıqlara və erməni faşizmi tarixində qədim ənənələrin mövcudluğuna dəlalət edir. Bundan diksinmək, çaşmaq, heyrətlənmək və hiddətlənmək yersizdir. Sadəcə, həqiqətin mahiyyəti açıqlanmalıdır. Avropalı alimlərin qənaətinə görə, zəif demokratik təsisatlar faşizmin inkişafına və onun ciddi təhlükəyə çevrilməsinə imkan yaradır. Ötən əsrin 20-ci illərində bolşeviklərin hakimiyyətə gəlməsi erməni faşistlərinə geniş imkanlar verdi və öz dövlətlərini min illik Azərbaycan torpaqlarında qurdular, müntəzəm surətdə ərazilərimizi işğal etməkdə davam etdilər.

Qərb alimləri belə hesab edirlər ki, faşizm kapitalizmin ümumi böhranı zamanı kapitalist ölkələrində gündəmə gələn və aqressiv imperialist dairələrinin maraqlarını təmsil edən siyasi cərəyan və açıq terror diktaturasıdır. Ermənistan dövlətinin ideologiyası bu dövlətin yaranması üçün əldən-ayaqdan gedən Daşnaksütyun partiyasının nizamnaməsinə də terror əsas mübarizə vasitəsi kimi xüsusi bəndlə həkk edilib.

Xalqı yalnız düşmənlər birləşdirə bilər. Faşist psixologiyasının kökündə sui-qəsd ideyası durur (mümkün qədər beynəlxalq). Erməni terrorunun beynəlxalq qolları haqqında kifayət qədər ədəbiyyat var. Erməni terrorizminin tarixi bu dövlətin yaranma tarixindən daha qədimdir. Digər tərəfdən, bolşeviklərlə hələ xaricdə cütləşən erməni faşistləri Bakını və onun sərvətlərini ələ keçirmək, bütün Azərbaycan xalqını Qafqazdan çıxarmaq üçün var gücləri ilə heç nədən çəkinmədən çalışırdılar.

İkinci dünya müharibəsi başlayan kimi Avropa və bütün dünya faşizmin nə olduğunu dərk etdi. Lakin kimsə nədənsə Qafqazı bir neçə əsrlik savaşlara məhkum edən erməni faşizmini görə bilmir. Erməni təbliğat maşını "əzabkeş xalqın" cilvələnən surətini dünyanın ictimai şüuruna yeritməklə Azərbaycana və Qafqazda yaşayan digər xalqlara qarşı törədilən faciələri, qenosid aktlarını, etnik təmizləmələri pərdələyə bildi, cinayətlərini bəşəriyyətin müzakirəsinə çıxarmağa imkan vermədi. Bu bizdən daha çox müasir dünyanın sifətinə erməni faşistlərinin vurduğu şapalaqdır.

Müqayisələrimizi davam edək. Faşizm ilk öncə, başqa millətlərdən olanlara qarşı yönəlib. Faşizm, beləliklə, rasizmlə birləşir. Dünyada artıq Ermənistan kimi ikinci monodövlət yoxdur. Ermənilərin "əzabkeş" olmasını dünya qəbul edir. Hətta Fransa kimi dövlətdə qenosidi inkar etmək insana azadlığı bahasına başa gələ bilər. Lakin torpaqlarımızda etnik təmizləmələrin aparılması, şəhər və kəndlərimizdə qenosid aktlarının törədilməsi, insanların kütləvi qovulması, bütün yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, yəni, birbaşa faşizmin ən bariz və sərt fəaliyyətinin erməni millətçiləri tərəfindən asanlıqla həyata keçirilməsi niyə inkişaf etmiş dövlətləri narahat etmir? Axı, bu gün Avropa dövlətlərinin əksəriyyətində faşist düşərgələrindən keçən insanların nəvə və nəticələri çalışır. Məgər onlar buradakı hadisələri atalarının, babalarının xatirələri ilə tutuşdura bilməzlərmi?

M.F.Axundov adına Milli Kitabxanada ötən əsrin rus dilli erməni mətbuatının 20 illik tarixini araşdırdım. Bu, ağır və üzücü bir zəhmət idi. Amma faydası olmadı, orada bir azərbaycanlı imzasına belə, rast gələ bilmədim. Sanki bu dövlətin ərazisində bir nəfər də olsun azərbaycanlı yaşamayıbmış. Halbuki Azərbaycanın həmin dövrdəki rusdilli mətbuatında ermənilər aparıcı qüvvə idilər. Müasir dünya bizi Ermənistanla qarşılıqlı kompromislərə çağıranda, görəsən, hansı sivil əxlaqa söykənir? Bəlkə İkinci dünya müharibəsinin şıdırğı yerində bütün Avropa dövlətləri gəliblər Hitlerlə alver eləyiblər, qarşıılıqlı kompromislərə gediblər ki, nə tutmusan sənindi, qalan da day bizdə qalsın? Bəlkə alman faşistləri heç Nyürenberq prosesinə çıxarılmayıblar? Bəlkə alman xalqını parçalayan Berlin divarı da tikilməyibmiş?

İndi gəlin, Hitlerə erməni faşistlərinin gözü ilə baxaq. Axı, Hitler elə bir şey istəmirdi. O zavallı belə sayırdı ki, alman xalqı dünyada ən ali irqdir, hamıdan da yaxşı qismətə layiqdir. Hitler də dünyanı gözəlləşdirmək, yeni alman toxumunu inkişaf etdirmək, yeni qaydalar yaratmaq istəyirdi bütün bəşəriyyət üçün. Vəssəlam! Burada pis nə vardı ki? Türkiyədən, İrandan Qafqaza pənah gətirən zavallı ermənilər nə istəyirdi ki? Mahiyyət etibarı ilə heç nə - iki dəniz arasında balaca bir dövlət qurmağı.

 

 

(Ardı var)

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2010.- 10 fevral.- S. 9.