AzərTAc-ın fotomüxbirinin
"Paralimpiya anları" mövzusunda növbəti sərgisi
Azərbaycan Milli Paralimpiya Komitəsinin yaranmasının 14 illiyi ilə bağlı fevralın 9-da Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Paralimpiya anları" mövzusunda fotosərgi açılmışdır. Sərgidə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) fotomüxbiri, beynəlxalq müsabiqələrin dəfələrlə qalibi olmuş İlqar Cəfərovun Pekin-2008 Paralimpiya Oyunlarında çəkdiyi 100-dən artıq əsəri nümayiş etdirilir.
Tədbirdə çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və icraçı direktoru Şaiq Həmidov son illər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və paralimpiyaçılarımızın qazandığı uğurlardan danışmışlar.
Bildirilmişdir ki, ilk dəfə Paralimpiya oyunlarında iki idmançı ilə iştirak edən ölkəmiz hazırda mübariz bir komanda halında qələbələrə imza atır. Əldə edilmiş uğurlar bir daha onu sübut edir ki, Azərbaycan artıq nüfuzlu idman ölkəsinə çevrilmişdir.
Diqqətə çatdırılmışdır ki, Pekin Paralimpiya Oyunlarında iştirak edən yığmamız bu mötəbər yarışdan Azərbaycana 10 medalla dönmüşdür. Azərbaycan idmançıları 2 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülmüşlər. İdmançılarımızın bu uğurları AzərTAc-da çalışan istedadlı fotomüxbir İlqar Cəfərov tərəfindən fotoaparatın yaddaşına köçürülmüşdür və bu gün idmansevərlərə təqdim edilir.
Bildirilmişdir ki, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən sərginin əsas məqsədi ölkəmizdə paralimpiya hərəkatının inkişafı, idmançılarımızın dünya və Avropa çempionatlarında, Paralimpiya Oyunlarında və beynəlxalq turnirlərdə qazandıqları uğurlar barədə ictimaiyyətə geniş məlumat verməkdir.
Vurğulanmışdır ki, İlqar Cəfərov peşəkar fotoreportyor kimi müxtəlif mövzularda keçirilmiş müsabiqələrdə mükafatlar qazanmışdır. O, "Rusiya mətbuat fotosu -2007" müstəqil peşəkar fotojurnalistika müsabiqəsində "İdman" nominasiyasında qalib olmuş, 2002-ci ildə Beynəlxalq Antiterror Təşkilatının Moskvada keçirilmiş fotomüsabiqəsində ikinci yeri tutmuşdur. İlqar Cəfərov 2003-cü ildə "Fotovideo" jurnalının təşkil etdiyi müsabiqənin, eləcə də Milli Olimpiya Komitəsinin 2005-ci ildə Bakıda keçirdiyi "İdman, olimpiya, incəsənət" mövzusunda fotomüsabiqənin qalibi adını qazanmışdır. 2005-ci ildə Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı zamanı İ.Cəfərovun Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Paralimpiya anları" mövzusunda fotosərgisi də təşkil edilmişdir.
Azərbaycan fotojurnalistikasında öz dəst-xətti ilə seçilən İlqar Cəfərov "Biz idmanı seçirik!" və "Təmiz dünya-2008" mövzularında müvafiq olaraq Moskvada və Avstriyada keçirilmiş müsabiqələrin, həmçinin Yaponiyada təşkil edilmiş nüfuzlu "Nikon Photo Contest İnternational-2009"un qalibi olmuşdur.
Tədbirdə çıxış edən Çinin ölkəmizdəki səfiri Çjan Yann Yan sərginin əhəmiyyətini vurğulamış və bunun paralimpiya hərəkatına töhfə olduğunu demişdir.
Çin ilə Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən danışan səfir diqqətə çatdırmışdır ki, bu münasibətlərin inkişafına sənət adamları da təkan verirlər. Bu mənada AzərTAc-ın fotomüxbiri İlqar Cəfərovun çəkdiyi şəkillər olduqca maraqlı və fiziki cəhətdən qüsurlu olan insanlara mənəvi dəstəkdir.
İlqar Cəfərov sərginin təşkilinə görə Milli Paralimpiya Komitəsinin rəhbərliyinə təşəkkür etmiş və bildirmişdir ki, hər bir fotonun əbədiyaşarlıq qazanması üçün işinə böyük ürəklə yanaşır. Çəkdiyi şəkillərin maraqlı olması da bir sənətkar kimi onu daim düşündürür.
Fotomüxbir
İlqar Cəfərov bu günlərdə daha bir xoş xəbər
almışdır. Soçi-2014 Qış Olimpiya
Oyunlarının təşkilat komitəsi "Olimpiya
obyektivi" adlı fotosərgi təşkil etmişdir. AzərTAc-ın
fotomüxbirinin "Qaçışa dəvət olunur"
adlı fotosu "Paralimpiya idmanı" nominasiyasında 1-ci
yerə layiq görülmüşdür.
AzərTAc
Azərbaycan.- 2010.- 10 fevral.- S. 12.