Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Mark Beylinin etimadnaməsini qəbul etmişdir.

Mark Beyli fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Mark Beyli Kanadanın general-qubernatoru xanım Mişel Janın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Kanada arasında ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı. Ölkələrimizin bir-birinin imkanları ilə yaxından tanış olmaları üçün müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Azərbaycanın indiki inkişaf mərhələsində həyata keçirilən müxtəlif layihələrdə Kanadadan olan şirkətlərin uğurla iştirak edə biləcəyini vurğulayan dövlətimizin başçısı səfir Mark Beylinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu istiqamətdə əlaqələrimizin genişlənəcəyinə əminliyini bildirdi.

Kanadanın respublikamızda yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Mark Beyli ölkəsi ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi işində bütün səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Kanadanın general-qubernatoru xanım Mişel Janın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını general-qubernatora çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 fevral.- S. 1.