Olimpiya çempionu Zemfira Meftahətdinovaya həsr olunmuş filmin təqdimatı oldu
Milli Olimpiya Komitəsində (MOK) stend atıcılığı üzrə XXVII Sidney Yay Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinovaya həsr olunmuş "Qızıl Sidney" filminin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarov, nazirliyin rəsmiləri, müxtəlif federasiyaların və idman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə bildirmişdir ki, bu film MOK-un sifarişi ilə çəkilən ikinci filmdir. İlk film MDB yığmasının tərkibində Azərbaycana qızıl medal qazandırmış cüdoçu Nazim Hüseynova həsr olunmuşdur.
"Qızıl Sidney" filmində idmançının keçirdiyi məşqlərdən, yarışlardan, həyatı ilə bağlı maraqlı məqamlar əks olunmuşdur. Stend atıcılığı üzrə Azərbaycan milli komandasının baş məşqçisi Hafiz Cəfərovun Zemfira Meftahətdinova haqqında maraqlı açıqlamaları da bu ekran əsərində səslənmişdir.
Həmçinin təqdimat mərasimi zamanı Azərbaycanın Ədalətli Oyunlar Hərəkatında fəal iştirak edənlərin müxtəlif nominasiyalar üzrə mükafatlandırılması keçirilmişdir.
Gənclər və idman naziri Azad Rəhimov "Ən ədalətli idman işçisi" adına layiq görülmüşdür. "Ən ədalətli mətbuat işçisi" nominasiyasının qalibi "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev seçilmişdir. "Ən ədalətli məşqçi" voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev, "Ən ədalətli hakim" - Pekin Olimpiya Oyunlarının güləş üzrə hakimi Hicran Şərifov təltif olunmuşdur. "Ən ədalətli idmançı" nominasiyasının qalibi isə 1 səs fərqi ilə cüdoçu Elmar Qasımov yunan-Roma güləşçisi Fərid Mansurovdan üstün olmuşdur.
Daha sonra Bakıda
Avropa Ədalətli Oyunlar Hərəkatının
15-ci konqresinə həsr
olunmuş karikatura müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar. Müsabiqənin qalibi adına Hafiz Yəhyayev layiq görülmüşdür. İkinci
yeri Leyla İbrahimova, üçüncü
yeri isə Günay Qasımxanlı tutmuşdur. Karikatura müsabiqəsinin qalibləri
fəxri diplom və pul mükafatları
ilə təltif olunmuşlar.
AzərTAc
Azərbaycan.- 2010.-10
fevral.- S. 7.